Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1684/2024 24.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi, sübut edilmir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(056)-1387/2024 saylı qətnaməsindən (hakim Nurəddin Bağırov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnamə qəbul edildi. İşin halları: İddiaçı Cavabdeh qarşı “borc pulun geri qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisidir, əvvəllər Sabirabad RPŞ-də polis əməkdaşı olub, həmçinin oğlu Rail Bayramovla da yaxşı münasibətləri olub. xx.xx.2022-ci il tarixdə cavabdehin israrlı xahişi əsasında ona 1800 manat borc pul vermişdir. Cavabdeh aldığı borc məbləğini bir həftə ərzində maşınını sataraq qaytarmalı idi. O, maşınını sataraq əvəzində yeni 2107 markalı avtomobil almış, lakin borcunu qaytarmamışdır. Bundan sonra kredit götürüb ona olan borcunu qaytaracağını bildirmiş, lakin borcu yenə qaytarmamışdır. Nəhayət 2023-cü ilin sentyabr ayında 600 manat qaytarmış, lakin qalan 1200 manat pulu bu günədək qaytarmamışdır. O, Cavabdeh pulu oğlu Rail Bayramov və gəlini Bəsirə Bayramovanını yanlarında vermişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(056)-1387/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında şifahi formada bağlanmış borc müqaviləsindən yaranmış 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfin irəli sürülən iddialar əsassızdır. Onunla eyni kənddə yaşayan iddiaçı onların ailəsi ilə şəxsi ədavəti olduğundan onlara şər atmaq məqsədilə bu cür iddia irəli sürərək bu kimi iddialarla onun məsuliyyətə cəlb edilməyinə çalışır. Məhkəmə isə tərəflər arasında heç bir əqd olmadan sadəcə qarşı tərəfin izahatları əsasında heç bir yazılı əqd göstərmədən bu iddianı əsassız formada qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Göstərmişdir ki, cavabdeh ondan 1800 manat pul almış, 600 manatını qaytarmış, 1200 manatını bu günədək qaytarmamışdır. Borc verərkən cavabdehdən heç bir yazılı qəbz almamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 430-cu maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnaməni cavabdeh mübahisələndirir və şikayətinin əsas dəlili ondan ibarətdir ki, tərəflər arasındakı borc münasibətlərinə dair hər hansı əqd yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, ona görə də hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Hazırda məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin dispozitiv şərtlərindən göründüyü kimi bu müqavilə əsasında borcluya konkret məbləğdə pulun verilməsini sübut etmək öhdəliyini kreditor daşıyır. İddiaçı cavabdehdən 1200 manat borcunu tələb edir və iddiasını onunla əsaslandırır ki, tərəflər arasında şifahi borc müqaviləsi vardır, bunu şahidlər də, təsdiq edə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı borc münasibətlərini, borcun verilməsini və s. halları təsdiq edəcək sübutlar təqdim edilməməsinə baxmayaraq, iddianı əsassız olaraq təmin etmişdir. Tərəflər arasında borc müqaviləsi var idisə, cavabdeh bunu etiraf etmirdisə, bunu iddiaçı sübut etməli idi. İddiaçı isə sadəcə şahid ifadələri ilə kifayətlənir. Şahid ifadələri borc müqaviləsinin bağlanmasını, borcun verilməsini və s. halları sübut edən bir dəlil kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan, hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(056)-1387/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 16 (on altı) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1684/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1684/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver