Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1687/2024 04.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, iddiaçı “Fınca Azerbaijan” MMQBKT-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: “Fınca Azerbaijan” MMQBKT-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim C.Abdullayev) 20 avqust 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı ilk olaraq borcun ödənilməsi barədə cavabdehə müraciət etməli olduğu halda, bunu etməmiş və cavabdeh tərəfin bu məsələ ilə bağlı imtinasını almadan və ya etmiş olduğu müraciətdə müəyyən olunmuş müddətdə cavab almadan birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.6-cı maddəsinə istinad etmişdir. Qərardaddan iddiaçı “Fınca Azerbaijan” MMQBKT şikayət vermişdir. İddiaçı şikayətini aşağıdakı kimi əsaslandırmışdır: MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin əsasla iddia ərizəsi iki halda qaytarıla bilər: 1) Qanunla pretenziya qaydası nəzərdə tutulduğu hallarda 2) müqavilə ilə pretenziya qaydası nəzərdə tutulduğu hallarda. Hazırkı mübahisə vətəndaşla kredit təşkilatı arasında mülki xarakterli mübahisə olmaqla açıq şəkildə müəyyəndir ki, qanunla bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası ümumiyyətlə nəzərdə tutulmamışdır. Müqavilədə də nəinki pretenziya qaydası nəzərdə tutulmamışdır, hətta bu qəbildən olan şübhələrə yol verməmək üçün Kredit Müqaviləsinin 6.2ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göründüyü kimi, nə müqavilə ilə, nə də qanunla məhkəməyə qədər mübahisələrin həlli qaydası nəzərdə tutulmamışdır. Masallı Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qərardadı ilə “Fınca Azerbaijan” MMQBKT-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 27 sentyabr 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı cavabdehin yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəçini dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin hallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə əsasən borcunu tələb etmişdir. Məhkəmə iddia ərizəsini geri qaytararkən MPM-in 152.1.6-cı maddəsinə istinad etmişdir. MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunun tələbinə görə, müqavilədə nəzərdə tutulduğu, yaxud bəzi kateqoriya işlər üçün qanunla müəyyən edildiyi halda iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 6.2-ci bəndində göstərilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və (və yaxud) ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit Alana təqdim edilməməsi Kredit Verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göründüyü kimi, iddiaçının birbaşa məhkəməyə müraciət etmək hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, qərardad əsassız olduğundan ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılmaq üçün iş üzrə materiallar birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılarkən hazırki qərarın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci madəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunun mənasına görə digər qərardadlardan şikayət verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: İddiaçı “Fınca Azerbaijan” MMQBKT-nin şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(050)-2816/2024 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılmaq üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1687/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1687/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver