Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1690/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2(050)-1748/2024 saylı qətnaməsindən (hakim Z.Zeynalov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh övladları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş 100 manat, cəmi 200 manat alimentin miqdarının artırılaraq bir uşaq üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Sonradan nikahını rəsmiləşdirmişlər. Faktiki nikahlarından iki övladları olmuşdur. Övladları xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X2r. Münasibətləri pozulduğundan 2015-ci ildə nikahlarıı məhkəmə qaydasında pozulmuşdur. Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahı pozulmuş, uşaqları onun himayəsində saxlanılmış, cavabdehdən bir uşağa görə 100 manat, cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Kəsilmiş alimentlə uşaqlarının tələbatını ödəyə bilmir. Özü hal-hazırda Bakı şəhərində kirayədə qalır, uşaqlarının təlim-tərbiyyəsi və təhsili ilə özü maraqlanır. Heç bir yerdən başqa gəliri yoxdur. Cavabdeh dövlət qulluğunda işləyərək yüksək əmək haqqı alır. Yüksək səviyyədə pul qazanmağına baxmayaraq övladlarına heç bir maddi yardım göstərmir. Cavabdehdən dəfələrlə aliment miqdarının artırılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2(050)-1748/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh Masallı Rayon Məhkəməsinin 25 aprel 2014-cü il tarixli, 2(050)-818/2014 saylı qətnaməsi ilə 01 iyul 2008-ci il təvəllüdlü X7 və 23 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək tamamilə ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, alimentin artırılması üçün ilkin olaraq tərəflərin maddi vəziyyətində dəyişiklik olmalıdır. Əvvəlki dövrə münasibətdə hazırda maddi vəziyyətində dəyişiklik olmamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Masallı rayonu üzrə baş mütəxəssisi vəzifəsində işləyir və aylıq əmək haqqı 655 manat, bəzən 654 manat olur. Başqa qazanc yeri və gəliri yoxdur. Ailə Məcəlləsinin tələbinə əsasən məhkəmə aylıq gəliri rəsmi olan şəxsə 2 uşağa görə gəlirinin 1/3 hissəsi miqdarında aliment təyin etməlidir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Rəsmi gəliri olmasına baxmayaraq, məhkəmə sabit pul məbləğində aliment təyin etmişdir. Konstitusiyaya əsasən kişi və qadın bərabər hüquqludur və uşaqları saxlamaq hər iki valideynin borcudur. Kişi və qadın hüquqları bərabərdirsə, onların vəzifələri də bərabər olmalıdır və Azərbaycan Respublikası Konstitusiyası bütün digər qanunlardan üstündür, ali hüquqi qüvvəyə malikdir. Uşaqlar üçün yaşayış minimumu 2024cü il üçün 235 manat müəyyən edilmişdir, belə olan halda həmin minimumu təmin etmək hər ikisinin borcudur. Necə ki, uşaqların saxlanması üçün aliment tutulur, iddiaçının uşaqların maddi tələbatını qarşılamaq kimi vəzifəsi vardır. Uşaqlara baxmaq onun qədər iddiaçının da vəzifəsidir. Uşaqlar körpə deyildir ki, iddiaçı işləməsin, o işləyirsə, iddiaçı da işləməli və uşaqlarına baxmalıdır. Məhkəmə uşaqlara baxmaq vəzifəsini təkcə onun üzərinə qoymalı deyildi. Həmçinin, o iddiaçı ilə birgə yaşadığı dövrdə "xxxx" ASC-dən 3000 manat kredit götürmüşdür, hazırda da ödəyir. Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat müəyyən olunmuşdur. Onun aylıq gəlirindən həmin pulu çıxdıqda 368 manat pul qalır, məhkəmə də ondan 360 manat aliment tutmuşdur. Belə çıxır ki, ancaq 287 manat pulla dolanmalıdır, bu isə mümkün deyildir, onun himayəsində yaşlı və xəstə atası var, onunda tələbatını, evin tələbatını hamısını qarşılayır. Buna görə də alimentin məbləği aylıq gəlirinə uyğun müəyyən olunmalıdır. Rəsmi olaraq 2017-ci ildən həmin işdə işləyir, aliment isə 2014-cü ildə müəyyən olunmuşdur. Buna görə də hazırda aylıq rəsmi gəlirinə uyğun aliment müəyyən olunmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, əvvəlki dövrə münasibətdə maddi vəziyyətdə olan dəyişikliklərin olmasını, rəsmi iş yerinin və əmək haqqının olmasını, kreditinin olmasını, uşaqların saxlamağın hər iki valideynin vəzifəsi olmasını aydınlaşdırmamışdır. Məhkəmə 360 manat aliment ödəməli olduğunu müəyyən etsə də, gəlirlərini, maddi vəziyyətinin yaxşılaşmasını, əvvəlki dövrə nisbətən uşaqların xərclərinin artmasını sübuta yetirməmişdir. Yeni sübut iş yerinin və krediti barədə məlumatlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və sübutlar nəzərə alınmamışdır. Buna görə də həmin sübutları hazırda təqdim edir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hal-hazırda ünvan 1 ünvanında valideynlərilə birlikdə dayısının evində yaşayır. Böyük övladı xx.xx.2008-ci il təvəllüdlü X10 hal-hazırda 11-ci sinifdə oxuyur və 6 fəndən hazırlığa gedir. Hazırlıqlara görə hər fənnə 60-70 manat olmaqla, 300 manat pul ödəyir. Oğlu xx.xx.2010-cu il təvəllüdlü X4 isə 9-cu sinifdə oxuyur, onunda imtahanları var və maddi imkanı olmadığı üçün hazırlığa qoya bilməmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdkılar müəyyən edilmişdir: İlk iddia üzrə iddiaçı X5 Cavabdeh qarşı "alimentin miqdarının artırılması", qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X13 qızına qarşı "alimentin bir hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi" tələbinə dair iddiaları üzrə Masallı Rayon Məhkəməsinin 25 aprel 2014-cü il tarixli, 2(050)-818/2014 saylı qətnaməsindən görünür ki, ilk iddia qismən təmin olunaraq xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh Masallı Rayon Məhkəməsinin 31 iyul 2012-ci il tarixli 2(050)-884/2014 saylı qətnaməsi əsasında hər uşağa görə tutulan 50 manat, ümumilikdə isə 100 (yüz) manat alimentin məbləği artırılaraq hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində müəyyən edilmiş, ilk iddia qalan hissədə, qarşılıqlı iddia isə tam olaraq rədd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenum qərarları və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud artırılan hissədə alimentin məbləğinin dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Baş vermiş dəyişikliklər isə ondan ibarətdir ki, keçən müddət ərzində uşaqlar böyümüşlər, artıq 16 və 14 yaşlarındadırlar, tələbatları artmış, həmçinin ərzaq məhsullarının və digər zəruri tələbat mallarının dəyərində nəzərə çarpacaq dərəcədə artımlar baş vermiş, yaşayış minimumu 2024-cü ildə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2(050)-1748/2024 saylı qətnaməsi ilə hər ay hər uşağa görə 100 manat məbləğində aliment təyin olunan zaman ölkədə uşaqlar üçün qanunla müəyyən olunan yaşayış minimumu 103 manat təşkil edir ki, qətnamə ilə təyin olunan həmin məbləğ yaşayış minimumunun 97% hissəsinə bərabər idi. Hazırda 2024-cü ildə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu 235 manat təşkil edir ki, artırılaraq müəyyən olunan 180 manat aliment yaşayış minimumunun 76.59% hissəsinə bərabərdir. Göründüyü kimi ilk dəfə sabit pul məbləğində aliment bir uşaq üçün yaşayış minimunun 97% nisbətində təyin olunduğu halda, hazırda bir uşaq üçün artırılan alimentin məbləği yaşayış minimumunun 76.59% nisbətinə bərabərdir. Buradan isə aydın olur ki, alimentin məbləğinin artım tempi, zamanında qüvvədə olan yaşayış minimumlarına münasibətdə dəyişməmişdir. Kollegiya alimentin miqdarının artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin maddi imkanının aşağı olmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini və bunun da öz növbəsində qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas olmasını nəzərə alan birinci instansiya məhkəməsi, iddianı qismən təmin edərək, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarını artırıb hər ay hər bir uşaq üçün 180 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna, yaxud dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən (artırılan) hissədə iddianın qiyməti (200X12=2400; 360x12=4320; 4320-2400=1920) 1920 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2(050)-1748/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1690/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1690/2024
16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver