Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1692/2025 09.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın qanunsuz istifadəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-727/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus müxtəlif mətbəx əşyaları, yataq və qonaq otağı avadanlıqlarından ibarət cehiz əmlakının qanunsuz istifadə edilməsi nəticəsində həmin əşyaların ümumilikdə 10.000 manat dəyəri həcmində ona dəymiş zərər məbləğinin, habelə bu barədə məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilən dövlət rüsumuna ekvivalent məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırır ki, Cavabdeh1 ilə 16 iyul 2010-cu il – 10 fevral 2014-cü il tarixləri intervalında rəsmi nikah münasibətlərində olmuş, bu nikahdan 16 iyul 2011-ci il təvəllüdlü X3 adlı uşağı doğulmuşdur. Nikahda olduqları müddətdə tərəfindən müxtəlif mətbəx əşyaları, yataq və qonaq otağı avadanlıqlarından ibarət ümumi 10.000 manat dəyərində əmlak cehiz qismində birgə yaşadıqları, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirilmiş və ailə münasibətləri faktik pozulduqdan bu günədək həmin evdə qalmışdır. Aralarında əldə edilmiş razılaşma şərtlərinə görə bəhs olunan əşyalar paylı mülkiyyət hüququ ilə azyaşlı uşağı Camala məxsus olan hissədə saxlanılmalı və kənar şəxslər tərəfindən istifadə olunmamalı idi. Lakin sözügedən razılaşma şərtləri cavabdehlər tərəfindən pozulmuş, ona məxsus cehiz əmlak amortizasiya xərcləri kompensasiya edilmədən davamlı istifadədə olmuş, nəticədə istehlak xassələrini itirməklə tələbata yararsız vəziyyətə gəlmişlər. Beləliklə, həmin əşyaların ümumi dəyəri həcmində ona maddi ziyan dəymişdir. Bununla bağlı zərərin qarşılanması istiqamətində Cavabdeh2 ilə aralarında aparılan telefon danışıqları zamanı iddianın hüquqi əsasını təşkil edən xüsusatlar həmin cavabdeh tərəfindən etiraf edilmiş, lakin icra edilməyən öhdəliklər mücərrəd hallarla əlaqələndirilmişdir. Hesab edir ki, ona məxsus müxtəlif mətbəx əşyaları, yataq və qonaq otağı avadanlıqlarından ibarət ümumilikdə 10.000 manat dəyərində cehiz əmlakın qanunsuz istifadə edilməsi nəticəsində həmin əşyaların dəyəri həcmində dəymiş zərər məbləği, habelə bu tələb üzrə məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilən dövlət rüsumuna ekvivalent məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalı və ona ödənilməlidir. İddiaçı iddia ərizəsini belə əsaslandırır ki, Cavabdeh1 ilə 16 iyul 2010-cu il – 10 fevral 2014-cü il tarixləri intervalında rəsmi nikah münasibətlərində olmuş, bu nikahdan 16 iyul 2011-ci il təvəllüdlü X3 adlı uşağı doğulmuşdur. Nikahda olduqları müddətdə tərəfindən müxtəlif mətbəx əşyaları, yataq və qonaq otağı avadanlıqlarından ibarət ümumi 10.000 manat dəyərində əmlak cehiz qismində birgə yaşadıqları, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirilmiş və ailə münasibətləri faktik pozulduqdan bu günədək həmin evdə qalmışdır. Aralarında əldə edilmiş razılaşma şərtlərinə görə bəhs olunan əşyalar paylı mülkiyyət hüququ ilə azyaşlı uşağı Camala məxsus olan hissədə saxlanılmalı və kənar şəxslər tərəfindən istifadə olunmamalı idi. Lakin sözügedən razılaşma şərtləri cavabdehlər tərəfindən pozulmuş, ona məxsus cehiz əmlak amortizasiya xərcləri kompensasiya edilmədən davamlı istifadədə olmuş, nəticədə istehlak xassələrini itirməklə tələbata yararsız vəziyyətə gəlmişlər. Beləliklə, həmin əşyaların ümumi dəyəri həcmində ona maddi ziyan dəymişdir. Bununla bağlı zərərin qarşılanması istiqamətində Cavabdeh2 ilə aralarında aparılan telefon danışıqları zamanı iddianın hüquqi əsasını təşkil edən xüsusatlar həmin cavabdeh tərəfindən etiraf edilmiş, lakin icra edilməyən öhdəliklər mücərrəd hallarla əlaqələndirilmişdir. Hesab edir ki, ona məxsus müxtəlif mətbəx əşyaları, yataq və qonaq otağı avadanlıqlarından ibarət ümumilikdə 10.000 manat dəyərində cehiz əmlakın qanunsuz istifadə edilməsi nəticəsində həmin əşyaların dəyəri həcmində dəymiş zərər məbləği, habelə bu tələb üzrə məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilən dövlət rüsumuna ekvivalent məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalı və ona ödənilməlidir. İşin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq iddiaçı bildirmişdir ki, Cavabdeh1 ilə nikahı Neftçala Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsi ilə pozulduğuna baxmayaraq, faktik ailə münasibətləri bundan xeyli əvvəl – 2010-cu ilə kəsilib. Ailə münasibətləri pozulduqdan sonra öz əşyalarını istər bilavasitə cavabdehlərin özündən, istərsə də məhkəmə yolu ilə tələb etməyib. Səbəbi isə həmin əşyaları yerləşdirməyə yerinin olmaması ilə bağlı olmuşdur. Eyni zamanda düşünürdü ki, ev paylı mülkiyyət hüququ ilə keçmiş əri ilə yanaşı oğlu Camala məxsus olduğuna görə öz əşyalarını həmin evdə saxlaya bilər. Cavabdeh tərəfin də buna etirazı olmayıb. Tələbin mahiyyətinə izah verilməsi ilə bağlı suallara (o cümlədən nəyə görə əşyaların özünü və onların təmir xərcini deyil, tam dəyərini tələb etməsinə dair suallara) cavab olaraq iddiaçı bildirmişdir ki, müvafiq halı təsdiq edə biləcək mötəbər sübuta malik olmadığına baxmayaraq, hazırda mübahisələndirdiyi əşyaların ümumi dəyəri onlar alındığı vaxt 10.000 manat təşkil edib. Təmirin mümkünlüyünü mübahisələndirmir. Lakin özünə yeni əşyalar almaq istəyir və bu səbəbdən də cavabdehlərdən əşyaların özünü və (və ya) onların təmiri üçün zəruri olan pul vəsaitini deyil, tam dəyərini təşkil edən 10.000 manatı tələb edir. Çünki əşyalar cavabdehlərin yaşadığı evə gətirildiyi vaxt təzə vəziyyətdə olublar. İddiaçı eyni zaman bildirir ki, ötən dövrdə cavabdehlərin mübahisəli əşyalardan istifadə etməsinə heç bir etiraz etməmiş, onların ayrıca yerdə (məsələn, ayrıca bağlı otaqda) saxlanması barədə razılaşmamışlar. İddiaçı göstərilənləri nəzərə alaraq iddiasının tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, ötən dövrdə o, və anası iddiaçıya dəfələrlə deyiblər ki, gəlib öz əşyalarını aparsın. Çünki əşyaların qalması evdə müəyyən qədər darısqallıq və bundan irəli gələn narahatlıqlar yaradırdı. Bununla yanaşı, onun və anasının həmin əşyalara ümumiyyətlə heç bir ehtiyacları olmayıb. Lakin iddiaçı hər dəfə əşyalarını yerləşdirmək üçün yerinin və şəraitinin olmadığını bildirərək onları aparmaqdan imtina edirdi. İddiaçı ilə qohumluq münasibətlərinin olması, həmçinin nəvəsinə görə anası Cavabdeh2 iddiaçıya hər dəfə yazığı gəlirdi və onun gəlib əşyalarını aparmasına təkid etmirdi. Özü ikinci dəfə ailə quranadək ilin əksər vaxtlarında başqa-başqa rayonlarda işləyib və Neftçala rayonundakı evlərinə az-az gəlibdir. Cavabdeh, eyni zamanda, bildirir ki, iddiaçı əşyalarının hamısını aparmaqdan imtina etdiyinə baxmayaraq, arada bir gəlib özünə məxsus olan əşyalardan bir qismini götürüb aparırdı. Məsələn iddiaçı ötən dövrdə öz cehiz əşyalarından kondisioner, televizor, peyk antenası, bir neçə xalça, yorğan, döşək və digər əşyalar aparıb. Ötən dövrdə iddiaçının əşyalarından istifadə olunmayıb, onlar səliqəli saxlanılıblar. 2021-ci ildə ikinci dəfə – Cavabdeh3 ilə ailə quranda sonuncunun öz cehiz əşyalarını gətirməsi səbəbindən iddiaçıya məxsus əşyaların ortalıqdan götürülməsi zərurəti yaranmış və bu zaman onlar iddiaçının bütün əşyalarını ayrıca otağa yığıb qapısını bağlamışlar. O cümlədən o cümlədən iddiaçıya məxsus çarpayının tam quraşdırılmış şəkildə bir otaqdan başqa otağa köçürülməsi mümkün olmadığına görə onu istehsalçının müəyyən etdiyi qayda üzrə səliqəli söküb başqa otağa köçürmüşlər. Əşyaların başqa otağa köçürülməsi zamanı onlara heç bir zərər vurulmayıb. Beləliklə o, ikinci dəfə evləndikdən sonra iddiaçının əşyaları ayrıca otaqda olub. Sonradan o, özü üçün ayrıca ev tikdirmiş və 2024-cü ildə Cavabdeh3 ilə birlikdə həmin, yəni yeni evə köçmüşdür. Cavabdeh qeyd edir ki, ötən 15 il müddətində iddiaçıya məxsus olan əşyalar təbii olaraq müəyyən qədər aşınıb. Həmçinin ola bilər həmin əşyalarda cüzi qüsurlar da mövcud olsun ki, bunların tam təmiri çox az bir vaxt və cüzi vəsait tələb edir. Ötən dövrdə iddiaçı ondan yeni əşya alması üçün pul tələb etmiş, o, da iddiaçı əl çəksin deyə, ona divan-kreslo və yataq dəstinin əvəzi kimi bir dəfə 500, bir dəfə isə 600 manat olmaqla ümumilikdə 1.100 manat pul ödəmişdir. Halbuki həmin əşyalara ümumiyyətlə heç bir ehtiyacı olmayıb. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, 2021-ci ildə Cavabdeh1 ilə ailə qurmuş və faktik olaraq sonuncunun anasına məxsus olan evə gəlin köçmüşdür. Bu zaman onlara ayrıca boş bir otaq verilmiş və onaməxsus olan cehiz əşyaları həmin yerə yığmışdır. Evə gəlin köçərkən iddiaçıya məxsus cehiz əşyalarının da həmin evdə qaldığını bilməyib. Bunu bildikdən sonra isə qaynanasına dəfələrlə demişdir ki, iddiaçıdan öz əşyalarını aparmasını tələb etsin. Lakin qaynanası iddiaçının hazırda həmin əşyaları qoymağa yerinin olmadığını, yer tapdıqdan sonra gəlib aparacağını bildirmişdir. Həmin evdə yaşadığı müddət ərzində iddiaçıya məxsus əşyalardan ümumiyyətlə istifadə etməyib. 2024-cü ildən isə Cavabdeh1 ilə birlikdə başqa bir evdə yaşayır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş, 22 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçıya məxsus əşyaların olduğu ev faktik ona məxsusdur. İddiaçıya məxsus cehiz əşyaları 15 il ərzində orada qalmış və bu əşyalara heç kim zədə yetirməmişdir. İddiaçı özü müəyyən vaxtlarda evə gələrək bəzi əşyalarını aparmışdır. İddiaçının cehiz əşyaları 15 il ərzində tərəfindən qorunmuş, yalnız yataq dəsti səliqəli şəkildə sökülərək evin başqa otağına yığılmışdır. Cehiz əşyalarının və digər əşyaların sökülməsi və yerinin dəyişilməsi oğlu 2021-ci ildə yenidən ailə quranadək baş vermişdir. Ondan sonrakı dövrdə də iddiaçının özündən başqa heç kim o, əşyalara toxunmayıb. İddiaçının təqdim etdiyi şəkillər də mebel və əşyaların necə səliqəli və təmiz saxlanıldığını təsdiq edir. Oğlu 1 il 2 aydan çoxdur ki, ona məxsus evdə deyil, Neftçala şəhəri, Pərviz Məmmədli küçəsində yerləşən özünə məxsus fərdi evdə yaşayır və o, burda olmadığı müddətdə iddiaçı dəfələrlə ona məxsus olan evə gəlmiş və bəzi əşyaları aparmışdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 nikahı Neftçala Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, bununla bağlı Neftçala rayon Qeydiyyat şöbəsində 23 sentyabr 2014-cü ildə 62 nömrəsi ilə qeydiyyat aparılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ4702, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 353,1 kv.m təşkil edən fərdi yaşayış evi 16 noyabr 2023-cü il tarixində paylı mülkiyyət hüququ ilə ½ hissədə Cavabdeh1, ½ hissədə isə X2 adlarına qeydə alınıb. İş materiallarına mübahisəli mebel əşyalarının və digər əşyaların (qab-qacaq və s.) fotoşəkilləri əlavə olunub. Cavabdeh1 tərəfindən təqdim olunmuş mədaxil qəbzlərindən sonuncunun İddiaçı adına 06 fevral 2020-ci ildə 500 manat və 21 sentyabr 2020-ci ildə 600 manat məbləğində pul vəsaiti köçürdüyü görünür. İddiaçı məhkəməyə kompakt disklərdə səs yazıları təqdim edib. Bu səs yazılarından İddiaçı Cavabdeh2 əşyaların (yataq dəstinin) sökülərək başqa otağa yığılması ilə bağlı irad bildirdiyi görünür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-727/2025 saylı qətnaməsi ilə (Hakim: Ceyhun Qədimov) iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddianın faktiki əsasını təşkil edən xüsusatlara yanlış hüquqi tənzimləmə prizmasından yanaşmışdır. Yəni iddia tələbi cavabdehlərin mülki hüquq pozuntularından irəli gələn hərəkətləri ilə dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlsə də, məhkəmə işin faktiki hallarını “əsassız varlanma” kontekstində qiymətləndirmişdir. Bundan başqa, işin mühüm əhəmiyyət kəsb edən halları xüsusi məhkəmə araşdırması (ekspertiza) tələb etdiyi halda, belə hallarla bağlı yekun nəticəyə yalnız mülahizələr əsasında gəlinmiş, nəticədə qanuna zidd qətnamə qəbul olunmuşdur. Hesab edir ki, Neftçala Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Buna görə də sözügedən qətnamə ləğv olunmalı və iddia təmin edilməlidir. İş materiallarına fotoşəkilləri əlavə olunan əşyaların ona məxsus olması, həmçinin həmin əşyaların cavabdehlər tərəfindən istifadə olunması işin mübahisələndirilməyən hallarıdır. Məhkəmə hazırkı iş üzrə yekun nəticəyə gələrkən əmlakdan məhrum olmanın nəticələrini zərər olaraq qiymətləndirməmiş, bununla da cavabdehlərin başqasının əmlakından onun razılığı olmadan istifadəsini hüquqauyğun davranış hesab etmişdir. Halbuki mübahisəli əşyaların evin paylı mülkiyyət hüququ ilə azyaşlı övladı Camala məxsus olan hissəsində saxlanılmalı olması və kənar şəxslər tərəfindən istifadə olunmamasına dair cavabdehlərlə aralarında əldə edilmiş razılaşmanın mövcudluğuna dair dəlillər və sözügedən dəlilləri təsdiq edən hallar nəzərə alınmamışdır. Məhkəmə ötən müddət ərzində ona məxsus əmlakın tərəfimdən istifadə olunmaması barədə gəldiyi nəticəni cavabdehlərin həmin əmlakdan istifadəsinin legitimləşdirməsi üsulu kimi nəzərə almış, həmin hərəkətlərin qanuniliyinə qiymət verməmişdir. Bununla da qətnamənin qanuniliyi istinad olunan normanın tələblərinə cavab verməmişdir. Məhkəmə qətnamənin əsaslandırma hissəsində iş materiallarına əlavə olunan sübutları yalnız sadalamaqla kifayətlənmiş, onları qarşılıqlı təhlil edərək işin mühüm əhəmiyyət kəsb edən hallarının təsdiqinə münasibətdə şərh etməmişdir. Bundan başqa, Cavabdeh2 ilə aralarında aparılan danışıqların səs yazılarının əks olunduğu diskdə iddianın hüquqi əsasını təşkil edən xüsusatlar tam etiraf olunsa da, göstərilənlər qətnamədə öz əksini tapmamışdır. Belə olduğu təqdirdə hesab edir ki, birinci intansiya məhkəməsi sübutların qiymətləndirilməsi üzrə məhkəmə baxışını istinad olunan normanı pozmaqla aparmışdır. Mübahisələndirilən qətnamədə “əmlakın cavabdehlər tərəfindən qanunsuz istifadəsi nəticəsində öz istehlak xassələrini itirməsi və tələbata yararsız vəziyyətə düşməsi” barədə gətirilən dəlilləri təkzib edən hallar qismində yalnız həmin əşyaları fotoşəkildən müşahidə edərək hakimin gəldiyi nəticələr göstərilmişdir. Məhkəmə əşyaların istifadəyə yararlılıq vəziyyətinin yoxlanması istiqamətində olan dəlilləri əmlaka baxış keçirilməsi, müvafiq ekspertizanın təyini, yaxud mütəxəssisin cəlb edilməsi kimi prosessual hərəkətləri icra edərək qiymətləndirə biləcəyi halda bunu etməmiş, gəldiyi nəticə isə fotoşəkilləri izləməsi nəticəsində hakimdə yaranan təsəvvürləəsaslandırılmışdır. Bununla da işin yuxarıda göstərilən xüsusatları aydınlaşdırılmamışdır. Məlumat üçün bildirir ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(053)-14/2025 saylı qərardadına əsasən hazırkı iş üzrə mübahisə predmeti əmlakların üzərinə həbs qoyulmuş, belə həbs əmlakın istehlak xassələrinin, onların təyinatı üzrə istifadəsi nəticəsində köhnəlmə faizlərinin və paralel olaraq yaranmış təbii itki normalarının müəyyən edilməsi, həmçinin hər bir əşyanın material hissələrinin iqtisadi dəyər ölçülərinin müəyyən edilməsinin iş üzrə aparılacaq məhkəmə araşdırmasının predmeti ola bilməsi ehtimalını şərtləndirmişdir. Lakin aparılan natamam məhkəmə araşdırması nəticəsində işin mühüm əhəmiyyət kəsb edən yuxarıdakı halları sübut olunmamış, bu istiqamətdə məhkəmənin gəldiyi nəticə sadəcə ehtimallarla əsaslandırılmışdır. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-727/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki,iddiaçı iddia ərizəsində göstərdiyi əmlakların faktiki mövcudluğunu və cavabdehin istifadəsində olduğunu sübut edə bilməmişdir. Həmçinin əşyaların saxlandığı ev onun deyil, anasının mülkiyyətindədir. 2024-cü ilin mart ayından sözügedən evdə yaşamır, iddiaçının iddia etdiyi əmlaklarla əlaqəsi yoxdur.Bundan əlavə, iddiaçı 2014-cü ildə boşandığı halda keçən müddət ərzində həmin əşyaları tələb etməmiş və nəticədə iddia müddətini ötürmüşdür. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-727/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-727/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-727/2025 saylı qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-727/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-727/2025 saylı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İşin hallarından göründüyü kimi, mübahisəli əşyalar cavabdehlərin yaşadıqları evdə iddiaçının bilavasitə öz razılığı ilə qalıb. Ötən dövrdə iddiaçı öz əşyalarını (iddia ilə əlaqəli əşyalarını) cavabdehlərdən tələb etməmiş, bununla bağlı məhkəmədə iddia qaldırmamışdır. Bununla yanaşı, iddiaçının ötən dövrdə cavabdehlərin yaşadığı evə gəlibgetməklə özünə məxsus olan bəzi əşyaları götürüb aparması onun mübahisəli əşyaların saxlanması şəraiti barədə tam məlumatlı olduğunu təsdiq edir. Bütün bunlar işin digər faktik halları ilə yanaşı iddiaçının mübahisələndirdiyi əşyaların vəziyyəti barədə ötən müddət ərzində tam məlumatlı olduğunu, əgər cavabdehlər tərəfindən istifadə olunurdularsa da, onun (iddiaçının) buna yol verdiyini təsdiq edir. Ötən 15 il müddətində iddiaçı göstərilən əşyalarla bağlı məhkəmədə hər-hansı bir iddia qaldırmayıb. Hazırda da iddiaçı bu əşyaları tələb etmir. O, öz tələbini qeyd olunan əşyaların istismara (və ya iddia ərizəsində bildirildiyi kimi, “təlabata”) yararsız vəziyyətə düşməsi ilə əsaslandırır. Halbuki təqdim olunmuş fotoşəkillərdən əşyaların istismara yararsız halda olması görünmür. Əksinə, təqdim olunmuş fotoşəkillərdən əşyaların saxlandığı 15 il müddəti nəzərə alınmaqla nəinki istismara tam yararlı, hətta kifayət qədər səliqəli vəziyyətdə olduqları görünür. Mövcud olan kiçik qüsurların isə təmir yolu ilə aradan qaldırılması imkanı istisna olunmur. Buna baxmayaraq iddiaçı həmin qüsurların aradan qaldırılması üçün zəruri olan pul vəsaitini və əşyaların özlərini deyil, onların tam dəyərini tələb edir. Yəni iddiaçının tələbi istismara yararlı vəziyyətdə olan (və ya müəyyən təmir işləri görülməklə istismara tam yararlı vəziyyətə gətirilməsi mümkün olan), lakin vaxt keçməsi səbəbindən aşınmaya məruz qalmış əşyaları cavabdehlərə sonuncuların buna razılığı olmadığı bir halda verməklə əvəzində cavabdehlərdən yeni əşyaların tam dəyərini almaq məqsədi güdür. Halbuki İddiaçı əşyaların ümumi dəyərinin 10.000 manat olmasını bildirmiş, eyni zamanda, onların bəzilərinin cavabdehlər tərəfindən istifadə olunması ilə əlaqədar ona 10.000 manat maddi ziyanın dəydiyini qeyd etmişdir. Bu isə öz-özlüyündə ziddiyyətlidir. Belə ki, əşyaların ümumi dəyəri ilə onların yalnız bəzilərindən istifadə olunması ilə bağlı dəymiş maddi ziyanın dəyəri eyni ola bilməz. Həmçinin iş materiallarına mübahisəli mebel əşyalarının və digər əşyaların (qab-qacaq və s.) fotoşəkilləri əlavə olunub. Göstərilən fotoşəkillərdən müvafiq əşyaların hər hansı ciddi zədə aldığı görünmür. Mövcud olan müəyyən qüsurların isə təmir yolu ilə aradan qaldırılması mümkündür. Bundan başqa, iddiaçının təqdim etdiyi səs yazılarından İddiaçı Cavabdeh2 əşyaların (yataq dəstinin) sökülərək başqa otağa yığılması ilə bağlı irad bildirdiyi görünür. Yəni cavabdehlər tərəfindən həmin əşyalara ziyan vurulması, dəymiş zərərin 10.000 manat təşkil etməsi və s. hallar müəyyən edilmir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti isə əsaslandırılmamış və formal mülahizələrdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(053)-727/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1692/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1692/2025
09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver