Məhkəmə qərarları › İş №2(106)-1696/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1696/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1696/2024 19.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X7 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(049)-184/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə 3611,34 manat əsas borc və 45.90 manat faiz borcu, cəmi 3.657,24 manat məbləğində borc və ödənilmiş 56,58 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Lənkəran” filialı ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********21 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona illik 17 faiz olmaqla 48 ay müddətinə 6.000 (altı min) manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan bu Müqavilə ilə müəyyən edilmiş qaydada kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2021-ci il tarixdə borclu X6 vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır. Bunun nəticəsində tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********21 saylı kredit müqaviləsi üzrə cəmi 3611.34 manat əsas borc, 45.90 manat faiz borcu olmaqla cəmi 3657.24 manat borc yaranmışdır. Lənkəran rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli AZ-İİ № 228350 saylı Ölüm haqqında şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V-757 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin “Elektron notariat” X1 çıxarışından görünür ki, X3 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə borclu X4 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, “Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmədəyə əsasən o, ƏƏSMN DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialında mərhum X4 hesabında olan 302,34 manatı almışdır. Borc məbləği sübuta yetrildiyi halda həmin hissədə öhdəlik daşıyır. X4 iddiaçıya borcunun olub-olmaması barədə heç bir məlumatı yoxdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-184/2024 saylı qətnaməsi ilə (hakim Anar Pənahov) iddia təmin edilərək Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********21 saylı kredit müqaviləsinə əsasən 3611,34 manat əsas borc və 45,90 manat faiz borcu, cəmi 3657,24 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56,58 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək iddia tələbinin iddia rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 bankın iddiası ilə 3657,24 manat və ödənilmiş dövlət rüsumu əvəzi 56,58 manat qalıq borcunun ondan alınması qeyriqanunidir. Belə ki, məhkəmə MM-in 1306.1-ci maddənin tələblərini nəzərə almamışdır və ya düzgün təfsir etməmişdir. Halbuki, Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notarius tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən də görünür ki, o 302,24 manat vəsait almış və həmin məbləğdə alınmış aktivdə məsuliyyə daşıyır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, qətnamənin ləğv olunaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh indiyə qədər olan məhkəmə iclaslarında iştirak etməmişdir. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notarius tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə cavabdehin 302,24 manat vəsait alması və həmin məbləğdə alınmış aktivdə məsuliyyət daşıması, hələ o demək deyildir ki, iddiaçının mülkiyyətində digər əmlakı yoxdur. Vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən əmlak 302, 24 manatdır. Onun mülkiyyətində cavabdehin adına dövlət qeydiyyatına alınmayan daşınar və ya daşınmaz əmlak ola bilər. Bununla bağlı cavabdeh nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiyası məhkəməsində heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-184/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: xx.xx.2020-ci il tarixli BPM**********21 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X5 48 ay müddətinə illik faiz dərəcəsi 17% olmaqla 6000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin şərtinə əsasən borcalan Püstəbacı Əhmədova müqaviləyə əlavə edilmiş 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq kredit borcunu borcverənə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. BPM**********21 nömrəli xx.xx.2020-ci il tarixli məxaric orderindən görünür ki, kredit müqaviləsinə əsasən 6000 manat məbləğində pul vəsaiti X5 ödənilmişdir. Püstəbacı Əhmədova qəbzdə imzası ilə həmin vəsaiti aldığını təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli 306 nömrəli maliyyə arayışından görünür ki, X6yla "xxxx" ASCyə xx.xx.2023-cü il tarixə 3611,34 manat əsas borc və 45.90 manat faiz borcu, cəmi 3657,24 manat məbləğində borcu və ödənilmiş 56,58 manat məbləğində borcu vardır. Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün "xxxx" ASC tərəfindən 56.58 manat dövlət rüsumu ödənilmişdir. AZ-İİ seriyalı 228350 nömrəli xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lənkəran rayonu 1 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilmiş “757” reyestr nömrəli xx.xx.2022-ci il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” haqqında Çıxarışdan görünür ki, X4 qanun üzrə vərəsəsi olan Cavabdeh ƏƏSMN Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialında mərhum Püstəbacı Əhmədovanın hesabında olan 302.34 manat məbləğində alınmamış vəsaiti tam həcmdə qəbul etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1.-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. MM-in 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. MM-in 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti üzrə göstərdiyi hallara qiymət verilməsini zəruri hesab edir. Belə ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzim etmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Mülki Məcəllənin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun damihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildiriyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiya diqqətə çatdırır ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa vərəsə miras qoyanın borclarını mirasdan çox olduğunu sübut etməlidir. Beləliklə, apellyasiya şikayətində göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(049)-184/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-184/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar