Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1699/2024 03.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 İmanov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və X1 ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan (LPO) İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Feyzulla oğluna, X2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair Masallı Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(050)-996/2020 saylı qərardadından (hakim Coşqun Abdullayev) ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Feyzulla oğluna, X2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(050)-996/2020 saylı qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Feyzulla oğluna, X2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə müraciət edərək, iş üzrə baxılmamış saxlanılma barədə qərardadın ləğv edilməsini və icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı bu günə kimi İddiaçı ASC-yə göndərilməmişdir. Odur ki, baxılmamış saxlanılma barədə qərardadın ləğv edilməsi və icraatın təzələnməsini xahiş olunur. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə1 ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ikinci dəfə baxılmamış saxlanılma barədə qərardaddan məlumatları olmamışdır. Qərardad LPO "Zaminbank” ASC-yə göndərilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 Feyzulla oğlu izahatında bildirmişdir ki, həmin mübahisənin üstündən beş il müddət keçmişdir. Həmin kreditlər üzrə kompensasiyalar da olmuşdur. Düşünmüşdür ki, həmin kompensasiyalarla onun borcu bağlanmışdır. Hazırda onun borcu olduğunu hesab etmir. Odur ki ərizənin rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(050)-996/2020 saylı qərardadı ilə iddiaçı LPO "Zaminbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Feyzulla oğluna, X2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə mülki iş üzrə baxılmamış saxlanılma barədə qərardadın ləğv edilməsi və icraatın təzələnməsi barədə iddiaçının nümayəndəsi Nümayəndə1 ərizəsi təmin edilməmişdir. Qərardaddan iddiaçı tərəf şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və mülki işin təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosesssual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-996/2020 saylı qərardadından mülki iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixə Masallı Rayon Məhkəməsində təyin edilmiş məhkəmə prosesi zamanı məhkəmə tərəfindən Nümayəndə1 2020-ci il tarixli ərizəsinin təmin edilərək, mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edildiyi bildirilmişdir. Lakin nə mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad, nə də məhkəmə prosesinin təyin edilməsi barədə bildiriş banka daxil olmamışdır. Daha sonradan mülki iş üzrə icraatın təzələnməsi barədə qərardadın və məhkəmə bildirişindən bankın xəbərdar olmaması səbəbindən Nümayəndə1 yazdığı ərizəsinin nəticəsiz qaldığı üçün yenidən 2024-cü il tarixdə mülki iş üzrə icraatın təzələnməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəticə olaraq, Masallı Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli,2(050)-996/2020 saylı qərardad qəbul edilmişdir. Məhkəmə iclası barədə xəbərdar olunmadıqları üçün iştirakları olmadan baxmağı xahiş etməkləri mümkün deyildi. Hesab edirlər ki, məhkəmə tərəfindən məhkəmə prosesi barədə məlumatlandırılmadıqları halda mülki işin baxılmamış saxlanılması barədə qərardadı əsassız idi və ləğv edilməli idi. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-996/2020 saylı qərardadda qeyd edilən iddiaçının verdiyi vəsatət “Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır” ifadələri əsassız olaraq qeyd olunmuşdur, çünki bildiriş və ya qərardadın banka daxil olmasını təsdiq edən hər hansı bir sənədə istinad edilməmişdir. Şikayətə baxılmış, Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 03 oktyabr 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 185.1-ci maddəyə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. - 259.0 və 259.0.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. - 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamışdır. Mövqeyini belə əsaslandırmışdır ki, Şərh olunan normaların məzmunundan görünür ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki-prosessual qanunvericilikdə yalnız tərəflərin məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edildiyi halda ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğvinin mümkün olduğu nəzərdə tutulur. İddiaçının nümayəndəsi məhkəməyə gələ bilməməsi barədə nə məlumat vermiş, nə də ki, gələ bilməməsinin üzürlü səbəbdən baş verməsi barədə sübut təqdim etmişdir. Bununla bağlı o, sadəcə olaraq qərardadın onlara çatmamasını bildirmiş, lakin həmin qərardadın qəbul edildiyi tarixdə məhkəmə iclasının təyin edilməsi ilə bağlı məlumat verilmədiyini mübahisələndirməmişdir. Keçən dörd il müddətində məhkəmənin icraatında olan iş barəsində hər hansı bir yekun məhkəmə aktının qəbul edilib-edilməməsi barədə iddiaçı təşkilat tərəfindən maraqlanmamış və bunun məhkəməyə bildirməsinin mümkünsüzlüyünü sübut edə bilməmişdir. Halbuki, qanunvericilklə həmin məsələlərin sübuta yetirilməsi onun üzərinə düşür. İddiaçının mövqeyi ilə razılaşmaq o anlama gələr ki, heç bir sübut olmadan sadəcə olaraq iddiaçı bildirsə ki, qərardadı almamışdır, onda məhkəmə icraatı təzələməlidir. Məhkəmə Kollegiyas, birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlayarkən doğru qənaətə gəlmişdir. Beləliklə, şikayət əsassızdır. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəf ötən müddət ərzində işin gedişi, yekun məhkəmə aktının çıxarılıbçıxarılmaması barədə hər hansı müraciət etməmiş, uzun müddət keçdikdən sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna əsasən də, şikayət əsaslı hesab edilərək, təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraldı: Şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(050)-996/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1699/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1699/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver