Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1699/2025 20.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan şəhəri, 20 noyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1, (sədrlik edən, məruzəçi) X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(055)-651/2025 saylı qətnaməsindən (hakim. V.Qasımov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 14.965,20 ABŞ dolları - bundan 5.821,20 ABŞ dolları əsas, 2.990,40 ABŞ dolları faiz, 5.302,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 851,31 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 166,32 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh2arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 420005933/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017- ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 13.713,73 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ASC-yə bir dəfə getmiş, onda da ərizə vermişdir. Müqavilənin yenilənməsi ilə bağlı heç bir sənədə qol çəkməmişdir. Bu günə qədər də heç bir sənədə imza etməmişdir. Hesablanmış borc məbləği ilə də razı deyildir. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(055)-651/2025 saylı qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh2 5258,87 ABŞ dolları əsas, 2664,50 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə, ümumilikdə 8323,37 (səkkiz min üç yüz iyirmi üç dollar otuz yeddi sent) ABŞ dolları məbləğində pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınıb iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 166,32 (yüz altmış altı manat otuz iki qəpik) manat dövlət rüsumu alınıb iddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi¸ İddianın tələbi qalan hissədə təmin edilməməsi və Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 100 manat ekspertiza xərci iddiaçı LPO İddiaçı ASC və Cavabdeh2 müştərək qaydada alınaraq, məhkəmə-xəttşünaslıq ekspertizasının tədqiqinin dəyəri olan 126 manat ekspertiza xərci isə Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödəniməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o iddianı qəbul etmir. Onun qətnamədə qeyd edilən qədər borcu olmamışdır və o, həmin borcu ödəmək iqtidarında deyildir. Məhkəmə borcun nə qədər olması ilə bağlı düzgün araşdırma aparmamışdır. Ekspertiza təyin edilsə də, o həmin ekspert rəyi ilə razı deyildir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə gönrərərək iş üzrə xəttşünaslıq ekspertizasının rəyi ilə razılaşmadığını, buna görə də təkrar olaraq xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Kollegiya onun təkrar xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətini təmin edilməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti Cavabdeh2 münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Saatlı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 26% olmaq şərtilə, 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı Əlavə sazişə əsasən cavabdehin qalıq krediti restrukzisaziya edilməklə 13713,73 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 420005933/ZM saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh2) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər. İşdə olan xx.xx.2014-cü il tarixli 420005933/ZM saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı Əlavə sazişə əsasən zaminlik müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşdə olan 04 mart 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 LPO İddiaçı ASC-yə 5821,20 ABŞ dolları əsas, 2990,40 ABŞ dolları faiz, 5,302,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 851,31 ABŞ dolları faiz, ümumilikdə 14965,20 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3129 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 5258,87 ABŞ dolları, faiz borcu üzrə 2664,50 ABŞ dolları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1226 nömrəli xəttşünaslıq ekspertinin rəyində göstərilmişdir ki, xx.xx.2014-cü-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişdə “Borcalan” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh2arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 420005933/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 13713,13 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Eyni zamanda zaminlik müqaviləsinin müddəti də xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, iddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5821,20 ABŞ dolları əsas, 2990,40 ABŞ dolları faiz, 5,302,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 851,31 ABŞ dolları faiz, ümumilikdə 14965,20 ABŞ dolları borcun ödənilməsini tələb edir. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən cabadeh Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri cavabdehin qətnamədə qeyd edilən qədər borcunun və həmin borcu ödəmək iqtidarında olmamasından, borcun nə qədər olması ilə bağlı düzgün araşdırma aparılmamasından ibarətdir. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası təyin etməklə cavabdehin banka olan borcunu araşdırmışdır. Müəyyən edilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3129 nömrəli rəyi ilə tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 5258,87 ABŞ dolları, faiz borcu üzrə 2664,50 ABŞ dolları olması müəyyən edilmişdir. Bundan başqa Cavabdeh2 kredit müqaviləsindəki imzanın ona məxsus olmamasını bildirmiş, buna görə də iş üzrə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1226 nömrəli xəttşünaslıq ekspertinin rəyində göstərilmişdir ki, xx.xx.2014-cü-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişdə “Borcalan” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Həmçinin elektron məhkəmə informasıya sistemindən edilən əldə edilən çıxarışa əsasən cavabdehlə iddiaçı arasında mövcud olan kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşməmişdir. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 851,31 ABŞ dolları faiz borcu hissəsi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Kollegiya bununla bağlı qeyd edir ki, qətnaməni cavabdeh mübahisələndirdiyindən və qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən işə baxan apellyasiya məhkəməsi yalnız şikayət həddində araşdırma aparmağa səlahiyyətli olduğundan iddianın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 851,31 ABŞ dolları faiz borcunun tələb edilməsi hissəsində araşdırma aparmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(055)-651/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1699/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1699/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver