Məhkəmə qərarları › İş №2(106)-1701/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1701/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1701/2023 13.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 2(064)751/2023 saylı, 07 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti üzrə işə 13 noyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun qaytarılma ası tələbinə dair məhkəmədə iddia qaldıraraq xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cəmi 698 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, mətbəx mebeli almış və nəticədə 698 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satğı qiyməti 1.747,2 manat (24 ay x 72.8 manat + 0 manat ilkin ödəniş) olan mətbəx mebeli üçün 698 manat olmaqla, ondan 698 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, mətbəx mebelini xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 1049.2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1049.2 manat, cəmi ödədiyi məbləğ 1049.2 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 2(064)751/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi (Hakim: Y.Həşimov) ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 462.1, 567, 600.1, 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən narazı iddiaçı "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" MMC Füzuli Rayon Məhkəməsinin 2(064)751/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Füzuli Rayon Məhkəməsinin 2(064)751/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, kollegiya İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri həddində Füzuli Rayon Məhkəməsinin 2(064)751/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin 2(064)751/2023 saylı, 07 iyun 2023-cü il tarixli saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işə əlavə edilmiş 22398760 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh dəyəri 1747.20 manat dəyərində mətbəx mebeli almışdır. İşdə olan cavabdehlə bağlanılmış xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, cavabdeh öhdəliklərinin icrasını gecikdirmiş bu səbəbdən ona ünvanlanmış məktubda müqavilənin predmeti olan malların saz və korlanmamış vəziyyətdə geri qaytarılması tələb edilmiş. Bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndirilməsi bildirilmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 698 manat məbləğində ödənilməmiş borcu vardır. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlardan müəyyən etmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 1.747,2 manat olan mətbəx mebeli almış, lakin xx.xx.2022-ci il tarixdə həmin mebeldən imtina etmiş və məhsul 1.049,2 manat qiymətləndirilərək borcdan silinməklə geri qaytarılmışdır. Hazırda cavabdehin borcu 698 manat təşkil edir. xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddia tələbinin əsaslandırılmasından belə anlaşılır ki, cavabdeh müqavilədən imtina etdiyindən iddiaçı mebelin dəyəri 1.747,2 manatdan məhsul 1.049,2 manat qiymətləndirilməklə silinmiş və hazırda 698 manat borcun qaldığı iddia edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərlə qaytarılmış mebelin dəyərinin məhz 1.747,2 manat təşkil etməsi hər hansı mötəbər sübutlarla, o cümlədən mütəxəssis və ya ekspert rəyi ilə təsdiqlənmir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22398760 saylı müqavilənin 3.11-ci bəndində göstərilir ki, müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa, hər hansı səbəbdən onu qaytararsa və ya başqa növ mala dəyişərsə, bu zaman güzəştli şərtlərlə əldə etmiş olduğu malı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmaıqda isə həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. İddiaçı cavabdehin mebeli müqavilə bağlandığı xx.xx.2021-ci il tarixdən 10 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə qaytarmasını əsas gətirsə də iş materialları ilə cavabdehin mebeli məhz xx.xx.2022-ci il tarixdə və korlanmış vəziyyətdə qaytarması öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçı satılmış əşyanı geri aldığından onun cavabdehə qarşı həmin əşya üzrə pul tələbi irəli sürməsi haqlı sayıla bilməz. Çünki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, məhkəmə iddia tələbini əsassız sayaraq rədd etmək məcburiyyətində qalır. Mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bu da onu deməyə əsas verir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarətdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin 2(064)751/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)751/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar