Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1705/2023 23.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(056)-1130/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun avtomobilini yandırmasına görə 1495 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzində 35 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir ildən artıq müddətdir ki, münasibətləri yaxşı deyildir. xx.xx.2021-ci il tarixdə o, özünə məxsus avtomobili həmkəndlisi Elşad Dadaşovun toyuna gedən zaman digər dostu Müşfik Əliyevin həyətində saxlamışdır. Həmin gün saat 23 radələrində onunla eyni masada oturmuş Loğmanın mobil telefonla onu çəkdiyini görmüş, o, bu barədə Loğmana iradını bildirmiş və aralarında mübahisə yaranmışdır. Həmkəndliləri onları ayırmış və Loğman çıxıb getmişdir. Bir müddət sonra Müşfik ona zəng edərək Loğmanın onun avtomobilini yandırdığını bildirmişdir. O, Müşfikin həyətinə gəlmiş və avtomobilinin yandığını görmüşdür. Bundan sonra o, polis Şöbəsinə ərizə ilə müraciət etmiş və bununla da, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Cavabdehin barəsində İXM-nın 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Sabirabad rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə görə Sabirabad rayon Məhkəməsində 3(056)-523/2021 saylı işə baxılmış, Cavabdeh İXM-nın 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli məbləğində, yəni 1495 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Odur ki, iddianın təmin olunması xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh qeyd olunan hadisədə onun heç bir təqsirinin sübuta yetirilmədiyini əsas gətirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(056)-1130/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1495 (bir min dörd yüz doxsan beş) AZN məbləğində pul vəsaitinin və iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 35 (otuz beş) AZN-nin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin hazırkı iş üzrə olan qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinc instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasaən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsi: Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Lakin məhkəmə yuxarıda qeyd edilən normalara istinad edərək vurulmuş zərərə görə cavabdehdən 1495 manat pul məbləğinin tutulması barədə qətnamə qəbul edərkən hadisənin cavabdeh tərəfimdən törədilməsinin sübutu kimi istinad edilmiş Sabirabad Rayon Məhkəməsinin 3(056)-523/2021saylı qərarının Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(106)-363/2021 saylı qərarı ilə ləğv edildiyini nəzərə almamışdır. Sabirabad Rayon Məhkəməsinin 3(056)-523/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sabirabad Rayon məhkəməsinə qaytarılmışdır. Həmin İnzibati xəta haqqıda iş hazırda da yekunlaşmamışdır. Baxmayaraq ki, cavabdeh haqqında olan həm İnzibati xəta haqqında iş, həm də zərərin ödənilməsi barədə mülki iş Sabirabad Rayon məhkəməsində eyni hakimin (N. Bağırov) icraatındadır, hakim inzibati xəta haqqında olan iş üzrə qanuni qüvvəyə minməmiş qərara əsaslanaraq mülki iş üzrə İddiaçı iddiasının təmin edilməsi barədə əsassız qətnamə çıxarmaqla yuxarıda qeyd edilən hüquq normalarının tələblərini pozmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh xx.xx.2023-cü il taqrixində saat 10:40-a təyin edilmiş məhkəmə iclasına gəlmiş, lakin Şirvan Apellyasiya Məhkəməsində Sabirabad Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 3(056)-01/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması ilə əlaqədar baxılan mülki iş üzrə məhkəmə iclası həmin gün saat 15:40-a təxirə salınmış və bu barədə Cavabdeh məhkəmə bildirişi verilmişdir. Lakin Cavabdeh elə həmin gün məhkəməyə elektron qaydada ərizə göndərərək xəstələnməsinə görə rayona qayıtmaq məcburiyyətində qaldığını bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. İddiaçıya müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. MM-nin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)-523/2021 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı avtomobilini yandırıb sonuncuya 1495 manat ziyan vuraraq əmlakını qəsdən məhv etdiyi üçün İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli məbləğində, yəni 1495 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 3(106)-363/2021 saylı inzibati xəta barəsində hakimin qərarının yoxlanılmasına dair qərarından müəyyən edilir ki, barəsində inzibati icraat aparılan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 3(056)-695/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarından müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 3(106)-248/2022 saylı qərarından müəyyən edilir ki, Sabirabad Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 3(056)-695/2021 saylı qərarından zərərçəkmiş şəxs İddiaçı şikayəti təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmişvə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 3(056)-01/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından müəyyən edilir ki, Babayev X1 Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törərməsində təqsirli bilinmiş və vurulmuş ziyanın (min dörd yüz doxsan beş manat) bir misli məbləğində, yəni 1495 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 3(106)-476/2023 saylı qərarından müəyyən edilir ki, Sabirabad Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 3(056)-01/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 3(056)-01/2023 saylı qərarı dəyişdirilmədən saxlanılanaraq, Cavabdeh təqsirli bilinmiş və müddətin keçməsi ilə əlaqədar olaraq inzibati məsuliyyətdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 3(106)- 476/2023 saylı qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 3(056)-01/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 3(056)-01/2023 saylı qərarı dəyişdirilmədən saxlanılanaraq, Cavabdeh təqsirli bilinmiş və müddətin keçməsi ilə əlaqədar olaraq inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati xəta haqqında qərarla da cavabdehin təqsiri müəyyən edilmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan azdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(056)-1130/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1705/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1705/2023
23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver