Məhkəmə qərarları › İş №2(106)-1705/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1705/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1705/2024 03.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.915,86 (on üç min doqquz yüz on beş ABŞ dolları 86 sent) ABŞ dolları əsas, 10.433,09 (on min dörd yüz otuz üç ABŞ dolları 09 sent) ABŞ dolları faiz və 1043,22 (min qırx üç ABŞ dolları 22 sent) ABŞ dolları cərimə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 235 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 25.627,17 (iyirmi beş min altı yüz iyirmi yeddi ABŞ dolları 17 sent) ABŞ dolları borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişlər və 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(073)-1346/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli 19-M-5-0-53-15 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 11.384,61 (on bir min üç yüz səksən dörd ABŞ dolları 61 sent) ABŞ dolları əsas borc, 9.202,96 (doqquz min iki yüz iki ABŞ dolları 96 sent) ABŞ dolları faiz borcu, 150 (yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.737,57 (iyirmi min yeddi yüz otuz yeddi ABŞ dolları 57 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddianın qalan hissələrinin təmin edilməməsi qət edilmişdir (hakim Vüsal Cəbrayılov). Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borclu kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin borclu kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə razılaşaraq əsas və faiz borcunun məbləğinin ekspert rəyinə əsasən müəyyən etmişdir. Həmçinin dəbbə pulunu da əsas borcun məbləğinə münasibətdə qeyri-mütənasib sayan birinci instansiya məhkəməsi dəbbə pulunu azaltmışdır. Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 235 ABŞ dolları məbləğində əldən çıxmış fayda qismində pulun tutulması barədə iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona ziyan vurulmasını sübut edə bilməmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia verilmişdir. Bundan başqa, cavabdehin iştirakı təmin edilməmişdir ki, bunun da nəticəsində o, iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanından məhrum edilmişdir. Zamin kimi borcu qəbul etsə də, iddia müddəti keçmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli 2(106)-786/2024 nömrəli mülki iş üzrə qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov). Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayəti həddində yoxlayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən borcunu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya instansiya məhkəməsi cavabdehin iddia müddətinin ötürülməsi barədə dəlillərini əsassız sayaraq göstərmişdir ki, iddia müddətinin ötürülməsi müəyyən edilməmişdir. Belə ki, 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsi 70 ay 3 gün müddətinə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitir. xx.xx.2019-cu il tarixədək ümumilikdə ödənişlər də edilmişdir. Cavabdeh (zamin) kassasiya şikayəti verərək (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə zaminin icazəsi və iştirakı olmadan aparılmış və həmin əlavədə müddətin artırılması zamin üçün əlverişsiz nəticəyə səbəb ola bilərdi. Məhkəmə bu hala nəzər yetirməmiş və qiymət verməmişdir. xx.xx.2015ci il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə ilk dəfə apellyasiya instansiyasında iddiaçı tərəfindən təqdim edilməsinə baxmayaraq, məhkəmə təqdim olunmuş sübutun birinci instansiya məhkəməsində nə səbəbdən təqdim olunmadığını və apellyasiya instansiyasında təqdim olunmasının əsaslı olduğunu araşdırmamışdır. Belə ki, həmin müqaviləyə əlavə olunmuş xx.xx.2015-ci il tarixli əlavədə zamin kimi Cavabdeh2 qeyd edilsə də, həmin imza ona məxsus olmamış və bu imzanın mövcudluğu və mənsubiyyəti məhkəmə tərəfindən araşdırılmamışdır. Başqa müqavilə və əlavə zamin tərəfindən imzalanmamışdır. Bununla da, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2847/2024 saylı qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.G.Nurməmmədov) Cavabdeh2 kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli 2(106)-786/2024 nömrəli qətnaməsinin iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası öz mövqeyində göstərmişdir ki, iddia tələbi kredit və zaminlik müqaviləsi üzrə borcun tutulması barədədir. Bank 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə istinadən kredit məbləğini əsas borcludan və zamindən tələb edir. Həmin müqavilə 24 ay müddətinə bağlanıb. 16 mart 2015-ci il tarixli əlavəyə əsasən həmin kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Bank birinci instansiya məhkəməsinə həm 15 yanvar 2015-cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsini, həm də həmin müqaviləyə 16 mart 2015-ci il tarixli əlavə sazişi sübut kimi təqdim etmişdir. Prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM,14.2 və 217.4) Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir və bu müddətin keçməsi ilə zaminə qarşı tələbə xitam verildiyi üçün, buna görə ayrıca ərizə verilməsi də tələb edilmir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-cil tarixli Qərarı). Nəzərə alınsa ki, “Bank hesabı, kredit və zaminlik” müqaviləsi 15 yanvar 2015-cı il tarixdə 24 ay müddətinə bağlanıb, eyni zamanda həmin müqavilənin müddəti 16 mart 2015-ci il tarixli əlavə sazişlə xx.xx.2017-ci il tarixədək uzadılıb, belə olan halda, iddianın verildiyi tarix və müqavilə şərtləri nəzərə alınmaqla zaminə münasibətdə müddətin ötüb-ötməməsinə qiymət verilməli idi. Birinci instansiya məhkəməsi isə təqdim edilmiş (işdə olan mövcud) sübutlar əsasında zaminə münasibətdə müddətin keçib-keçməməsinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinin kontekstində qiymət verməmişdir. Cavabdeh apellyasiya şikayətində müddətin ötməsi barədə dəlil irəli sürmüşdür. İşdən görünür ki, Bank apellyasiya baxışında 15 yanvar 2015cı il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinin 18 noyabr 2020-ci ilədək uzadılması barədə 18 noyabr 2015-ci il tarixli əlavə saziş təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi də 18 noyabr 2015-ci il tarixli əlavə sazişlə müqavilə müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə, eləcə də xx.xx.2019-cu il tarixədək ümumilikdə ödənişlər edilməsinə istinadən zaminə münasibətdə də müddətin keçməməsinə istinad etmişdir. Əvvəla, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, qanunvericilik sübutların bir qayda olaraq birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsini müəyyən edib. Yeni sübutların apellyasiya məhkəməsi tərəfindən qəbul edilməsinə o halda imkan verilir ki, iddiaçı həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya məhkəməsi isə prosessual qanunvericiliyin sübutların təqdim edilmə qaydası ilə bağlı tələblərini pozaraq, iddiaçı tərəfindən 18 noyabr 2015-ci il tarixli əlavə sazişin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini araşdırmadan həmin sazişi sübut kimi qəbul edərək ona istinad etmişdir. Bundan başqa, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi yeni sübutu qəbul etsə də, cavabdehin məhkəmə iclasında iştirakını təmin edib, həmin sübutla bağlı onun dəlillərini öyrənməyib. Halbuki, bir halda ki, apellyasiya məhkəməsi yeni sübuta istinad edirdi, belə olan halda, iddiaçıdan həmin sübut barədə cavabdehə məlumat veribverməməsini öyrənməli, cavabdehin həmin sübutla bağlı dəlillərinin olub-olmamasına, bu sübuta qarşı müdafiəsini təşkil etməsinə ona şərait yaratmalı idi. Bu həm də Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin normaya əsasən işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Bu baxımdan, cavabdehin xx.xx.2015-ci il tarixli əlavə sazişin zaminin icazəsi və iştirakı olmadan aparılması, həmin əlavədə müddətin artırılmasının zamin üçün əlverişsiz nəticəyə səbəb ola bilməsi, həmin əlavənin ilk dəfə apellyasiya instansiyasında təqdim edilməsinə baxmayaraq, məhkəmənin təqdim olunmuş həmin sübutun birinci instansiya məhkəməsinə nə səbəbdən təqdim olunmadığını araşdırmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslıdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, əlavə saziş birinci instansiya məhkəməsində texniki səbəblərdən iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsində həmin sazişə istinad edilməmişdir. Cavabdeh tərəf müddətin ötdüyünü iddia etmişdir. Bu isə ona əsas verir ki, deməli onlar iddianı qəbul edirlər. Cavabdeh tərəf əlavə sazişi sübut qismində qəbul etsə də, bildirmişdir ki, o, imzalamamışdır. Əlavə sazişin müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olmuşdur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsi kredit borcunun Cavabdeh2 da tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti (indiki adı ilə "xxxx" X8 Cəmiyyəti) 15 yanvar 2015-ci il tarixli “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə əsasən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 13998,09 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə də Cavabdeh2 Cavabdeh1 borcunun ödənilməsinə bank qarşısında zamin durmuşdur. “Bank hesabı, kredit və zaminlik” müqaviləsinə 16 mart 2015-ci il tarixli Əlavəyə görə həmin kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Vergilər Nazirliyininin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən "xxxx" X2 ASC-nin adı İddiaçı ASC-yə dəyişilmişdir. İddiaçı ASC tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli maliyyə arayışına görə Cavabdeh1 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 19 mart 2021-ci il tarixə 13.915,86 (on üç min doqquz yüz on beş ABŞ dolları 86 sent) ABŞ dolları əsas, 10.433,09 (on min dörd yüz otuz üç ABŞ dolları 09 sent) ABŞ dolları faiz, 1043,22 (min qırx üç ABŞ dolları 22 sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 235 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 25.627,17 (iyirmi beş min altı yüz iyirmi yeddi ABŞ dolları 17 sent) ABŞ dolları borcu vardır. Məhkəmə-mühasibatlıq ekspertizasının 24 sentyabr 2021-ci il tarixli 9/5488 nömrəli rəyinə əsasən 15 yanvar 2015-ci il tarixli 19-M-5-0-53-15 saylı kredit müqaviləsi və 16 mart 2015-ci il tarixli “Əlavə saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 16 dekabr 2017ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə 11.525,49 ABŞ dolları əsas, 9.202,96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20.728,45 (iyirmi min yeddi yüz iyirmi səkkiz ABŞ dolları qırx beş sent) ABŞ dolları müəyyən olunur. Həmçinin hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 140,88 ABŞ dolları məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 140,88 ABŞ dolları məbləğində ödəniş nəzərə alınacağı təqdirdə cəmi 20.587,57 (20.728,45-140,88) ABŞ dolları məbləğində borc qalacaqdır, o cümlədən əsas borc üzrə 11,384,61 ABŞ dolları, faiz borcu üzrə 9.202,96 ABŞ dolları. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2847/2024 saylı qərarında ehtiva olunan göstərişləri rəhbər tutaraq apellyasiya şikayətinin dəlillərinə uyğun hüquqi qiymət verərək bildirir ki, qətnamənin əsaslılığı kredit borcunun zamindən (Cavabdeh2) tutulub-tutulmamasının müəyyən edilməsi hissəsində yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan başqa, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2847/2024 saylı qərarında öz əksini tapmış məcburi göstərişlərə uyğun baxılan mülki işin faktiki hallarına apellyasiya baxışının predmetini təşkil edən hissədə hüquqi qiymət verərək diqqətə çatdırır ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, habelə MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bundan başqa, MPM-in 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından da göründüyü kimi, iddiaçı xx.xx.2015-ci il tarixli Əlavə sazişi prosessual qanunvericiliyin sübutların təqdim edilmə qaydası ilə bağlı tələblərinə uyğun şəkildə birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanmasının yekunlaşmasına qədər olan müddətdə təqdim etməmişdir. Buna görə də, həmin əlavə sazişə əsasən MM-in 477.0.4-cü maddəsinin tələblərinə istinad edərək iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilə bilməz. Bundan başqa, iş materiallarında, habelə iddia ərizəsində belə xx.xx.2015-ci il tarixli Əlavə sazişin mövcudluğu barədə qeyd edilməmiş və buna istinad edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin kredit borcunun zamin - iş üzrə Cavabdeh2 da tutulması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə - kredit borcunun zamin - iş üzrə Cavabdeh2 da tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Habelə MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə – Cavabdeh2 İddiaçı ASCnin xeyrinə 11.384,61 (on bir min üç yüz səksən dörd ABŞ dolları 61 sent) ABŞ dolları əsas borc, 9.202,96 (doqquz min iki yüz iki ABŞ dolları 96 sent) ABŞ dolları faiz borcu, 150 (yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.737,57 (iyirmi min yeddi yüz otuz yeddi ABŞ dolları 57 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar