Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1709/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 208 manat zərər məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı 50 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarının 147-ci vərəqində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsi iddiaçının nümayəndəsi və vəkili olan X2 məxsus şəxsi elektron kabinetə 24 aprel 2024-cü ildə yerləşdirilmişdir. Bundan sonra İddiaçı nümayəndəsi Ədalət Muradov vasitəsilə ilk apellyasiya şikayətini 20 may 2024-cü il tarixdə vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2024-cü il tarixli, 2(106)-1196/2024 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti X3 tərəfindən (nümayəndə qismində) imzalansa da, X1 iddiaçının vəkili olaraq apellyasiya şikayətini imzalamaq səlahiyyətinə dair müvafiq sənəd – order əlavə edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadı ilə iddiaçının nümayəndəsi X3 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, ona izah olunmuşdur ki, göstərilən tələblərə riayət etməklə, eləcə də, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə verməklə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər. İddiaçı 04 avqust 2024-cü ildə yenidən Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Muradağa Qasımov) Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, mübahisələndirdiyi qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunmuş və apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmənin qərardadı ilə razı deyil. Çünki qətnamə 03 aprel 2024-cü il tarixdə qəbul edilmiş, qanunvericiliyin tələbinə görə X1 elektron kabinetinə 24 aprel 2024-cü il tarixdə yerləşdirilmiş, Nümayəndə isə 30 aprel 2024-cü il tarixdə çatdırılmışdır. İddiaçının nümayəndəsi və vəkili X3 birinci dəfə apellyasiya şikayətini vaxtında, yəni 20 may 2024-cü il tarixdə elektron kabinetə yerləşdirmişdir. Birinci instansiya məhkəməsi də həmin apellyasiya şikayətində hər hansı qanunsuzluq müəyyən etmədiyi üçün apellyasiya şikayətini mülki işlə birlikdə aidiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qeyri-mümkün hesab edərək geri qaytarmışdır. Bundan sonra Lənkəran Rayon Məhkəməsi də özünün 01 avqust 2024-cü il tarixli qərardadı ilə öz növbəsində qeyd olunan apellyasiya şikayətini geri qaytarmış və qərardadda qeyd etmişdir ki, iddiaçının nümayəndəsi X3 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın və ona izah olunsun ki, göstərilən tələblərə riayət etməklə, eləcə də apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə verməklə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər. İddiaçı da məhkəmənin qərardadında qeyd olunanlara əsaslanaraq yenidən apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə əsassız olaraq müddətin bərpası barədə ərizəni təmin etməmişdir. İşin hallarından bəlli olur ki, müddəti ötürməsi iddiaçının yox, məhkəmənin özünün səhvi ucbatından olmuşdur. Əgər o, birinci dəfə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edəndə məhkəmə apellyasiya şikayətini qeyd olunan uyğunsuzluğa görə geri qaytarsaydı, o, dərhal müddəti ötürmədən yenidən apellyasiya şikayəti verərdi. Lakin yuxarıda qeyd etdiyi kimi və qanunvericiliyin tələbinə görə də birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmadan apellyasiya məhkəməsinə göndərmiş və apellyasiya məhkəməsi də işi geri qaytarmışdır. Ona görə də bu qərardaddan narazı olduğu üçün şikayətlə müraciət edib qərardadın ləğv edilməsini istəyir. Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində 2(049)-39/2024 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadı ləğv edilməli, İddiaçı apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. İş materialları ilə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsi iddiaçıya onun nümayəndəsinin şəxsi elektron kabinetinə yerləşdirilməklə 24 aprel 2024-cü il tarixində rəsmi qaydada verilmiş, iddiaçı isə ilk apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ərzində, yəni 20 may 2024-cü ildə vermişdir. Lənkəran Rayon Məhkəməsi həmin apellyasiya şikayətinin nöqsanlı şəkildə verilməsini nəzərə almadan onu birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2024-cü il tarixli, 2(106)-1196/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Daha sonra Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadı ilə həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Lakin bundan cəmi 3 gün sonra iddiaçı yenidən qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Lənkəran Rayon Məhkəməsi 01 avqust 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadında iddiaçıya göstərilən tələblərə riayət etməklə, eləcə də, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə verməklə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edə biləcəyini izah etmiş olsa da, ağlabatan müddət ərzində, yəni cəmi 3 gün sonra iddiaçı tərəfindən verilmiş müddətin bərpasına dair ərizəni təmin etməmişdir. MPM-in 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 361.1.1 və 361.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, apellyasiya şikayətinin qaytarılması üçün əsas olmuş halların aradan qaldırıldıqdan sonra şəxsin yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməsi hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu cür imkanın qanunvericilikdə nəzərdə tutulmasına, eləcə də apellyasiya şikayətinin geri qaytarılması üçün əsas olan yeganə hal kimi onun səlahiyyətli şəxs tərəfindən imzalanmamasının qeyd edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməlidir. MPM-in 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İddiaçı tərəfindən müddətin bərpasına dair ərizəyə Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti də əlavə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsini təmin etməməklə, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, şikayət təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadı ləğv edilməli, İddiaçı apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(049)-39/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1709/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1709/2024
07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver