Məhkəmə qərarları › İş №2(106)-1710/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1710/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1710/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada ödəniləcək günə manatla məzənnədə 8622,06 ABŞ dolları əsas borc, 1958,71 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 11580,77 ABŞ dollarının və dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin surəti 04 may 2018-ci il tarixli göndəriş məktubu ilə tərəflərə, o cümlədən Cavabdeh1 göndərilmişdir. Bundan sonra Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsi icra edilməsi üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 31 may 2018-ci il tarixli qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. 23 may 2024-cü ildə Cavabdeh1 apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Xaliq İmanov) Cavabdeh1 ərizəsi təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, Cavabdeh1 apellyasiya şikayətinin 2(041)-317/2018 saylı mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı QSC şikayət vermiş, şikayətində Kürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadının ləğv edilməsini və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəbdən ötürülmüşdür və müddətin bərpa edilməsi üçün əsas yoxdur. Qətnamə poçt vasitəsilə bütün cavabdehlərin, o cümlədən Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərilmiş, sifarişli poçtla göndərildiyindən digər şəxslər qətnaməni almış, yalnız Cavabdeh2 göndərilmiş poçt geri qaytarılmışdır. Həmçinin, iş materiallarından görünür ki, məhkəmə tərəfindən iş icra olunması üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən Cavabdeh1 könüllü vaxt verilməklə icraata başlamaq haqqında qərar Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Qətnamənin qəbul edildiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra heç bir əsas olmadığı halda ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən müddətin bərpa edilməsi barədə ərizəyə baxılarkən nə poçt xidmətinə sorğu verilmiş, nə də icra şöbəsində 6 il bundan əvvəl çıxarılmış qətnamənin icrasının hansı mərhələdə olması barədə heç bir tədbir görülməmişdir. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamışdır. İş materiallarında olan cavabdehlərin qətnaməni rəsmi qaydada almasını təsdiq edən sübutlar, həmçinin qətnamənin icrası barədə hallar araşdırılmamış və bu hallara qiymət verilməmiş, icra işi tələb edilib araşdırılmamışdır. Kürdəmir Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmış, Kürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətin 7 gün müddətində 2(041)- 317/2018 saylı mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadı ləğv edilməli və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizəyə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Kürdəmir Rayon Məhkəməsi 24 may 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadında öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, qətnamə 04 may 2018-ci il tarixli məktubla tərəflərə göndərilmiş, lakin qətnamənin cavabdehlərə, o cümlədən Cavabdeh1 təqdim edilməsi barədə sübut işə əlavə edilməmişdir. Bundan əlavə, işdə olan sənədlərdən məlum olur ki, qətnamə cavabdehlərin iştirakı olmadan çıxarılmış, onların məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və bildirir ki, qətnamənin tərəflərə göndərilməsinin üzərindən 6 ildən də artıq müddət keçdikdən sonra verilmiş müddətin bərpasına dair ərizəyə baxılarkən qətnamənin həqiqətən də həmin tərəfə çatdırılıbçatdırılmaması, qətnamənin icrası mərhələsində onun qətnamədən məlumatlı olubolmaması kimi məsələlər məhkəmə tərəfindən ciddi araşdırılmalı idi. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsaslı sayaraq bildirir ki, buraxılmış müddətin bərpası barədə ərizəyə baxarkən birinci instansiya məhkəməsinin müvafiq poçt orqanından sözügedən qətnamənin Cavabdeh1 çatdırılıbçatdırılmaması, eləcə də, çatdırılmışdırsa, hansı tarixdə çatdırılması barədə sorğu verərək məlumat almaq imkanı olsa da, o, bu imkanından istifadə etməmişdir. Odur ki, ərizəyə yenidən baxacaq olan məhkəmə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsinin surətinin Cavabdeh1 məhz hansı tarixdə çatdırılması məsələsini müəyyənləşdirmək məqsədilə müvafiq poçt orqanına sorğu ilə müraciət etməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, Cavabdeh1 həm ərizəsində, həm də apellyasiya şikayətində qətnamənin surətinin 23 oktyabr 2023-cü il tarixində əldə olunduğunu bildirmişdir. Həmçinin, iş materiallarından görünür ki, Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 31 may 2018-ci il tarixli qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 317/2018 saylı, 30 aprel 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Birinci instansiya məhkəməsi isə Cavabdeh1 mübahisələndirilən qətnamədən məlumatlı olması vaxtını müəyyənləşdirmək məqsədilə həmin icra işini də öyrənməmiş, icra tədbirləri çərçivəsində Cavabdeh1 hər hansı icra hərəkəti edib-etmədiyini araşdırmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında sonradan başqa məhkəmə mübahisələri də olmuşdur. Bu isə Cavabdeh1 Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsindən məlumatlı olmasına və həmin qətnamənin icrasının iddiaçı tərəfindən ondan tələb edilməsinə əsaslı şübhələr yaradır. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilmiş məsələlər aydınlaşdırıldıqdan sonra Cavabdeh1 Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətini ötürməsi səbəbinin üzrlü hesab edilib-edilməməsi və buraxılmış prosessual müddətin bərpa edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadı ləğv edilməli və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizəyə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2(041)-317/2018 saylı qərardadı ləğv edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizəyə hazırkı qərardadın təsviriəsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar