Məhkəmə qərarları › İş №2(106)-1710/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1710/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1710/2025 03.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fazil oğlunun katibliyi, İddiaçı4, Cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızının iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)- 1376/2017 saylı qətnaməsindən cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarından görünür ki, X2 izahatında bildirmişdir ki, o, X6, X3, İddiaçı1, İddiaçı2, X7 və X1 şikayət ərizələri ilə tanış olmuşdur. X10 Bakı şəhəri, Binəqədi rayonu Stroydetal adlanan ərazidə kirayədə yaşayarkən onun qonşusu olub. O, X4 heç nə almamışdır və ona heç bir borcu yoxdur. O, Vəsilə Abdullayevadan televizor alarkən Sevda ona sözdə zamin durmuşdur. İddiaçı1 Bakı şəhəri Binəqədi rayonu, Storydetal adlanan ərazidə yaşayarkən onun qonşusu olub və ailəvi dost olublar. O, yaşadığı həmin ərazidə 2015-ci ilin yanvar ayında icarəyə mağaza götürüb və həmin ərəfədə Samirəyə müraciət edib ki, mağazaya ərzaq məmulatları almaq üçüb ona borca pul versin. O, Samirə ilə birlikdə Binəqədi rayonu, Qoşa Zaprafka deyilən yerin yaxınlığında yerləşən “Finca” banka gedib və həmin vaxt onlar bankdan pul götürə bilməyiblər. Samirənin Rasimə 5000 (beş min) manat pul verməsindən sonradan xəbəri olub. Lakin o, Samirənin həmin məbləğdə olan pulu Rasimə verdiyini görməyib. Sonralar Rasim ona demişdir ki, Samirədən borca pul götürüb və aylıq 225 manat Samirəyə pul ödəyir. O, İddiaçı2 2000 (iki min) ABŞ dolları istəməyib, nə də ki, İddiaçı2 ona 2000 ABŞ dolları pul verməyib. Sərvər Həsənov 2000 ABŞ dollarını əri Rasimə 10 faizlə verib. Belə ki, həmin iki min ABŞ dollarına görə əri Rasim Sərvərə iki ilərzində hər ayda 200 ABŞ dolları məbləğində pul vermişdir. Rasim iki il ərzində Sərvərə 4800 ABŞ dolları məbləğində pul ödəmişdir. Sonradan öz aralarında razılaşıblar ki, Rasim Sərvərdən götürdüyü 2000 ABŞ dollarını birdəfəlik tam ödəsin və buna görə də onlar birlikdə Bankdan pul götürüblər ki, həmin pulu Sərvərin adından Rasim ödəsin. O, İddiaçı4 pul almayıb nə də ki, Ayaz ona Bakı şəhəri Neftçilər dairəsində olan “Nukoil” bankdan pul götürüb verməyib. İddiaçı4 əri Rasimə pul verib lakin pulun hansı məbləğdə olmasından xəbəri yoxdur. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarından görünür ki, X2 eyni məzmunlu izahat vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 26.900 (iyirmi altı min doqquz yüz) manat pulun bank faizinin uçot dərəcəsi hesablanmaqla alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X8 iddia həcminin azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Əliyeva (Mustafayeva) Esmira Malik qızından və Cavabdeh2 müştərək qaydada 5400 manat pulun alınıb İddiaçı1, 3500 manat pulun alınıb İddiaçı2, 4500 manat pulun alınıb İddiaçı4 və 9000 manat pulun alınıb İddiaçı3 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-1376/2017 saylı qətnaməsi ilə iddia İddiaçı2, İddiaçı1 və İddiaçı3 münasibətdə qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4956 (dörd min doqquz yüz əlli altı) manat borc alınıb İddiaçı3, Cavabdeh2 3100 (üç min bir yüz) manat borc alınıb İddiaçı1 və Cavabdeh2 1200 (bir min iki yüz) ABŞ dollarının 2015-ci ilin sentyabr ayına olan məzənnəsi alınıb İddiaçı2 Sərvər oğluna verilməsi, iddianın İddiaçı2, İddiaçı1, İddiaçı3 münasibətdə qalan hissədə, İddiaçı4 münasibətdə isə əsassız olduğundan təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 verilməsi, İddiaçı4 iddiası təmin edilmədiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 390.1, 739.1, 739.2, 740, 425.1, 385.1, 445.2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1, 14.2, 77.1-ci maddələrinə əsaslandırmış qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğu İddiaçı3 2015-ci ilin iyun ayı ərzində cəmi 5900 manat borc almışlar və həmin borcu qısa müddət ərzində ödəyəcəklərinə dair öhdəlik götürmüşlər. Cavabdehlər həmin borcdan cəmi 944 manatını qaytarmış, lakin qalan 4956 manatını qaytarmaqdan yayınmışlar. İddiaçının cavabdehlərə həmin məbləğdə, yəni 5900 manat borc pul verməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında İddiaçı3 cavabdehlərə verdiyi borcu bankdan kredit götürdüyünü və həmin kreditə görə faizlər ödədiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehlərin iddiaçıya qalan borclarını tam şəkildə ödədiklərini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. b) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin ona dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə sübutları bilavasitə tədqiq etməmiş, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olmaq üçün düzgün araşdırma aparmamışdır, bir sıra məqamları və faktiki halları aydınlaşdırmadan yekun qərar qəbul etmişdir. Halbuki həmin faktiki halların müəyyən edilmməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızı izahatında bildirdi ki, 2004-cü ildən ərindən ayrılmışdır. Borcdan məlumatı yoxdur, hal-hazırda onun harada olduğunu bilmir. Qətnamə icraya yönəldikdən sonra icra qurumuna çağırılan zaman məhkəmə aktının mövcudluğundan məlumatı olmuşdur. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı4 apellyasiya şikayətinə təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Apelyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan iddianın təmin olunan hissəsində ləğv olunmasını, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızına münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 740. Borc müqaviləsinin forması (31 may 2016-cı il tarixədək qüvvədə olan redaksiya) Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş üzrə toplanmış sübutları, o cümlədən tərəflərin izahatlarını hərtərəfli araşdıraraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızına münasibətdə ləğv edilməli və iddia ona münasibətdə rədd edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Sübutetmə mülki prosesin əsas institutlarından biri olmaqla, iş üzrə hüquqi əhəmiyyət kəsb edən halların müəyyən edilməsi və tərəflərin hüquq və vəzifələrinin düzgün müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyır. Mülki mübahisələrdə məhkəmə yalnız tərəflər tərəfindən təqdim edilmiş və qanuna uyğun şəkildə əldə olunmuş sübutlar əsasında qənaətə gələ bilər. Hər hansı iddia tələbinin təmin edilməsi üçün həmin tələbin əsasını təşkil edən halların real, konkret və obyektiv sübutlarla təsdiqlənməsi zəruridir; ehtimallar, fərziyyələr və dolayı mülahizələr sübutetmə predmetini əvəz edə bilməz. Sübutetmənin mühüm prinsiplərindən biri sübutetmə yükünün düzgün bölüşdürülməsidir. Mülki prosesual qanunvericiliyə əsasən, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut etməli, cavabdeh isə yalnız iddiaçının təqdim etdiyi sübutlara etiraz etmək və ya onları təkzib etmək hüququna malikdir. Eyni zamanda, sübutların qiymətləndirilməsi zamanı məhkəmə hər bir sübutun aidiyyətini, mötəbərliyini və yetərliliyini ayrı-ayrılıqda və bütün sübutların məcmusunda qiymətləndirməlidir. Ayrı-ayrı sübutlara kontekstdən kənar üstünlük verilməsi, xüsusilə də birbaşa hüquqi nəticə doğurmayan sübutlar əsasında əsaslı hüquqi nəticələr çıxarılması sübutetmə prinsipləri ilə uzlaşmır. Məhkəmə yalnız sübutların daxili ziddiyyətsizliyi və qarşılıqlı uyğunluğu əsasında hüquqi əhəmiyyət kəsb edən halları müəyyən edə bilər; əks yanaşma məhkəmə qətnaməsinin əsaslılığına xələl gətirir. Kollegiya qeyd edir ki, iş materiallarından, o cümlədən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli qərarlardan aydın görünür ki, cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızının izahatlarında İddiaçı3 münasibətdə borc münasibətinin mövcudluğunu təsdiq edən heç bir etirafedici hərəkət, iradə ifadəsi və ya faktiki hal mövcud deyildir. Əksinə, Esmiranın izahatları ardıcıl və sabit olmaqla, onun müxtəlif şəxslərlə bağlı açıqlamaları yalnız əri Cavabdeh2 borc münasibətlərinə dair məlumat xarakteri daşıyır və Esmiranın şəxsən borc alan subyekt kimi çıxış etdiyini göstərmir. Belə ki, Esmira Malik qızı izahatlarında dəfələrlə vurğulamışdır ki, müxtəlif şəxslərdən, o cümlədən İddiaçı1, İddiaçı2 və İddiaçı4 borc münasibətləri birbaşa onun tərəfindən deyil, həyat yoldaşı Rasim tərəfindən həyata keçirilmişdir. Esmira Malik qızı yalnız sonradan bu borclardan xəbər tutduğunu bildirmiş, pulun verilməsi prosesində iştirak etmədiyini, pulu şəxsən almadığını və borc münasibətinin tərəfi olmadığını açıq şəkildə ifadə etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, o, nə İddiaçı3 pul aldığını, nə də ona qarşı borc öhdəliyi götürdüyünü izahatlarında təsdiqləmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlarda Esmira Malik qızının iddiaçıya münasibətdə borcu etiraf etməsi, borcun qaytarılması barədə öhdəlik götürməsi və ya borclu qismində çıxış etməsi ilə bağlı hər hansı fakt müəyyən edilməmişdir. Bu qərarlar özüözlüyündə mülki-hüquqi öhdəliyin mövcud olmamasını sübut etməsə də, Esmiranın borclu olmasını təsdiq edən obyektiv faktların mövcudluğunu da ortaya qoymur. Başqa sözlə, cinayət-prosessual araşdırma çərçivəsində Esmira Malik qızının iddiaçı qarşısında borclu olmasını əsaslandıran heç bir hüquqi və ya faktiki hal aşkar edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yalnız şahid ifadələrinə əsaslanmaqla, Esmira Malik qızının da borc münasibətinin tərəfi olması qənaətinə gəlmişdir. Halbuki şahid ifadələri borc öhdəliyinin yaranması üçün tələb olunan əsas hüquqi elementi – borclunun iradə ifadəsini əvəz edə bilməz. Nəzərə alınmalıdır ki, borc münasibəti subyektlərin açıq və müəyyən edilmiş razılığına əsaslanan mülki hüquqi münasibətdir və bu münasibətin mövcudluğu yalnız ehtimallara, dolayı məlumatlara və digər sübutlarla təsdiqlənməyən üçüncü şəxslərin subyektiv ifadələrinə əsaslanmaqla müəyyən edilə bilməz. Birinci instansiya məhkəməsi faktiki olaraq sübutetmə yükünü dəyişdirərək, Esmira Malik qızının borcu ödədiyini sübut etməli olduğu mövqeyindən çıxış etmişdir. Halbuki ilkin olaraq iddiaçı tərəfindən Esmiranın borclu olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edilməli idi. Esmiranın borclu olması sübuta yetirilmədiyi halda, ondan borcun qaytarılmasının tələb edilməsi maddi hüququn və sübutetmə prinsiplərinin pozulmasıdır. Eyni zamanda, məhkəmə müştərək məsuliyyət tətbiq etsə də, Esmira Malik qızının müştərək borc öhdəliyini qəbul etdiyini göstərən hər hansı müqavilə, yazılı sənəd və ya qanuni əsas göstərməmişdir. Cinayət materialları da daxil olmaqla iş üzrə mövcud sübutların heç biri Esmira Malik qızının iddiaçı ilə müştərək borc münasibətinə daxil olduğunu təsdiqləmir. Beləliklə, birinci instansiya məhkəməsinin Esmira Malik qızına münasibətdə gəldiyi nəticə iş materialları ilə təsdiq olunmur, sübutların yanlış qiymətləndirilməsinə və sübutetmə yükünün düzgün tətbiq edilməməsinə əsaslanır ki, bu da qətnamənin həmin hissədə ləğv edilməsini zəruri edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı) Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-1376/2017 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi mübahisələndirilən hissədə — yəni cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızına aid olan hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(073)-1376/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə - cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızına qarşı iddia tələbinin təmin olunan (4956 manat pul tutulması) hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı3 cavabdeh Əliyeva (Mustafayeva) Esmira Malik qızına qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar