Məhkəmə qərarları › İş №2(106)-1714/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1714/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1714/2025 11.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1281/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.751,77 (bir min yeddi yüz əlli bir dollar yetmiş yeddi sent) ABŞ dolları əsas borc, 685,79 (altı yüz səksən beş dollar yetmiş doqquz sent) ABŞ dolları faiz borcu, 2.008,30 (iki min səkkiz dollar otuz sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün (AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən) hesablanmış 254,40 (iki yüz əlli dörd dollar qırx sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 99,91 (doxsan doqquz manat doxsan bir qəpik) AZN cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 7.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 420006982/ZM nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 335/15-PR nömrəli, xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 6.218,73 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli, xx.xx.2017ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7.093,31 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4.700,26 (dörd min yeddi yüz ABŞ dolları 26 sent) ABŞ dolları təşkil edir. Bundan 1.751,77 (bir min yeddi yüz əlli bir ABŞ dolları 77 sent) ABŞ dolları əsas, 685,79 (altı yüz səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları faiz, 2.008,30 (iki min səkkiz ABŞ dolları 30 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254,40 (iki yüz əlli dörd ABŞ dolları 40 sent) ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1281/2025 saylı qətnaməsi ilə (hakim N.Bağırov) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı Kredit Müqaviləsindən və həmin Kredit Müqaviləsinin xx.xx.2015-ci il tarixli, 335/15-PR saylı və xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərindən yaranmış 1751.77 ABŞ dolları əsas borc, 685.79 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətindən sonrakı dövr üçün hesablanmış 254.40 ABŞ dolları faiz borcu, ümumilikdə isə 2891,96 (iki min səkkiz yüz doxsan bir dollar doxsan altı sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) Azərbaycan manatı ilə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 60 (altmış) manat hissəsinin Cavabdeh1 tutulub ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 420006982/ZM saylı Zaminlik Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişdən yaranmış Cavabdeh2 zaminliyinə xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi əsasında 36 ay müddətinə illik 24% olmaqla 7300 ABŞ dolları məbləğində kreditin Cavabdeh1 verilməsi razılaşdırılmışdır. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 6218.73 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 7093.31 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, bu Sazişin imzalandığı tarixdən etibarən ödəniş qrafiki üzrə borcalan tərəfindən faiz dərəcəsi illik 8% müəyyən edilmiş və manatla ediləcək ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə borc alan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı Zaminlik Müqaviləsindən və həmin Zaminlik Müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017- ci il tarixli 2№-li Əlavə Sazişlərə əsasən xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsi və həmin Müqavilə üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişlər üzrə borc alan Cavabdeh1 öhdəliyinin təminatı olaraq Cavabdeh2 zamin olaraq restrukturizasiya olunmuş və müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, ********* saylı Müqavilə üzrə 1751.77 ABŞ dolları əsas, 685.79 ABŞ dolları faiz, 2008.30 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254.40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4700.26 ABŞ dolları borcu yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı Kredit Müqaviləsindən və həmin Kredit Müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017-ci il tarixli, 2№-li Əlavə Sazişlərdən yaranmışdır. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da o, Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddia ona aid olan hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 2008.30 ABŞ dolları cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsindən yaranmış əsas borcun 1751.77 ABŞ dolları məbləğində və faiz borcunun 685.79 ABŞ dolları məbləğində olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 2008.30 ABŞ dolları cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksəkdir vəhəmin dəbbə pulunun azaldılaraq 200 (iki yüz) ABŞ dolları müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə həmçinin digər Cavabdeh2 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zamin Cavabdeh2 isə zaminlik müqaviləsinə əsasən kredit üzrə əsas öhdəliyə görə məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdehlərin kredit və zaminlik müqavilələrindən irəli gələn birgə öhdəlikləri yaranmışdır. Lakin məhkəmə hesab etmişdir ki, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni kredit müqaviləsinin bitdiyi tarixdən 1 il ərzində, kreditorun zaminə qarşı iddia irəli sürmədiyi səbəbindən, zaminliyə xitam verilməli və iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələblərinin məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi də təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi Cavabdeh1 tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 428.4, 439.1, 462.3, 467, 472, 477.0.4, 739.1, 740-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin“pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Bildirir ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən, yanlışlığa yol verərək 1 ABŞ dolları = 1.40 AZN məzənnəsini əsas götürməklə öhdəliyin manatla ödənilməsini hesab etmişdir. Lakin, məhkəmənin bu qərarı qanunvericiliyin tələblərinə ziddir, çünki qanunvericilik xarici valyuta ilə müəyyən olunmuş öhdəliklərin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə yerinə yetirilməli olduğunu müəyyən edir. Bu maddənin mötəbər hüquqi qüvvəsi pozulmuş və məhkəmə, ödənişin faktiki həyata keçirildiyi günün məzənnəsini nəzərə almadan, ümumilikdə 1.40 məzənnəsini tətbiq edərək, hüquqi normalara uyğun olmayan, mövcud qanunvericilik tələblərini və ədalət prinsiplərini pozan, həmçinin tərəflər arasında ədalətsiz bir nəticə doğuran qərar vermişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab etmişdir ki, “cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişə əsasən 1 ABŞ dolları =1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə manatla ödənilməlidir.” Məhkəmənin bu yanaşması Azərbaycan Respublikasının Mülki Məcəlləsi, mövcud məhkəmə təcrübəsi v ə iqtisadi hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Belə ki, kredit xarici valyutada (ABŞ dollarında) müəyyən edilibsə, ödəniş isə Azərbaycan Respublikasında və manatla həyata keçirilirsə, o zaman cavabdeh öhdəliyini ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə yerinə yetirməlidir. Bildirir ki, ********* №-li, 17 sentyabr 2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə dəyişiklik edilərək kredit “ödəniş qrafiki üzrə Borcalan tərəfindənmanatla ödənişlər Kreditor tərəfindən 1 ABŞ dolları = 1.40 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir” şərti əsasında restrukturizasiya edilsə də, cavabdeh (borcalan) ödənişləri vaxtında icra etmədiyi üçün müqavilənin şərtləri onun tərəfindən pozulmuşdur. Müqavilənin digər şərtlərindən biri də, Borcalanın ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı müqavilə müddəti ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olduğu zaman onun tərəfindən güzəştli məzənnə ilə ödədiyi bütün ödənişlər Bankın ödəniş tarixinə olan məzənnə ilə yenidən hesablanmasıdır. Müqavilədəki şərt o zaman qüvvədə olardı ki, Kredit müqaviləsinə edilmiş dəyişikliyə əsasən Kredit müqaviləsi (Əlavə Saziş) üzrə ödənişlər borcalan tərəfindən gecikdirilmədən müəyyən edilmiş qrafikə əsasən həyata keçirilərdi. Müqavilənin ödəniş qrafiki, borcalanın (cavabdehin) hər ay və ya müəyyən müddətlərdə müəyyən məbləğləri ödəməsini nəzərdə tuturdu. Bu ödənişlər müqavilədə göstərilən müddət və məbləğlərə uyğun olmalı və heç bir gecikmə halı yaşanmamalı idi. Ödəniş qrafikində nəzərdə tutulan ödənişlər borcalan (cavabdeh) tərəfindən ödəniş qrafikində nəzərdə tutulan müddətlərdə icra edilmədiyindən gecikmə halları baş vermiş və nəticədə müqavilənin şərtləri pozulmuşdur. Buradan aydın görünür ki, məhkəmə, müqavilə şərtlərinin pozulması ilə bağlı faktı nəzərə almamışdır. Odur ki, məhkəmə tərəfindən borcun hesablanmasında ödəniş günü qüvvədə olan rəsmi məzənnə əsas götürülməli idi, lakin məhkəmə müqavilə şərtlərinin pozulması faktını müəyyən etmədiyindən ümumi olaraq 1 ABŞ dolları = 1.4 AZN məzənnəsini tətbiq etməklə, ödənişin hansı tarixdə baş verəcəyini və həmin tarixdə hansı məzənnənin mövcud ola biləcəyini də nəzərə almamışdır. Bundan başqa bildirir ki, ödəniş tarixi – məzənnənin müəyyən edilməsi üçün əsas meyardır. Kredit münasibətlərində məzənnənin müəyyənləşdirilməsi yalnız ödənişin həyata keçirildiyi günə əsasən mümkündür. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları düzgün qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Bu vəzifələrin yerinə yetirilməsi zamanı ödənişin həyata keçirildiyi tarixdə qüvvədə olan rəsmi məzənnə nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kredit üzrə ödənişin həyata keçirildiyi gündəki rəsmi məzənnəyə əsaslanaraq borcun ödənilməsinin qət edilməsi barədə qətnamə qəbul etməlidir. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları düzgün qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Beləliklə, məhkəmə kredit üzrə ödənişin həyata keçirildiyi gündəki rəsmi məzənnəyə əsaslanaraq borcun ödənilməsinin qət edilməsi barədə qətnamə qəbul etməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(056)-1281/2025 saylı qətnaməsinin qismən-mübahisələndirilən hissəsində (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) ləğv edilərək həmin hissəyə “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” söz birləşməsi əlavə edilməklə dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayarq məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı ASC ərizəylə məhkəməyə müraciət ederək məhkəmə iclasının onların iştirakının olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçının kredit ödənişini indiki məzənnə ilə ödənməsinə dair şikayətinə etiraz edir. İndiki məzənnə ilə kredit müqaviləsi üzrə borcunu ödəyə bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.2-ci maddəsinə görə mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(056)-1281/2025 saylı qətnaməsinin qismən-mübahisələndirilən hissəsində (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) ləğv edilərək həmin hissəyə “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” söz birləşməsi əlavə edilməklə dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)- 1281/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Hazırkı mülki işdən görünür ki, tərəflər arasında yaranmış olan mübahisə kredit müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin məcəllənin 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan, tərəflərin iradə azadlığı əsasında istənilən müqavilə bağlana bilər. Qeyd edilməlidir ki, müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər. Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır. O da qeyd edilməlidir ki, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 29-cu maddəsinin 2-ci bəndi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin 1 “a” yarımbəndi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi də ümumi rifah tələblərinin ödənilməsi, başqalarının hüquq və azadlıqlarının, eləcə də ümumi marağın qorunması məqsədilə müqavilə azadlığının məhdudlaşdırılmasını mümkün edir. Ancaq müqavilə azadlığının məhdudlaşdırılması ədalətlilik tələblərinə cavab verməli, adekvat, mütənasib, müvafiq və konstitusiya əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin fərdi və ümumi hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün zəruri olmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin MM-in 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Hazırkı mülki iş üzrə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsi əsasında 36 ay müddətinə illik 24% olmaqla 7300 ABŞ dolları məbləğində kreditin Cavabdeh1 verilməsi razılaşdırılmışdır. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixli 1№-li Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 6218.73 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Sonradan xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişə əsasən xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 7093.31 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, bu Sazişin imzalandığı tarixdən etibarən ödəniş qrafiki üzrə borcalan tərəfindən faiz dərəcəsi illik 8% müəyyən edilmiş və manatla ediləcək ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul ediləcəkdir. İddiaçı ASC ilə borc alan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı Zaminlik Müqaviləsindən və həmin Zaminlik Müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişlərə əsasən xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsi və həmin Müqavilə üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 1№-li və xx.xx.2017-ci il tarixli 2№-li Əlavə Sazişlər üzrə borc alan Cavabdeh1 öhdəliyinin təminatı olaraq Cavabdeh2 zamin olaraq restrukturizasiya olunmuş və müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh1 krediti vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, borcalan Cavabdeh1 öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmış və nəticədə xx.xx.2014-cü il tarixli ********* saylı Müqavilə üzrə 1751.77 ABŞ dolları əsas, 685.79 ABŞ dolları faiz, 2008.30 ABŞ dolları cərimə, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 254.40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4700.26 ABŞ dolları borcu hesablanmışdır. Buna görə də, kreditor hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili kredit xarici valyutada (ABŞ dollarında) müəyyən edilibsə, ödəniş isə Azərbaycan Respublikasında və manatla həyata keçirilirsə, o zaman cavabdeh öhdəliyini ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə yerinə yetirməlidir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində iddia olunan, ödənişlərin Mərkəzi Bankın ödəniş gününə olan rəsmi məzənnəsi ilə hesablanmalı olması barədə dəlillər müqavilə şərtləri və iş üzrə müəyyən edilmiş faktiki hallar nəzərə alındıqda hüquqi əsasını tapmır. Belə ki, borcalan tərəfindən müqavilə üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi, tərəflərin razılaşdığı məzənnə şərtinin etibarsız sayılması üçün əsas ola bilməz. Əksinə, borcalanın davranışı Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmiş vicdanlılıq prinsipinə və dürüstlük qaydasına zidd qiymətləndirilməlidir. Belə ki, iş materiallarından və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişin məzmunundan aydın görünür ki, tərəflər ödənişlərin manatla 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsasında qəbul edilməsini açıq və birmənalı şəkildə razılaşdırmışlar. Həmin şərt tərəflərin iradə azadlığının birbaşa ifadəsi olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci və 390-cı maddələrinin tələblərinə tam uyğundur və qüvvədə olan qanunvericiliyə zidd deyildir. Apellyatorun istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarı müqavilədə məzənnə məsələsi üzrə xüsusi şərt müəyyən edilmədiyi hallara şamil olunur. Halbuki hazırkı iş üzrə belə şərt mövcuddur və tərəflər ödənişlərin hansı məzənnə ilə həyata keçiriləcəyini əvvəlcədən razılaşdırmışlar. Bu baxımdan, borcun ödəniş günü üçün Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanması barədə dəlillər əsassızdır və təmin oluna bilməz. Bundan əlavə, apellyasiya şikayətində iddia edildiyi kimi, borcalan tərəfindən ödənişlərin gecikdirilməsi tərəflərin razılaşdığı məzənnə şərtinin avtomatik olaraq etibarsız sayılması üçün əsas yaratmır. Müqavilədə güzəştli məzənnənin tətbiqinin dayandırılması və ya borcun yenidən hesablanması barədə konkret və birmənalı qayda nəzərdə tutulmadığı halda, tərəflərin razılaşması qüvvədə qalır və məhkəmə tərəfindən nəzərə alınmalıdır. Əks yanaşma müqavilə azadlığı prinsipinin və mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxarardı. Məhkəmə tərkibi cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor - kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, pul öhdəliyi manatla ifadə edilməli olduğundan, həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti xx.xx.2014-cü il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə Sazişin şərtləri əsasında 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə ödənilməsi ilə bağlı razılaşma olduğundan ödənişlər 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə ödənilməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və yuxarıda qeyd edilən və araşdırılan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1281/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddianın təmin edilən hissəsi üzrə 2891,96 (iki min səkkiz yüz doxsan bir dollar doxsan altı sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) hesablandıqda 4048,74 manat təşkil edir. Apellyator isə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(056)-1281/2025 saylı qətnaməsinin qismən-mübahisələndirilən hissəsində (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) ləğv edilərək həmin hissəyə “qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla” söz birləşməsi əlavə edilməklə dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda 1 ABŞ dollarının məzənnəsi cari məzənnəsi 1,70 manatdır. Mübahisələndirilən hissə 0,30 sent olduğundan 2891,96x0,30=867,588 manat edir və həmin məbləğ 5000 manatdan azdır. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1281/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar