Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1728/2023 22.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “alimentin müəyyən olunmuş miqdarının artırılması” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(036)-2024/2023 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X6 qarşı “alimentin müəyyən olunmuş miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş 16 aprel 2013-cü il təvəllüdlü X10 və 25 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər birinə ayda 120 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər uşaq üçün hər ay 200 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə X2 birgə nikahdan doğulmuş 16 aprel 2013-cü il təvəllüdlü X10 və 25 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün onun xeyrinə hər ay 240 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Lakin həmin məbləğ uşaqların maddi ehtiyaclarını və müalicə xərclərini ödəmək üçün kifayət etmir. Bundan başqa uşaqların böyüməsi ilə onların saxlanılması üçün tələb olunan vəsait getdikcə artır. Özü təkbaşına uşaqların maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir. Cavabdeh X8 işləyir və xeyli miqdarda qazanc əldə edir. Ona görə qət olunmuş alimentin miqdarının artırılaraq hər ay 400 manat sabit pul məbləğində müəyyən edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqlarının saxlanılması üçün İddiaçı xeyrinə ayda 240 manat aliment kəsilmşdir. Cavabdeh hec bir yerdə işləmir və basqa gəlirləri yoxdur və günəmuzd işlərin görülməsindən əldə etdiyi təsadüfi qazancla çətinliklə dolanır. Buna baxmayaraq İddiaçı xeyrinə kəsilmiş aliment vaxtı-vaxtında ödənilir. Cavabdehin tələb olunan alimenti ödəmək imkanı yoxdur. İmişli Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(036)-2024/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, tərəflərin birgə nikahından doğulmuş 16 aprel 2013-cü il təvəllüdlü X10 və 25 mart 2016-cı il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə cavabdeh X2 tutulan alimentin miqdarı artırılaraq bir uşaq üçün ayda 170 (yüz yetmiş) manat olmaqla hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddiaçının xeyrinə alimentin onun aylıq əmək haqqından tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(036)-2024/2023 saylı qətnaməsi ilə qəti şəkildə razılaşmır. Ona görə ki, həmin qətnamə həqiqətləri əks etdirmir. Nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərək onun heç bir yerdə işləmədiyini, başqa gəlirlərinin olmadığını, güməbuzd işlərin görülməsindən əldə etdiyi təsadüfi qazancla çətinliklə dolandığını, buna baxmayaraq kəsilmiş alimenti vaxtında ödədiyini bildirmişdir. Qanunda ana və atanın uşaqlar üzərində hüquq eynidir. Qanunda yazılmır ki, alimenti yalnız ata ödəməlidir. Atanın gəliri və dolanışığı nəzərə alınmalıdır. Ödəməyi imkanı xaricində olan alimentin tutulması qət edilsə, həmin pulu ödəyə bilmədiyi təqdirdə borcu yaranacaq və həbs olunacaq. O zaman digər ailəsi, valideynləri çarəsiz vəziyyətdə qalacaqdır. Alimentin məbləği gəlirinə görə müəyyən edilməldirki, həmin pulu ödəyə bilsin. Hətta, iddiaçı dövlətdən uşaqlar üçün sosial yardımda alır. Bütün bunlar nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsində işə baxılarkən işləmirdi və rəsmi iş yerindən arayışı məhkəməyə təqdim edə bilməmişdi. Hazırda ailəvi restoranda ofisiant işləyir və aylıq 300 manat məbləğində əmək haqqı alır. Rəsmi iş yeri barədə arayışı məhkəmə zamanı təqdim edəcəkdir. Bundan əlavə ikinci dəfə X12 ilə rəsmi ailə həyatı qurmuşdur və həmin ailəsinə də baxmalıdır. Himayəsində xəstə və ahıl yaşlı anası var və onun da bütün maddi və mənəvi xərcləri onun üzərindədir. Anasının da bütün təlabatını ödəyir. Bildirir ki, İddiaçı doğma əmisi qızıdır. Özü Anası ilə birlikdə Abşeron rayonunda yaşayır. Gülnar isə İmişli rayonunda yaşayır. Övladlarının Gülnarın himayəsində olmasını nəzərə alıb, ailə üzvlərinə verilən pay torpağını Gülnara vermişdir ki, əkib becərsinlər, gələn gəlirdə onların xeyrinə olsun. Bundan əlavə Gülnar İmişli rayonunda şəxsi gözəllik salonunu işlədir və kifayət qədər qazancı vardır. Sadəcə kinli münasibətdə olduğu üçün maddi vəziyyətinin pis olmasını bilə-bilə alimentin artırılmasını məhkəmədən tələb edir. Atası İİ qrup əlildir və iş qabiliyyəti yoxdur. Müxtəlif xəstəliklərdən əziyyət çəkir. Özü 300 manat məbləğində əmək haqqına çalışır və başqa heç bir yerdən də gəliri yoxdur. Ondan aliment tutulan zaman digər ailəsi və valideynləri də nəzərə alınmalıdır. Qeyd etdikləri İmişli Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iddiaçının sözü ilə həddini aşan qətnamə qət etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək izahatında göstərdi ki, düzdür kənddə gözəllik salonu işlədir, lakin kənddə hazırda 4 gözəllik salonu fəaliyyət göstərir ki, əhalinin sayına görə müştərilər az olur. Cavabdeh tərəfindən ona pay torpaq sahəsi verilməmişdir, ümumiyyətlə cavabdehə aid torpaq sahəsindən istifadə etmir. Cavabdehin anası ahıl deyil, sağlamdır və pensiya alır, bütün məhkəmə iclaslarında oğlunun nümayəndəsi kimi iştirak edir. Hətta atası Bakı Bulvarında yaşıllaşdırmada briqadir işləyir, pensiya alır. Özü uşaqlara təhsil verir, uşaqların hər birinə 150 manat hazırlıq pulu ödəyir, sosial müavinat almır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və məhkəmə kollegiyası apellyasiya şikayətinə iş materialları əsasında cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh X8 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli 2(106)-548/2020 saylı qətnaməsindən aşağıdakılar müəyyən olunur: İddiaçı cavabdeh X6 qarşı “alimentin müəyyən olunmuş miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 16 aprel 2013-cü il təvəllüdlü X10 və 25 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İmişli Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(036)-2501/2018 saylı qətnaməsi ilə tutulması qət edilmiş hər uşağa görə 80 manat alimentin məbləğinin artırılaraq, hər uşağa görə 156 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir, İmişli Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, tərəflərin birgə nikahlarından doğulmuş 16 aprel 2013-cü il təvəllüdlü X10 və 25 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İmişli Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(036)-2501/2018 saylı qətnaməsi ilə tutulması qət edilmiş hər uşağa görə 80 manat alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində müəyyən edilmişdir, İmişli Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2(036)-2406/2019 saylı qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli 2(106)-548/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək tərəflərin birgə nikahlarından doğulmuş 16 aprel 2013-cü il təvəllüdlü X10 və 25 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İmişli Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(036)- 2501/2018 saylı qətnaməsi ilə tutulması qət edilmiş hər uşağa görə 80 manat alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş rəsmi portaldan çıxarışa əsasən cavabdeh işəgötürən X13 (VÖEN **********) məxsus obyektdə ofisiant işləyir, aylıq əmək haqqı 345.0 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon Təhsil sektoru tərəfindən İmişli rayon A.Kərimov adına Bəcirəvan kənd tam orta məktəbin 5-ci və 2-ci sinif şagirdləri X10 və X9 barəsində verilən xasiyyətnaməyə əsasən, onlar oxuduqları dövrdə özlərini nizam-intizamlı, səliqəli, yoldaşları ilə səmimi münasibətdə olan bir şagird kimi göstərmişlər, hər ikisi sinif əlaçısıdırlar. İş materiallarına əlavə edilmiş tərifnamə və diplomların surətlərindən görünür ki, hər iki uşaq müxtəlif müsabiqələrin qalibləri olduqlarına görə təltif edilmişlər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsialiment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Həmin Məcəllənin Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenum qərarları və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud artırılan hissədə alimentin məbləğinin dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Baş vermiş dəyişikliklər isə ondan ibarətdir ki, keçən müddət ərzində ərzaq məhsullarının və digər zəruri tələbat mallarının dəyərində nəzərə çarpacaq dərəcədə artımlar baş vermiş, yaşayış minimumu 2023-cü ildə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İmişli Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(036)-2501/2018 nömrəli qətnaməsi ilə ilkin olaraq hər uşağa görə 80 manat aliment təyin olunan zaman ölkədə uşaqlar üçün qanunla müəyyən olunan yaşayış minimumu 154 manat təşkil edirdi ki, qətnamə ilə təyin olunan həmin məbləğ həmin dövr üçün yaşayış minimumunun 51.94% hissəsinə bərabər idi. Sonradan 2020-ci ildə məhkəmə tərəfindən alimentin məbləği artırılaraq hər uşağa görə 120 manat sabit pul məbləğində müəyyən edilmişdir ki, həmin zaman üçün tutulan alimentin miqdarı qanunla uşaqlar üçün müəyyən olunan 170 manat yaşayış minimumunun 70.58% hissəsinə bərabər idi. Hazırda 2023-cü ildə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu 220 manat təşkil edir ki, artırılaraq hər uşağa görə müəyyən olunan 170 manat aliment yaşayış minimumunun 77.27% hissəsinə bərabərdir. Göründüyü kimi alimentin məbləğlərinin artım tempi zamanında qüvvədə olan yaşayış minimumlarına münasibətdə 51.94 faizdən 70.58 faizə, sonradan isə 70.58 faizdən 77.27 faizə dəyişmişdir. Kollegiya alimentin miqdarının artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdehin maddi imkanının aşağı olmasını, yeni ailə qurmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini və bunun da öz növbəsində qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas olmasını nəzərə alan birinci instansiya məhkəməsi, iddianı qismən təmin edərək, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarını artırıb bir uşaq üçün ayda 170 (yüz yetmiş) manat olmaqla hər ay 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna, yaxud dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti (120X2=240; 240X12=2880: 170X2=340; 340X12=4080: 4080-2880=1200) 1200 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(036)-2024/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1728/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1728/2023
22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver