Məhkəmə qərarları › İş №2(106)-1732/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1732/2023

23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1732/2023 23.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(050)-1687/2023 saylı qətnaməsindən (hakim H.Bəhmənov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 17 oktyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)- 1475/2020 qətnaməsi əsasında tutulan 170 manat alimentin məbləğinin artırılaraq, hər ay 220 manat müəyyən edilməsi və həmin pul məbləğinin qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə bir uşaqları olmuşdur. Bir müddət mehriban yaşasalarda sonradan münasibətləri pozulmuşdur. Buna görə də, Masallı rayon Məhkəməsinin 2(050)-366/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Daha sonra, Masallı rayon Məhkəməsinin «27» mart 2017-ci il tarixli 2(050)-424/2017 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı tarixdən başlayaraq xx.xx.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək hər ay 117 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Habelə, Masallı rayon Məhkəməsinin «18» sentyabr 2018-ci il tarixli 2(050)-2184/2018 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək hər ay tutulan alimentin 150 manat manat məbləğinədək arıtırılması qət edilmişdir. Daha sonra Masallı rayon Məhkəməsinin «13» avqust 2020-ci il tarixli 2(050)-1475/2020 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək hər ay tutulan alimentin 170 manat məbləğinədək antırılması qət edilmişdir. Odur ki, 17 oktyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)-1475/2020 qətnaməsi əsasında tutulan 170 manat alimentin məbləği artırılaraq, hər ay 220 manat müəyyən edilməsi və həmin pul məbləğinin qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq X4 tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bilirmişdir ki, işləmir, maddi imkanı zəifdir. Hazırda ödəməli olduğun 170 manat aliment hər ay atası tərəfindən ödənildir. Aliment məbləği çox artırılarsa ödəyə bilməyəcəklər. Odur ki, alimentin 10 manat miqdarda artırılmasını məhkəmədən xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(050)-1687/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-1475/2020 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə 17 oktyabr 2012-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş aliment miqdarının artırılaraq hər ay 190 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilməsi, alimentin yeni məbləğdə tutulmasının başlanğıcının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, həmin qətnamə üzrə təyin edilən hər ay X1 üçün aliment məbləğinin 250 manat müəyyən edilməsini və məhkəməyə müraciət üçün Mediasiya təşkilatına ödənilən rüsumun Cavabdeh alınaraq iddiaçıya təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən Uşaq hüququları haqqında AR-nın qanunun 13-cü maddəsini, Uşaq hüquqları haqqında konvensiyanın 5-ci maddəsinin və AR 2023 cü il yaşayış minumumu haqqında qanunun tələblərini pozmuşdur. Masallı Rayon Məhkəməsi 2(050)-1687/2023 saylı işini düzgün araşdırmamış, işin hallarına dolğun nəticə ilə baxmamışdır. Həmin iş üzrə iddiası qismən təmin edilmiş və məhkəmə Cavabdeh X6 yetkinlik yaşına çatana qədər hər ay 190 azn sabit pul məbləği tutularaq iddiaçıya verilməsi qərarına gəlmişdir. Məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan RespublikasıAilə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya baxışında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh hər hansı bir üzrlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv olunaraq, aliment tutulmasını xahiş etməklə, mahiyyətcə iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının şikayətinin dəlilləri üzrə, mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Masallı Rayon Məhkəməsinin 2(050)-1475/2020 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 17 oktyabr 2012-ci il təvəllüdlü X2 üçün tutulan və Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(050)2184/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq 170 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 oktyabr 2012-ci ildə doğulmuşdur. Uşaqların atası Quliyev (Abdullayev) Tofiq Qorxmaz oğlu, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Göründüyü kimi adı çəkilən qərarlarla və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Göründüyü kimi sonuncu aliment məbləği Masallı Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(050)-1475/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş və həmin tarixdən iddia verilən tarixə qədər 3 ilə yaxın müddət keçmişdir. Qeyd edilən son 3 ilə yaxın müddət ərzində isə ərzaq, pal-paltar, dərs vəsaitlərinin və uşaqlar üçün lazım olan və.sairələrin qiymətində əsaslı artım müşahidə edilmişdir. Eyni zamanda Məhkəmə Kollegiyası da, cavabdehin mənafeyini də, nəzərə almış, ötən illər ərzində onun maddi durumunda hər hansı dəyişikliyin olmadığını, bununla bağlı iddiaçının hər hansı sübut təqdim etmədiyini nəzərə almışdır. Buna görə də Kollegiya alimentin artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin möqeyi ilə razılaşır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən iddiasının əsassız olaraq tam təmin edilmədiyini bildirsə də, buna dair zəruri sübutları, yəni cavabdehin maddi durumunda hər hansı dəyişikliklərin olduğu barədə müvafiq təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası eyni zamanda mediasiya xərcinin tutulması barədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı mediasiya xərcini iddia tələbi üzrə cavabdehdən tələb etmədiyindən, yəni həmin hissədə iddia olmadığından məhkəmə həmin hissədə cavabdehdən mediasiya xərcini tuta bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Hazırkı iş üzrə alimentin artırılması hissədə iddianın qiyməti 5000 manatdan çox deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(050)-1687/2023 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar