Məhkəmə qərarları › İş №2(106)-1734/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1734/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1734/2023 23.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçı Ləğv Prosesində olan ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 2(049)2903/2023 saylı 15 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı LPO ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı LPO ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 015GFRK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 2167,32 manat borcun-bundan 2099,68 manat əsas borc, 67,59 faiz borcu və iş üzrə ödənilmiş 42 manat dövlət rüsumu Cavabdeh alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı LPO ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 015GFRK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli, 025NSMKT nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturisasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 2100 manat məbləğində güzəştli kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə kredit verən kredit alana Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul edib, bu müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə kredit qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən kredit alan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6-cı bəndinə əsasən kredit alan öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə kredit verən qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir, və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit məbləği kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1(bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd vəya köçürmə yolu ilə bu müqavilənin 4.1-ci bəəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 1 faiz ödəyir. Bu müqaviləni imzalamaqla borcalan bütün şərtləri qəbul etmiş sayılır. Lakin, cavabdeh bu müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı LPO ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən İddiaçı LPO ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 015GFRK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 2167,32 manat borcun-bundan 2099,68 manat əsas borc, 67,59 faiz borcu və iş üzrə ödənilmiş 42 manat dövlət rüsumu Cavabdeh alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)2903/2023 saylı 15 avqust 2023-cü il tarixli qətnaməsi (hakim A.Pənahov) ilə, iddia tələbinin təmin edilməsi, İddiaçı LPO ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 015GFRK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 2167,32 manat borcun-bundan 2099,68 manat əsas borc, 67,59 faiz borcu və iş üzrə ödənilmiş 42 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı LPO ASC-nin xeyrinə tutulması qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Məmmədov X1 Rayon Məhkəməsinin 2(049)2903/2023 saylı 15 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Odur ki, kollegiya apelyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasına məqsədə müvafiq hesab edir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)2903/2023 saylı 15 avqust 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikas Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)2903/2023 saylı 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 015GFRK nömrəli kredit müqaviləsinə əsasən İddiaçı LPO ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 015GFRK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturisasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 2100 manat məbləğində güzəştli kredit verilmiş, və cavabdeh bu kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 2167,32 manat borcunbundan 2099,68 manat əsas borcu, 67,59 faiz borcu vardır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh borclu olduğu və borcunun ödənilməsi üçün 5 iş günü ərzində kredit müqaviləsini ləğv edilməsi rəsmi qaydada bildirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı LPO ASC-yə xx.xx.2019cu il tarixli, 015GFRK nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 2167,32 manat borcun-bundan 2099,68 manat əsas borcu, 67,59 faiz borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 42 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 015GFRK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli, 025NSMKT nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturisasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 2100 manat məbləğində güzəştli kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə kredit verən kredit alana Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul edib, bu müqavilənin 1.2ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə kredit qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən kredit alan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6-cı bəndinə əsasən kredit alan öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə kredit verən qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir, və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit məbləği kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1(bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd vəya köçürmə yolu ilə bu müqavilənin 4.1-ci bəəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 1 faiz ödəyir. Bu müqaviləni imzalamaqla borcalan bütün şərtləri qəbul etmiş sayılır. Lakin, cavabdeh bu müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı LPO ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, “iddia ərizəsinə əlavə edilmiş müqavilə 3 səhifədən ibarətdir və həmin müqavilənin 1-ci və 3-cü səhifələri guya cavabdeh tərəfindən imzalansa da, müqavilənin 2-ci səhifəsi harada ki müqavilənin əsasən şərtləri qeyd edilib cavabdeh tərəfindən imzalanmayıb. Bundan əlavə cavabdeh qeyd edir ki, o belə bir müqaviləyə imza atdığını xatırlamır.”. Həmçinin apellyasiya şikayətinin dəlillərində qeyd edilir ki, “məhkəmə 30 gün ərzində işə baxmalı olduğu halda iddia ərizəsi daxil olduqdan sonra, heç 20 gün belə gözləməmiş və tələsik qərar qəbul etmişdir.”. Bundan əlavə Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasına elektron ərizə ünvanlayaraq apellyasiya şikayətininin birinci dəlilində göstərdiyi halları sadalamış və bununla əlaqədar mülki iş üzrə iddia icraatına keçirilməsini və müqavilə üzərində olan imzaların cavabdehə aid olub-olmamasının yoxlanılması üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin dəlillərinə və ünvanlamış olduğu ərizəyə məcmu halda qiymət verərək qeyd edir ki, əvvəla cavabdehin belə bir müqaviləyə imza atdığını xatırlamamasını bildirməsi, həmin müqavilənin həqiqiliyinin şübhə altına alınmasına əsas ola bilməz. İkincisi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmçinin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə elektron qaydada verilmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəmə bildirişi və ona qoşma olaraq iddia ərizəsinin surətini ünvanlamışdır. Bildirişdə hüquq və vəzifələr göstərilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsindən görünür ki, Cavabdeh qeyd olunan bildirişi xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almışdır. Bununlada iddia ərizəsinə etiraz vermək üçün nəzərdə tutulan prosessual müddətin axımı başlamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan müddəti nəzərə almış etiraz verilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə qətnamə qəbul etmişdir. Digər tərəfdən həm apellyasiya şikayətinin dəlillərində həmdə ünvanlanmış ərizədə qeyd olunan halla bağlı qeyd edilməlidir ki, iş materiallarından görünür ki, məhkəmə bildirişini cavabdeh tərəfindən rəsmi qaydada alınmış və etiraz etmək üçün kifayət qədər prosessual imkanları olsa da, cavabdeh bu imkanlardan istifadə etməmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası işə şifahi məhkəmə baxışı iclasında baxılmasına zərurət görməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və ədalətli olmuşdur. Kollegiya cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Göründüyü kimi Cavabdeh hazırki iş üzrə kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-nin ödənilməli olan əsas borc və borca görə hesablanmış faizləri ödəməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti 2167,32 manat, yəni beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)2903/2023 saylı 15 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar