Məhkəmə qərarları › İş №2(106)-1734/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1734/2024

30.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1734/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, digər Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(048)-273/2024 saylı qətnaməsindən (hakim A.Kiçikbəyov) cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, iki övladı ilə birlikdə Lerik rayonunun Çayrud kəndində yerləşən həyət evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə nikahlarını Lerik rayon Çayrud kənd ərazi inzibati nümayəndəliyində rəsmilləşdirməklə evlənmişlər. Birgə nikahlarindan xx.xx.2014-cü il tarixdə X9 və xx.xx.2018-ci il tarixdə X5 adlı iki övladları olmuşdur. Cavabdeh olan əri Cavabdeh2 onunla səmimi rəftar etməmiş, kobud davranmış və mütamadi olaraq təzyiq göstərmişdir. Cavabdeh2 təzyiqlərinə görə uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmaq məcburiyyətində qalmışdır. Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(048)-69/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Valideyinlərinin evində sığınacaq tapmağa, müvəqqəti yaşamağa məcbur olmuşdur. Hazırda uşaqları ilə birlikdə yaşamağa yer tapmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lerik Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(048)-273/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı azyaşlı uşaqları, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə Lerik rayonunun Çayrud kəndində yerləşən, Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinə köçürülmələri, tərəflərin bərabər səviyyədə fərdi yaşayış evindən istifadə hüquqları müəyyən edilməklə, Cavabdeh1 və Cavabdeh2 İddiaçı həmin hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsinin qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh2 arasında olan nikah münasibətlərə xitam verilsə də, iddiaçı cavabdehlərlə bərabər yaşayış sahəsindən istifadə etmək hüququna malikdir və bütün vəzifələri yerinə yetirməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən ayrı - ayrılıqda apellyasiya şikayətləri verilərək ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hər iki apellyasiya şikayəti oxşar məzmunda olmaqla aşağıdakı kimi əsaslandırılmışdır, məhkəmə tərəfindən qanunvericilik normalarının tələblərinə açıq aydın hörmətsizlik edilmişdir. Məhkəmə qətnaməsində məhkəmə iclasında göstərilən faktiki hallar öz əksini tapmamış, Cavabdeh2 izahatı olduğu kimi yazılmamış, digər Cavabdeh1 nümayəndəsi və vəkili olaraq Vəkil izahatı ümumiyyətlə qətnamədə əksini tapmamışdır. Qətnamənin məhkəmə tərkibində göstərilən iştirak edəcək şəxslərin sırasında Cavabdeh1 nümayəndə və Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili kimi qeyd edilmişdir. Nümayəndə və vəkil olaraq Cavabdeh2 nümayəndəsi və vəkili olaraq yalnız apellyasiya instansiyasında Cavabdeh2 nümayəndəsi və vəkili olaraq iştirak üçün müqavilə bağlamışdır. Lakin etibarnamə və orderin olmasına baxmayaraq, Lerik Rayon Məhkəməsinin qətnaməsində qeyd edilməmişdir. Məhkəmə qətanmədə yazır ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Halbu ki, Cavabdeh1 nümayəndə və vəkili olaraq məhkəmədə Vəkil iştirak etmişdir. Narazılıq bildirdikdən sonra, Lerik Rayon Məhkəməsi tərəfindən 04 iyun 2024-cü il tarixdə 2(048)-273/2024 saylı məktubla tərəflər, o cümlədən Cavabdeh2 Cavabdeh1 07 iyun 2024-cü il tarxidə eyni tələb üzrə saat 09:50-də məhkəmə hazırlıq iclası təyin edilməsi barədə məktub göndərmişdir. Eyni iş üzrə məhkəmə hazırlıq iclasının yenidən təyin edilməsi təccüblü hal yaratmışdır. 12 may 2024-cü il tarixdə elektron məhkəmə sisteminə 2(048)-273/2024 saylı xx.xx.2024-cü il tarixli qəradad elektron kabinetə yerləşdirilmişdir. Həmin qərardadı oxuduqdan sonra məlum olmuşdur ki, məhkəmə iş üzrə cavabdeh olan Cavabdeh2 məhkəmədə verdiyi izahatına düzəliş etmiş və göstərmişdir ki, Lerik Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(048)-273/2024 saylı qətnaməsində qeyd olunmuş Cavabdeh2 çıxışı yalnışlıqla yazılmış hesab edilsin və cavabdehin çıxışı iddianı qəbul etməyərək bildirdi ki, evləri iki otaqlıdır. Həmin evin bir otağında o, digər otağında isə atası ilə anası yaşayır. İddiaçının cehizləri həmin evdədir. İddiaçı onlara gəlin köçərkən həmin ev onlara məxsus olmamışdır” kimi oxunsun. Lakin məhkəmənin belə bir işə baxamağı barədə nümayəndə və vəkil olaraq ona və digər cavabdehlərə məhkəmə bildirişi göndərilməmişdir. Sonradan məlum olmuşdur ki, qətnamədə və qəradadda hakim Atabəy Kiçibəyovun imzası olsada hər iki rəsmi sənədin tərtib edilməsindən ümumiyyətlə xəbəri yoxdur, lakin imzalar ona məxsusdur. Əgər qətnamə və qəradaddan hakimin məlumatı olsa idi, məhkəmədə onun kimin nümayəndəsi olduğunu bilirdi və onun kimi təmsil etdiyi barədə etibarnamə və orderi məhkəməyə təqdim etmişdir. Qərardadda yenədə vəkilin kimi təmsil etməsi barədə heç bir düzəliş edilməmişdir. Qətnamədə qeyd edilir ki, “Məhkəmə hesab edir ki, fərdi yaşayış evindən istifadə edilməsi ilə əlaqədar tərəflər arasında olan hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından, göstərilən mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına uyğun həll edilməlidir.” Lakin məhkəmə qanunun tələblərinə nümayişkarənə halda hörmətsilik etmişdir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Apellyasiya şikayətinə əlavə etdiyi Çayrud kənd inzibati ərazi dairəsinin verdiyi 27 may 2024-cü il tarixli, 5-16-17\2-228/2024 saylı arayışından görünür ki, iş üzrə iddiçı İddiaçı 12 noyabr 2024-cü il tarixində atası evinə köçmüşdur. İddiaçının atası evi iki mərtəbəli 4 otaqdan ibarət evdir. İddiaçının cavabdehlərin ailə üzvü olana kimi qanunverciliyinin tələbinə əsasən həmin evdə yaşamış, sonra nikah pozulmuşdur. Maddənin tələbindən görünür ki, söhbət mülkiyyətçinin ailə üzvlərindən gedir. İddiaçı cavabdehlərin ailə üzvləri sırasına daxil deyildir. Məhəmə həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini görməməzlikdən gəlmişdir. Belə ki maddənin izahına əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyət və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə istinad etdiyi maddənın tələblərinə əməl etmir. İddiaçı hal hazırda atasının himayəsində yaşayır. Cavabdehlərin ailə üzvləri sırasına aid deyil, iddiaçı 12 noyabr 2022-ci ildə könüllü olaraq çıxıb valideynlərinin yanına getmiş və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(048)-69/2023 saylı qətnaməsindən görünür ki, tərəflərin Lerik rayon Çayrud kənd ərazi inzibati nümayəndəliyində bağlanmış 22 oktyabr 2022-ci il tarixli 21 sayli nikah akt qeydi pozulmuşdur. Tərəflərin birgə nikahlarında olan xx.xx.2018-ci il tarixdə doğulmuş X5 anası İddiaçı, xx.xx.2014-cü il tarixdə doğulmuş X9 atası Cavabdeh2 yanında qalmış, xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən Cavabdeh2 hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən görünür ki , tərəflər arasında olan ailə münasibətləri mövcud deyildir. Mülki işdə olan, məhkəmənin sorğusuna əsasən göndərilmiş Əmlak Kadastrı və Reystri Publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvlərinə məxsus Çayrud kəndində 0.13 ha həyətyanı torpaq sahəsi və Lerik rayon Çayrud kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.47 ha kənd təsərrüfat sahəsi qeydiyyatdadır. Yəni cavabdehlərin xüsusi mülkiyyətində ev yoxdur. Məhkəmə isə həmin evin hansı torpaq sahəsində yerləşməsinə belə aydınlıq yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə istinad etdiyi maddənın tələblərinə əməl etmir. İddiaçı hal hazırda atasının himayəsində yaşayır. Cavabdehlərin ailə üzvləri sırasına aid deyil, iddiaçı 12 noyabr 2022-ci ildə könüllü olaraq çıxıb valideynlərinin yanına getmiş və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ə) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə digər Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil hər iki apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verib, təmin olunmalarını xahiş etdi. Məhkəmədə iddiaçı apelyasiya şikayətlərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, Səfail ilə nikahları 2022-ci ildə rəsmiləşdirilmiş olsa da, faktiki olaraq 2013-cü ildən ailə qurmuşlar və mübahisəli evə gəlin köçmüşdür. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinin dəlilləri əsasında tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan iddiaçı X4 Cavabdeh2 qarşı “nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair iddiası üzrə Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(048)-69/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq, Cavabdeh1 Səfail oğlu ilə X7 arasında 22 oktyabr 2022-ci ildə Lerik rayon Çayrud inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə doğulmuş X9 adlı uşağın atası Cavabdeh2 yanında, xx.xx.2018-ci ildə doğulmuş X1 anası X4 yanında qalmalarının müəyyən olunması, xx.xx.2018-ci il təvəllüdlü uşaq X3 xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçın verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsinin 30 aprel 2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 7 may 2024-cü il tarixdə verilən cavab məktubunda bildirilir ki, 3 dekabr 1967-ci il təvəllüdlü Cavabdeh1 Xanirza oğlunun adına Lerik rayonu Çayrud kəndində yerləşən ümumi sahəsi 107.9 kv.metr olan fərdi yaşayış evi 14 dekabr 2020-ci il tarixli ********** nömrəli reyestrdən çıxarışla dövlət qeydiyyatına alınmışdır. Lerik rayonu Çayrud kəndində ümumi birgə mülkiyyətdə olan 0.13 ha həyətyanı torpaq sahəsi və Lerik rayonu Çayrud kəndində yerləşən 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və ailə üzvlərinin adına dövlət qeydiyyatına alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə «Marksın Belçikaya qarşı» işində şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı 2013-cü ildə cavabdehlərdən Cavabdeh2 ilə faktiki ailə quraraq, sonuncunun atası olan digər Cavabdeh1 Xanirza oğluna məxsus olmaqla, Lerik rayonu Çayrud kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. xx.xx.2014 və xx.xx.2018 tarixlərində həmin ünvanda iki övladı dünyaya gəlmişdir. Mübahisəli fərdi yaşayış evi üzərində cavabdehlərdən Cavabdeh1 Xanirza oğlunun (iddiaçının qaynatası) xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci ildə dövlət qeydiyyatına alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. 22 oktyabr 2022-ci ildə Cavabdeh2 ilə iddiaçının nikahı rəsmiləşdirilmiş, Lerik Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(048)- 69/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin arasındakı hüquq münasibətləri 2022-ci il tarixdə, rəsmi nikahın qeydə alındığı vaxtdan yarandığından, mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında hüquqi mövqeyinə görə 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Hətta münasibətlərin tərəflərin faktiki nikaha girdiyi 2013-cü il tarixindən müəyyən edilməsi halı, digər maddi hüquq normalarının tətbiqinə əsas vermir. Kollegiya hesab edir ki, İddiaçı ilə mülkiyyətçinin oğlu Cavabdeh2 arasında bağlanmış nikah 26 yanvar 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş olduğundan, Nigarın yaşayış sahəsinin mülkiyyətçisindən özünü saxlamasını tələb etmək hüququ olmadığından, yəni Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin ailə üzvü və digər qohumları hesab edilən şəxslərin dairəsinə daxil olmadığından, yaşayış sahəsinə köçürülməsinə dair tələbi mülkiyyətçinin iradəsi əleyhinə təmin oluna bilməz. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayətləri təmin olunaraq qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən ayrı - ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Lerik Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(048)-273/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar