Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1737/2024 30.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(047)-255/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsinə əsasən Cavabdeh 29925 (iyirmi doqquz min doqquz yüz iyirmi beş) manat pulun və ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Laçın Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(047)-255/2024 saylı qərardadı ilə apelyasiya şikayəti elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh Laçın Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(047)-255/2024 saylı qərardadından şikayət verərək qeyd edilən qərardadın ləğv edilməsini və onun apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(047)-255/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Şikayət mülki işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə apellyasiya şikayətinin geri qaytarılmasını, apelyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsi ilə verilməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə prosessual hüquq normalarını pozmasa da cavabdehin mülki prosesin iştirakçısı kimi ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olan şikayət vermək hüququna maneə yaradılmış və həmin hüququ cavabdeh onun iradəsindən aşlı olmayan səbəblərdən qanuna uyğun həyata keçirə bilməməsini məhkəmə düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddənin 3-cü b yarım bəndinə əsasən hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Qanunvericilik bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Aydındır ki, MPM-in 10-1.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından da görünür ki, Cavabdeh hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Cavabdeh öz şikayətində də göstərdiyi kimi hal-hazırda saxlandığı müəssisədə texniki imkanlar olmadığından və müstəqil şəkildə vəkillə müqavilə bağlamaq imkanı olmadığından apelyasiya şikayətini elektron qaydada vermək imkanına malik deyildir. Ümumiyyətlə birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ bu hüquqa malik olan şəxsin konstitsuion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə edə bilər. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin barəsində olan cinayət işi ilə əlaqədar azadlıq hüqununun məhdudlaşdırılması onun mülki işlər üzrə icraat zamanı “Elektron məhkəmə” informasiya sisteminə çatımlılığını da məhdudlaşdırdığından cavabdeh öz hüququnu həmin sistem vasitəsi ilə elektron qaydada şikayət verməklə deyil, yalnız kağız daşıyıcı vasitəsi ilə şikayət vermək yolu ilə həyata keçirir. Hal-hazırki vəziyyətdə cavabdehin bu hüququnun məhkəmə tərəfindən məhdudlaşdırılması həmin hüququnun həyata keçirilməsinə süni maneə yaratmış olar ki, bu da tərəfin qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı işdə cavabdehə münasibətdə) gətirib çıxarar. Kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilərək Laçın Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(047)-255/2024 saylı qərardadı ləğv edilməli, Laçın Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Salyan Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(057)1267/2023 saylı qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməli, qərardad ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilməli, Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(057)1267/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və Mülki Prosessual Məcəllənin 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Laçın Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(047)-255/2024 saylı qərardadı ləğv edilsin. Laçın Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1737/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1737/2024
30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver