Məhkəmə qərarları › İş №2(106)-1745/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1745/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1745/2025 18.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-1471/2024 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə baxıb MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı əmr icraatı qaydasında ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 13583,06 ABŞ dolları əsas və 16541,67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 30124,73 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulub ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və 27 yanvar 2017-ci il tarixli məhkəmə əmri verilmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmiş, tərəflər işin xx.xx.2018-ci il tarixə saat 10:20-ə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. İddiaçı ASC həmin məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək məhkəmə iclası barədə məlumatları olmamasını bildirmiş və baxılmamış saxlanma barədə qərardadın ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. İddiaçı ASC habelə xx.xx.2024-cü il tarixli iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1653,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19032,25 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulub ödənilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı iş üzrə icraat təzələnmiş və xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 13583,06 ABŞ dolları əsas, 3795,44 ABŞ dolları faiz və 1358 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18736,5 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin edilməməsini xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli qətnamə ləğv edilmiş, məhkəmənin iddianın baxılmamış saxlanılması barədə xx.xx.2018-ci il tarixli qərardadının ləğvi ilə bağlı iddiaçı tərəfindən verilmiş ərizəyə (vəsatətə) baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş materialları məhkəməyə geri qaytarılmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəsatət təmin edilməmiş, iddianın baxılmamış saxlanılması barədə xx.xx.2018-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ASC həmin qərardaddan şikayət ərizəsi ilə müraciət etmiş, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilərək iş üzrə icraatın təzələnməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qəraradı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-1471/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması, həmin şikayətin 7 (yeddi) gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(106)- 1047/2025 saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)- 1471/2024 saylı qərardadı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış və Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı ASC həmin qərardaddan narazı qalaraq xx.xx.2025-ci il tarixli şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilərək iş üzrə icraatın təzələnməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2025-ciil tarixli qərardadında iddaçının məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verilməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında məhkəməyə əsaslı sübutların təqdim edilmədiyinə istinad etməklə ərizənin təmin edilməməsi ilə bağlı mövqeyini əsaslandırmışdır. İş materiallarından da göründüyü kimi, məhkəmə iclası barədə məlumatlandırılmayan iddiaçının məhkəmə iclasındaiştirak etməsi üçün heç bir real imkanı olmamışdır. İddiaçının məhkəmə prosesində iştirak etməməsi onlardan qaynaqlanan üzrlü yaxud üzrsüz səbəbdən deyil, məhkəmənin üzərinə düşən funksional və prosessual imkanlardan lazımınca istifadə etməməsi səbəbindən baş vermişdir. Belə olan halda, məhkəmə ərizənin baxılmamış saxlanması barədə qərardadını ləğv edib işə mahiyyəti üzrə baxmalı olduğu halda istinad etdiyi normanı səhv tətbiq etməklə tamamilə əks mahiyyətli nəticəyə gəlmişdir. Füzuli Rayon Məhkəməsi tərəfindən təyin olunmuş xx.xx.2018-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş ümumiyyətlə təqdim edilmədiyindən prosesdə iştiraklarının təmin olunması mümkünsüz olmuş, nəticədə xx.xx.2018-ci il tarixli qərardadla iş baxılmamış saxlanmışdır. Bu halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.2-ci maddəsinə istinad etməklə işə baxılmasını təxirə salmalı və iddiaçının bu barədə qanunvericiliyə müvafiq qaydada xəbərdar edilməsini təmin etməl idi. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə tərkibi iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardadın ləğv olunmasına dair ərizə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, ərizəçi tərəf məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Sözügedən qərardadın qəbul edilməsindən 7 ilə yaxın bir müddət keçdikdən sonra məhkəməyə göstərilən halla bağlı müraciətin olması mülki məhkəmə icraatı ilə bağlı tətbiq edilən prosessual qənaət prinsipinin də tələblərinə ziddir. Belə ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yanaşı, əlavə olaraq aşağıdakıları da bildirməyi zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda da ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Diqqətə çatdırılmalıdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd edilməlidir ki, “X1rşı iş”, habelə “Brumareskunun işi” və “Hornisbinin işi” üzrə qərarlarında Avropa İnsan hüquqları Məhkəməsi göstərmişdir ki, məhkəməyə müraciət hüququ özündə üç struktur elementinin vəhdətini nəzərdə tutur ki, bunlar məhkəməyə çatım, məhkəmə qərarlarının qətiliyi və qərarların vaxtında icra olunması. Şəxsin məhkəməyə müraciət etmək hüququ isə məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Belə ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərindən aşkar görünür ki, məhkəməyə müraciət hüququ mütləq deyildir. Belə ki, Konvensiyanın 6-cı maddəsinin presedentlərinin tələbləri baxımından məhkəməyə müraciət hüququnun əsas problemlərindən biri də məhz müxtəlif (müddət və s.) prosessual maneələrin yaradılmasıdır (“Hacianastasiu Yunanıstana qarşı”, “Kreuz Polşaya qarşı” və digər işlər). Daxili qanunvericiliyə nəzər saldıqda, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Beləcə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Adıçəkilən Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Qanunvericiliklə müəyyən edilmiş və sadalanan normalarına tələbinə rəğmən diqqətdən qaçırmaq olmaz ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi işdə iştirak edən şəxslərin işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək və digər bütün hüquqlarını tanıyır. Ancaq yuxarıda göstərilənlərə rəğmən İddiaçı ASC-nin səlahiyyətli nümayəndələri prosessual hüquqlarından səmərəli istifadə edərək hazırkı iddia və mülki işin gedişatı ilə bağlı heç vaxt maraqlanmamış və bu barədə hər hansı tədbir görülməmiş, məhkəməyə işin nəticəsi ilə bağlı yalnız 2024-cü ildə (Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardadından 6 il sonra) müraciət etmişlər. Həmin müddətin üzrlü səbəbdən ötürülməsi isə hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmə tərkibi xüsusilə diqqətə çatdırır ki, MPM-in 260.4-260.5-ci maddələrinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi, hazırkı mülki iş üzrə məhkəmə tərəfindən İddiaçı ASC-nin adıçəkilən Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardadından verilən şikayətinə deyil, onun ləğv edilərək mahiyyəti üzrə baxılmağa təyin edilməsi barədə ərizəsinə baxılır (səh. 63). Məhkəmə tərkibi hüquqi müəyyənlik prinsipinə də toxunmağı zəruri hesab edir. Həmin prinsip hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə tərkibi yuxarıda şərh edilənlərə əsasən və MPM-in 157, 158, 159, 160, 263, 264 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-1471/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar