Məhkəmə qərarları › İş №2(106)-1750/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1750/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1750/2024 17.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qızına qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(055)-883/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X3 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə 15 oktyabr 2019-cu il tarixli BPM**********87 №-li kredit müqaviləsi üzrə ödənilməmiş nəğd kredit üzrə 3882.87 manat əsas, 28.8 manat faiz olmaqla, cəmi 3911.67 manat məbləğində kredit borcunun, ödənilmiş 59.12 manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəmənin 05 avqust 2024-cü il tarixli 2(055)-883/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 15 oktyabr 2019-cu il tarixli BPM**********87 nömrəli kredit müqaviləsi üzrə 1537.94 manat pul, 35.37 manat məbləğində dövlət rüsumu, ümumilkdə 1573,31 manat alınaraq iddiaçının xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellayasiya şikayəti vermişdir. Saatlı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(055)-883/2024 saylı qərardadı ilə apelyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, Saatlı Rayon Məhkəmənin 05 avqust 2024-cü il tarixli 2(055)-883/2024 saylı qətnaməsi iddiaçının elektron kabinetinə 05 avqust 2024-cü il tarixdə yerləşdirilmişdir. iddiaçı tərəfindən isə apellyasiya şikayəti elektron formada 09 sentyabr 2024-cü il tarixdə, yəni apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət bitdikdən 4 gün sonra verilmişdir. Beləliklə, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəni apellyasiya şikayəti ilə birlikdə təqdim etməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətə əlavə olunmuş 04 avqust 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixləri əks etdirən Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan və 2(055)-883/2024 nömrəli mülki iş üzrə əks olunan sənədlər qrafasından göründüyü kimi, 05 avqust 2024-cü il tarixdə 2(055)-883/2024 nömrəli mülki iş üzrə cəmi 3 məlumat (qətnamənin çıxarılması, iş üzrə yekun məhkəmə aktının çıxarılması və qətnamənin elektron kabinetə yerləşdirilməsi) elektron kabinetdə öz əksini tapsa da, bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılması təmin edilməmişdir. Göründüyü kimi, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(055)-883/2024 nömrəli qətnaməsi 05 avqust 2024-cü il tarixdə deyil, Banka daxil olduğu 15 avqust 2024-cü il tarixdə iddiaçıya rəsmi olaraq təqdim edilmişdir ki, qətnamədən apellyasiya şikayətinin 09 sentyabr 2024-cü il tarixdə verilməsi nəzərə alındığında iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmişdir. Saatlı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(055)-883/2024 saylı qərardadı ilə iddiaçının iddiaçının qərardaddan verdiyi şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(055)-883/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-in 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Habelə MPM-in 135.6-cı maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Beləcə, MPM-in 135.5-ci maddəsindən görünür ki, bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə kollegiyası qeyd edir ki, Saatlı Rayon Məhkəmənin 05 avqust 2024-cü il tarixli 2(055)-883/2024 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ iddiaçının konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Ancaq iddiaçı məhkəmənin yuxarıda adıçəkilən qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Kollegiya diqqətə çatdırır ki, MPM-in 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1 və 128.2-ci maddələrinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Saatlı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(055)-883/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qızına qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(055)-883/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar