Məhkəmə qərarları › İş №2(106)-1751/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1751/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1751/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 20400 manat və dövlət rüsumu olaraq ödədiyi 151.20 manat olmaqla, cəmi 20551.20 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 saylı qərarı ilə ona verilmiş 0,12 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin 49,72 kv.metr hissəsi 2007-ci il tarixdə Muradxan Kənd İcra Nümayəndəsi işləmiş Cavabdeh tərəfindən vəzifə səlahiyyətlərindən istifadə etməklə zəbt olunaraq saxta sənədlər əsasında "xxxx" MMC şirkəti ilə hüquqi əsası olmayan müqavilə bağlayaraq ötürücü anten quraşdırılmış və 2007-ci il tarixdən 2024-cü il tarixədək həmin şirkətdən hər il üçün 1200 (bir min iki yüz) manat, yəni 17 il ərzində ona çatacaq (17x1200=20400) 20400 manat pulu vicdansızcasına sahiblik edərək mənimsəmiş, Cavabdeh məhz onun hesabına müəyyən məbləğdə fayda əldə edərək qazanmışdır. 2007-ci ilə kimi torpaq sahəsi onun olmuşdur. Daha sonra isə Cavabdeh onun torpaq sahəsini özü istifadə etməyə başlamışdır. O, ilk dəfə torpaq sahəsində antena qurulan zaman torpaq sahəsinin ona məxsus olması ilə bağlı dövlət aktının olduğunu bildirsə də, Cavabdeh onunla razılaşmamışdır. 2-3 il ərzində dövlət orqanlarına müraciət etsə də heç bir nəticə verməmişdir. O, dəfələrlə Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmiş, Cavabdeh həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını bildirərək, vəzifə səlahiyyətlərindən isifadə edib şikayətinin müvafiq orqanlarda araşdırılmasına imkan verməmişdir. Sonda məcbur olub Cavabdeh qanunsuz əməlləri barədə Azərbaycan Respublikaslı Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmiş və müraciəti araşdırılması üçün Kürdəmir rayon prokurorluğuna göndərilmişdir. Kürdəmir rayon prokurorluğu da şikayətinin obyektiv araşdırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə sorğu göndərilmiş və həqiqətən də "xxxx" MMC tərəfindən quraşdırımış ötürücü antenanın ona məxsus torpaq sahəsində quraşdırıldığı müəyyən olunmuşdur. Bundan sonra "xxxx" MMC-yə rəsmi müraciət edərək qurulan antenanın ona məxsus torpaq sahəsində qurulduğunu və Cavabdehla aralarında bağlanmış müqavilənin ləğv edilməsi tələbi ilə müraciətindən sonra MMC Cavabdehla müqaviləni ləğv etmiş və onunla müqavilə bağlamışdır. Bundan sonra o Cavabdeh 17 il ərzində hər ili üçün hesablanmış 1200 manat olmaqla cəmi 20400 manat pulu qaytarmasını tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Bundan sonra məcbur olub mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, ümumiyyətlə həmin torpaq sahəsi İddiaçı mülkiyyətində deyil, bələdiyyə mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi İddiaçı sadəcə istifadəsində olmuşdur. 2007-ci il tarixdə həmin torpaq sahəsində sürüşmə olmuşdur. Sözügedən torpaq sahəsi aqrar islahat zamanı vətəndaşların pay torpaq sahəsi kimi işlənmişdir. Həmçinin iddia müddəti ötürülmüşdür. İddianın təmin olunmamasını xahiş edir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0011 KOD 90614018 nömrəli Dövlət aktından görünür ki, xx.xx.2003-cü il tarixdə ünvan 2 sakini İddiaçı Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə 0.12 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi verilmiş, 09 nömrə ilə Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Muradxan bələdiyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı Torpaq icarəsi müqaviləsindən görünür ki, Muradxan kənd sakini Cavabdeh 99 il müddətinə 0.70 ha ölçüdə torpaq sahəsi əkin məqsədi üçün icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə və ona əlavə edilmiş xx.xx.2010-cu il tarixli razılaşmaya əsasən Kürdəmir rayonunun Muradxan kəndində yerləşən torpaq sahəsi bir il üçün bütün vergilər də daxil olmaqla 1800 manat icarə haqqı müqabilində "xxxx" MMC-yə mobil baza stansiyası üçün lazım olan avadanlıqlar və stansiyanın elektirik təchizatı üçün avadanlıqlar yerləşdirməsi barədə razılığa gəlmişlər. Müqavilənin müddəti xx.xx.2012-ci il bitdikdən sonra əlavə 3 il müddətinə uzadılır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək illik icarə haqqı müvafiq vergilər xaric olmaqla 1548 manat olmaqla Kürdəmir rayonunun Muradxan kəndində yerləşən ümumi sahəsi 100 (yüz) kv.m. olan torpaq sahəsini mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün Cavabdeh tərəfindən "xxxx" MMCyə icarəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-5127/2024 nömrəli Kürdəmir Rayon Prokurorluğuna ünvanlanmış məktubdan görünür ki, aparılan araşdırma zamanı Cavabdeh 01 aprel 2007-ci il tarixli 4 saylı icarə müqaviləsi əsasında verilmiş 0.70 hektar torpaq sahəsinin koordinatlar əks olunun torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı Aqrar islahat komissiyasının 26 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə JN-11 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktı əsasında ayrılmış 0.12 hektar torpaq sahəsinin koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatına əsasən müəyyən edilmişdir. İddiaçı Aqrar islahat komissiyasının 26 iyul 2002ci il tarixli 05 saylı qərarı ilə JN-11 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında ayrılmış 0.12 hektar torpaq sahəsinin 0.0361 hektar hissəsi Cavabdeh naturada göstərdiyi 0.28 hektar torpaq sahəsi ilə, 49.72 kv.m hissəsi isə Mobil şəbəkə qülləsinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildirilir ki, İddiaçı Aqrar islahat komissiyasının 26 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə JN-11 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında ayrılmış 0.12 hektar torpaq sahəsinin 0.0434 hektar hissəsi İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.26 hektar torpaq sahəsi ilə üstə-üstə düşür. İş materialarında olan müqavilədən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə SVN3029 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin predmetindən görünür ki, ünvan 2i ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 100 kv.m olan icarə obyekti icarəçinin istifadəsinə verilmiş, icarəçi isə bunun müqabilində bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə 27/1316 nömrəli Azərbaycan Respublikası Vəkillər kollegiyası Göyçay rayon vəkil bürosuna ünvanlanmış məktubdan görünür ki, Muradxan kənd sakini Cavabdeh 01 aprel 2007-ci il 04 saylı protokolla icarəyə verilmiş 0.70 ha torpaq sahəsi və Muradxan kənd sakini İddiaçı Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci 05 saylı qərarı ilə verilmiş 0.12 ha torpaq sahəsi ilə əlaqadar olaraq bildirilir ki, sözü gedən ərazi, aqrar islahat zamanı vətəndaşların pay torpaq sahəsi kimi işlənib və heç bir həyətyanı torpaq sahəsi kimi nəzərdə tutulmayıb. Sözügedən 0.70 ha torpaq sahəsinə əkin məqsədi ilə JN-8,9,10,11,12,13 saylı dövlət aktı işlənmişdir. Həmin ərazidə heç bir 0.12 ha həyətyanı torpaq sahəsi yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli 863 nömrəli məktubundan görünür ki, "xxxx" MMC (əvvəlki adı Azerconnect) ilə Cavabdeh arasında illik icarə haqqı vergilər xaric olmaqla 1548 (min beş yüz qırx səkkiz) manat olan 08 dekabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən mobil baza stansiyasının quraşdırılması üçün ünvan 2i ünvanında yerləşən 100 kv.m torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Eyni zamanda bildirilir ki, ünvan 2ində yaşayan İddiaçı Cəmiyyətə müraciət edərək mobil baza stansiyasının quraşdırıldığı torpaq sahəsinin onun mülkiyyətində olan torpaqsahəsinin hüdudları daxilində yerləşdiyini bildirmiş, bunu təsdiq edən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin məktubunu və torpaq sahəsinin planını təqdim etmişdir. Bu səbəbdən də İddiaçı ilə həmin torpaq sahəsi ilə bağlı 18 dekabr 2024-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Əlavə olaraq bildirilir ki, Cavabdeh ilə 2008-ci il tarixdə həmin torpaq sahəsi ilə bağlı "xxxx" MMC arasında icarə müqavilə bağlanılmış və həmin müqavilə bağlanan zaman Cavabdeh torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə Kürdəmir rayon Muradxan bələdiyyəsi arasında imzalanmış icarə müqaviləsi, bələdiyyə üzvlərinin protokolu, akt və digər sənədləri təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə 27/1458 nömrəli Azərbaycan Respublikası Vəkillər kollegiyası Göyçay rayon vəkil bürosuna ünvanlanmış arxiv məlumatların verilməsi barədə məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus mobil telefon rabitəsinə aid avandanlığın yerləşdiyi ərazinin İddiaçı və Cavabdeh məxsus torpaq sahələrində yerləşib-yerləşməməsi barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin arxiv sənədlərində hər hansı bir məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 nömrəli qətnaməsi ilə (Hakim: Rahid Mehdiyev) iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, o Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 20400 manat və dövlət rüsumu olaraq ödədiyi 151.20 manat olmaqla, cəmi 20551.20 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 nömrəli qətnaməsi ilə iddia tələbim təmin edilməmişdir. İşə baxan hakim işin faktiki hallarını araşdırmadan cavabdehin nümayəndəsinin formal izahatlarına və heç bir sübut əlavə olunmayan ərizəsinə hüquqi qiymət verib iddia tələbi rədd edilmişdir. Göstərdiyi səbəblərə görə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)- 791/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbim təmin edilməlidir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 nömrəli qətnaməsini tamamilə ləğv edib Cavabdeh 30600 manat və dövlət rüsumu olaraq ödədiyi 151.20 manat olmaqla, cəmi 30751.20 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, hesab edir ki, 1-ci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmaqla, tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməklə çıxarılmış, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı birinci instansiya məhkəməsinin mübahisəsi olunan qətnaməsi dəyişdirilmədən saxlanması barədə qətnamə çıxarılmalıdır. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, iddia ərizəsində və məhkəmə iclasında ona məxsus torpaq sahəsinin Cavabdeh alınaraq ona qaytarılması deyil, Cavabdeh vəzifə səlahiyyətlərindən istifadə edərək ona məxsus torpaq sahəsindən aldığı icarə haqqını tələb tələb etmişdir və bununla da xeyli müddət sonra, yəni 2023-cü il tarixdən bilmişdir. Halbuki iddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında qeyd etmişdir ki, o, dəfələrlə Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını bildirsə də, Şirinov Şiri həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını bildirərək, vəzifə səlahiyyətlərindən istifadə edib şikayətinin müvafiq orqanlarda araşdırılmasına imkan verməmişdir və cavabdeh 17 il ərzində ona çatacaq 20400 manat pulu vicdansızcasına sahiblik edərək mənimsəmiş, onun hesabına fayda əldə edərək qazanmışdır. Bundan əlavə, məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, ilk dəfə sözügedən torpaq sahəsində mobil telefon rabitəsinə aid avadanlıq qurulan zaman torpaq sahəsinin ona məxsus olması ilə bağlı dövlət aktının olduğunu bildirsə də, Cavabdeh onunla razılaşımadığından 2-3 il ərzində dövlət orqanlarına müraciət etsə də, heç bir nəticə verməmişdir. Məhkəmə iclasında iddiaçıya 2008-ci ildən indiyə qədər olan dövr ərzində mübahisə ilə bağlı hər hansı hüquqi addımın atımadığının səbəbi soruşulduqda iddiaçı hər dəfə səbəb kimi xəstəliyinin imkan verməməsi və ya imkanının olmamasını göstərmişdir. Beləliklə, yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı iddianın verilmə müddətini ötürmüşdür. İddiaçı tərəfindən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 saylı qətnaməsini ləğv edərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 nömrəli qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Kürdəmir rayon Muradxan bələdiyəsinin xx.xx.2007- ci il tarixli 04 saylı Torpaq icarəsi müqaviləsindən görünür ki, Muradxan kənd sakini Cavabdeh 99 il müddətinə 0.70 ha ölçüdə torpaq sahəsi əkin məqsədi üçün icarəyə verilmişdir. İşin hallarından göründüyü kimi, Cavabdeh mübahisə predmeti olan torpaq sahəsini Kürdəmir rayon Muradxan bələdiyəsi ilə bağlanmış xx.xx.2007- ci il tarixli 04 saylı Torpaq icarəsi müqaviləsinə əsasən istifadə edərək "xxxx" MMC ilə müqavilə münasibətlərinə daxil olmuş, torpaq sahəsinin iddiaçıya məxsus olması müəyyən edildikdən sonra sahəsini iddiaçıya təhvil vermişdir. Yəni torpaq sahəsi iddiaçıya təhvil verilənə kimi cavabdeh qanuni sahib olmuşdur. Beləliklə də, cavabdeh tərəfindən torpaq sahəsinin özbaşına zəbt edilərək gəlir əldə edilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, iddia tələbi əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Qərarında qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi, iddia əsassız olduğu halda hər hansı müddət tətbiq edilməsindən söhbət gedə bilməz.Birinci instansiya məhkəməsi isə iddianı əsassız olduğuna görə rədd etməli olduğu halda Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə almadan iddia müddətinin keçməsinə iddianı rədd etmişdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-791/2025 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar