Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1757/2025 03.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 2037,91 manat əsas borc, 108,68 faiz borcu olmaqla cəmi 2146,59 manat borcun iddiaçının xeyrinə tutulması” tələbi barədə kiçik iddiası üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(036)-2607/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh1 arasında 29 dekabr 2021-ci il tarixli 174/PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 2046,89 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 3 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq zaminlər Cavabdeh3 və Cavabdeh2 ilə 29 dekabr 2021-ci il tarixli 174/PR-01 və 174/PR-02 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlər cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh kreditor qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin iddiaçıya hazırda olan borcu əsas borc üzrə 2037,91 manat, faiz borcu üzrə 108,68 manat olmaqla, cəmi 2146,59 manat təşkil edir. Tərəflərindən borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada məlumat verilib, yazılı bildirişlər göndərilsə də, qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İmişli Rayon Məhkəməsinin (Hakim: Zaur Pirverdiyev) xx.xx.2025-ci il tarixli, e-2(036)- 2607/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli 174/PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsi”nə əsasən 2037,91 manat əsas borc, 108,68 faiz borcu olmaqla cəmi 2146,59 manat borc və ödənilmiş 41,46 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş üzrə qanunvericliyin (Azərbaycan Respublikasının Konstitusiyası, AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsi və digər qanunlar) hakimlərin üzərinə öhdəlik kimi müəyyən etdiyi- işə tərəflərin müstəqilliyi, onların qanun və məhkəmə qarşısında bərabərliyi, heç bir tərəfin mövqeyi üstün tutulmadan baxılması, işin obyektiv aparılması, işə qərəzsiz yanaşılması prinsipləri və müddəaları kobud şəkildə pozularaq baxılmış və bu pozuntu nəticəsində əsassız və qanunun tələblərinə uyğun olmayan qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsində işə sadələşdirilmiş icraat qaydasında baxılaraq, tərəflər çağırılıb dinlənilmədən qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, nəticədə işin halları aydınlaşdırılmadan qətnamə qəbul edilmişdir. Əgər məhkəmə tərəfindən obyektiv və dərin təhlilə əsaslanan araşdırma aparılsa idi, aydın olardı ki, iddiaçının məhkəməyə təqdim etdiyi 29 dekabr 2021-ci il tarixli 174/PRsaylı "Fiziki șəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” onun tərəfindən imzalanmamışdır. Lakin qətnamədə sözügedən iddiaçı tərəfindən mübahisələndirilən 29 dekabr 2021-ci il tarixli 174/PR saylı "Fiziki șəxslərin vaxtı keçmiş kredit borcunun 29 dekabr 2021-ci il tarixli 174/PR saylı "Fiziki șəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsinin bağlanmasından o, ümumiyyətlə, xəbərdar olmamış və müqaviləyə də hər hansı imza çəkməmişdir. Bildirir ki, mübahisəyə səbəb olan iş üzrə məhkəmə icraatı sadələşdirilmiş icraat qaydasında, tərəflər dinlənilmədən həyata keçirildiyindən və onun tərəflər arasında Restrukturizasiya Müqaviləsinin bağlanmasından xəbərdar olmadığımdan müqavilə üzrə mübahisənin yaranmasıdan yalnız qətnamə çıxarıldıqdan və ona bu barədə bildiriş göndərildikdən sonra xəbərdar olmuşdur. Odur ki, məhkəmə tərəfindən iddiaçının məhkəməyə təqdim etdiyi 29 dekabr 2021-ci il tarixli 174/PR saylı "Fiziki șəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsində mövcud olan imzaların ona məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi zəruri idi. Lakin məhkəmə iş üzrə materialları düzgün qiymətləndirilmədiyindən və icraat sadələşdirilmiş qaydada həyata keçirildiyindən ekspertiza təyin edilməmişdir. Nəticə etibarilə, hüquqlarım əhəmiyyətli dərəcədə pozulmuş, işin halları tam və hərtərəfli araşdırılmadan və mübahisəli sənədlərin həqiqiliyi müəyyən olunmadan, qanuna və ədalətlilik prinsiplərinə zidd olan qətnamə qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə zərurət olduğuna görə iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, MPM-in 284-5.4.4-ci maddəsinə əsasən iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında deyil, mütləq şəkildə iddia icraatı qaydasında, tərəflərin iştirakı ilə, tam və ətraflı araşdırma aparılmaqla baxılmalıdır. Bu həm tərəflərin prosessual hüquqlarının, həm də ədalətli məhkəmə araşdırmasının təmin olunması baxımından zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda Cavabdeh2 birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 174/PR saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 banka vaxtı keçmiş əsas kredit borcunun 2046,89 manat qalıq məbləğini illik 1 faizlə 3 il müddətinə ödəməyi, kreditor isə cavabdehin ödənilməmiş 4014,92 manat məbləğində faiz borcunun silinməsini öhdəsinə götürmüşdür. Müqavilə və ödəniş cədvəli tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur. Eyni zamanda borclunun öhdəliyinin təminatı olaraq iddiaçı ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2025-ci il tarixə cavabdehlərin iddiaçıya 2037,91 manat əsas borc, 108,68 faiz borcu olmaqla cəmi 2146,59 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.8-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zaminlik borclunun öhdəliyinin icrasını təmin edən ən geniş tətbiq olunan təminat üsullarından biridir və kreditorun hüquqlarının qorunmasına xidmət edir. Bu institutun mahiyyəti ondan ibarətdir ki, zamin öz iradəsi ilə borclu ilə yanaşı kreditor qarşısında məsuliyyət daşımağı qəbul edir və borclu öhdəliyini yerinə yetirmədiyi halda öhdəliyin icrası zaminin üzərinə keçir. Zaminlik təkcə borclu ilə kreditor arasında yaranan müqavilə münasibətlərinin davamı deyil, əlavə təminat yaradan müstəqil hüquqi öhdəlikdir. Zaminlik müqaviləsi imzalandığı andan etibarən borclunun öhdəliyinin həcmi, şərtləri və icra müddəti zamin üçün hüquqi nəticə doğurur və zamin bu məlumatlar əsasında öz üzərinə risk qəbul edir. Zaminlik təminat üsulu olaraq borc münasibətlərində etimadı gücləndirir və kreditor üçün öhdəliyin icrasına dair əlavə təminat yaradır. Bu institutun tətbiqi nəticəsində kreditor borcun geri qaytarılması riskini azaldır, borclu isə kredit əldə etmək və ya öhdəliyinin yenidən strukturlaşdırılması imkanına malik olur. Zaminlik müqaviləsi qanuni qüvvəyə mindiyi andan etibarən zamin könüllü şəkildə üçüncü şəxsin borcuna görə məsuliyyəti öz üzərinə götürmüş olur və borclunun öhdəliyinin icra edilməməsi halında məsuliyyətin zamin üzərində qalması hüquqi baxımdan tam əsaslı olur. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh2 apellyasiya şikayətində irəli sürdüyü əsaslandırmalar iş materiallarında olan sənədlərlə, müqavilə öhdəliklərinin hüquqi mahiyyəti ilə və tətbiq edilən prosessual normalarla uzlaşmadığından əsassız hesab edilməlidir. Şikayətçinin iddia etdiyi pozuntular faktiki və hüquqi əsasdan məhrum olmaqla, zaminlik münasibətlərinin xarakteri və Mülki Prosessual Məcəllənin sadələşdirilmiş icraata dair tələbləri nəzərə alınmadan formalaşdırılmışdır. MPM-in 284-5.4-cü maddəsi məhkəmənin sadələşdirilmiş icraatı iddia icraatı qaydasına keçirməsi üçün istisna hallar müəyyən edir. Qanunverici bu halları məhdud şəkildə sadalayaraq göstərir ki, sadələşdirilmiş icraatın məqsədi mümkün qədər sürətli, sənədlər əsasında qərar qəbul etmək olduğu üçün yalnız əlavə araşdırmanın obyektiv zəruri olduğu hallarda icraatın forması dəyişdirilə bilər. Maddədə göstərilən əsaslar – qarşılıqlı iddianın verilməsi, üçüncü şəxsin işə daxil olması, sənədlərin kifayət etməməsi və ya əlavə araşdırma, izahat, şahid ifadəsi və ekspert rəyi kimi prosessual hərəkətlərin zəruriliyi məhz sadələşdirilmiş icraatın davam etdirilməsinə mane olan vəziyyətlərdir. Hazırkı işdə cavabdeh apellyasiya şikayətində iddia edir ki, birinci instansiya məhkəməsində işə sadələşdirilmiş icraat qaydasında baxılaraq, tərəflər çağırılıb dinlənilmədən qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, nəticədə işin halları aydınlaşdırılmadan qətnamə qəbul edilmişdir. İş üzrə mövcud olan qeyrimüəyyən hallar yalnız məhkəmə icraatında tərəflərin iştirakı ilə tam və hərtərəfli araşdırıla bilər. Bu baxımdan, işin mahiyyətinə uyğun hüquqi qiymət verilməsi üçün tərəflər məhkəmə iclasına çağrılmalı, onların izahatları dinlənilməli, cavabdehin iştirakı təmin olunmalı və işə çəkişmə prinsipi əsasında baxılmalıdır. Lakin bu arqument qanunun tələbləri və sadələşdirilmiş icraatın hüquqi mahiyyəti ilə ziddiyyət təşkil edir. MPM-in 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar kiçik iddialar hesab olunur və bu işlərə sadələşdirilmiş qaydada baxılması mümkündür. Mövcud işdə iddiaçı tərəfindən tələb edilən məbləğ 2146,59 manat olduğundan iddiaçı tərəfindən sadələşdirilmiş icraatın seçilməsi və məhkəmə tərəfindən həmin icraat qaydasında baxılması prosessual MPM-in qeyd edilən normalarının tələbinə tam uyğundur. Sadələşdirilmiş icraatın mahiyyəti ondan ibarətdir ki, məhkəmə işə iş materiallarında olan yazılı sübutlar əsasında, tərəfləri məhkəməyə çağırmadan və məhkəmə iclası keçirmədən baxır. Bu, prosessual hüquqların pozulması kimi qiymətləndirilə bilməz, əksinə, MPM-in kiçik iddialar üzrə icraat üçün nəzərdə tutduğu prosessual mexanizmin birbaşa tətbiqidir. Tərəflərin çağırılmaması sadələşdirilmiş icraatın hüquqi konstruksiyasının ayrılmaz tərkib hissəsidir və yalnız yuxarıda göstərilən 284-5.4-cü maddədə sadalanmış hallar mövcud olduqda məhkəmə icraatın formasını dəyişdirə bilər. İş materiallarından görünür ki, cavabdehin göstərdiyi hallar sənədlərin kifayət etməməsi, əlavə araşdırmanın zəruriliyi və ya ekspertiza təyin edilməsinin labüdlüyü mövcud deyildir. İddiaçı ilə borclu arasında bağlanmış restrukturizasiya müqaviləsi, eləcə də Cavabdeh2 zaminlik müqaviləsi iş materiallarında tam şəkildə mövcuddur və bu sənədlərin etibarlılığı cavabdeh tərəfindən sübutlarla mübahisələndirilməmişdir. Cavabdeh bildirir ki, restrukturizasiya müqaviləsi onun tərəfindən imzalanmamışdır və məhkəmə həmin müqavilədəki imzanın mənsubiyyətinin müəyyən edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin etməli idi. Lakin cavabdeh müqavilənin tərəfi deyil və restrukturizasiya müqaviləsində borclunun imzasının ona aid olub-olmaması cavabdehin məsuliyyətinə təsir etmir. Beləliklə, iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasının seçilməsi tam qanunidir və cavabdehin göstərdiyi arqumentlər məhkəmənin icraat formasını dəyişdirməməsinə əsas verəcək hallardan heç birinə uyğun gəlmir. Bu səbəbdən cavabdehin iddia etdiyi prosessual pozuntu mövcud deyildir və birinci instansiya məhkəməsinin işə sadələşdirilmiş qaydada baxması düzgün hesab edilməlidir. Cavabdehin öhdəliyi xx.xx.2021-ci il tarixli 174/PR-02 saylı zaminlik müqaviləsi əsasında yaranmışdır və bu sənədin iş materiallarında mövcudluğu, imza ilə təsdiqlənməsi, həmçinin şikayətçi tərəfindən zaminlik müqaviləsinin etibarlılığına dair hər hansı iradın bildirilməməsi zaminliyin qüvvədə olmasını təsdiqləyir. Zamin əsas borclu ilə bağlanmış kredit və restrukturizasiya sənədləri barədə məlumatlı olub-olmamasından asılı olmayaraq, imzalamış olduğu zaminlik müqaviləsinə uyğun olaraq kreditor qarşısında borclu ilə birlikdə müştərək məsuliyyət daşıyır. Bu səbəbdən cavabdehin restrukturizasiya müqaviləsinin həqiqiliyinin ona aid edilməsinə dair irəli sürdüyü iddia hüquqi nəticə doğurmur. Ekspertiza təyin edilməsi barədə vəsatət əsassızdır. Ekspertiza yalnız sənədin həqiqiliyinə dair əsaslı və obyektiv şübhənin mövcud olduğu hallarda zəruri hesab edilir. Mövcud işdə belə şübhə doğuran heç bir hal yoxdur. Cavabdeh yalnız ümumi xarakterli, sübutsuz fərziyyələr irəli sürmüş, öz imzasının aidiyyətini mübahisələndirməmiş və müqavilənin etibarsızlığına dair sübut təqdim etməmişdir. Belə olan halda ekspertizanın təyin olunmaması prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Cavabdehin iddia etdiyi digər arqument müqavilənin bağlanmasından və borcun mövcudluğundan yalnız qətnamə çıxarıldıqdan sonra xəbər tutması – zaminlik münasibətlərinin mahiyyəti ilə uyğunlaşmır. Qeyd edilməlidir ki, zamin əsas borclunun öhdəliyinin həcmindən, müddətindən və mahiyyətindən xəbərdar olmaq yükümlüyü daşıyır və imzası ilə bu məsuliyyəti könüllü şəkildə öz üzərinə götürür. Cavabdehin zamin olduğu müqavilə açıq və aydın şəkildə imzalanmışdır, mübahisələndirilməmişdir və zaminlik öhdəliyinin həcmi də həmin sənəddə əks olunmuşdur. Məhkəmə kollegiyası onu da vurğulayır ki, işə baxan məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Belə olduğu halda, apellyasıya baxışı mərhələsində verilmiş vəsatət işin əsassız uzadılması məqsədilə təqdim edilmişdir. MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən müddəaları hazırkı işin halları üzrə tətbiq edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 qarşı təmin etməkdə haqlı olmuşdur. Beləliklə, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin e-2(036)-2607/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1757/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1757/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver