Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1770/2025 04.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-144/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 o qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 6.500 (altı min beş yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 86 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və onun oğlu Qəribli X4 rayonu, Əlinəzərli kənd sakini X1 3 sot torpaq almışlar. Cavabdehlər həmin 3 sot torpaqda özləri üçün yarımçıq ev tikmişdilər. Cavabdehlərə təcili pul lazım olduğundan həmin 3 sot torpağı və içərisində olan yarımçıq tikilini satmaq istədiklərini bildirmişlər. O da həmin ərazidə torpaq almaq istədiyindən onlarla razılaşmış və cavabdehlərdən həmin 3 sot torpağı və içərisində olan yarımçıq tikilini 6.500 manata ona sənədsiz satmışlar. O, aralarında olan alğı-satqını sənədləşdirmək istəsə də cavabdeh həmin torpağın əsl sahibinin Beyləqan rayonu, Əlinəzərli kənd sakini X6 olmasını və maddi imkanları olmadığından indiyədək sənədləşdirə bilmədiklərini bildirmişdirlər. xx.xx.2024-cü il tarixdə o aralarında olan alğı-satqını rəsmiləşdirmək istədikdə Cavabdeh1 6.500 manat torpağın pulundan ilk öncə 1.000 manatın ondan beh alaraq torpağın əsl sahibi X2 verəcəyini və sənədləşmə işlərini görəcəyini bildirmişdir. O da cavabdehin dediklərinə inandığından xx.xx.2024-cü il tarixdə ilkin olaraq Cavabdeh1 1.000 manat məbləğində pul vəsaiti vermişdir. Bir müddətdən sonra cavabdehlər sənədləşmənin xeyli vaxt aparacağını və ehtiyacları olduğundan yerdə qalan 5.500 manat pulu da istəmişlər. O da cavabdehlərə etibar etdiyindən yerdə qalan 5.500 manat pulu Arzuya və onun anası Cavabdeh2 müxtəlif tarixlərdə hissə-hissə vermişdir. Həmin 3 sot torpağın və içərisində olan yarımçıq tikilinin pullarını cavabdehlər öz yazdıqları qəbzlərlə belə etiraf etmişlər. Hətta Cavabdeh2 ondan oğlu ilə birgə torpağın dəyəri olan 6.500 manat pul aldıqlarına dair videogörüntülərini belə iddia ərizəsinə əlavə etmişdir. Lakin torpaq X3 adında olduğundan onun adına sənədləşmə apara bilməmişdir. Hər səfərində cavabdehlər müxtəlif bəhanələr gətirərək nə torpağı adına sənədləşdirmiş, nə də ki, aldıqları 6.500 manat pulu ona geri qaytarmışlar. Odur ki, əlacı kəsildiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində icraat Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-144/2025 saylı qətnaməsi (hakim: X.Cabbarlı) ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X7 tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “Mən Cavabdeh1 torpağı Xuraman adlı şəxsə 6.500 manata satdım. 1000 aldım, yerdı qaldı 5.500”. Cavabdeh2 tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “Mən Şamo adlı şəxsdən Beyləqan rayonunda 3 sot torpaq sahəsi almışam. Həmin torpaqda yarımçıq ev tikmişik, həmin evi Beyləqan rayonunda yaşayan İddiaçı 6000.500 manata oğlum Arzuyla bir yerdə satmışıq, hal-hazırda Xuramanın bizə heç bir borcu yoxdur. Özum yazdım imzamla təsdiq edirəm”. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının onlardan verdiklərini geri tələb etmək hüququ vardır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia 6500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında olan razılaşmaya görə ona məxsus olan 3 sot torpağ sahəsini 6500 manata satmaq qərarına gəlmişdir. Həmin vaxt iddiaçı ona cəmi 1000 manat beh verərək 3 sot torpağın alınmasına dair behləşmişdirlər. Sonradan o, iddiaçıdan yerdə qalan 5500 manat pulu tələb edən zaman o bəhanələr uyduraraq geri qalan məbləği ödəməmişdir. Onu yubandıraraq bugün-sabah pulu ödəyəcəyini bildirmişdir. Lakin pulu ödəməmişdir. Bununla da iddiaçı ona məxsus torpaq sahəsini qanunsuz olaraq mənimsəmək istəmişdir. Həmçinin ona şər və böhtan ataraq guya ona 6500 manat pul vermişdir. Bildiyi qədəriylə iddiaçının bu hərəkətləri təkcə ona qarşı deyil, bir neçə şəxslərə qarşı etmişdir. Hətta bununla bağlı insanlardan əsassız pul mənimsəmişdir. Məhkəmə qətnamənin əsası kimi göstərmişdir ki, əllə yazılmış qəbzi əsas götürmüşdür. Lakin məhkəmə öz qətnaməsində də qeyd etmişdir ki, onun iddiaçıdan 1000 manat beh aldığı göstərilmişdir, lakin 5500 manatla bağlı hər hansı bir sübut iş materialına əlavə olunmamışdır və məhkəmə bu hala qiymət verməmişdir. İddiaçı pulu ona harda necə kimin yanında verməsi ilə bağlı məhkəmədə sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qətnamənin əsası kimi anası Cavabdeh2 tərəfindən əllə yazılmış qəbzi əsas götümüşdür. Bildirmək istəyir ki, ümumiyyətlə anası Cavabdeh2 torpağın alğı-satqısında iştirak etməmişdir. Həmin o əlyazma Cavabdeh2 aid deyildir. Anası uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. 2 ay olar ki anası Azərbaycana gəlmişdir. Beh verilən zaman anası Cavabdeh2 Rusiya Federasiyasında olmuşdur. Bildirir ki, iddiaçı ona 1000 manat beh vermişdir. Həmin behində ləğv olunmasının səbəbi iddiaçının özü olmuşdur. İddiaçının ona 1000 manatdan əlavə 5500 manatı verməsiylə bağlı iş materiallarına hər hansı bir sübut əlavə edilməmiştir və məhkəmə işi obyektiv şəkildə araşdırmadan ziyanına qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 18 mart 2025cü il tarixli, 2(020)-144/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti müdafiə edir. Belə ki, iddiaçı onlara 6500 manat pul verdiyini bildirsə də, sadəcə beh kimi 1000 manat pul vermişdir. Yerdə qalan 5500 manat pulu verməmişdir. Həmçinin bu pulu verməsinə dair sübutu da məhkəməyə təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti müdafiə edir. İş materiallarında olan əlyazmanı o yazmışdır. Amma iddiaçının təzyiqi altında yazmışdır. Bu əlyazmanı təzyiq altında yazandan sonra polisə müraciət etməmişdir. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Beyləqan Rayon Məhkəməsinin 18 mart 2025-cü il tarixli, 2(020)-144/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)- 144/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 o qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 6.500 (altı min beş yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 86 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının onlardan verdiklərini geri tələb etmək hüququ vardır. Ona görə də iddia təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və anası Cavabdeh2 qarşı 6.500 manatın və 86 manat dövlət rüsumunun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. O bildirmişdir ki, cavabdehlər ondan 3 sot torpaq sahəsi və həmin sahədəki yarımçıq tikilinin satışı adı ilə ümumilikdə 6.500 manat almışdırlar. Lakin torpaq əslində digər şəxs-Cabbarov Şamoya məxsus olduğundan alğısatqı rəsmiləşdirilməmiş, cavabdehlər nə torpağı onun iddiaçının adına keçirə bilmiş, nə də pulu qaytarmışlar. Məhkəmə tərkibi iş materiallarında mövcud olan sübutları tədqiq edərək aşağıdakıları qeyd edir: İş materiallarında olan X7 tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “Mən Cavabdeh1 torpağı Xuraman adlı şəxsə 6.500 manata satdım. 1000 aldım, yerdı qaldı 5.500”. İş materiallarında olan Cavabdeh2 tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “Mən Şamo adlı şəxsdən Beyləqan rayonunda 3 sot torpaq sahəsi almışam. Həmin torpaqda yarımçıq ev tikmişik, həmin evi Beyləqan rayonunda yaşayan İddiaçı 6000.500 manata oğlum Arzuyla bir yerdə satmışıq, hal-hazırda Xuramanın bizə heç bir borcu yoxdur. Özüm yazdım imzamla təsdiq edirəm”. İş materiallarında olan audio-video yazının təhlili zamanı məlum olmuşdur ki, həmin videoda Cavabdeh2 “Xuramandan nə istəyirsən? Xuraman mənim pulumu ödəyib” kimi fikirlər səslənmişdir. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda qeyd olunmuş sübutlar əsasında cavabdehlərin iddiaçıdan aldıqları pulun müqabilində heç bir hüquqi öhdəlik icra etməmələri və alğı-satqının rəsmiləşdirilməsinin mümkün olmaması onların iddiaçı hesabına əsassız surətdə varlandığını şübhə altına almır. Mülki Məcəllənin əsassız varlanmaya dair müddəalarına uyğun olaraq, cavabdehlər iddiaçıdan aldıqları və hüquqi əsası olmayan bu məbləği qaytarmaq öhdəliyindən yayınmışdırlar. Apellyasiya şikayətinin dəlillərinə nəzər yetirdikdə aydın olur ki, Cavabdeh1 iddiaçının ona 1000 manat beh kimi verdiyini, qalan 5500 manat pulu isə bəhanələr uyduraraq vermədiyini qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, 5500 manat pulun verilməsi, iddiaçının pulu ona harda necə kimin yanında verməsi barədə hər hansı bir sübut iş materialına əlavə olunmamıştır. Ümumiyyətlə anası Cavabdeh2 torpağın alğısatqısında iştirak etməmişdir və həmin o əlyazma Cavabdeh2 aid deyildir. Məhkəmə tərkibi yuxarıda qeyd edilən dəlillərə münasibət bildirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apellyasiya icraatı zamanı məhkəmə iclasında Cavabdeh2 izahatı alınarkən həmin əl yazmanın onun tərəfindən, lakin təzyiq altında yazıldığını bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətində hər nə qədər anasının həmin əlyazmanı yazıb-imzalamadığını bildirsə də, apellyasiya iclasında Cavabdeh2 həmin əlyazmanın məhz onun tərəfindən yazıldığını açıq şəkildə etiraf etmişdir. Cavabdeh2 apellyasiya iclasında həmin əlyazmanı təzyiq altında yazdığını bildirsə də, bu dəlil sübutlarla əsaslandırılmamışdır. İş materiallarında cavabdehin hər hansı təzyiqə məruz qalması, iradəsinin əleyhinə hərəkət etməsi və ya bu barədə aidiyyəti orqanlara, xüsusilə də polisə müraciət etməsi haqqında heç bir məlumat yoxdur. Əgər o həqiqətən təzyiq altında qalmış olsaydı, bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına şikayət etməsi gözlənilən davranış olardı. Lakin belə müraciət təqdim edilməmiş, təzyiq faktı barədə heç bir izahat, yazılı ərizə və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də Cavabdeh2 sonradan irəli sürdüyü bu dəlil sübutlarla dəstəklənməməklə həmin əlyazmanın mötəbərliyini şübhə altına almağa hüquqi əsas yaratmır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh2 yuxarıda qeyd edilən əlyazması yazılı sübut kimi qiymətləndirilməklə mötəbər hesab edilməlidir. Qeyd edilən əlyazmanı yazarkən Cavabdeh2 hər hansı təsirə məruz qalması və ya onun iradəsi ziddinə yazılması iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə ödənilmiş 6.500 manat məbləğin hissələr üzrə verilməsi cavabdeh qismində olan həm oğul, həm də ana tərəfindən tərtib olunmuş əlyazma qəbzlərlə təsdiq edilmişdir. Belə ki, Cavabdeh1 öz əli ilə yazıbimzaladığı qəbzdə iddiaçıdan 1.000 manat aldığını, qalan 5.500 manatın verilməsi isə Cavabdeh2 əlyazması və imzası ilə sübuta yetirilmişdir. Bu, cavabdehlərin iddiaçıdan pulu aldığını təsdiqləyən birbaşa etirafdır (Etiraf sübutların şahıdır (Latınca: confessio est regina probationum)). Məhkəmə tərkibinin qənaətinə görə qeyd edilən əlyazmalar mübahisənin həll edilməsində təkzibedilməz sübut olduğundan cavabdehlərin iddia tələbində qeyd edilən 6500 manat borclarının olmaması barədə dəlillərini təkzib edir. Həmçinin vurğulanmalıdır ki, pulun qaytarılmasının sübut edilməsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, sübutetmə vəzifəsinin daşıyıcısı kimi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər həmin pul ödədiklərini iddia etməməklə, əksinə, 5.500 manatlıq hissənin iddiaçı tərəfindən ümumiyyətlə verilmədiyini bildirərək, sübut və məsuliyyətdən yayınmışlar. Ona görə də apellyasiya şikayəti təmin edilə bilməz. Bundan başqa iş materiallarında mövcud olan audio-videoda əks onun ifadələr birbaşa Cavabdeh2 səsi və video-görüntüsü ilə müşayiət olunur. Apellyasiya icraatı zamanı məhkəmə iclasında videogörüntülərə baxış keçirilmiş, Cavabdeh2 videogörüntüdəki şəxsin özü olduğunu və danışıqlarının öz səsi olduğunu bildirmiş və həmin sübutu mübahisələndirməmişdir. Bu isə həmin sübutun autentikliyinə (həqiqiliyinə) şübhə yeri qoymur. Həmin fikirlər isə bu iş üzrə mühüm əhəmiyyət kəsb edən faktın-yəni iddiaçı tərəfindən cavabdehlərə torpağın alğı-satqısı ilə bağlı pul verilməsi məsələsində həlledici sübut rolunu oynayır. Videoya diqqətlə nəzər yetirdikdə görünür ki, Cavabdeh2 torpağın əsl sahibinə münasibətdə danışır və açıq şəkildə Xuramanın onun pulunu ödədiyini bildirərək torpağın rəsmiləşdirilməsinə mane olmadığını öz iradəsi ilə etiraf edir. Qeyd olunan hallar, xüsusilə də audio-video yazıda Cavabdeh2 öz iradəsi ilə verdiyi bəyanat cavabdehin apellyasiya şikayətinin dəlillərinin reallığı əks etdirmədiyini nümayiş etdirir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələbi qanuni əsaslarla tam əsaslandırılmışdır, cavabdehlər isə iddiaçı hesabına əsassız varlanmış şəxs kimi statusunda olmuşdurlar. Nəticədə, birinci instansiya məhkəməsi iddiaçının tələbini tam təmin etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)- 144/2025 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-144/2025 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1770/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1770/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver