Məhkəmə qərarları › İş №2(106)-1773/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1773/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1773/2024 25.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-1224/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 noyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 1215 manat və ödənilmiş məhkəmə xərclərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı bildirmişdir ki, cavabdeh qızının həyat yoldaşıdır, cavabdeh qızı ilə 3 ildir ki, birgə yaşamışlar. 2022-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda 20, 50, 100 manat və sair məbləğlərdə borc olaraq cavabdehə pul vermişdir. Sonuncu dəfə sentyabr oktyabr aylarında qızının təhsil pulunu ödəmək üçün 200 manat pulu qızının kartına atmış, cavabdeh həmin pulu xəbərsiz çıxarıb xərcləmişdir. Cavabdeh hazırda qızı ilə yol getmir, onlar boşanma mərhələsindədirlər. Pulu qaytarmağı tələb etsə də, lakin cavabdeh onu təhqir etmişdir. Odur ki iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh bildirmişdir ki, iddiaçının qızı Günay ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, 2 il 7 ay bir yerdə yaşadıqdan sonra aralarındakı münasibət xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Həmin günü ona zəng gəlmiş Günay ona anası Sitarənin gəlib onu aparmaq istədiyini bildirmişdir. Günayla danışdıqdan sonra Günay onu gözləyəcəyin demişdir. Lakin xx.xx.2023-cü il tarixdə Günay anası ilə getmişdir. İddiaçıdan pul almamış, sadəcə yaşadıqları müddətdə iddiaçı qızına görə ona pul vermişdir. Həmin pulları da uşağa sərf etmişlər. İddiaçı tərəfindən qızının kartına atılan 100 manatın 50 manatına pampers və yemək almışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda İddiaçı ondan ümumilikdə 1215 manat və məhkəmə xərclərinin tutularaq ona verilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)-1224/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi (Hakim: Ağarza Səmədov) ilə, İddiaçı Cavabdeh 1215 manat və ödənilmiş məhkəmə xərclərinin alınaraq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, İddiaçı Salyan Rayon Məhkəməsinin 2(057)-1224/2024 saylı, 13 avqust 2024cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında apelyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 2(057)- 1224/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, izahatında apelyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin 2(057)-1224/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Salyan Rayon Məhkəməsinin 2(057)-1224/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin rədd edilməsini, iddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən halları təsdiq edən sübutların təqdim edilə bilməməsi ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan İddiaçı Salyan Rayon Məhkəməsinin 2(057)-1224/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları səhv tətbiq və təfsir edilmiş, bununla da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı Cavabdeh 1215 manat borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, cavabdeh qızının həyat yoldaşıdır, cavabdeh qızı ilə 3 ildir ki, birgə yaşamışlar. 2022-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda 20, 50, 100 manat və sair məbləğlərdə borc olaraq cavabdehə pul vermişdir. Sonuncu dəfə sentyabr oktyabr aylarında qızının təhsil pulunu ödəmək üçün 200 manat pulu qızının kartına atmış, cavabdeh həmin pulu xəbərsiz çıxarıb xərcləmişdir. Cavabdeh hazırda qızı ilə yol getmir, onlar boşanma mərhələsindədirlər. Pulu qaytarmağı tələb etsə də, lakin cavabdeh onu təhqir etmişdir. Odur ki iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, iddiaçının qızı Günay ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, 2 il 7 ay bir yerdə yaşadıqdan sonra aralarındakı münasibət xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Həmin günü ona zəng gəlmiş Günay ona anası Sitarənin gəlib onu aparmaq istədiyini bildirmişdir. Günayla danışdıqdan sonra Günay onu gözləyəcəyin demişdir. Lakin xx.xx.2023-cü il tarixdə Günay anası ilə getmişdir. İddiaçıdan pul almamış, sadəcə yaşadıqları müddətdə iddiaçı qızına görə ona pul vermişdir. Həmin pulları da uşağa sərf etmişlər. İddiaçı tərəfindən qızının kartına atılan 100 manatın 50 manatına pampers və yemək almışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən təqdim edilmiş votsap yazışmalarından görünür ki, iddiaçı cavabdehə “mene 900 mnt borcun qalıb, menim 900mnt gonder Vessalam” yazmış, cavabdeh isə “Ok” deyə cavab verərək 900 manat borcu olduğunu təsdiq etmişdir. Apellyasiya məhkəmə icraatı zamanı cavabdehin qeyd edilən dəlillə bağlı izahatı alınmış, cavabdeh izahatında göndərilən pulları ailənin ehtiyacları üçün sərf etdiyini bildirmiş, həmin pulları borc olaraq qəbul etmədiyini bildirmişdir. Kollegiya cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki,əvvəla iddiaçı müxtəlif vaxtlarda cavabdehə göndərdiyi pulları borc kimi göndərdiyini bildirmişdir. Cavabdehin həmin pulları ailənin ehtiyacları üçün sərf etdiyini bildirməsi onun həmin pulları qaytarmaq öhdəliyindən azad edə bilməz. Belə ki, iddiaçının qızı həmin dövrdə cavabdehlə nikah münasibətində olmuşdur. İddiaçının ilk əvvəl cavabdehi və onun ailəsini saxlamaq öhdəliyi yoxdur. Bu səbəbdən də iddiaçı verdiyi pulları borc kimi verdiyini, lakin cavabdehin həmin pulları qaytarmadığını bildirir. Cavabdeh isə həmin pulların ailənin ehtiyacı üçün sərf edildiyini bildirir. Belə olan halda kollegiya hesab edir ki, hər nəqədər ki, iddiaçı iddia tələbi üzrə cavabdehlə aralarında olan yazışmanı təqdim edərək 900 manat cavabdehin borcunun olduğunu sübut edə bilir, iddia tələbi də məhz elə həmin hissədə əsaslı hesab edilməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə də cavabdeh həmin pulun qaytarılması ilə bağlı heç bir söz demir, əksinə həmin pulların borc kimi deyil ailənin ehtiyacları üçün verildiyini desə də həmin halı sübut edə bilmir. Bundan başqa yuxarıda da qeyd edildiyi kimi, iddiaçı cavabdehin qaynanası kimi onun ailəsini saxlamaq öhdəliyi yoxdur. Ona görə də cavabdehin izahatı kollegiya tərəfindən səmimi qəbul edilə bilməz. Göründüyü kimi iddia tələbi iddiaçının sübut təqdim elədiyi hissədə, yəni 900 manat həcmində əsaslıdır. Ona görə də iddia qismən təmin edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək, yekun olaraq qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-1224/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 900 (doqquz yüz) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan kassasiya şikayəti verilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1224/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar