Məhkəmə qərarları › İş №2(106)-1775/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1775/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1775/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2(050)-2177/2024 saylı qərardadından (hakim F.Əliyev) Cavabdeh tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 19 iyun 2024-cü il tarixdə “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, vurulan ziyana görə 5000 manat ziyan pulunun və 70 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(050)-2177/2024 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası 11 iyul 2024-cü il tarixinə təyin olunmuş, tərəflərə bununla bağlı bildirişlər göndərilmişdir. İş üzrə növbəti hazırlıq iclası 6 avqust 2024-cü il tarixinə təyin olunaraq, tərəflərə bununla bağlı bildirişlər göndərilmişdir. 6 avqust 2024-cü il tarixində keçirilən məhkəmə baxışına hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirak etmiş, məhkəmə hazırlıq iclası 20 avqust 2024-cü il tarixinə təxirə salınmışdır. 20 avqust 2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı və Cavabdeh iştirak etmiş, məhkəmə hazırlıq iclası əlavə sübutların təqdim olunması məqsədilə 10 sentyabr 2024-cü il tarixinə təxirə salınmışdır. 4 sentyabr 2024-cü il tarixdə Cavabdeh qarşılıqlı iddia verərək, cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq zəbt olunmuş kənd əhalisinin heyvanları üçün örüş kimi nəzərdə tutulan 30-40 sot əkin üçün yararsız bələdiyyə torpağının zəbtdən azad olunması və həmin torpaq sahəsində qanunsuz tikilən tövlənin sökülməsi tələbini irəli sürmüşdür. Masallı Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2(050)-2177/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilən qarşılıqlı iddia ərizəsi MPM-in 154.1, 155.1, 155.2, 155.3, 151.1, 152.1.1, 152.1.2 və 152.1.5-ci maddələrinə istinadla qanunla müəyyən olunan müddət ərzində verilməməsi, qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsasları ilə geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət verərək, ləğv olunmasını və ya şikayətə baxilması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunan 2(050)- 2177/2024 saylı iş üzrə verilən iddia ərizəsinə əsasən, guya iddiaçıya 5000 manat ziyan vurduğu üçün cavabdeh kimi qoyulmuşdur. Halbuki, iddia ərizəsinə baxan kimi bilmək olur ki, iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün iddiaçının heç bir sübutu və hüquqi əsası olmamışdır. Bunun da səbəbi odur ki, işin faktiki halları ilə və iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, ona heç bir maddi ziyan vurulmamış və iddia etdiyi maddi ziyan da qanunsuz olaraq zəbt etdiyi bələdiyyə torpağı ilə bağlı olmasıdır. Qəribəsi də odur ki, iddia ərizəsində göstərilənlərə iddiaçı özünün hüquqlarının pozulmasını yox, cinayət törətdiyini təsdiq edir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia ərizəsində göstərilən aşağıdakı dəlillərlə sübut olunur ki, iddiaçının qanunla qorunan heç bir mülki hüququ pozulmamış və əksinə olaraq iddiaçı özü oğlu X2 ilə birlikdə cinayət əməli törədərək kənd əhalisinin mal-qarası üçün örüş yeri kimi nəzərdə tutulan 30-40 sot əkin üçün yararsız bələdiyyə torpağını zəbt etmişlər. İddia ərizəsinin 1-ci səhifəsinin 1-ci abzasında göstərilmişdir ki, o, bələdiyyə sədri, ərazi nümayəndəsinin razılığı ilə gəlib onun həyətində 30 il bundan qabaq verdiyi torpağa vurduğu setkanı və orada əkdikləri məhsulları bərbad vəziyyətə salmışdır. Bələdiyyənin və ərazi nümayəndəsindən soruşduqda ki, siz niyə ona razılıq vermisiz ki, bu işləri görsün, onlarda bildirmişlər ki, həmin torpaq sənədsiz olduğu üçün belə etmişlər. Bununla sübut olunur ki, iddiaçının guya onun bələdiyyə sədri və ərazi icra nümayəndəsi ilə dağıdıb bərbad hala saldığı məhsulları qanunsuz olaraq qəsdən zəbt etdiyi torpaq sahəsində əkmişdir. Bir ildən çoxdur ki, aidiyyəti dövlət orqanları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin torpaq sahəsinin qanunsuz olaraq zəbt etməkdə davam etməsi ilə sübut olunur ki, (özü də etiraf edir ki, həmin sahəni hasarlanmış vəziyyətə saxlayaraq indi də becərir) həmin torpaq sahəsi iddiaçı tərəfindən qəsdən zəbt edilmişdir. Bu da yuxarıda göstərdiyi kimi, açıq-aşkar cinayət əməlidir. İddiaçı tərəfindən iddia tələbinin qanuni və əsaslı olması ilə bağlı istinad olunan hüquq və qanun normaları ilə də təsdiq olunur ki, bu formada verilən iddia tələbi yolverilməzdir və icraata götürülmədən geri qaytarılmalıdır. Əgər icraata götürülübsə də, iddia tələbinin rədd edilməsi barəsində qərar verilməlidir. Masallı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 2(050)-2177/2024 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-nin 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1, 152.1.2 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Belə ki, həmin maddəyə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Mülki Prosessual Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir (Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsi). Həmin Məcəllənin 156.1-ci maddəsində hakim tərəfindən qarşılıqlı iddianın aşağıdakı hallarda qəbul edilməsi müəyyən edilmişdir: - qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; - qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; - qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Qanunverici həmçinin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsasların mövcud olduğu təqdirdə, cavabdehə qarşılıqlı iddianın verilməsi hüququnu tanımışdır. Şərt kimi isə onun verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlməsi və ya qanunla müəyyən edilmiş müddətdə qarşılıqlı iddianın təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslandırılması müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 156.1.1 və 156.1.2-ci maddələrindəki hallardan fərqli olaraq, həmin Məcəllənin 156.1.3-cü maddəsində göstərilən, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə nəticələndiyi hallarda (məsələn, qarşılıqlı iddianın təmin edildiyi təqdirdə ilk iddianın əsassız olduğunu müəyyən edildiyi hal) qarşılıqlı iddianın yalnız Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməsi imperativ qaydada göstərilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini prosessual qanunvericiliklə müəyyən olunan müddət ərzində verilməməsi əsası ilə qaytarmaqda haqlı olmuşdur. Belə ki, iş materiallarına əsasən cavabdeh 6 avqust 2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş, dolayısı ilə ona qarşı qaldırılan iddiadan məlumatlı olmuşdur. Belə olan halda isə prosessual qanunvericiliyə əsasən cavabdeh həmin tarixdən hesablanmaqla 20 gün ərzində qarşılıqlı iddia ilə məhkəməyə müraciət edə bilərdi. Lakin cavabdeh 4 sentyabr 2024-cü il tarixində qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməklə, qanunla müəyyən olunan prosessual müddəti ötürmüş olmuşdur. Bundan başqa “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından isə müəyyən olunur ki, cavabdeh qarşılıqlı iddia ərizəsi verərkən 100 manat dövlət rüsumu ödəməli olduğu halda, 30 manat ödəmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə də qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Beləliklə müəyyən olunur ki, prosessual qanunvercilikdə hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli 2(050)-2177/2024 saylı qərardadı dəyişdirilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar