Məhkəmə qərarları › İş №2(106)-178/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-178/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-178/2023 19.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X5 «kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehin və digər şəxslərin torpaq sahəsi və fərdi yaşayış evində istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, kredit müqaviləsinin və kredit verilməsinə dair razılaşmanın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsindən Cavabdeh1 və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və X5 «kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehin və digər şəxslərin torpaq sahəsi və fərdi yaşayış evində istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, kredit müqaviləsinin və kredit verilməsinə dair razılaşmanın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilərək 09 sentyabr 2019-cu il tarixli, 13-BİZG-1-0-169-19 saylı Baş kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada əsas borc üzrə 33106 (otuz üç min yüz altı) manat 85 (səksən beş) qəpik əsas borc və 7520 (yeddi min beş yüz iyirmi) manat 05 (beş) qəpik faiz borcu, 300 (üç yüz) manat dəbbə olmaqla, ümumilikdə cəmi 40926 (qırx min doqquz yüz iyirmi altı) manat 90 (doxsan) qəpik və iddiaçının tərəfindən çəkilən məhkəmə məsrəfləri ilə bağlı 150 (yüz əlli) manat məbləğdə pul vəsaitinin alınıb «Yelo Bank” ASC-yə verilməsi, Cavabdeh1 xüsusi mülkiyyətində olan Lənkəran rayonu Şiləvar kəndi ərazisində olan 0.0227 hektar torpaq sahəsinin və onun üzərində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.0227 hektar torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymət) 45000 (qırx beş min) manat müəyyən edilməsi, ekspertiza xərcini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər X3 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-yə, "xxxx" ASC Abşeron Filalı-Kod 805539 VÖEN **********,SWİFT BİC İBAZAZ2X, Müxbir hesab AZ03NABZ********************, VÖEN **********, Hesab AZ52İBAZ******************** nömrəli hesaba ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, girov predmeti olan Lənkəran rayonu Şiləvar kəndi ərazisində olan 0.0227 hektar torpaq sahəsi və onun üzərində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi, hesablanmış faizlərlə bağlı yeni məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmaqla ekspertlərin rəyi əsasında işə baxaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC tərəfindən Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin qismən cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin olunmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC-nin iddiası onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2019-cu il tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 16 %-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. 09 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin Lənkəran filialından illik 16 faizlə 36 ay müddətinə 40000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Lənkəran rayonu Şiləvar kəndi ərazisində olan 0.0227 hektar torpaq sahəsi və onun üzərində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 09 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. Borcun təminatı olaraq X7 ilə 09 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 29 aprel 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 09 dekabr 2022-ci il tarixədək, 29 iyul 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 09 mart 2023-cü il tarixədək, 15 dekabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 09 iyun 2023-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə Cavabdeh1 kredit razılaşması üçun 09 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 33106 (otuz üç min bir yüz altı) manat 85 (səksən beş) qəpik əsas borc və 7520 (yeddi min beş yüz iyirmi) manat 05 (beş) qəpik faiz borcu, 1877 (bir min səkkiz yüz yetmiş yeddi) manat 47 (qırx yeddi) qəpik dəbbə olmaqla, ümumilikdə cəmi 42504 (qırx iki min beş yüz dörd) manat 37 (otuz yeddi) qəpik məbləğində borcu yaranmışdır. İddiaçı ASC bütün bunlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər X7 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar və ya nümayəndələri məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayəsində göstərilənlərə uyğun izahat verərək Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu və İddiaçı Açıq Səhmdar Cəmiyyətini tərəfindən verilmiş apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsinin qismən, yəni cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsi qismən – mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməli, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan 09 sentyabr 2019-cu il tarixli 13-BİZG-1-0-169-19 saylı Baş kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 36%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Lənkəran rayonu Şiləvar kəndi ərazisində olan 0.0227 hektar torpaq sahəsi və onun üzərində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 09 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İşdə olan 09 sentyabr 2019-cu il tarixli 13-BİZG-1-0-169-19 saylı kredit verilməsinə dair razılaşma”sından (bank vəsaiti ilə verilən kreditlər üzrə) görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən 16%-lə 36 ay müddətinə 40000 manat məbləğində kredit götürmüşdür. İşdə olan 09 sentyabr 2019-cu il tarixli 13-BİZG-1-0-169-19/2 saylı zaminlik müqaviləsindən görünür ki, X7 09 sentyabr 2019-cu il tarixli 13-BİZG-1-0-169-19 saylı Baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürmüşdür. İşdə olan 29 aprel 2020-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti 09 dekabr 2022-ci il tarixədək, 29 iyul 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 09 mart 2023-cü il tarixədək, 15 dekabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 09 iyun 2023-cü il tarixədək uzadılmışdır. İşdə olan 02 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09 sentyabr 2019-cu il tarixli 13-BİZG-1-0-169-19 saylı kredit müqaviləsi üzrə 33106 (otuz üç min bir yüz altı) manat 85 (səksən beş) qəpik əsas borc, 7520 (yeddi min beş yüz iyirmi) manat 05 (beş) qəpik faiz borcu, 1877 (bir min səkkiz yüz yetmiş yeddi) manat 47 (qırx yeddi) qəpik dəbbə olmaqla, ümumilikdə cəmi 42504 (qırx iki min beş yüz dörd)) manat 37 (otuz yeddi) qəpik məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini formal və əsassız hesab edir. Belə ki, Cavabdeh1 Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində girov predmeti olan Lənkəran rayonu Şiləvar kəndi ərazisində olan 0.0227 hektar torpaq sahəsi və onun üzərində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi, habelə hesablanmış faizlərlə bağlı yeni mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Kollegiya MPM-in 372-ci maddəsində nəzərdə tutulmuş apellyasiya baxşının hədlərinə dair tələblərə uyğun olaraq diqqətə çatdırır ki, Cavabdeh1 girov predmeti olan Lənkəran rayonu Şiləvar kəndi ərazisində olan 0.0227 hektar torpaq sahəsi və onun üzərində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi barədə dəlili üzrə qeyd edilməlidir ki, o, birinci instansiya məhkəməsində əmlakın qiymətləndirilməsi üçün müvafiq ekspertizanın təyin olunması barədə vəsatət vermiş və məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunaraq müvafiq rəy alınmış və həmin rəy cavabdehlərə rəsmi qaydada təqdim edilmişdir. Lakin cavabdehlər adıçəkilən rəyə dair hər hansı etirazlarını məhkəməyə təqdim etməmişlər. Cavabdeh1 digər - hesablanmış faizlərlə bağlı yeni məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması məsələsi ilə əlaqədar iş materiallarından görünür ki, cavabdehlər birinci instansiya məhkəməsində iştirak etmişlər. Ancaq onlar birinci instansiya məhkəməsində icraat zamanı belə bir vəsatətlə çıxış etməmişlər. Hazırda isə apellyasiya şikayətində adıçəkilən vəsatətin təmini əsaslılığına dair hər hansı sübut göstərilməmiş və ya əlavə edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən etmir. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.0227 ha,136.1 kv.m fərdi yaşayış evi "xxxx" İKB ASC-nin adına ipoteka yüklülüyü ilə rəsmiləşdirilmiş və DƏDRX-nin 74 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. «İpoteka Haqqında» 15 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsi Cavabdeh1 və digər şəxslərin Lənkəran rayonu Şilavar kəndində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmaması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, Cavabdeh1 və digər şəxslər Lənkəran rayonu Şilavar kəndində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 41 və 59; MM-in 269 və 270-ci maddələrinə, kredit və ipoteka müqavilələri (öhdəlikləri) üzrə mülki hüquqi münasibətlərə dair məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Bununla da, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə əsasən qətnamənin mübahisə edilən digər hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-178/2018 saylı qətnaməsi Cavabdeh1 və digər şəxslərin Lənkəran rayonu Şilavar kəndində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh1 və digər şəxslər Lənkəran rayonu Şilavar kəndində yerləşən 136.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar