Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1781/2025 04.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1542/2025 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verdiyi iddia ərizəsində Cavabdeh2 və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, CC/26401/48/83 saylı müqavilə üzrə 4191,42 manat əsas, 4133,48 manat faiz borcu olmaqla, cəmi 9560,73 manat, xx.xx.2015-ci il tarixli, CR/18934/51/9 saylı müqavilə üzrə 634,61 manat əsas, 771,07 manat faiz borcu olmaqla, cəmi 1610,94 manat borcun və hər iki kredit üzrə cəmi 153 manat məbləğındə ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, CC/26401/48/8 saylı müqaviləyə əsasən 5000 manat, xx.xx.2015-ci il tarixli, CR/18934/51/9 saylı müqaviləyə əsasən 1,009 məbləğində kredit verilmişdir. Hazırda mərhum X3 11.171.67 manat borcu vardır. X3 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. 9 saylı notariat ofisinin verdiyi şəhadətnaməyə əsasən X3 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələbinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1542/2025 saylı qətnaməsi ilə (hakim E.İsmayılov) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; - xx.xx.2015-ci il tarixli, CC/26401/48/8 saylı Kredit Sazişi və ona edilmiş 1 nömrəli əlavə - ödəniş cədvəli əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC tərəfindən X2 36 ay müddətinə illik 25% dərəcəsi ilə 5000 manat məbləğində pul krediti verilmişdir. - xx.xx.2015–ci il tarixli, CR/18934/51/9 saylı Kredit Sazişi və ona edilmiş 1 nömrəli əlavə - ödəniş cədvəli əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC tərəfindən X2 18 ay müddətinə illik 30% dərəcəsi ilə 1009 manat məbləğində pul krediti verilmişdir. - İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışı əsasında müəyyən olunmuşdur ki, X1 həmin tarixə İddiaçı ASC-yə olan borcu xx.xx.2015-ci il tarixli CC/26401/48/83 saylı müqavilə üzrə 4191,42 manat əsas, 4133,48 manat faiz borcu olmaqla, cəmi 9560,73 manat, xx.xx.2015-ci il tarixli CR/18934/51/9 saylı müqavilə üzrə 634,61 manat əsas, 771,07 manat faiz borcu olmaqla, cəmi 1610,94 manat təşkil edir. - Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu Sadıqov R.Z. tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi arvadı Cavabdeh2-¾ pay həcmində və qızı Cavabdeh1 ¼ pay həcmində müəyyən edilmişdir və verilən miras əmlak mərhum X1 adına xəstəlik vərəqəsi üzrə 174,09 manat və işçinin vəfatı ilə əlaqədar vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət 1816,53 manatdan ibarət olmuşdur. - Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu Sadıqov R.Z. tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi arvadı Cavabdeh2-¾ pay həcmində və qızı Cavabdeh1 ¼ pay həcmində müəyyən edilmişdir və verilən miras əmlak mərhum X1 Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialında bank hesabında olan 304,19 manatdan ibarət olmuşdur. - Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu Sadıqov R.Z. tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi arvadı Cavabdeh2-¾ pay həcmində və qızı Cavabdeh1 ¼ pay həcmində müəyyən edilmişdir və verilən miras əmlak 5 ədəd 750 əyarlı ümumi və xalis çəkisi 73,40 qr olan qolbaq, 1 ədəd 750 əyarlı ümumi və xalis çəkisi 32 qr olan üzük, 1 ədəd 750 əyarlı ümumi çəkisi 7,50 qr xalis çəkisi 6,50 qr olan qızıl-zinət əşyalarından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx.xx.2015-ci il tarixli, CC/26401/48/8 saylı müqavilə üzrə xx.xx.2018ci il tarixdən başlamış və xx.xx.2021-ci il tarixdə başa çatmış, xx.xx.2015–ci il tarixli, CR/18934/51/9 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixdən başlamış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Belə ki, tərəflər arasındakı CC/26401/48/8 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə, tərəflər arasındakı CR/18934/51/9 saylı kredit müqaviləsi isə xx.xx.2015–ci il tarixdə 18 ay müddətinə bağlanmışdır. Sonradan xx.xx.2016cı il tarixdə vəfat etmiş mərhum X1 miras əmlakına dair rəsmiləşən xx.xx.2019-cu il tarixli 2V/21reyestr saylı, xx.xx.2016-cı il tarixli 2V/200 reyestr saylı, xx.xx.2016-cı il tarixli 2V/193 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh2 və Cavabdeh1 mərhum X1 vərəsələri müəyyən edilmişlər. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət etdikdə artıq iddia müddətini ötürmüşdür. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia müddətinin tətbiqinə dair iddiaçı tərəfin etiraz ərizəsinə münasibətdə bildirmişdir ki, cavabdehlərin qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınması əsas gətirilsə belə, məhkəmə hesab etmişdir ki, borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) məsələsində iddiaçı tərəf özü maraqlı olmalı idi və iddia müddəti daxilində bu mövzuda zəruri tədbirlərin görülməsini təmin etməli idi. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən "iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır." Şəxsin (bu halda kreditorun) öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Bu halda iddiaçının hüququnun pozulduğunu bildiyi, yəni vərəsəlik üzrə məlumatların əldə olunduğu an (xx.xx.2025) iddia müddətinin başlanğıc anı hesab edilməlidir. Öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 5.3-cü maddəsində ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə,vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. İlk növbədə iş materiallarına əlavə edilmiş ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya sonuncu tərəfindən verilmiş cavabdan aydın olur ki, X1 mirasını cavabdehlər qəbul etmiş, miras əmlakına dair rəsmiləşən xx.xx.2019-cu il tarixli, 2V/21 reyestr saylı, xx.xx.2016-cı il tarixli, 2V/200 reyestr saylı, xx.xx.2016-cı il tarixli 2V/193 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr həmin şəxslərə verilmişdir. Lakin mərhumun vərəsələri tərəfindən "xxxx" ASC-ə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, cavabdehlər qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadə etməyə cəhd göstərmişdir. Kreditor cavabdehlərin vərəsə olması barədə yalnız ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya verilmiş cavab ilə məlumatlı olmuş, dərhal sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının cavabdehlərin qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınması arqumentinə münasibətdə hesab etmişdir ki, borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) məsələsində iddiaçı tərəf özü maraqlı olmalı idi və iddia müddəti daxilində bu mövzuda zəruri tədbirlərin görülməsini təmin etməli idi. Məhkəmə qanunvericiliklə birbaşa vərəsələrə aid edilən məlumatlandırma yükünü iddiaçıya münasibətdə uyğunlaşdırmağa cəhd etməklə iş materialları ilə təsdiqlənən faktiki halları aydınlaşdırmamışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-1542/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir və təmin edilməməsini xahiş edir. 2016-cı ildən bu günə qədər təqribən 10 il vaxt keçmişdir. Buna görə də birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsini ərizə ilə xahiş etmişdir. Qızı birinci instansiya məhkəməsində də iştirak etmiş və qızı da onunla eyni fikirdə olduğunu və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mərhum yoldaşı kredit götürmüşdür, amma o dünyasını dəyişdikdən sonra vərəsələri olaraq onlara heçnə qalmamışdır. İddia müdətinin tətbiq edilərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İddiaçı ASC və digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər (təmsil olunmamışdırlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun qərarı; R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Füzuli Rayon Məhkəməsinin 2(064)- 1542/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)- 1542/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verdiyi iddia ərizəsində Cavabdeh2 və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, CC/26401/48/83 saylı müqavilə üzrə 4191,42 manat əsas, 4133,48 manat faiz borcu olmaqla, cəmi 9560,73 manat, xx.xx.2015ci il tarixli, CR/18934/51/9 saylı müqavilə üzrə 634,61 manat əsas, 771,07 manat faiz borcu olmaqla, cəmi 1610,94 manat borcun və hər iki kredit üzrə cəmi 153 manat məbləğındə ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə tərkibi iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbinin əsasını İddiaçı ASC və vəfat etmiş borclu arasında bağlanmış kredit müqavilələri təşkil edir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə tərkibi işdə olan sübutlardan müəyyən edir ki, hazırkı mülki iş üzrə xx.xx.2015-ci il tarixli, CC/26401/48/8 saylı Kredit Sazişinə əsasən İddiaçı ASC tərəfindən X2 36 ay müddətinə illik 25% dərəcəsi ilə 5000 manat məbləğində pul krediti verilmiş, öhdəliyin icrasının son müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. xx.xx.2015–ci il tarixli, CR/18934/51/9 saylı müqavilə üzrə isə Bank of Baku” ASC tərəfindən X2 18 ay müddətinə illik 30% dərəcəsi ilə 1009 manat məbləğində pul krediti verilmiş, öhdəliyin icrasının son müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. X3 isə xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Qeyd edilməlidir ki, xx.xx.2015-ci il tarixli, CC/26401/48/8 saylı Kredit Sazişi üzrə iddia müddəti öhdəliyin icrasının son tarixi olan xx.xx.2018-dən hesablanaraq xx.xx.2021-ci ildə, xx.xx.2015-ci il tarixli, CR/18934/51/9 saylı Kredit Müqaviləsi üzrə isə öhdəliyin icrasının son tarixi olan xx.xx.2016-dan hesablanaraq xx.xx.2019-cu ildə başa çatmışdır. Buna baxmayaraq iddiaçı kredit müqavilələri üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni hər iki öhdəlik üzrə iddia müddətləri qanunun müəyyən etdiyi vaxt çərçivəsində bitmiş, kreditorun məhkəməyə müraciət etmək hüququ bu tarixlərdən etibarən məhdudlaşmışdır. İş materiallarından görünür ki, hazırda Cavabdeh1 iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Mülki işdən göründüyü kimi iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərara almışdır ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə tərkibi hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Həmçinin hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Həmçinin məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsində cavabdehlər tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyini qeyd etsə də iş materiallarında olan ərizədən görünür ki, bu ərizəni cavabdehlərdən sadəcə biri, Cavabdeh1 vermişdir. Buna baxmayaraq qeyd edilməlidir ki, hazırkı işdə vərəsələrdən sadəcə birinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi kifayətdir. Belə ki, qanunvericilik hər bir şəxsin özünə münasibətdə ərizə verməsini nəzərdə tutsa da, burada öhdəliklər yalnız kreditor və mərhum borclu arasındakı münasibətdən irəli gəlmişdir. Vərəsələr isə hüquqi varislik qaydasında mərhumun hüquq və öhdəliklərini davam etdirən şəxs kimi çıxış etdiklərindən, onlar mübahisədə müstəqil borclu deyil, məhz mərhumun hüquqi varisi kimi iştirak edirlər. Bu səbəbdən, ölənin vərəsələri onun adından təmsil olunur və vərəsələrdən yalnız birinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi digər cavabdehin mənafeyini də əhatə etməkdədir və iddia müddətinin tətbiqinin bütün vərəsələrə şamil edilməsi üçün əsasdır. Eyni zamanda iddianın vərəsələrə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterlidir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun pozulduğunu bildiyi, yəni vərəsəlik üzrə məlumatların əldə olunduğu an (xx.xx.2025) iddia müddətinin başlanğıc anı hesab edilməlidir. İş materiallarına əlavə edilmiş ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya sonuncu tərəfindən verilmiş cavabdan aydın olur ki, X1 mirasını cavabdehlər qəbul etmiş, miras əmlakına dair rəsmiləşən xx.xx.2019-cu il tarixli, 2V/21 reyestr saylı, xx.xx.2016-cı il tarixli 2V/200 reyestr saylı, xx.xx.2016-cı il tarixli 2V/193 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr həmin şəxslərə verilmişdir. Lakin mərhumun vərəsələri tərəfindən "xxxx" ASC-ə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, cavabdehlər qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadə etməyə cəhd göstərmişdir. Kreditor cavabdehlərin vərəsə olması barədə yalnız ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya verilmiş cavab ilə məlumatlı olmuş, dərhal sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apellyator iddia müddətinin başlanğıc anının vərəsəlik üzrə məlumatların əldə olunduğu an hesab olunduğu qeyd etsə belə “Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun qərarına nəzər yetirsək bu mövqenin əsassız olduğu qənaətinə gələrik. Həmin qərarda yekun hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konsitutsiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, mirasın qəbul edilmə forması istər notariat qaydasında rəsmiləşdirilmiş olsun, istərsə də faktiki hərəkətlərlə həyata keçirilsin hüquqi nəticəni dəyişmir.Yəni mirası qəbul edən vərəsə miras qoyanın həm aktivlərini, həm də passivlərini tam həcmdə öz üzərinə götürmüş sayılır. Universal hüquq varisliyi prinsipi bunu tələb edir və Mülki Məcəllənin 1306.1-ci maddəsi bu məsuliyyəti birmənalı şəkildə təsbit edir. Bu isə o deməkdir ki, kreditorun hüquqlarının müdafiəsi yalnız vərəsəlik şəhadətnaməsinin olub-olmamasından, yaxud vərəsələrin mirası hansı üsulla qəbul etməsindən asılı deyil. Miras əmlaka sahiblik və ya onu idarə etmək faktiki qəbul kimi qiymətləndirildiyindən, kreditor öz tələbi ilə birbaşa həmin vərəsələrə qarşı çıxış etməkdə tamamilə haqlıdır. Məhkəmə tərkibi qeyd edir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum X1 miras əmlakına dair rəsmiləşən xx.xx.2019-cu il tarixli, 2V/21reyestr saylı, xx.xx.2016-cı il tarixli və 2V/200 reyestr saylı, xx.xx.2016-cı il tarixli 2V/193 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh2 və Cavabdeh1 mərhum X1 vərəsələri müəyyən edilmişlər. Bununla belə Konstitusiya Məhkəməsinin bu normaları birlikdə şərh edən qərarında qeyd edilir ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması kreditorun məhkəməyə müraciət etmək hüququna heç bir maneə yaratmır. Yəni, kreditor vərəsəlik şəhadətnaməsi verilməsini gözləmədən də öz tələbi ilə məhkəməyə müraciət edə bilər və etməlidir. Bu isə o deməkdir ki, iddia müddəti vərəsəlik barədə məlumatın əldə olunmasından deyil, şəxsin vəfat etdiyi tarixdən və ya tələbin yaranmasından hesablanmalıdır. Yəni iddiaçının iddia müddətini sonradan əldə etdiyi vərəsəlik məlumatı ilə əlaqələndirməsi nə maddi hüquq normalarına, nə də möhkəm formalaşmış konstitusion şərhə uyğun gəlir. Belə ki, hazırkı iş üzrə də mərhumun xx.xx.2016-cı il tarixdə vəfat etdiyi, vərəsəlik şəhadətnamələrinin isə 2016–2019-cu illərdə verildiyi nəzərə alınmaqla, kreditorun iddia müddətinin yalnız 2025-ci ildə notariat orqanından informasiya almasından başladığını iddia etməsi hüquqi reallığa uyğun deyil. İddiaçının məlumatı gec əldə etməsi iddia müddətini süni şəkildə uzatmaq məqsədi güdən subyektiv hal olmaqla maddi hüquq norması ilə tənzimlənən iddia müddətinin hesablanmasına təsir göstərmir. Məhkəmə tərkibi haqlı olaraq vurğulayır ki, iddiaçının vərəsəlik məlumatının gec əldə olunduğuna istinad etməsi, xüsusilə də Konstitusiya Məhkəməsinin həmin normaları birlikdə şərh edən qərarı fonunda, əsassızdır. Çünki kreditor borclunun ölümü haqqında məlumat əldə etməklə artıq tələbin kimə yönələcəyini müəyyən etmək üçün hüquqi mexanizmlərə malikdir və bu araşdırmanı aparmaq onun üzərinə düşən minimal diqqət və ehtiyat vəzifəsinin tərkib hissəsidir. Beləliklə, iddiaçının iddia müddətinin başlanğıc anını xx.xx.2025ci il tarixi ilə bağlaması nə Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş müdafiə hüququnun mahiyyətinə, nə Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinin tətbiqinə, nə də Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələri ilə Konstitusiya Məhkəməsinin həmin normalara dair yekun hüquqi mövqeyinə uyğun gəlir. Davranış modeli və təqdim olunan dəlillər daha çox iddia müddəti institutundan sui-istifadə edilməsi cəhdi kimi görünür və bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1542/2025 saylı qətnaməsi İddiaçı ASCnin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1542/2025 saylı qətnaməsi İddiaçı ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1781/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1781/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver