Məhkəmə qərarları › İş №2(106)-1791/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1791/2024

03.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1791/2024 03.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı5, X6, İddiaçı7, Məmmədova Hicran Musa qızının, İddiaçı8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə qoyulan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(041)-27/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, X9, İddiaçı7, Məmmədova Hicran Musa qızı və İddiaçı8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq islahatı apırılan müddətdə onların ailəsinin birgə mülkiyyətinə 3.20 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə görə onlara torpağa mülkiyyət hüququna dair Dövlət aktı təqdim olunmuşdur. Onlara verilmiş pay torpaq sahəsini verilən gündən istifadə edirdilər. Belə ki, həmin sahədə taxıl əkib məhsul götürüblər. Sonradan həmin torpaq sahəsini istifadə etmədikləri üçün 2006-cı il tarixdə mülkiyyətlərində olan pay torpaq sahəsini 10 il müddətinə istifadə etmək üçün həmkəndliləri Zabit Camulla oğluna veriblər. Zabitlə aralarında heç bir rəsmi müqavilə bağlamayıblar. 10 il müddət başa çatdıqdan sonra onlar Zabitdən torpaqdan çıxmasını tələb ediblər. Zabit torpaqdan çıxmasını bir neçə il yubadıb. Sonradan onlara məlum olub ki, Zabitin bunu yubatmaqda məqsədi, onlara məxsus torpa sahəsini həmkəndliləri Cavabdeh2 torpaq sahəsi ilə dəyişməsi olub. Belə ki, Cavabdeh1 onlara məxsus torpaq sahəsini Cavabdeh2la öz aralarında razılaşıb ona məxsus torpaq sahəsi ilə dəyişib. Onlar müvəqqəti istifadə üçün torpaq sahələrini Cavabdeh1 verdikləri üçün ona qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair Kürdəmir Rayon Məhkəməsində iddia qaldırmışlar. Məhkəmənin müvafiq qərarına əsasən Cavabdeh1 onlara məxsus torpaq sahəsindən çıxarılması təmin olundu. Lakin qətnamə icraya yönəldikdə məlum oldu ki, həmin torpaq sahəsini hazırda Cavabdeh1 yox digər Cavabdeh2 qanunsuz sahibliyindədir. Ona görə də, qətnamə tam icra edilmədi. Onlara izah olundu ki, Cavabdeh1 və Cavabdeh2 qarşı məcburi qaydada torpaqdan çıxarılmaları barədə məhkəmədə iddia qaldırılmalı və hər iki cavabdehin torpaqdan çıxarılmaları təmin edilməlidir. Onlar bu məsələnin məhkəmədənkənar həll edilməsi üçün dəfələrlə cavabdehləri xəbərdar ediblər. Onlara könüllü qaydada torpaqdan çıxarılmalarını təklif ediblər, lakin heç bir əhəmiyyəti olmayıb. Kürdəmir Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(041)-27/2024 saylı qətnaməsi ilə (hakim Museyib Bayramov) iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən 3,20 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,48 ha hissəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: Torpağa mülkiyyət hüququna dair JN-1220 KOD 90602028 nömrəli Dövlət aktının surətindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, X7, İddiaçı7, Məmmədova Hicran Musa qızına, İddiaçı8 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 23 may 1998ci il tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonu Çölqubalı kəndi ərazisindən 3,20 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən İddiaçı1 və ailə üzvlərinin JN-122 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı iloə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 3,20 ha torpaq sahəsinin 2,48 ha hissəsinin döngə nöqtələri və kordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. JN-122 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,20 ha torpaq sahəsinin 2,48 ha hissəsi cavabdehlərin naturada göstərdikləri və faktiki olaraq istğifadə etdiklərini bildirdikləri 1,48 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildirilir ki, **********78 reyestr nömrəli çıxarışla Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,8364 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olan 2,48 ha torpaq sahəsinin qərbində yerləşir. Naturada aparılmış çöl ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/2228 nömrəli ekspert rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən JN-122 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,20 ha torpaq sahəsinin 2,48 ha hissəsinin cavabdehlərin naturada göstərdikləri və faktiki olaraq istifadə etdiklərini bildirdikləri 1,48 ha torpaq sahəsi ilə üstüstə düşdüyü, **********78 reyestr nömrəli çıxarışla Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,8364 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 2,48 ha torpaq sahəsinin qərbində yerləşdiyi müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı5, X9, İddiaçı7, Məmmədova Hicran Musa qızı, İddiaçı8 iddia ərizəsi ilə məhkməyə müraciət edərək onun Cavabdeh1 onlara məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onların iddiası qismən təmin edilmiş və Cavabdeh1 iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmasın qət olunmuşdur. Halbuki, torpaq sahəsi ona məxsus deyil. Həmçinin iddia ərizəsində hakim bir hala diqqət yetirməmiş, İddiaçı4 adından iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və adından iddia ərizəsinə imza atılmışdır. Halbuki, İddiaçı4 1998-ci ildə vəfat etmişdir. Habelə ekspert rəyi sübut kimi qəbul oluna bilməz. Ekspert həmin rəyi necə və harada verib ümumiyyətlə araşdırılmamışdır. Tərəfindən qətnamə elan olunarkən onun dəvət olunmadığı proseesual pozuntu kimi qəbul olunmalıdır. İddiaçı1 məhkəmə iclasında izahatında bildirmişdir ki, iş üzrə zəruri sübutları var və izahatında həmin sübutlara əsaslanır. O, 2006-cı il tarixdə Cavabdeh1 ilə aralarında həmin torpaq sahəsini 10 il müddətinə icarəyə verməsi barədə razılıq əldə etmişdir. Həmin razılaşma sənədində torpaq sahəsinin satılması bağlı müddəa olmamışdır. 2016-cı il tarixdə icarə müddəti bitdiyi üçün cavabdehdən torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. Onun övladlarının da həmin torpaq sahəsində payı var. Dəfələrlə torpaq sahəsindən çıxması barədə Cavabdeh1 iradlarını bildirsə də, o, əhəmiyyət verməmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı ilə qohumluq münasibətləri var. Belə ki o, Cavabdeh1 ilə mübahisəli torpaq sahəsini dəyişmiş, hazırda ona maddi ziyan dəyməkdədir. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə 2008-ci ildə alqı-satqı olmuşdur. Həmin torpaq sahəsindən çıxmağa razıdır, lakin iddiaçıya verdiyi pulu istəyir. Torpaq sahəsini Cavabdeh2 ilə 2010-cu il tarixdə dəyişdirmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən digər şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamalı və Kürdəmir Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(041)-27/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Kollegiya eyni zamanda diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bununla yanaşı, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Kollegiya nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən diqqətə çatdırmağı zəruri hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-1220 KOD 90602028 nömrəli Dövlət aktına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, X7, İddiaçı7, Məmmədova Hicran Musa qızına, İddiaçı8 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 23 may 1998ci il tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonu Çölqubalı kəndi ərazisindən 3,20 hektar torpaq sahəsi verilmişdir. Ancaq iş materiallarında olan Kürdəmir rayon qeydiyyat şöbəsinin 16 noyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı4 05 may 1998-ci ildə Bakı şəhərində ölmüşdür. Göründüyü kimi, o, vəfat etdiyi üçün prosessual tərəf statusu əldə də edə bilməzdi. Qeyd edilməlidir ki, iddia ərizəsində adı göstərilsə də, hazırkı – qanuniliyi və əsaslılığı yoxlanılan qətnamədə İddiaçı4 iddia qaldırması və ona dair hər hansı qərarın qəbul edilməsi müəyyən edilmir. Beləcə, araşdırma predmeti olan qətnamədə hər hansı prosessual pozuntu aşkar edilməmişdir. Bundan başqa, ekspert rəyinin sübut kimi qəbul oluna bilmə imkanına dair dəlil üzrə nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, həmin məcəllənin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Yuxarıda göstərilən prosessual normalardan irəli gələrək məhkəmə iş üzrə ekspertiza keçirərək müvafiq rəy əldə etmiş və yekun qərarında da məhz ona əsaslanmışdır. Qeyd edilənlərlə yanaşı diqqətə alınmalıdır ki, apellyasiya şikayəti vermiş Cavabdeh2 bütün prosessual hüquq və vəzifələri izah edilərək məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır (səh. 21-26, 92). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(041)-27/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(041)-27/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar