Məhkəmə qərarları › İş №2(106)-1801/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1801/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1801/2024 02.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cəmi borcu 10.673,97 ABŞ dollarının, bundan 5.691,09 ABŞ dolları əsas, 1.349,05 ABŞ dolları faiz, 2.812,23 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 821,60 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 144,44 manat dövlət rüsumunun cavabdehdən tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1557/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı cəmi borcu 10.673,97 ABŞ dollarının, bundan 5.691,09 ABŞ dolları əsas, 1.349,05 ABŞ dolları faiz, 2.812,23 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 821,60 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 144,44 manat dövlət rüsumunun cavabdehdən tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 48 ay müddətinə illik 23% dərəcəsi ilə 8.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 01/15-ƏS nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 8.184,72 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunmuşdur. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7.976,42 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə cavabdehin kredit üzrə cəmi borcu 10.673,97 ABŞ dolları təşkil edir. Bundan 5.691,09 ABŞ dolları əsas, 1.349,05 ABŞ dolları faiz, 2.812,23 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 821,60 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-1557/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsi (Hakim: Zaur Pirverdiyev) ilə, iddianın qismən təmin edilməsi, ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən 5.691,09 ABŞ dolları əsas, 1.349,05 ABŞ dolları faiz, 284 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 821,60 ABŞ dolları faiz borcu, cəmi 8145,74 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə Cavabdeh tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 144,44 manat dövlət rüsumunun 110,22 manat məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan 34,22 manat məbləğin Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-1557/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 2(036)- 1557/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin 2(036)-1557/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə rurulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranınınölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməsini iş materialları (tərəflər arasında bağlanmış kredit müqaviləsi və s. sənədlərlə) ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-1557/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Məhkəmə müqavilə tələbi üzrə iddia tələbini təmin edərək nəzərə almamışdır ki, mübahisə edilən müqavilənin tələblərinə əsasən cavabdehin ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və fərmanın icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 4165.31 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 5 % olmaqla 5 il ( bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bu halları aydınlaşdırmamış, kredit müqaviləsi üzrə iddia tələbini təmin edərkən maddi hüquq normalarını səhv təfsir və tətbiq edərək qanunsuz qətnamə qəbul etməklə qətnamənin apellyasiya qaydasında qismən ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə “şəxsi istehlak” məqsədi ilə 48 ay müddətinə illik 23% dərəcəsi ilə 8.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 01/15-ƏS nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 8.184,72 ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunmuşdur. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7.976,42 USD təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və cavabdeh götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 4165.31 manat təşkil etməsi müəyyən olunmuşdur. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Kollegiya qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 4165.31 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi araşdırılan kredit müqaviləsi üzrə tələb olunan məbləğə dair yekun nəticəyə gələrkən nəzərə almamışdır ki, kredit müqaviləsi üzrə tələb olunan faiz və cərimə borcu mövcud olmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 4165.31 manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış iddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilmiş və Cavabdeh aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 4165.31 manat təşkil etməsi və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulun məhkəmə qaydasında tələb etmək hüququ yaranır. Belə ki, problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin izahından görünür ki, 01 mart 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) borcun azaldılmasına yönəldilmiş məbləğ çıxılmaqla qalıq borcu isə 4165.31 manat məbləğində müəyyən edilmişdir. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi iddia tələbini kredit müqaviləsi üzrə tam təmin etməklə maddi və prosessual hüquq normalarını səhv təfsir və tətbiq etməklə yekun nəticəyə gəlmiş, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən faiz və cərimə borcu hissələrində ləğv edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1557/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh 4165.31 manat əsas borc alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. . Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Ona görə də kollegiya qeyd edir ki, Cavabdeh münasibətdə iddianın təmin edilən hissəsində qiyməti beş min manatdan az olduğundan onun tərəfindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1557/2024 saylı, 19 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4165.31 manat əsas borc alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar