Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1805/2023 07.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X29 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X14 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(041)-177/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 5000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17.02.15-ci il tarixdə Cavabdeh "xxxx"QSC-dən kredit almaq üçün cavabdehin xahişinə əsasən zamin olmuşdur. Cavabdeh aylıq kredit məbləğini vaxtında ödəmədiyi üçün və sonralar ödənişdən tamamilə imtina etdiyi üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qalıq borcun zaminlərdən tutulması haqqında qətnamə qəbul olunmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti versə də, onun apellyasiya şikayəti qismən təmin edilmiş və digər zaminlərdən, o cümlədən iddiaçıda daxil olmaqla müştərək qaydada 25970 ABŞ dolları tutularaq iddiaçı banka ödənilməsi qət edilmişdir. Şirvan Ağellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, hər ay iddiaçıdan əmək haqqının 50% Cavabdeh görə "xxxx"ın xeyrinə tutulmuşdur. Beləliklə iddiaçının əmək haqqından 5000 manat pul tutulub "xxxx"QSC-nin hesabına köçürülmüşdür. İddiaçının əmək haqqından tam olaraq 5000 (beş min) manat pul tutulandan sonra "xxxx"QSC- yə müraciət etmiş və onun borc hissəsinə düşən pulun tam ödədiyi üçün tələbkar bank tərəfindən iddiaçının zaminliyinə xitam verilmiş və onun bank qarçısında heç bir öhtəliyi qalmamışdır. Bundan sonra Cavabdeh onun əvəzinə banka ödədiyi 5000 manat pulun qaytarılmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də bir nəticəsi olmamışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh 5000 manat əsas borc və məhkəmədə iddia qaldırmaq üçün ödəniş etdiyi 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh oglu iddianı qəbul etməyərək bildirmişdir ki, 18 fevral 2015-ci il tarixdə "Access Bank” QSC-yə olan 7.000 manat kredit borcunu bağlayaraq, yenidan hamin Bankin Kürdəmir filialindan, qaynı İddiaçıla birlikdə 12.500 manat kredit götürmüşdür. Bir neçə ay keçdikdan sonra Bankdan onlara məlumat veriblər ki, ABŞ dollarının məzənnəsinin yüksəlməsi ilə əlaqadar olaraq, sizin Banka olan borcunuz 25.000 ABŞ dollari ilə hesablanıb. Onlar pulu götürməmişdən 100 ABŞ dolları 0,78 manat olmuşdu. Onlar bu pulu vaxtlı-vaxtında ödəmişlər. Bir müddət keçdikdən sonra, yəni 2017-ci ilin iyun ayının 25-də onun qaynı İddiaçı və atası, yəni qayınatası Valeh Xələfovun sifarişi ilə onların əmisi uşağı olan Xələfov Rövşən tərəfindən onların girova qoyduqları evi yandırmışlar. Sonra onun krediti ödəməyə heç bir imkanı olmamışdır. Ona görə ki, maşınları, ev əşyaları ilə bir yerdə tamamilə yanmışdır. X37 və o, İddiaçı və Alimin atası Valeh Xələfova dəfələrlə demişdir ki, Bankın pulunu ödəyin. Onlara Bankdan xəbər gəlmişdir ki, pulu ödəməsəniz eviniz satışa çıxarılacaq. O, da fikirləşmişdir ki, bu ev yanıb və bu ev necə satılacaq. xx.xx.2022-ci il taridə Məhkəmə olacaqdır. xx.xx.2022-ci il tarixdə X37 xəstəliyi ilə əlaqədar Bakı şəhərində yerləşən xəstəxanaya yerləşdirilmişdir və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X38 adlı şəxs onlara zəng edib bildirmişdir ki, kredit zaminlərdən tutulacaqdır. Zaminlərin maaşlarından 3 ay tutulduqdan sonra, O, yuxarı orqanlara məlumat vermişdir ki, götürülən bu kredit qaynı İddiaçıla götürülüb və onunla bölünüb. Bundan sonra İddiaçı Banka müraciət etmiş və Banka 5.000 manat ödəyərək zaminlikdən çıxmışdır. Zaminlərdən digəri X5, Alimin əli ilə 5.000 manat verərək, onuda zaminlikdən çıxarmışdır. O, Banka gedərək, Bank işçisi Rasim adlı şəxsdən qalan kreditin məbləğini öyrəndikdə, ona bildirmişdir ki, İddiaçı anası Gülşənin adından 5.000 manat pul ödəyərək, onların Bankda olan girov evlərini öz adına keçirmişdir. O, qaynı Alimə bildirmişdir ki, krediti tamamilə ödəmisən? Alim də bildirmişdir ki, krediti tamamilə ödəyərək, girovu anasının adına keçirmişdir. O, Banka yaxınlaşaraq, bu işə aydınlıq gətirilməsini Rasim adlı şəxsdən xahiş etmişdir. Rasim ona bildirmişdir ki, borc bağlanmamışdır. Ona təklif etmişdir ki, 15 dekabr 2022-ci ilə qədər 6.500 manat gətirsəniz təmizlik kağızını ala bilərsiniz. O da bildirmişdir ki, onun qaynı İddiaçı krediti tamamilə bağlamamışdır? Rasim də ona demişdir ki, sizin kreditiniz tam bağlanmayıb və girovda olan ev də Bank tərəfindən Gülşən Xələfovaya satılıb. Bildirir ki, mərhum atasının adında olan ev onun xəbəri olmadan necə satıla bilər? Ona heç bir məlumat verilmədən "Accessbank” QSC-də girovda olan evini, qayınanası Gülşən Xələfovaya satmışdır. Faktiki olaraq atasının varisi kimi ev anasının adına keçməli idi. Bu günə kimi qaliq kredit borcu qanunsuz olaraq anasının pensiya kartından 170 manat tutularaq "Accessbank” QSC-yə köçürülür. Bütün bunları nəzərə alaraq girovda olan evlərinin onun xəbəri olmadan Bank tərəfindən necə satılmasını va bu günədək Banka 18.000 manata qədər pul ödənilmiş, hələ də onların guya Banka 6.500 manat borcu qalmışdır. Cavabdeh göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 11 may 2023-cü il tarixli, 2(041)-177/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70.40 manat olmaqla, cəmi 5070.40 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən, Azərbaycan Respublikasının Mülki Məcəllənin 470-ci və 472-ci maddələrinin tələblərini pozmuşdur. Qeyd olunan maddənin məzmunundan da görünür ki, zamin kreditor qarşısında eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh kredit öhdəliklərimi vaxtlı-vaxtında yerinə yetirmişdir. Lakin İddiaçı və onun atası yəni qayınatası Valeh Xələfovun sifarişi ilə onların əmisi uşağı olan Rövşən Xələfov tərəfindən evləri yandırıldığı üçün krediti vaxtında ödəməyə imkanı olmamışdır. Buna görə də Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1892/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə kreditin zaminlərdən tutulması qət edilmişdir. İddiaçı banka müraciət edərək və banka 5.000 manat ödəyərək zaminlikdən çıxmışdır. Zaminlərdən digəri X5, Alimin əli ilə 5.000 manat verərək zaminlikdən çıxmışdır. O, banka gedərək bank işçisi Rasim adlı şəxsdən qalan kreditin məbləğini öyrəndikdə, ona bildirilmişdir ki, İddiaçı anası Gülşənin adından 5.000 manat pul ödəyərək, onların bankda olan girova qoyduqları evi öz adına keçirmişdir. O, Alimdən krediti tamamilə ödəyibödəmədiyini ona krediti tam ödədiyini və girovda olan evi anasının adına keçirdiyini demişdir. Bununla bağlı olaraq o, banka gedərək Rasim adlı şəxsdən işə aydınlıq gətirilməsini xahiş etmişdir. O, cavabdehə borcun bağlanmadığını, 15 dekabr 2022-ci ilə qədər 6.500 manat ödədiyi təqdirdə təmizlik kağızını ala biləcəyini, həmçinin Alimin krediti tam bağlamadığını və girovda olan evin bank tərəfindən Gülşən Xələfovaya satıldığnı demişdir. Qeyd etmək istəyir ki, mərhum atasına məxsus ev onların xəbəri olmadan Gülşən Xələfovaya satılmışdır. Faktiki olaraq atasının varisi kimi ev anamın adına keçməli idi. Qalıq kredit borcu qanunsuz olaraq hər ay anasının pensiya kartında 170 manat məbləğində tutularaq "xxxx" QSC-nin hesabına köçürülmüşdür. Ümumilikdə banka 18.000 manat məbləğində pul ödəsələr də, hələ də onların guya 6.500 manat borclarının qaldığı deyilmişdir. Eyni zamanda bildirmək istəyir ki, "xxxx"QSC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən kredit öhdəliyimin tam olaraq yerinə yetirildiyi bildirilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik olduğu halda, heç biraraşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş işə birtərəfli qaydada baxmış, qərəzli və qeyri-obyektiv qərar vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, işə baxan birinci instansiya məhkəməsi iş materiallarında olan hansı sübutlara əsasən yekun nəticəyə gəldiyini qətnamədə qeyd etməmişdir. Ümumiyyətlə işə baxan məhkəmə yekun nəticəyə gəlmək üçün qətnamənin təsviri-əsaslandırıcı hissəsində hansı halların müəyyən edildiyini göstərməmişdir. Beləliklə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa oxşar izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı onun kredit borcu üzrə zaminlərdən biri olmuşdur. Alim banka 5000 manat pul ödəmişdir. O, özü də banka pul ödəmişdir. Hesab etmişdir ki, Alim banka pul ödəsə də ödəmiş olduğu pulu ondan tələb etməyə haqqı yoxdur. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və göstərmişdir ki, cavabdeh onun xalası oğludur. O, özü hərbçidir, hazırda da xidmətdədir. Bildirmişdir ki, cavabdehin bank qarşısındakı öhdəlikləri üçün 9 zamindən biri olmuşdur. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün onun əmək haqqından tutmalar aparılmışdır. Cavabdehə bir neçə dəfə borcunu bağlamağı təklif etsə də, o borcunu ödəməmişdir. Bundan sonra aralarında narazılıq yaranmış və cavabdeh ondan müxtəlif orqanlara , həmçinin Müdafiə Nazirliyinə şikayətlər etmişdir. Buna görə o bankla danışığa gedərək banka birdəfəlik 5000 manat ödəyərək zaminlikdən çıxmışdır. Bundan sonra birdəfəyə ödəmiş olduğu 5000 manat pulu reqres qaydasında cavabdehdən tələb etmişdir. Buna görə də apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1 -ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsıdıar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxıl olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbim ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin İş 2(041)-1892/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı, "Accesbank” QSC cavabdehlər Cavabdeh, X9, X10, X12, X2, X6, İddiaçı, X3, X13 və X7 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair Kürdəmir Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir və həmin məhkəmənin iş 2(041)- 1892/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdehlər Cavabdeh, X15, İddiaçı, X16, X19, X17, X5 və X1 müştərək qaydada xx.xx.2015-ci il tarixli 26L000001833S saylı kredit müqaviləsi üzrə 20829,38 ABŞ dolları əsas əsas borc, 2540,62 ABŞ dolları faiz borcu, 2600 ABŞ dolları cərimə olmaqla, 25970 ABŞ dolları, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə ödənilən 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "Accesbank” QSC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti, Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən X16, Cavabdeh, X19, X17 və X2 məxsus 0,09 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş X9 məxsus 2 mərtəbəli, 3 otaqlı, 100.7 kv. metr yaşayış, 118,9 kv.metr yardımçı, 219.6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin hərracda satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan 25970 ABŞ dolları borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə ödənilən 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun ödənilməsi, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evi satıldıqdan bir ay sonra cavabdehlər X16, Cavabdeh, X19, X17, X8, X20 və X4 həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin İş 2(106)-56/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, qətnaməsindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin iş 2(041)-1892/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, qətnaməsindən apellyasiya şikayəti verilmiş, apellyasiya məhkəməsində xx.xx.2018-ci il tarixdə şikayətə baxılmış və Kürdəmir Rayon Məhkəməsinin iş 2(041)-1892/2016 nömrəli xx.xx.2016-cı il tarixli, qətnaməsi qismən dəyişdirilərək, Cavabdehlər Cavabdeh, X15, İddiaçı, X16, X19, X17, X5 və X1 müştərək qaydada xx.xx.2015-ci il tarixli 26L000001833S saylı kredit müqaviləsi üzrə 20829,38 ABŞ dolları əsas borc, 2540,62 ABŞ dolları faiz borcu, 2600 ABŞ dolları cərimə olmaqla, 25970 ABŞ dolları, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə ödənilən 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "Accesbank” QSC-nin xeyrinə ödənilsi hissəsində dəyişdirilərək-Cavabdehlər Cavabdeh, X15, İddiaçı, X16, X19, X17, X5 və X1 müştərək qaydada 20784,09 ABŞ dolları əsas borc, 2540,62 ABŞ dolları faiz borcu və 1186.99 ABŞ dolları cərimə borcu olmaqla cəmi 24511.70 ABŞ dolları kredit borcu (ödəmə günü azərbaycan manatına məzənnə ilə), habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə ödənilən 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "Accesbank” QSC-nin xeyrinə ödənilsin kimi qərara alınmışdır. Sonuncu qətnamə qanuni qüvvəsini almış və göstərilən qaydada icraya yönləndirilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1892/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-56/2018 nömrəli, xx.xx.2018ci il tarixli, həmin hissədə qüvvədə qalan qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixli 26L000001833S saylı kredit müqaviləsinin təminatı üsulu kimi kredit xətti müqaviləsi üzrə X21, İddiaçı, X16, X19, X17, X5 və X11 arasında zaminlik müqavilələri bağlanmışdır. Və onlar həmin müqavilə üzrə Cavabdeh ilə eyni həcmdə məsuliyyət daşımışlar. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi halı yoxlamaq məqsədilə "Accesbank” QSC-yə ödənişlər haqqında məlumat almaq məqsədilə 10 aprel 2023-cü il tarixdə məktub ünvanlamışdır. "Accesbank” QSC-nin 4068-nömrəli, xx.xx.2023- cü il tarixli cavabına əlavə edilmiş hesabdan çıxarışın əsli əlavə edilmiş və "Accesbank” QSC-yə İddiaçı tərəfindən Cavabdeh hesabına 5000 (beş min) manatın ödənilməsi göstərilmişdir. "Accesbank” QSC-nin Baş ofis müştəriləri üzrə X25 tərəfindən İddiaçı 045731 nömrəli, 12891, xx.xx.2022-ci il tarixli, 24 məktubu ilə İddiaçı "Accesbank” QSC qarşısında öhdəliyinin mövcud olmaması bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı - X18 mədaxil qəbzindən görünür ki, Xələfov X22 rayon məhkəməsində iddia ərizəsi ilə müraciət etmək üçün 70,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, 17.02.15-ci il tarixdə Cavabdeh "Accessbank” QSC-dən kredit almaq üçün cavabdehin xahişinə əsasən zamin olmuşdur. Cavabdeh aylıq kredit məbləğini vaxtında ödəmədiyi üçün və sonralar ödənişdən tamamilə imtina etdiyi üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qalıq borcun zaminlərdən tutulması haqqında qətnamə qəbul olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti versə də, onun apellyasiya şikayəti qismən təmin edilmiş və digər zaminlərdən, o cümlədən iddiaçı da daxil olmaqla müştərək qaydada 25970 ABŞ dolları tutularaq iddiaçı banka ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, hər ay iddiaçıdan əmək haqqının 50% Cavabdeh görə "xxxx"ın xeyrinə tutulmuşdur. Beləliklə iddiaçının əmək haqqından 5000 manat pul tutulub "xxxx" QSC-nin hesabına köçürülmüşdür. İddiaçının əmək haqqından tam olaraq 5000 (beş min) manat pul tutulandan sonra "xxxx" QSC-yə müraciət etmiş və onun borc hissəsinə düşən pulun tam ödədiyi üçün tələbkar bank tərəfindən iddiaçının zaminliyinə xitam verilmiş və onun bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Bundan sonra Cavabdeh onun əvəzinə banka ödədiyi 5000 manat pulun qaytarılmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də bir nəticəsi olmamışdır. İddiaçı Cavabdeh verdiyi pulu ondan tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirməklə ona olan borcunu ödəməkdən yayınır. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Kürdəmir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(041)-177/2023 saylı dəyişdirilmədən saxlanmalıdır. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manat olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(041)-177/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1805/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1805/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver