Məhkəmə qərarları › İş №2(106)-1806/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1806/2025

14.05.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1806/2025 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Lənkəran regional “ASAN xidmət” mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0.31 ha pay torpaq sahəsinə yerində müayinə keçirilməsi üçün cavabdeh Cavabdeh və onun ailə üzvlərinin tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, o, ##.##.1973-cü il tarixdə Lənkəran rayonu, Avrora qəsəbəsində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində 0,31 ha pay torpaq sahəsi verilmişdir. Bu barədə onların adına torpağa mülkiyyət hüququna dair JN-115 KOD-******** saylı dövlət aktı verilmişdir. Hazırda onlar həmin torpaq sahəsinə dair çıxarış əldə etmək istəyirlər. Bununla bağlı o, Lənkəran regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş, həmin idarənin mütəxəssisləri onların mülkiyyətlərində verilmiş torpaq sahəsinin sərhədlərini naturada tanıdılmasına köməklik göstərərkən onlara məxsus torpaq sahəsinin bir qisminin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən istifadə edildiyindən və cavabdeh onu həmin torpaq sahəsinə buraxmadığına Lənkəran regional “ASAN xidmət” mərkəzinin əməkdaşları onlara məxsus torpaq sahəsinin sərhədlərini naturada müəyyən edə bilməyiblər. Lənkəran regional “ASAN xidmət” mərkəzinin mütəxəssisləri həmin torpaq sahəsinə baxış keçirə bilmədikləri üçün və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edə bilmədikləri üçün, yəni torpaq sahəsini müayinə etmək üçün şərait yaradılmadığı üçün onun ərizəsini icrası mümkün olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh və onun ailə üzvlərinin qanunsuz olaraq zəbt etdikləri Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşməklə iddiaçının mülkiyyətində olan 0,31 ha pay torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə, (hakim Anar Pənahov) cavabdeh Cavabdeh Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli Qərarı ilə ayrılmış və JN-115 (KOD ********) nömrəli "xxxx" əsasında İddiaçı və ailə üzvünün mülkiyyətində olan Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, cavabdeh Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaitinin X5 xeyrinə tutulması, mütəxəssis rəyinə dair ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat olmaqla, cəmi 195 manat mbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: - «Torpağın mülkiyyətə verilməsinə dair» JN 115 KOD ******** №-li Dövlət aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarına əsasən Lənkəran rayonu, Hirkan qəsəbəsi yerləşən 0,31 ha ölçüdə kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi İddiaçı və onun ailə üzvü olan X2 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*- **/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, X3 uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli Qərarı ilə JN-115 (KOD ********) nömrəli "xxxx" əsasında İddiaçı və ailə üzvünün mülkiyyətlərində olan Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyətdə bütövlüklə cavabdeh Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Cavabdeh Cavabdeh istifadəsində olan mübahisəli 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən məftil ilə çəpərə alınaraq istifadə edilməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Ödəniş qəbzindən görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçı İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, hazırkı mülki iş üzrə mütəxəssis rəyinin verilməsi üçün iddiaçı İddiaçı tərəfindən 95 manat xidmət haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbində iddiaçı İddiaçı cavabdeh Cavabdeh və ailə üzvlərin onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbtən azad edilməsini tələb edir. Lakin cavabdeh məhkəmə iclasında bunu təkzib edərək, idiaçıya məxsus olan torpaq sahəsini zəbt etmədiyini bildirir. İş materiallarına əlavə edilmiş ekspert rəyində də iddiaçı İddiaçı mülkiyyətində olan, Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0,31 ha pay torpaq sahəsinin faktiki olaraq cavabdeh Cavabdeh istifadə etməsi müəyyən olunmuşdur. Odur ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyinə görə cavabdeh Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X5 (kod:210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN 1700326621, Hesab: AZ34CTRE 00000000000002088501) xeyrinə tutulmalıdır. Mütəxəssis rəyinə dair ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, cəmi 195 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 (1)-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 239.2, 170.2-ci maddələri, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1, 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, nə o, nə də ki, ailə üzvləri İddiaçı mülkiyyətində olan torpaq sahəsini zəbt etməmiş və orada heç bir tikili inşa etməmişdirlər. İstifadəsində olan torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır və bu barədə rəsmi Dövlət Aktı da vardır. Lakin məhkəmə onun təqdim etdiyi rəsmi sənədlərə və dediklərinə əhəmiyyət belə verməmişdir. Belə ki, o, Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı özünə və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.11 ha torpaq sahəsinə dair JN-0072 (KOD 80203016) Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nı mütəxəssisə və məhkəməyə təqdim etsə də, məhkəmə qəbul etdiyi qətnaməsində onun sənədinə belə istinad etməmiş və ona hüquqi qiymət belə verməmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edildiyindən aydın görünür ki, hansı ki, onun və ailə üzvlərinin hazırda istifadə etdikləri 1.11 ha torpaq sahəsi 1998-ci ildə Lənkəran Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin vaxtdan da onlar həmin 1.11 ha torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edirlər. İddiaçı İddiaçı isə uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır və 15 ildir ki, heç Azərbaycana gəlmir, JN-115 (KOD ********) nömrəli "xxxx" əsasında Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli Qərarı onun və ailə üzvünün mülkiyyətinə verilmiş 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Lənkəran rayonu, Hirkan qəsəbəsinin harasında yerləşməsini yəqin özü də bilmir və həmin torpaq sahəsindən də heç vaxt istifadə etməmişlər. İndisə nümayəndəsi vasitəsi ilə gələrək onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və uzun illərdir ki, ondan istifadə edərək təmizlik işləri gördükləri və yararlı hala salaraq orada mandarin bağı saldıqları torpaq sahəsini onların əlindən almaq istəyir. Hansı ki, iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsində iddia etdiyi torpaq sahəsinin hansı vaxtdan hansı vaxta kimi istifadə etdiyini və hansı vaxtdan onun həmin torpaq sahəsini iddiaçı İddiaçı iddia etdiyi kimi zəbt etməyi ilə bağlı heç bir araşdırma aparmadan yuxarıda qeyd etdiyi kimi ancaq ekspertin verdiyi əsassız rəyə əsaslanaraq güman etmişdir ki, o, iddiaçı İddiaçı torpaq sahəsini zəbt etmiş və həmin zəbt etdiyi torpaq sahəsini zəbtdən azad etməlidir. Burada sual olunur ki, əgər 30 ildən çox bir müddət ərzində onun və ailə üzvlərinin mülkiyyətində olmaqla istifadələrində olan torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə 1998-ci ildən iddiaçı İddiaçı və ailə üzvünün xüsusi mülkiyyətində idisə, necə olur ki, o ona imkan vermişdir ki, o onun xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq mandarin ağacları əkərək orada özü üçün bağ salmış və onlar, vaxtında bununla əlaqədar heç bir yerə müraciət etməmişlər. Lakin məhkəmə işə baxarkən onun təqdim etdiyi rəsmi sənədlərə və dediklərinə əhəmiyyət belə verməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Lənkəran Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində-iddianın təmin edilmiş cavabdeh Cavabdeh Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli Qərarı ilə ayrılmış və JN-115 (KOD ********) nömrəli "xxxx" əsasında İddiaçı və ailə üzvünün mülkiyyətində olan Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdeh Cavabdeh və onun ailə üzvlərinin qanunsuz olaraq zəbt etdikləri Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşməklə iddiaçının mülkiyyətində olan 0,31 ha pay torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İş materiallarına əlavə edilmiş ekspert rəyində iddiaçı İddiaçı mülkiyyətində olan, Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0,31 ha pay torpaq sahəsinin faktiki olaraq cavabdeh Cavabdeh istifadə etməsi müəyyən olunmuşdur. Odur ki, iddia təmin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və II hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Apellyasiya şikayətinin əsas dəlili cavabdeh tərəfindən təqdim edilmiş torpaq sənədlərinə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməməsi ilə bağlıdır. Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, onların üst-üstə düşüb-düşməməsinin aydınlaşdırılması və faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi xüsusi bilik tələb edən hal olduğundan məhkəmə tərkibinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis cəlb edilmişdir. Azərbаycаn Respublikаsının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Lənkəran Ərazi Dairəsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, ****/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir: Qərardadın ikinci sualı üzrə: İddiaçı və ailə üzvünün X3 uçotu informasiya sistemində faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapan torpaq sahəsinin faktiki vəziyyətdə cavabdeh Cavabdeh faktiki istifadəsində olan 1,11 ha torpaq sahəsinin koordinatları daxilində yerləşməsi və həmin 1,11 ha torpaq sahəsinin Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın beş və altıncı sualı üzrə: Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli Qərarı ilə JN-115 (KOD ********) nömrəli "xxxx" əsasında İddiaçı və ailə üzvünün mülkiyyətlərində olan Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli Qərarı ilə JN-0072 (KOD ********) nömrəli "xxxx" əsasında Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatlarının üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın yeddi və səkkizinci sualı üzrə: X3 uçotu informasiya sistemində JN-*** nömrəli "xxxx" əsasında İddiaçı və ailə üzvünün faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapan 0,31 ha torpaq sahəsinin cavabdeh Cavabdeh faktiki istifadəsində olan 1,11 ha torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi və həmin 0,31 ha torpaq sahəsinin Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, rəy nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İş materiallarından müəyyən edilir ki, ölçmə və müəyyənləşdirmə işləri X3 Uçotu İnformasiya Sisteminin (TEKUİS) rəsmi elektron baza məlumatları əsasında aparılmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, TEKUİS məlumatları torpaq sahələrinin kadastr sərhədlərinin müəyyən edilməsi üçün dəqiq və etibarlı mənbə hesab olunmaqdadır. Beləliklə, yuxarıda qeyd edilən mütəxəssis rəyindən göründüyü kimi, iddiaçı İddiaçı məxsus 0,31 ha torpaq sahəsinin sənəd üzrə koordinatları cavabdeh Cavabdeh məxsus 1,11 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə üst-üstə düşməməklə tərəflərin torpaq sahələri arasında sənədlərin toqquşması halı mövcud olmamışdır. Bununla yanaşı, əldə edilmiş rəyə əsasən iddiaçıya məxsus torpaq sahəsinin faktiki olaraq cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin təqdim etdiyi torpağa mülkiyyət hüququna dair sənədlər mübahisəli torpaq sahəsinə münasibətdə onun hüquqlarını təsdiq etməməklə həmin sənədlər iddiaçının torpaq sahəsinin faktiki olaraq zəbt olunması faktını aradan qaldırmamışdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə tərkibinin qənaətinə görə cavabdeh qanunsuz hərəkətləri ilə iddiaçının torpaq sahəsi üzərində qanunla qorunan mülkiyyət hüququnu pozur, məhdudlaşdırır. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Eləcə də, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Odur ki, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsi qanuni əsaslara söykənmir, həmin istifadə iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxilə olmaqla özbaşına tutulma (zəbt) halıdır. Bu baxımdan iddiaçının mülkiyyət hüququnun bərpası məqsədilə mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsindən azad edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslıdır. Cavabdehin uzun müddət ərzində mübahisəli torpaq sahəsindən istifadə etməsi, həmin sahədə əkin aparması, o cümlədən iddiaçının uzun müddət ərzində torpaq sahəsi ilə maraqlanmaması barədə dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, göstərilən hallar subyektiv xarakter daşımaqla mülkiyyət hüququnun əmələ gəlməsi, dəyişməsi və ya xitamı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara aid deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul iddiaçı İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul iddiaçı İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar