Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1810/2023 05.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X6 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(032)-780/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(032)-780/2023 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddianın qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-1622/2022 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay uşağa görə 150 manat miqdarında alimentin dəyişdirilərək artırılması, xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.1991-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi və Cavabdeh dövlət rüsumu kimi 41 manatın tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İddiaçı Şirvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(032)-780/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(032)-1622/2022 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay alınaraq ona verilməsi qət edilmiş 150 manat sabit pul məbləğində olan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(032)-1622/2022 saylı qətnaməsinə əsasən Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 30 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli 22 sentyabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla xx.xx.1991-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hüquqi savadsızlığı üzündən, eyni zamanda maddi imkansızlığdan həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Həmin vaxtdan indiyə qədər cavabdeh demək olar ki, uşağı ilə, onun sağlamlığı ilə maraqlanmamış, öz valideynlik borcunu yalnız 150 manat sabit pul məbləğində alimentin ona ödənilməsi ilə bitmiş hesab etmişdir. Azyaşlı qızı ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdehlə ayrılmamışdan əvvəl cavabdehin təkidi ilə ailənin ehtiyacları üçün daha doğrusu, cavabdehin özünə maşın alması və digər borclarının olması ilə əlaqədar onun adına "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixdə GTKKR4024323A299 saylı kredit müqaviləsi ilə 4000 manat və xx.xx.2022-ci il tarixdə isə "xxxx" ASC-dən ******* saylı kredit müqaviləsi üzrə 3700 manat, ümumilikdə 7700 manat məbləğdə kredit borcu götürülmüşdür. Aldığı əmək haqqı isə həm kirayə puluna, həm də uşaqla özünün saxlanılmasına belə kifayət etmir, üstəlik də bir neçə aydır ki, kredit borcundan ödəmiş olsa da, hazırda həmin kredit borclarını ödəmək iqtidarında deyildir. Atası vəfat edib, anası isə heç pensiya da almadığı üçün maddi cəhətdən imkansız olduğu üçün ona uşağın saxlanması üçün lazımi köməkliyi göstərə bilmirlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mülki işə baxarkən cavabdehin rəsmi yaşayış və iş yerinin olmasını, onun isə heç bir yaşayış yerinin olmamasını, kirayədə qaldığını, müəllim işləsə də aldığı əmək haqqının uşağın və özünün maddi təminatını, kirayə pulunu belə çətinliklə ödədiyini, cavabdehlə birgə nikah dövründə iki bankdan ümumilikdə 7700 manat kredit pulu götürdüklərini, həmin kredit pullarına cavabdehin onu aldadaraq avtomobili başqa şəxslərin adına aldığını, hazırda isə həmin kredit borclarını da ödəmək öhdəliyinin onun üzərində qaldığını, hər ay uşağın normal şəraitdə yaşaması üçün, zəruri ehtiyacların ödənilməsi məqsədi ilə çəkiləcək xərclərin 180 manatla qarşılanmayacağını və 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Qanuna əsasən uşaqlar üçün yaşayış minimunun 220 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, ən azından qızı Günayın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay ödəniləcək alimentin məbləğini 220 manat sabit pul məbləğində müəyyən etməli olduğu halda, bunu etməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(032)-780/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə razı deyildir. Belə ki, cavabdeh hazırda işləməsə də, valideynlərinin adına alınmış iki evi var. Həmin evlərdən birində cavabdeh yaşasa da, digərini kirayə vermişdir. Cavabdeh həmin kirayə verilən evdən qazanc əldə edir. İddiaçı özü Şirvan şəhər B.M.Aslanov adına 16 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Onun aylıq əməkhaqqısı 765 manat təşkil etsə də, bank ödənişləri olduğuna görə kredit borcundan 25 faiz tutulmalar çıxılmaqla ona təxminən 600 manat məbləğində pul qalır. Özü Ağstafa rayonunda qeydiyyatda olsa da, Şirvan şəhərində kirayədə qalır. Cavabdeh təyin edilmiş aliment məbləğini belə ona gecikmələrlə ödəyir. İddiaçı öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şirvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(032)-780/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(032)-1622/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 30 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli 22 sentyabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla xx.xx.1991-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ilə birgə nikahından 30 mart 2020-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında nikah Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2019-cu ildə 155 nömrə ilə qeydə alınmışdır, X2 nikaha daxil olaraq “Rəhimli” soyadını qəbul etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara əsasən müəyyən etmişdir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Alimentin miqdarının artırılması üçün qanuni əsasın olması nəticəsinə gələrkən, uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyini nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsini məqsədəmüvafiq hesab etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1 və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(032)-780/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu baxımdan qeyd edilməlidir ki, alimentin miqdarı müəyyən olunarkən tərəflərdən birinin ailə və ya maddi vəziyyəti nəzərə alınmalı, məhkəmə tutulacaq alimentin miqdarının tərəflərin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi, Cavabdeh iş yeri və gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, habelə iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin hazırda heç bir yerdə işləmədiyini bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair hazırkı iddiasının qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddiaçının verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsby Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(032)-780/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1810/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1810/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver