Məhkəmə qərarları › İş №2(106)-1815/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1815/2023

20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1815/2023 20.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı 2353 manat məbləğdə maddi ziyan, inzibati xəta törətdiyinə görə ödənilmiş 326 manat məbləğdə maddi ziyan və müqavilə üzrə ödənilməmiş 300 manat, cəmi 2979 manat məbləğdə pulun alınması tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(017)-69/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 2353 manat məbləğdə maddi ziyan, inzibati xəta törətdiyinə görə ödənilmiş 326 manat məbləğdə maddi ziyan, müqavilə üzrə ödənilməmiş 300 manat, cəmi 2979 manat məbləğdə pulun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Ağcabədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(017)-69/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ** FY *** dövlət nömrə nişanlı “Kia Ceed” minik markalı avtomobilə dəymiş 2353 manat məbləğdə maddi ziyan, inzibati xəta törətdiyinə görə ödənilmiş 326 manat maddi ziyan, müqavilə üzrə ödənilməmiş 300 manat, cəmi 2979 manat məbləğdə pul tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Ağcabədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(017)-69/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(017)-69/2023 saylı qərardadından İddiaçı tərəfindən şikayət verilmiş və Ağcabədi Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(017)-69/2023 saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(017)-69/2023 saylı qərardadından verilmiş şikayət təmin olunmayaraq, şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli 2(106)-1610/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-69/2023 saylı 24 iyul 2023-cü il və 29 avqust 2023-cü il tarixli qərardadları ləğv edilmiş və Ağcabədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(017)-69/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün mülki işin Ağcabədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı Ağcabədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(017)-69/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, həqiqətən də İddiaçı 02 iyun 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətini təkrarən ona verilməsini xahiş etmiş, 05 iyun 2023-cü il tarixdə qətnamənin surəti təkrar olaraq İddiaçı göndərilmiş, qətnamənin surəti 13 iyun 2023-cü il tarixdə etibarnamə ilə “Fuad” adlı şəxsə təqdim edilmiş, iddiaçı tərəfindən apellyasiya şikayəti 14 iyul 2023-cü il tarixində poçt orqanına təqdim edilmişdir. Buradan da göründüyü kimi İddiaçı göstərilən qətnamədən apellyasiya şikayətini yenə də qanunla müəyyən edilmiş müddət keçdikdən sonra, yəni 14 iyul 2023-cü il tarixdə poçta vermişdir. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Ağcabədi Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmuş və iddiaçı Dəmirli X3 Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(017)- 69/2023 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməli olduğu halda, poçt vasitəsi ilə vermişdir. İddiaçı Ağcabədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qərardadından şikayəti həmin məhkəmənin 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(017)- 69/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlara əsasən (xəbərnamə və qəbz - səh. 75 və 81) Ağcabədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(017)-69/2023 saylı qətnaməsi İddiaçı rəsmi qaydada verilmiş, lakin iddiaçı qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdən sonra vermişdir. Qeyd edilməlidir ki, MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 130-cu maddəsinin tələblərinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Habelə bununla yanaşı, MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmçinin MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunan prosessual normaların tələbindən görünür ki, işdə iştirak edən şəxsin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. Eyni zamanda, MPM-in 360-cı maddəsinin göstərişinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Ağcabədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(017)-69/2023 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Qeyd edilənlərlə yanaşı, kollegiya diqqətə çatdırır ki, apellyasiya şikayəti verilərkən nəzərə alınmalıdır ki, qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələbinə əsasən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Belə ki, MPM-in 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Beləcə, işdən də göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Lakin İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən həmin normanın tələbinə də riayət edilməmişdir. MPM-in 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası iş materiallarını və İddiaçı apellyasiya şikayətini nəzərdə keçirərkən əlavə olaraq diqqətə çatdrımağı zəruri hesab edir ki, apellyasiya şikayəti verilərkən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş apellyasiya şikayətinin formasına və məzmununa dair tələblərə də əməl edilməlidir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Bu baxımdan, nəzərə alınmalıdır ki, MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur ki, apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 2353 manat məbləğdə maddi ziyan, inzibati xəta törətdiyinə görə ödənilmiş 326 manat məbləğdə maddi ziyan və müqavilə üzrə ödənilməmiş 300 manat, cəmi 2979 manat məbləğdə pulun alınması tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(017)-69/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 135.2, 135.5, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R V E R D İ: Şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(017)-69/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar