Məhkəmə qərarları › İş №2(106)-1815/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1815/2025

29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1815/2025 29.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi Şirvan şəhəri, 29 yanvar 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi (anası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 2(056)-1291/2025 saylı qətnaməsindən (hakim. S.Allahverdiyev) İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində pul və ödəmiş olduğu 145 (bir yüz qırx beş) manat dövlət rüsumun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sabirabad şəhəri N.Nərimanov küçəsi 27-də yaşayır, Sabirabad rayonu ərazisində yerləşən gümüş mağazasındə işləyir. xx.xx.2025-ci il tarixdə Cavabdeh barəsində Sabirabad RPŞ-nə özüm müraciət etmişdir. Belə ki, Cavabdeh ilə münasibəti yaxşı olmuş, hal-hazırda mübahisələri olduğu üçün münasibətləri yoxdur. Mağazada işlər çox olduğu üçün 2023-cü ilin yanvar ayından tanışı Mirorxanı öz yanına satıcı kimi işə götürmüşdür. Mirorxana etibar etdiyi üçün mağazanın bütün alqı-satqısını və səyyar satışını ona tapşırmışdır. Həmin mağazada eynək, gümüş aksesuarları, qol saatları, bjuteriya və telefon aksesuarından əlavə olaraq Mirorxan ətir satmaqlarını təklif etdikdən sonra ətir satmağa da başlamışdır. Bu iş çox pul tələb etdiyi üçün pulu olmadıqda Mirorxan ətir yağını verən şəxsləri tanıdığını, 10 gün nisyə verməsini bildirmiş, o, razılaşıb mağazada satdığı maldan bir miqdar pul düzəldib ətir yağı satmağa başlamışdır. Mirorxan ona mağazada olan malların çeşidlərini vitrində artırmasını demiş və o, 10000 manat dəyərində eynək, 5000 manat dəyərində gümüş aksesuarlar, 4000 manat dəyərində qol saatları, 4000 manat dəyərində bujuteriya və 2000 manat dəyərində mobil telefon aksesuarları gətizdirmişdir. Mirorxan Delux firmasından 23000 manatlıq ətir yağları gətirməyini desə də, 17000 manatlıq ətir yağını öz adına yazdırıb həmin pulu ayın axırı ödənilməsini ondan tələb etmişdir. O, həmin ətir yağını satan şəxslərin mobil telefon nömrəsini taparaq əlaqə saxlamış və onlar ona 17000 manat yox, 6918 manat dəyərində mal verdiyini və Mirorxanın yalan dediyini bildirmişlər. O, 2025-ci ilin yanvar ayının əvvəli Mirorxanla mağazada olan malları qeydiyyatdan keçirdərkən əskik olduğunu aşkar etmiş və onunla işləyən vaxt ümumilikdə 42000 manat ziyan etdiyini ona demişdir. Mirorxana ona nisyədə ümumilikdə 7000 manat pul olduğunu demişdir. Axırıncı gətirilən 17000 manat dəyərində ətir yağının pulunu Mirorxan ona dedikdə şübhələnib, götürdüyü firmadan Orxanın neçə manatlıq ətir götürməsini soruşmuş, ona Mirorxanın 6918 manatlıq ətir sifariş etdiyi demişlər. Mirorxana onu aldatdığını dedikdə Mirorxan yenə 17000 manat borcu olduğunu demişdir. Mirorxan onun yanında işləyən zaman ondan istifadə edərək aldadıb ümumilikdə ona 18000 manat ziyan vurmuşdur. Bu fakt isə Sabirabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Ramil Bədəlovun 01 fevral 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarında olan Cavabdeh RPŞ-nə verdiyi izahatında da “Seyidrzanı aldadaraq 17000 manat demiş” sözlərini işlədərək ona borclu olduğunu etiraf etmişdir. Hətta ona həmin qərarda mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi göstərilmişdir. O, da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin iddiaya etirazına münasibətdə bildirmişdir ki, o, polis orqanına etdiyi şikayətdə Mirorxanın ona ümumilikdə işlədikləri dövrdə 42000 manat ziyan vurduğunu göstərmiş, Miroxanın öz etirafından sonra o, 18000 manat vurulmuş ziyan məbləği ilə bağlı şikayət etmişdir. Miroxan birgə işlədikləri vaxtlarda ondan istifadə edərək onu aldadıb ona ziyan vurmuşdur. Bu günə qədər də Miroxanın gətirib mağazalara payladığı pullar alınıb ona verilməmişdir. O, Miroxanın onu aldatdığını öyrəndikdən sonra onu işdən çıxarmışdır. Hazırda o, tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Sabirabad rayonu ərazisində yerləşən gümüş mağazası var. 2023cü ilin yanvar ayından o, iddiaçının mağazasında "satıcı" işində işləmişdir. O, "satıcı" olaraq, öz işini ləyaqətlə və şərəflə yerinə yetirmişdir. İşlədiyi 2 (iki) il müddətində iddiaçı ilə arasında heç bir problem olmamışdır. Lakin ona məlum olmayan səbəblərdən, iddiaçı 22 yanvar 2025-ci il tarixdə Sabirabad rayon Polis Şöbəsinə onun barəsində şikayət ərizəsi vermişdir. Onun şikayəti əsassız olduğu üçün rədd edilmişdir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində 2025-ci ilin yanvar ayında mağazada 42000 (qırx iki min) min manat ziyan etdiyini qeyd etmişdir. Bu tam yalan faktlara əsaslanır. İddiaçının dövlətə ödədiyi vergini nəzərə alsaq, onun hər ay mağazada nə qədər alver etdiyini görərik. Çünki mağazada gəlirə görə hər ay vergi ödənilir. İddiaçının ərizədə göstərdiyi faktlar şübhəlidir. Belə ki, iddiaçı 42000 manat ziyan etdiyini, bundan əlavə olaraq, 17000 manat ətir yağları üçün borclu olduğunu bildirir. Ondan isə 18000 manat pul tələb edir. Əgər o, iddiaçıya 42000 manat ziyan vurmuşdursa, niyə ondan 18000 manat pul tələb edir? Onunla iddiaçının arasında heç bir borc müqaviləsi bağlanmamışdır. Əgər polis şöbəsində borclu olduğunu etiraf etsəydi, iddiaçı ilə notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlayardı. Hesab edir ki, onun məhkəməyə təqdim etdiyi iddia tələbi əsassızdır. İddiaçı əsassız varlanmaq istəyinə məhkəmə hüquqi qiymət verməlidir. İddiaçı ona əlavə ziyan vurmaq niyyəti güdur. O hüquqlarından sui-istifadə edir. İddiaçı ilə aralarında heç bir müqavilə və ya razılaşma olmamışdır. İddiaçının qarşısında heç bir öhdəliyi yoxdur. İşlədiyi müddət ərzində iddiaçıya, heç bir zərər vurmamışdır. Sonuncu gətirilmiş 6918 manatlıq ətir yağları iddiaçının mağazasındadır. Əvvəldən gətirdikləri malları isə o və iddiaçı birgə mağazalara nisyə olaraq paylamış, onların pulları isə qaytarılmamışdır. Pulları qaytarılmayan malların kimdə olduğunu Seyidrza bilir və həmin pulları özü yığa bilər. Hazırda o, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şahid Keyfiyyət oğlu şahid qismində ifadə verərək bildirmişdir ki, o, Orxanı tanıyır. Telefon vasitəsi ilə onlardan ətir alıb pulunu ödəmişdir. Bir müddət belə işləmişlər. Bir müddət sonra 300 manatlıq malı sifariş etmiş və pulunu ödəmiş, 10 gün ara ilə 6918 manatlıq mal sifariş etmişdir. Lakin həmin malın pulunu ödəməmişdir. O, Seyidrzanı tanımamışdır. Seyidrza özü onunla əlaqə saxlamış, Orxanın müdiri olduğunu demiş, Orxanın nə qədər dəyərdə mal götürməsini soruşmuş, o, Orxanın 6918 manatlıq mal götürdüyünü, hələ də pulu ödəmədiyini demişdir. Seyidrza isə Orxanın həmin malların dəyərini ona 17000 manat dediyini bildirmişdir. Orxan onunla alver edəndə müdiri olduğunu, özünün işçi olduğunu, həmçinin onunla apardığı alqı-satqıya görə özünün cavabdeh olduğunu bildirmişdir. Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 2(056)-1291/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh dəymiş zərərin əvəzi qismində 11082 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 11182 (on bir min yüz səksən iki) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində pul və ödəmiş olduğu 145 (bir yüz qırx beş) manat dövlət rüsumun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiasını tam təmin etməmişdir. Məhkəmə onun iddiasını 11082 manat məbləğində təmin etmişdir. Buna görə də qətnamənin dəyişdirilərək iddiasının tam təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, məhkəmə iddia ərizəsinə əlavə edilmiş sənədlərə düzgün araşdırılıb hüquqi qiymət verilməmişdir. Halbuki, 11082 manat məbləğində pul vəsaiti təmin edilsə də, 6918 manat pulun isə aqibəti bilinməmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin əsl mahiyyətini cavabdehin onu aldatması tutur ki, həmin aldanılmaqla da iddiaçıya heç bir zərər dəyməmişdir. İddiaçı bundan başqa onu da qeyd edir ki, nisyə olaraq müxtəlif mağazalara verilmiş malların dəyəri həmin mağazalardan alınmadığına görə təqsirli cavabdehdir və ona görə də həmin malların dəyərini iddiaçıya cavabdeh ödəməlidir. Halbuki, müxtəlif mağazalara nisyə mallar iddiaçının öz razılığı ilə verilmişdir və həmin mallar hazırda nisyədə olsa da gələcəkdə həmin malların dəyəri iddiaçı tərəfindən mağazalardan alınacaqdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də nəzərindən qaçırmışdır ki, iddiaçının tələbinin əsl mahiyyətini ziyan vurmaq yox, satıcının onu aldatması təşkil edir. İddiaçı ona cavabdehin 18000 manat ziyan vurduğunu göstərsə də məhkəməyə bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmənin iddiaçının razılığı ilə verilmiş nisyə malları və eyni zamanda iddiaçı tərəfindən verilməmiş 17000 manatı vurulmuş ziyan kimi müəyyən etməsi qanunsuz və əsasızdır. İddia ərizəsinə və iş materiallarına nəzər yetdirdikdə məlum olur ki, iddiaçının hazırkı iddiasının əsasını onun cavabdehə qarşı olan qərəzi tutur və onun iddası heç bir sübutla təsdiq olunmur. Məhkəmə iddiaçının aldadılmasını və iddiaçının razılığı ilə nisyə verilmiş malların pulunun alınıb iddiaçıya verilməməsini zərər vurulması kimi müəyyən etmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, iddiaçının aldadılması nəticəsində və eyni zamanda öz razılığı ilə müxtəlif mağazalara nisyə verilmiş və pulları alınmamış mallara görə ona necə ziyan dəymişdir. Məhkəmə yalnız iddiaçının heç bir mötəbər sübutla təsdiq olunmayan formal izahatlarına və məhkəməyə təqdim etdiyi CD diskdəki video görüntüyə əsaslanaraq iddianı qismən təmin etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı vermiş olduğu apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş, cavabdehin apellyasiya şikayətinin isə əsassız olmasını bildirərək onun təmin olunmamasını xahiş etmişdir. Verilən suallara cavabında göstərmişdir ki, cavabdeh 1 ildən artıq müddətdə qeyri-rəsmi olaraq onun mağazasında işləmişdir. Cavabdeh mağazada müxtəlif məhsullar eynək, ətir və s. satmaqla ona ziyan vurub. Belə ki, cavabdeh məhsullar almaq üçün ondan artıq pul almışdır. 6918 AZN-lik ətirin qiymətini ona 17.000 AZN olmasını demişdir. Cavabdeh güya ona borclu olduğunu demişdir. Cavabdeh ümumilikdə mağazayaa 42.000 azn-lik ziyan vurub. Qeyd etmişdir ki, malları Sədərəkdə İlkin adlı şəxsdən nisyə götürmüşlər. Mirorxana 18000 manat pul verməmişdir. Mağazada heç bir şeyin qeydiyyatını aparmamışdır. Bütün işləri cavabdeh həll etmişdir. Mirorxanla heç bir üzləşmə aparmamış, öz aralarında kiminkimə nə qədər borclu olması baradə heç bir təftiş etməmişlər. Cavabdehə 17000 azn nə də 6918 azn pul ödəməmişdir. Bildirmişdir ki, 6918 manatlıq ətirlər hazırda mağazadadır. Həmçinin ətir götürülən yerə də pul ödənilməyib. Malların hamısı nisyədədir. Cavabdeh ona 18000 manat borclu olmasını onun tərəfindən edilən çəkilişdə etiraf etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İddiaçı deyir ki, güya ona 42.000 AZN-lik ziyan vurmuşdur. Əgər iddiaçıya həmin məbləğdə ziyan vurmuşdursa niyə ondan 18000 manat tələb edir və bu məbləği mağazada işlədiyi 1 il 3 ay ərzində istəməyib. Bundan əlavə deyir ki, 18000 azn-lik ona ziyan vurmuşdur, əğər heç bir sübutu yoxdursa iddiaçı necə ondan o qədər pul tələb edə bilər. Bütün ətirləri nisyə almışlar və malların pulu ödənilməyib. Malların hamısı nisyədədir və həmin şəxslərin siyahısı da iddiaçıdadır. İddiaçı nisyədə olan malların pulunu yığa bilər. İddiaçı ona cavabdehin 18000 manat ziyan vurduğunu göstərsə də məhkəməyə bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmənin iddiaçının razılığı ilə verilmiş nisyə malları və eyni zamanda iddiaçı tərəfindən verilməmiş 17000 manatı vurulmuş ziyan kimi müəyyən etməsi qanunsuz və əsasızdır. İddiaçını aldatmamış və ona heç bir ziyan vurmamışdır. Cavabdehin nümayəndəsi (anası) Nümayəndə da cavabdehin izahatına oxşar olan eyni məzmunlu izahat vermişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində iddiaçı qətnaməni dəyişdirilərək iddiasının tam təmin edilməsini xahiş etməklə qətnaməni qismən, cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətanaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə qismən cavadehə münasibətdə isə apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa insan Hüquqları Məhkəməsi qərarları. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, cavabdehin isə apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 2(056)-1291/2025 saylı qətnaməsi ləğv edilərək iddiaçının iddiası rədd edilməlidir. İşdə olan Sabirabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Ramil Bədəlovun 01 fevral 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilmiş və şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - 01 fevral 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarda əksini tapmış X1 izahatının məzmunundan görünür ki, o, İddiaçı 1 il olar tanıyır. Münasibətləri yaxşı olmuşdur. Hazırda mübahisələri olduğu üçün 1 ay olar ki, münasibətləri yoxdur. O, heç yerdə işləmədiyi üçün Seyidrza ona öz bujiteriya mağazasında işçi olmadığını və onunla orada işləməsi barədə təklif etmiş, o, Seyidrzaya satıcı işləyə biləcəyini bildirmişdir. 2023-cü ilin fevral ayında Seyidrza onu həmin mağazaya satıcı kimi işə götürmüş, o, əlavə olaraq öz avtomobili ilə müxtəlif mağazalara səyyar satış etmişdir. Seyidrza ilə mağazada bujiteriya aksessuarları, telefon aksessuarları, eynək və qol saatları satmışdır. O, Seyidrzaya ətir yağlarında yaxşı qazanc olduğunu və Bakı şəhərində Delux firması olduğunu deyərək oradan ətir yağları gətirə bildiyini demişdir. 2023-cü ilin mart ayında o, Bakı şəhəri “Sədərək” Ticarət Mərkəzində Delux mağazalar şəbəkəsindən adla tanıdığı İlkin adlı şəxslə əlaqə saxlamış, maya dəyəri 200 manat olan müxtəlif çeşiddə ətir yağları gətizdirmişdir. 200 manat ətir satarkən 200 manat gəlir olduğu üçün alverləri yaxşı olduğundan əlavə olaraq müxtəlif çeşidlərdə ümumilikdə bu günə qədər təxminən maya dəyəri 8000 manat ətir yağlarını mağazaya həmin firma ilə əlaqə saxlayıb gətizdirmişdir. xx.xx.2025-ci il tarixində Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzində 9 sırada yerləşən Delux mağazalar şəbəkəsində satıcı işləyən İlkin adlı şəxsdən Banderas, Xerjof, Şəhrizad və sairə çeşidlərdə olan ümumilikdə 30 litr ümumi dəyəri 6918 manat olan ətir yağlarını o, sifariş edərək Seyidrzanın mağazasına gətizdirmişdir. xx.xx.2025-ci il tarixində sifariş verdiyi ətir yağları mağazaya gələndə o, Seyidrzaya sifariş verdiyi malların 19800 manat olduğunu, lakin Meqamar ətir yağı olmadığından gətirdiyi ətir yağlarının 17000 manat olduğunu bildimişdir. xx.xx.2025-ci il tarixində Seyidrza Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzində 9 sırada yerləşən Delux mağazalar şəbəkəsində satıcı işləyən İlkin adlı şəxslə əlaqə saxlayaraq onun mağazasına gələn ətir yağlarının ümumilikdə qiymətini soruşduqda İlkin onun götürdüyü ətir yağlarının qiymətinin 17000 manat olmadığını, ümumi borcunun 6918 manat olduğunu demişdir. Həmin günə təxminən saat 23:00 radələrində Seyidrza onu avtomobilini yuduzdurmaq üçün çağırmış və onunla Saatlı rayonunda yerləşən Xan bağı kafeyə gedib orada çay işib mağazanın alışveriş hesabatını aparmışlar. Orada Seyidrza ona Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzində 9 sırada yerləşən Delux mağazalar şəbəkəsində satıcı işləyən İlkin adlı şəxsdən sifariş verdikləri ətir yağlarının dəyərini soruşduqda 17000 manat deyil, 6918 manat olduğunu öyrəndiyini bildirmiş, o, Seyidrzaya İlkindən 6918 manat dəyərində müxtəlif növdə ətir yağları götürdüyünü və onu aldadaraq 17000 manat borcu olduğunu demişdir. Bundan sonra Seyidrza polis şöbəsinə şikayət etdiyini deyərək oradan uzaqlaşmışdır. O, bundan başqa Seyidrzaya heç bir sifarişdə artıq pul deməmişdir. O, Seyidrzaya 18000 manat ziyanı vurmamışdır. İşdə həmçinin iddiaçı tərəfindən məhkəməyə iddiaçı ilə cavabdehin danışıqlarını əks etdirən CD disk təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisədən görünür ki, İddiaçı Cavabdeh onun işçisi olaraq işlədiyi dövrdə mağazasına “Delux” firmasından gətirmiş olduğu ətir yağlarının dəyərində onu aldatması, payladığı malların pulunun alınıb ona verilməməsi nəticəsində zərər vurmasına əsaslanaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehi işlətdiyi mağazaya 2023-cü ilin fevral ayından işə götürmüş, cavabdehin təklifi əsasında iddiaçı cavabdehin vasitəsi ilə cavabdehin tanışı olan İlkin adlı şəxsdən ətir yağlarının alqısatqısına başlamış, cavabdehin ona zərər vurmasını öyrəndikdən sonra tərəflər arasında münasibətlər 2025-ci ilin yanvar ayında pozulmuşdur. Cavabdeh məhkəmə araşdırması gedişində iddiaçıya zərər vurmamasına istinad etsə də, təqdim edilmiş CD diskdəki görüntülərdən də aydın olur ki, iddiaçı cavabdehdən paylanmış mallara görə nə qədər alacaqlarını soruşmuş, cavabdeh 13000-14000 manat alacaqları olduğunu bildirmiş, daha sonra iddiaçı “Delux” adlı firma işçisinə nə qədər borcları olduğunu soruşmuş, cavabdeh cavabında 17000 manat verəcəkləri olduğunu bildirmiş, bundan sonra iddiaçı cavabdehə onu aldatmasını, həmin İlkin adlı şəxslə danışmasını, həmin şəxsin ona 6900 manat borcu olduğunu bildirməsini demişdir. Buradan da aydın olur ki, iddiaçının cavabdehin ona zərər vurması barədə göstərdikləri həqiqətə uyğundur. Cavabdeh özü də nisyəyə verilmiş malların dəyərinin alınıb iddiaçıya qaytarılmağını məhkəmə iclasında bildirmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, göstərilən xüsusatlar fonunda iddiaçının iddia tələbi qismən əsaslı hesab edilməli, lakin “Delux” formasından götürülmüş və dəyəri ödənilməmiş 6918 manat dəyərində ətir yağlarının hazırda iddiaçının mağazasında olması halı nəzərə alınmalı, həmin malların dəyəri tələb edilən zərər məbləğindən çıxılmalı (18000- 6918=11082), qalıq məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidır. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki məhkəmə onun iddiasını 11082 manat məbləğində təmin etmişdir. Buna görə də qətnamənin dəyişdirilərək iddiasının tam təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, məhkəmə iddia ərizəsinə əlavə edilmiş sənədlərə düzgün araşdırılıb hüquqi qiymət verilməmişdir. Halbuki, 11082 manat məbləğində pul vəsaiti təmin edilsə də, 6918 manat pulun isə aqibəti bilinməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının iddia tələbinin əsl mahiyyətini cavabdehin onu aldatması tutur ki, həmin aldanılmaqla da iddiaçıya heç bir zərər dəyməmişdir. Müxtəlif mağazalara nisyə mallar iddiaçının öz razılığı ilə verilmişdir və həmin mallar hazırda nisyədə olsa da gələcəkdə həmin malların dəyəri iddiaçı tərəfindən mağazalardan alınacaqdır. İddiaçı iddiasında ona 42000 manat ziyan vurulmasını qeyd etsə də nəyə görə ondan 18000 manat tələb edir. İddiaçı ona cavabdehin 18000 manat ziyan vurduğunu göstərsə də məhkəməyə bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə yalnız iddiaçının heç bir mötəbər sübutla təsdiq olunmayan formal izahatlarına və məhkəməyə təqdim etdiyi CD diskdəki video görüntüyə əsaslanaraq iddianı qismən təmin etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh onun mağazasında 1 il 3 ay qeyri-rəsmi satıcı işləyib və bu müddət ərzində ona 42 000 manat ziyan vurubdur. Lakin iddiaçı cavabdehin ona 42000 manat ziyan vurmasını qeyd etsə də cavabdehdən 18000 manat pul tələb etmişdir. İddiaçı iddiasını işdə olan Sabirabad rayon Polis Şöbəsinin 01 fevral 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarı və özü tərəfindən telefonla lentə aldığı cavabdehlə aralarında olan danışıqları əks etdirən CD disklə əsaslandırmışdır. İddiaçı cavabdehdən 18.000 manat məbləğində pulun tutulmasını tələb edərkən, cavabdehin ona faktiki olaraq hansı konkret əmlak zərəri vurduğunu, zərərin haradan qaynaqlandığını, həmin zərərin məbləğini, habelə cavabdehin hüquqazidd hərəkəti ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqəni mötəbər və qənaətbəxş sübutlarla təsdiq edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsasən tərəflərin izahatlarına, Sabirabad rayon Polis Şöbəsinin 01 fevral 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarına və CD daşıyıcıda təqdim olunmuş görüntülərə istinad etmiş, lakin bu sübutların zərərin mövcudluğunu və onun məbləğini təsdiq edən təkzibedilməz sübutlar olub-olmadığını kifayət qədər araşdırmamışdır. İş üzrə müəyyən edilmişdir ki, iddiaçının göstərdiyi 6918 manat dəyərində ətir yağları onun faktiki sahibliyindədir və bu əmlakdan məhrumetmə halı mövcud deyildir. Digər tərəfdən, müxtəlif mağazalara malların nisyə verilməsi iddiaçının öz razılığı ilə həyata keçirilmişdir və bu hal cavabdehin üzərinə bilavasitə maddi məsuliyyət qoyulması üçün əsas hesab edilə bilməz. Ən azından ona görə ki, cavabdeh iddiaçının rəsmi əmək müqaviləsi üzrə satıcısı olmamış və cavaqbdehlə aralarında tam maddi məsuliyyət barədə müqavilə bağlanmamışdır. Kollegiyanın iclası zamanı Sabirabad rayon Polis Şöbəsinin 01 fevral 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarı və CD daşıyıcıda iddiaçı ilə cavabdeh arasında olan danışıqlar tədqiq edilmiş və həmin materiallarda cavabdehin borcunun etiraf edilməsinə dair hər hansı izahatı müəyyən olunmamışdır. Bundan başqa Kollegiya tərəfindən iddiaçıya ünvanlanmış suallara cavabında bildirmişdir ki, cavabdeh məhsullar almaq üçün ondan artıq pul almışdır. Belə ki, 6918 AZN-lik ətirin qiymətini ona 17.000 AZN olmasını demişdir. Qeyd etmişdir ki, malları Sədərəkdə İlkin adlı şəxsdən nisyə götürmüşlər. Mirorxana 17000 və ya 18000 manat pul verməmişdir. Mağazada heç bir şeyin qeydiyyatını aparmamışdır. Mirorxanla heç bir üzləşmə aparmamış, öz aralarında kimin-kimə nə qədər borclu olması baradə heç bir təftiş etməmişlər. Cavabdehə 17000 azn nə də 6918 azn pul ödəməmişdir. Bildirmişdir ki, 6918 manatlıq ətirlər hazırda mağazadadır. Həmçinin ətir götürülən yerə də pul ödənilməyib. Malların hamısı nisyədədir. Cavabdeh ona 18000 manat borclu olmasını onun tərəfindən edilən çəkilişdə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi iddiaçı məhkəməyə iddiasını sübuta yetirə biləcək hər hansı mötəbər və təkzib olunmaz sübut təqdim edə bilməmişdir. İddiaçı tələbi ilə bağlı məhkəməyə yalnız ümumi və mücərrəd mülahizələr bildirməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə və iş üzrə müəyyən edilmiş hallar, habelə əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə isə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin iş üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab olunur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-cü il tarixli, 2(056)-1291/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının və cavabdehin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti 5000 manatdan çoxdur, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-cü il tarixli, 2(056)-1291/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının və cavabdehin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar