Məhkəmə qərarları › İş №2(106)-1816/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1816/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1816/2024 21.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(073)-1781/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat pulun və 110 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2022-ci il tarixdə el adəti ilə rəsmi nikaha girmədən ailə həyatı qurmuşlar. Ailə qurduqdan sonra ona yaşadığı kənddə verilmiş 0.30 ha pay torpağını 2022-ci ilin iyun ayının əvvəlində 9000 manata satmış və ona cehiz əmlakı almaq üçün cavabdehə vermişdir. Cavabdeh həmin puldan ona 1 ədəd soyuducu, 1 ədəd mebel yataq dəsti, 1 ədəd elektrikli soba, 1 ədəd də qazan dəsti almışdır. xx.xx.2022-ci il tarixdə isə onu valideynlərinin yanına gətirərək onunla münasibətinin alınmadığını bildirmişdir. O, sonradan evdə olan cehiz əşyalarını götürmüşdür. İddiaçı cavabdehdən ona verdiyi 9000 manat pulu geri istədikdə isə cavabdeh pulunu hissə-hissə ödəyəcəyini bildirərək müxtəlif bəhanələrlə hazırkı vaxta qədər onun pulunu ödəməkdən yayınmışdır. O, da məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(073)-1781/2022 saylı qətnaməsi ilə (hakim Q.Paşayev) iddia təmin edilmiş, Cavabdeh 9000 manat pulun və 110 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı özünə məxsus torpaq sahəsini sataraq cehiz əşyaları almaq üçün cavabdehə 9000 manat pul vermişdir. Cavabdeh həmin pulun bir hissəsi ilə iddiaçıya 1 ədəd soyuducu, 1 ədəd yataq dəsti, 1 ədəd elektrikli soba, 1 ədəd qazan dəsti almış, həmin əşyaları gətirib iddiaçının anasının evinə yığmış, qalan pulu isə iddiaçıya qaytarmamışdır. İddiaçı cavabdehin aldığı cehiz əşyaları ilə razılaşmamış və həmin əşyaları qəbul etməyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə isə cavabdeh iddiaçını valideynlərinin yanına gətirmiş, münasibətlərinin alınmadığını bildirmiş və iddiaçıdan ayrılmışdır. Bundan sonra iddiaçı cavabdehdən aldığı əşyaları aparmasını və ondan aldığı 9000 manat pulu qaytarmasını tələb etmiş, lakin cavabdeh həmin əşyaları aparmamış, nə də iddiaçıdan aldığı 9000 manat pulu qaytarmamışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, cavabdeh ilə iddiaçı arasında baş tutmuş şifahi razılaşma əsasında cavabdeh cehiz əşyaları almaq üçün iddiaçıdan pul almış və iddiaçının hesabına əsassız varlanmışdır. Buna görə də, cavabdeh əsassız varlanan şəxs olaraq əldə etdiklərini (cehiz əşyaları almaq üçün aldığı 9000 manatı) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 119.1 və 14.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 1091.1, 1091.2, 1092.1, 21.1 və 21.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona cəmi 3000 manat pul vermişdir. Həmin pula da iddiaçı üçün 1 ədəd “Dnepr” markalı dolab, 1 ədəd “Dnepr” markalı çarpayı, 2 ədəd “Dnepr” markalı tumba, 1 ədəd “Dnepr” markalı termo, 1 ədəd Standart matras və 1 ədəd “Hoffmann” markalı soyuducu almış və həmin əşyaları da gətirib iddiaçının anasının evinə yığmışdır. Aldığı əşyaların ümumi dəyəri 1820 manat pul etmişdir. O, həmin əşyaları aldıqdan sonra cəmi yerdə qalan pul 1180 manat olmuşdur. İddiaçının guya ki, ona 9000 manat pul verməsi tam araşdırılmamışdır və əsassızdır. Eləcə də, iddiaçı qeyd edir ki, torpaq sahəsini satmaqla ona 9000 manat pul vermişdir. Halbuki iddiaçının həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmiş və buna səthi yanaşılmışdır. Birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə şahid ifadələrinə istinad etmişdir. Şahidlərin hər ikisi iddiaçıya yaxın adamlardır, hətta qohumluq münasibətləri vardır. Halbuki iş üzrə dindirilmiş şahidlərdən yalnız biri iddiaçının qardaşı X1 iddiaçı tərəfindən pulun verilməsində iştirak etmiş və onun yanında iddiaçı cavabdehə 3000 manat pul vermişdir. Digər şahid X4 ümumiyyətlə onların yanında olmamışdır. Nəticə etibarı ilə məhkəmə şahidlərin formal rəqəmləri üzərindən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin hansı əsaslarla iddia tələbinin 9000 manat məbləğində təmin edilməsi hissəsində qənaətə gəlməsi müəyyən deyildir. Göründüyü kimi əslində iddiaçı heç bir hüquqi əsas olmadan ona 3000 manat verdiyi halda və o da həmin məbləğin dəyərində iddiaçıya 1820 manatlıq məişət əşyaları aldığı halda, iddiaçı əlavə olaraq ondan qazanc əldə etmək istəyərək 9000 manat pul tələbi ilə varlanmaq istəyir. Həmçinin məhkəmə qətnaməsində iş materialı kimi iddiaçı tərəf heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı özü də etiraf edir ki, cavabdeh ona müəyyən əşyalar almış, lakin buna baxmayaraq həmin əşyalar sahibliyində ola-ola həmin əşyaların pulunu yenidən ondan tələb edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, əşyalar alındıqdan sonra yerdə qalan pul 1180 manat təşkil edir. Onu etiraf edir. Həmin məbləği iddiaçıya hələ verməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(073)-1781/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın qismən, yəni 1180 manat hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(073)-1781/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş 7820 manata aid hissəsinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə həmin hissədə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı həmin hissədə yanlış qənaətə gələrək təmin etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(073)-1781/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş 7820 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2022-ci ildə faktiki ailə münasibətlərinə daxil olmuşdur. İddiaçı birinci instansiya məhkəməsi zamanı bildirmişdir ki, ona məxsus 0.30 ha pay torpağını sataraq həmin pulu, yəni 9000 manatı cavabdehə ona cehiz əşyaları almaq üçün vermişdir. Cavabdeh həmin həmin puldan ona 1 ədəd soyuducu, 1 ədəd mebel yataq dəsti, 1 ədəd elektrikli soba, 1 ədəd də qazan dəsti almış və həmin əşyaları iddiaçının anasının evinə yığmış və qalan pulu ona qaytarmamışdır. Qalan məbləği cavabdeh iddiaçıya qaytarmamış, iddiaçı qalan pulu hara xərclədiyi soruşduqda cavabdeh ona cavab verməmişdir. İddiaçı həmin əşyalar ilə razılaşmamış və onları qəbul etməmişdir. Cavabdeh qalan əşyaları qısa müddət ərzində alacağını bildirmiş, lakin xx.xx.2022-ci ildə iddiaçını valideynlərinin yanına gətirərək münasibətlərinin alınmadığını bildirmişdir. Cavabdeh isə ona ümumiyyətlə iddiaçı tərəfindən 9000 manat yox, 3000 manat pul verildiyini bildirir və həmin pula da iddiaçı üçün 1 ədəd “Dnepr” markalı dolab, 1 ədəd “Dnepr” markalı çarpayı, 2 ədəd “Dnepr” markalı tumba, 1 ədəd “Dnepr” markalı termo, 1 ədəd Standart matras və 1 ədəd “Hoffmann” markalı soyuducu aldığını və həmin əşyaları da gətirib iddiaçının anasının evinə yığdığını qeyd edir. Aldığı əşyaların ümumi dəyəri 1820 manatdır. Cavabdeh həmin əşyaları aldıqdan sonra cəmi yerdə qalan 1180 manat pulu hələ də iddiaçıya ödəmədiyini etiraf edir. Eyni zamanda, iddiaçının guya ki, ona 9000 manat pul verməsinin tam araşdırılmadığını və əsassız olaraq ondan tutulduğunu bildirir. Şikayətin dəlililəri ondan ibarətdir ki, iddiaçı cavabdehə cəmi 3000 manat pul vermiş, həmin pulun 1820 manatına iddiaçı üçün müəyyən əşyalar alınmışdır və yerdə qalan pul isə 1180 manat təşkil edir. İddiaçının ona 9000 manat pul verməsi tam araşdırılmamışdır və əsassızdır. İddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmiş və sübut kimi məhkəməyə dəvət edilmiş şahidlərlə qohumluq əlaqəsi var. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirərək aşağıdakıları qeyd edir: Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərkibinin qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi 9000 manat pulun cavabdehə verilməsini sübut edə bilmir. Birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərkibinin qənaətinə görə iddiaçı cavabdehə 9000 manat pul verməsini bilavasitə özü sübut etməlidir. Belə ki, iddia tələbini irəli sürən şəxs kimi sübutetmə yükü iddiaçının üzərindədir, lakin iş materiallarından iddiaçının cavabdehə 9000 manat məbləğində pul verməsini təsdiq edən hər hansı bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə istinad etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin şahid ifadələrinə istinad edərək iddianı təmin etməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş X1 iddiaçının qardaşıdır və iddiaçının xeyrinə ifadə verməsini qardaşlıqdan doğan zərurət olaraq qiymətləndirir və həmin şahid ifadəsini mötəbər hesab etmir. Digər tərəfdən şahid kimi ifadə verən X4 məhkəmədə dindirilərkən qeyd etmişdir ki, iddiaçı torpağı ona 2500 manata satmış, pulun üstünü düzəldərək onun yanında cavabdehə vermişdir. Məhkəmə tərkibi şahid X2 izahatına tənqidi yanaşaraq qeyd edir ki, şahid sanki ailə üzvü olaraq iddiaçının yanında yaşayır. İşdən də görünür ki, o iddiaçının həmkəndlisidir. Yəni qohumluq münasibəti də yoxdur ki, pulun verilməsində iştirak etsin və ya ondan məsləhət alınsın. O sadəcə iddiaçı tərəfdən torpaq sahəsini alan alıcıdır. Bundan başqa məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, iddianın təmin edilməsi üçün iddiaçının və şahidlərin izahatları yetərli deyildir. Onların izahatları digər sübutlarla təsdiq edilməli, yanaşı qiymətləndirilməlidir. Belə bir sübut növü isə iş materiallarında mövcud deyildir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh apellyasiya şikayətində həmin məbləğin 3000 manatını etiraf etmiş və həmin pulun 1820 manat məbləğindəki hissəsinə iddiaçı üçün 1 ədəd “Dnepr” markalı dolab, 1 ədəd “Dnepr” markalı çarpayı, 2 ədəd “Dnepr” markalı tumba, 1 ədəd “Dnepr” markalı termo, 1 ədəd Standart matras və 1 ədəd “Hoffmann” markalı soyuducu aldığını, həmin əşyaları iddiaçının anasının evinə yığdığını və qalan pulu (1180 manat) iddiaçıya qaytarmadığını bildirir. Odur ki, etiraf edilən məbləğə istinad edilərək iddiaçının cavabdehə 3000 manat məbləğində pul verilməsi təsdiq olunur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, məhkəmə iclasında iştirak etməmiş və bu halı təkzib etmək imkanına malik olsa da, təkzib etməmişdir. Cavabdehin iddiaçıya verilən puldan 1 ədəd soyuducu, 1 ədəd mebel yataq dəsti, 1 ədəd elektrikli soba, 1 ədəd də qazan dəsti alması halı da tərəflərin hər ikisi tərəfindən təsdiq edilir. Bu halı başqa bir şəkildə təsdiqi üçün əlavə sübutların təqdim edilməsinə zərurət yoxdur. Cavabdeh ona verilən məbləğdən alınan əşyaları çıxmaqla yerdə qalan məbləğin 1180 manat məbləğində pul olduğunu bildirir. İddiaçı isə alınan əşyaların qiymətinə münasibətdə hər hansı bir fikir bildirməmişdir. Ona görə də məhkəmə tərkibi əşyaların alınmasına xərclənən pulun miqdarını cavabdehin etdiraf etdiyi həcmdə olduğunu qəbul edir. Eyni zamanda apelyasiya şikayətinə əlavə edilmiş çeklərdən görünür ki, cavabdeh məişət əşyalarının alınmasına 1821,17 manat pul ödəmişdir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə 1180 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(073)-1781/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş 7820 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli və Cavabdeh 1180 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(073)-1781/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş 7820 manata aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Cavabdeh 1180 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar