Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1817/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-288/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində borcun və 115 (bir yüz on beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilk dəfə 02 mart 2021-ci il tarixdə «Sədərək» ticarət mərkəzində icarə əsasında işlətdiyi 1-ci zona 6-cı sırada yerləşən 49 nömrəli mağazada tanımışdır. İlkin həmin mağazaya gələrək ona (iddiaçıya) yaxınlaşmış və özünün də qeyd olunan ticarət mərkəzində tekstil mallarının satışı ilə məşğul olduğunu bildirmişdir. O, bazarda əvvəllər uzun illər Maxsud Əsgərovun yanında işlədiyini, hazırda isə özü burada mağaza götürərək parça satdığını təsdiq etmişdir. O (iddiaçı) Maxsudu tanıdığı üçün və İlkinin də Maxsudun yanında işlədiyini bildirməsinə görə ona inanmış və onunla işləmək istəyini qəbul etmişdir. Daha sonra İlkin ondan (iddiaçıdan) nisyə parça götürmək istədiyini və tez bir zamanda sataraq pulunu ödəyəcəyini bildirmişdir. O da İlkinə artıq etibar etdiyi üçün etiraz etməmiş və bu şəkildə tanışlıqları yaranmış, elə həmin gün İlkinə 3400 manat dəyərində Özbəkistan istehsalı olan müxtəlif tekstil mallarından nisyə vermişdir. 04 mart 2021-ci il tarixdə İlkin mağazaya yanına gələrək malların 3400 manat pulunu tam şəkildə ödəmişdir. Onun səhəri günü isə 05 mart 2021-ci il tarixdə İlkin yenidən mağazaya gələrək ondan (iddiaçıdan) yenə də əlavə nisyə parçalardan istədiyini bildirmiş, bu dəfə də İlkinə inandığı üçün sonuncunun təklifi ilə ümumilikdə 7300 manat dəyərində Özbəkistan istehsalı, onlardan 6500 manat dəyərində bir metrəsinin qiyməti 2 manat 60 qəpik təşkil edən, bir topu 2,20 x 50 metr olan, hər topu 130 manat olmaqla 50 top çit materialından üllü parça, habelə 800 manat dəyərində, bir metrəsinin qiyməti 1 manat 60 qəpik təşkil edən, bir topu 1,60 x 50 metr olan, hər topu 80 manat olmaqla 10 top çit materialından eni qısa həmin güllü parçalardan vermişdir. Bu dəfə də İlkin tək gələrək həmin parçaları arabalara yüklədərək işlətdiyi mağazaya aparmış, hətta özü (iddiaçı) də İlkinin arxasınca gedərək malları necə mağazaya yığdığını görmüşdür. Bundan sonra İlkin müxtəlif vaxtlarda apardığı malların pulundan hissə-hissə qaytarmağa başlamışdır. Belə ki, 05 mart 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək olan müddət ərzində həmin parçaların pulundan 5700 manatını ödəmiş, lakin 1600 manat qalığı qalmasına baxmayaraq, 04 may 2021-ci il tarixdə ondan (iddiaçıdan) yenə nisyə parça vermsini xahiş etmişdir. İlkinin ona (iddiaçıya) 1600 manat pul qalığı qaldığı üçün etiraz etmiş və pulunu qaytardığı halda əlavə nisyə parça verəcəyini bildirmişdir. Etiraz etdiyinə görə İlkin heç bir söz deməyib çıxıb getmişdir. 07 may 2021-ci il tarixdə İlkin yenidən mağazaya gəlib müştərisinin olduğunu əsas gətirərək qalıq pulunu qaytarmadan israrla ondan yenə də parça istəmişdir. İlkinin müştərisi olduğunu dediyi sözə aldanaraq o bu dəfə etiraz etməmiş və müştərisi olduğu halda parçaları qısa zamanda satıb qazanc əldə etməklə onun da pulunu ödəyəcəyini hesab etmişdir. Ona görə də o, İlkinə həmin gün əlavə 7485 manat dəyərində Özbəkistan istehsalı, onlardan 6760 manat dəyərində Özbəkistan istehsalı, bir metrəsinin qiyməti 2 manat 60 qəpik təşkil edən, bir topu 2,20 x 50 metr olan, hər topu 130 manat olmaqla 52 top çit materialından güllü parça, qalan 725 manat dəyərində, bir metrəsinin qiyməti 1 manat 45 qəpik təşkil edən, bir topu 1,50 x 50 metr olan, hər topu 72 manat 50 qəpik olmaqla 10 top çit materialından ağ rəngli parçalardan vermişdir. Artıq bu haqqhesabdan sonra 1600 manatı da üstünə gəlməklə İlkinin ona 9085 manat borcu yaranmışdır. İlkin yenə də parçaları arabalara yüklətdirib işlətdiyi mağazaya aparmışdır. Bir dəfə də 18 may 2021-ci il tarixdə İlkin mağazaya gələrək ona (iddiaıya) dediyi müştərilərə malları verməsinə baxmayaraq hələ də pulunu ödəmədiklərini bildirmiş və buna baxmayaraq yenə də parça verməyini xahiş etmişdir. Bu dəfə o, İlkinin israrla çox sayda xahişlərini nəzərə alıb etiraz etməmiş, lakin az miqdarda parça verəcəyini demiş və İlkinə 1300 manat dəyərində Özbəkistan istehsalı, bir metrəsinin qiyməti 2 manat 60 qəpik təşkil edən, bir topu 2,20 x 50 metr olan, hər topu 130 manat olmaqla 10 top çit materialından güllü parça vermiş və İlkinin ona (iddiaçıya) 10385 manat borcu yaranmışdır. Bundan sonra 12 iyun 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək olan müddət ərzində parçaların pulundan 2280 manatını ödəmiş, lakin yenə də 8105 manat qalığı qalmasına baxmayaraq elə 13 iyul 2021-ci il tarixdə ondan müştərisi olduğunu bildirərək əlavə 1000 metr çit materialından ağ rəngli parçadan istəmişdir. O (iddiaçı) həmin vaxt da İlkinə 1450 manat dəyərində Özbəkistan istehsalı, bir metrəsinin qiyməti 1 manat 45 qəpik təşkil edən, bir topu 1,50 x 50 metr olan, hər topu 72 manat 50 qəpik olmaqla 20 top çit materialından ağ rəngli parçadan vermişdir. İlkin parçaları götürməmiş əvvəl ona iki gündən sonra, yəni 15 iyul 2021-ci il tarixdə bütün nisyə götürdüyü malların pullarını qaytaracağını vəd vermişdir. İddiaçı da İlkinə inanıb heç bir söz deməmişdir. Bu dəfə də İlkin tək gəlmiş və parçaları arabalara yüklədərək mağazasına aparmışdır. 15 iyul 2021-ci il tarixdə o (iddiaçı) ticarət mərkəzində iş yerində olarkən İlkini axşama kimi gözləmiş, lakin bir xəbər çıxmamışdır. Buna baxmayaraq İlkinin işlətdiyi mağazaya yollanmış və mağazanın bağlı olduğunu görmüşdür. Ətrafdakı mağazada işləyənlərdən maraqlandıqda həmin satıcılar ona İlkinin həmin gün ümumiyyətlə işə gəlmədiyini, mağazanın səhər tezdən bağlı olduğunu bildirmişlər. Bir qədər sonra isə ona İlkinin artıq onu və digər şəxsləri aldadıb parçalarını ələ keçirməsi, həmin malları dəyər dəyməzinə başqa-başqa şəxslərə satıb Rusiya Federasiyasının Moskva şəhərinə qaçması məlum olmuşdur. Bu şəkildə İlkin onun etibarını qazanıb mallarını ələ keçirmiş və İlkinin aldatması nəticəsində hazırda ona 9500 (doqquz min beş yüz) maddi ziyan dəymişdir. İlkin qalan malların pulunu ona ödəmədiyi üçün və İlkinin onu aldadaraq pulları ələ keçirdiyini başa düşdüyü üçün məcbur olub 22 iyül 2021-ci il tarixdə Qaradağ rayon polis idarəsinə ərizə ilə müraciət etməli olmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə fakta görə Cavabdeh barəsində Qaradağ rayon prokurorunun müavini tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyət üzrə Qaradağ RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə cinayət işi Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqinə həvalə edildiyindən icraata qəbul edilərək istintaq davam etdirilmiş, elə həmin tarixdə Cavabdeh oglu şübhəli şəxs qismində saxlanılaraq Qaradağ RPİ-nin MSY-yə təhvil verilmişdir. 19 sentyabr 2021-ci il tarixdə Cavabdeh ogluna Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə həmin cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və həmin iş üzrə zərərçəkmşiş şəxs qismində tanınaraq dindirilmiş ona mülki iddia ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilərək bildirilmişdir ki, Cavabdeh oglu ibtidai araşdırma zamanı borcunu tam etiraf etmiş və imkanı olan kimi həmin borcu qaytarmağa söz vermişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddianın həcminin azaldılmasına dair ərizə göndərərək, cavabdehdən 7500 (yeddi min beş yüz) manat pulun və dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Qalib Paşayev) 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh oglundan 7500 (yeddi min beş yüz) manat pul və 115 (bir yüz on beş) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə obyektiv araşdırma aparmadan və işin materiallarını hərtərəfli tədqiq etmədən əsassız nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh 2018-ci ildə Sədərək Ticarət Mərkəzində parça və pərdələrin pərakəndə satış ımağazasından parça məhsulları almışdır. Cavabdeh vergi ödəyicisidir. İş materiallarından da görünür ki, Cavabdeh aldığı parça məhsullarını məhz Sədərək Ticarət Mərkəzində İddiaçı məxsus parça və pərdələrin pərakəndə satışı mağazasından almışdır. Göründüyü kimi, tərəflər arasında olan alqı-satqı münasibətləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur və həmin hüquq münasibətləri yaranan zaman hər iki tərəf vergi ödəyicisi olmuşdur. Məhkəmə mövcud hüquqi münasibətin nədən ibarət olmasını, bu münasibətin subyektlərini, məhkəmədə hazırkı iddianı qaldıran şəxsin bu iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını, eyni zamanda məhkəmə aidiyyatını müəyyənləşdirməmişdir. Məhkəməyə işin aidiyyatı üzrə Kommersiya Məhkəməsinə aid olması barədə şifahi vəsatət versə də, vəsatət əsaslandırılmadan təmin olunmamışdır. Məhkəmə iddianı aidiyyat üzrə Kommersiya Məhkəməsinə göndərilməsini təmin etmək əvəzinə onun iddiasını təmin edərək, cavabdehdən 7500 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki iş üzrə təqdim edilmiş sübutların məcmu halda tədqiqi İddiaçı bu iddianı Cəlilabad rayon məhkəməsində qaldırmaq hüququnu istisna edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, həm İddiaçı, həm də Cavabdeh vergi ödəyicisidir. İş materiallarından da göründüyü kimi tərəflərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi qeydiyyata alınıb-alınmaması barədə, eyni zamanda İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmaması barədə tərəfindən verilən şifahi vəsatətlər əsaslandırılmadan təmin edilməmişdir. O, İddiaçı Sədərək Ticarət mərkəzində işlətdiyi mağazada parça və pərdələrin pərakəndə satışı mağazasından parça məhsulları almışdır. Məhkəmə iclasında bunu iddiaçı da təsdiq edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, vergi ödəyicisi olduğunu bildirmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-288/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Belə ki, məhkəmə keçirilən iclas barəsində bildirişi tərəfin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirmək vəzifəsi daşıyır. Yalnız elektron kabineti olmayan işdə iştirak edən şəxsə SMS bildirişin göndərilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə idiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məlumatlandırılmış, iddiaçıya iclas barədə SMS bildiriş göndərmiş, eyni zamanda ona poçt göndərişi (məktubu) çatdırılmışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, iş üzrə çıxarılmış qətnamənin ləğv olunmasını, mülki işin aidiyyatı üzrə baxılması üçün Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İşdə olan “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin VÖEN üzrə fəaliyyət istiqaməti kimi “iynə, tikiş sapi və sair toxuculuq mallarinin pərakəndə satışı” göstərilmişdir. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin VÖEN üzrə fəaliyyət obyekti kimi “parça mağazası” göstərilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin izahatından göründüyü kimi, iddiaçı cavabdehlə parça məhsullarının alış-satışı ilə əlaqədar tərəfdaş kimi münasibətdə olduğunu bildirmiş, tərəflər arasında dəfələrdə alış-satış olmuş, hazırda tələb olunan pul məbləğinin aralarında yaranmış həmin kommersiya münasibəti üzrə ona olan borcu kimi ödənildiyini bildirmişdir. Tərəfin izahatından göründüyü kimi, həqiqətən də, tərəflər arasında parça alış satışı ilə bağlı sahibkarlıq fəaliyyətindən irəli gələn borc münasibətləri olmuşdur. Beləliklə, tərəflər arasında yaranmış mübahisənin onlar arasındakı sahibkarlıq münasibətlərindən irəli gəldiyi müəyyən edildiyi üçün birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İş materiallarından da istər işdə iştirak edən şəxslərin subyektiv tərkibi, istər mübahisənin predmeti, istərsə də hüquq münasibətlərinin xarakteri nəzərə alındıqda hazırkı işin kommersiya məhkəməsinə aid olduğu müəyyən olunur. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 28-ci bəndinə əsasən, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Beləliklə, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 1ındığı yer üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Cəlilabad rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-288/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-288/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1817/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1817/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver