Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1819/2024 13.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ogluna qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh oglu və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh ogluna qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(073)-1345/2023 saylı qətnaməsindən (hakim Q.Paşayev) cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh ogluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oglundan 88776 (səksən səkkiz min yeddi yüz yetmiş altı) manat məbləğində borcun və 357 (üç yüz əlli yeddi) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o (iddiaçı) 2009-cu ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində icarə əsasında işlətdiyi 1-ci zona 8-ci sırada yerləşən 198 nömrəli mağazada tekstil məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olmuş və vergi ödəyicisi kimi 10 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Fiziki şəxs kimi həmin malları xaricdən nəğd qiymətə almış və qazanc əldə etmək məqsədi ilə topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Cavabdeh 2011-ci ildən tanımışdır. Hazırkı iş üzrə Cavabdeh 2011-ci ildən tanımışdır. Həmin vaxtlar İlkin "Sədərək" ticarət mərkəzində olan müxtəlif tekstil mağazalarında satıcı işləmişdir. 2018-ci ilin yay aylarında İlkin "Sədərək" ticarət mərkəzində işlətdiyi mağazada ona (iddiaçıya) yaxınlaşaraq uzun illərdir tekstil işləri ilə məşğul olduğunu, bu işi bacardığını, pulunu hissə-hissə ödəmək şərti ilə nisyə tekstil malları olan müxtəlif parçalardan ona satmasını xahiş etmişdir. Cavabdeh ilə həmyerli olduğunu və onun yaxın qohumları ilə yaxşı münasibətlərinin olduğunu nəzərə alaraq etiraz etməmiş və İlkinə nisyə mal verməyə razılaşmışdır. Həmin vaxtdan başlayaraq Cavabdeh təxminən 55 000 manat məbləğində yerli, Türkiyə və Çin istehsalı olan müxtəlif ev tekstili parçalarından verməyə başlamışdır. Bu şəkildə Cavabdeh ilə aralarında ticarət əlaqələri davam etmiş və İlkin hər dəfə aldığı mallara görə pulun az hissəsini ödəyib tam borcunu bağlamadan yenidən nisyə mal götürüb, malları müxtəlif bölgələrdə tez bir zamanda sataraq pulları ödəyəcəyini söz vermişdir. Bu qaydada 11 iyul 2021-ci il tarixədək Cavabdeh nisyə aldığı tekstil mallarına görə ona (iddiaçıya) 101158 manat borcu yaranmışdır. Üstündən iki gün keçdikdən sonra, 13 iyul 2021-ci il tarixdə Cavabdeh mağazanı baglayıb Rusiya Federasiyasının Moskva şəhərinə qaçdığı ona (iddiaçıya) məlum olmuşdur. Bunu bildikdən sonra o (iddiaçı), İlkinin Cəlilabad rayonunun Babalı kəndində yaşayan atası Həşim kişinin yanına getmiş və İlkinin etdiyi hərəkətlər barədə danışmışdır. İlkinin atası Həşim oğlunun hərəkətlərindən xəbərdar olmuş və İlkinlə danışıb onunla əlaqə saxlayacağını demişdir. Həmin vaxt Cavabdeh onunla (iddiaçı ilə) bir ticarət mərkəzində tekstil məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan Emil, Amil və Qisməti də bu şəkildə aldadıb mallarından nisyə götürüb ələ keçirdiyi məlum olmuşdur. İlkin Moskva şəhərinə qaçdıqdan təxminən 2-3 gün sonra 15-16 iyul tarixlərdə İlkinin qardaşı Firdovsi ona (iddiaçıya) zəng edərək İlkinin işlətdiyi mağazanı açdığını, orada ona aid nə mallar varsa gəlib götürməyini bildirmişdir. O (iddiaçı) bunu eşitdikdə həmin mağazaya getmiş və həqiqətən də digər sahibkarların İlkinə verdiyi mallarını götürdüklərini görmüşdür. Onun (iddiaçının) isə İlkinə verdiyi mallardan top şəkilində olanlar qalmamışdır. İlkin top şəkilində, yəni 40 və ya 50 metr ölçüdə bağlanmış vəziyyətdə olan parçaları bildiyinə görə ona verdiyi dəyərindən 30 faiz aşağı qiymətə müxtəlif sahibkarlara, əsasən də Cəlilabad rayonunda bu işlə məşğul olan sahibkarlara satıb pullarını ələ keçirmişdir. O (iddiaçı) da məcbur olub özünə aid malları top şəkilində deyil, kəsilmiş, hissə-hissə qalmış mallarından götürmüşdür. Həmin qalıq malları hesabladıqda təxminən 16000 manat dəyərində etmişdir. Həmin malları İlkinin qardaşı Firdovsinin iştirakı ilə götürmüş və İlkinin ona (iddiaçıya) 88776 (səksən səkkiz min yeddi yüz yetmiş altı) manat borcu qalmışdır. İlkin qalan malların pulunu ona (iddiaçıya) ödəmədiyi üçün və İlkinin onu (iddiaçını) aldadaraq pulları ələ keçirdiyini başa düşdüyü üçün məcbur olub 22 iyul 2021-ci il tarixdə Qaradağ rayon polis idarəsinə ərizə ilə müraciət etməli olmuşdur. Bundan sonra xx.xx.2021 -ci il tarixdə fakta görə Cavabdeh barəsində Qaradağ rayon prokurorunun muavini İlkin İsmayılov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyət üzrə Qaradağ RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə cinayət işi Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Coşqun Abbasova həvalə edildiyindən icraata qəbul edilərək istintaq davam etdirilmiş, elə həmin tarixdə Cavabdeh oglu şübhəli şəxs qismində saxlanılaraq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. 19 sentyabr 2021-ci il tarixdə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-cı ı| tarixdə həmin cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və ona (iddiaçıya) mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Cavabdeh oglu ibtidai araşdırma zamanı borcunu tam etiraf etmiş və imkanı olan kimi həmin borcu qaytarmağa söz vermişdir. Lakin cavabdeh ona (iddiaçıya) olan qalan borcunu qaytarmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı 2011-ci ildən tanımışdır. Əvvəllər iddiaçının Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Sədərək» ticarət mərkəzində icarəyə götürərək işlətdiyi tekstil mallarının topdan və pərakəndə satışı mağazasında satıcı işləmiş və həmin müddət ərzində iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. 2016-cı ildə iddiaçının yanından çıxaraq başqa şəxsin yanında satıcı işləməyə başlamışdır. 2018ci ilin aprel ayında İddiaçı ona (cavabdehə) «Sədərək» ticarət mərkəzində mağaza icarəyə götürərək onun mallarını satmasını təklif etmişdir. O (cavabdeh) da həmin ticarət mərkəzində 2018-ci ilin may ayında mağaza icarəyə götürüb işlətməyə başlamışdır. Həmin vaxtdan İddiaçı ona nisyə olaraq tekstil malları vermiş, o da həmin malların bir hissəsini satdıqdan sonra yenidən İddiaçı mal alaraq satmışdır. İddiaçı nisyə aldığı malların dəyərini isə hissə-hissə ona ödəmişdir. Həmin nisyə alver nəticəsində onun İddiaçı 88 776 manat borcu qalmış və sonradan həmin borcunu tam şəkildə ödəmişdir. Buna baxmayaraq, iddiaçı ondan (cavabdehdən) şikayət etmiş, onun (cavabdehin) barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin araşdırma nəticəsində iddiaçı ilə aralarında yaranmış münasibətlər mülki xarakterli olduğundan barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həbsdə olan zaman təziq və təsir altında olduğundan İddiaçı 88 776 manat borcunun qalmasına dair izahat vermişdir. Halbuki, onun iddiaçıya heç bir borcu qalmamışdır. Həbs olunanadək iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oglunun nümayəndəsi (vəkili) Nümayəndə2 cavabdehin izahatına uyğun izahat verərək iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(073)-1345/2023 saylı qətnaməsi ilə iddia təmin olunmuş və Cavabdeh oglundan 88 776 (səksən səkkiz min yeddi yüz yetmiş altı manat) manat pul və 357 (üç yüz əlli yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmadan, işin materiallarını hərtərəfli tədqiq etmədən əsassız nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh 2018-ci ildə "xxxx" MMC - parça və pərdələrin pərakəndə satışı mağazasından parça məhsulları almışdır. Cavabdeh vergi ödəyicisidir. İş materiallarında olan, cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı faktını təsdiq edən satış qaimələrindən (qəbzlərdən) görünür ki, Cavabdeh aldığı parça məhsullarını məhz "xxxx" parça və pərdələrin pərakəndə satışı mağazasından almışdır. Göründüyü kimi, alqı-satqı münasibətləri İddiaçıla Cavabdeh arasında yox, "xxxx" MMC ilə Cavabdeh arasında olmuşdur. Belə olan halda, iddia İddiaçı tərəfindən yox, satış qəbzlərində (qaimələrdə) satıcı kimi göstərilən hüquqi şəxs tərəfindən qaldırıla bilərdi. Məhkəmə mövcud hüquqi münasibətin nədən ibarət olmasını, bu münasibətin subyektlərini, məhkəmədə hazırkı iddianı qaldıran şəxsin bu iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını müəyyənləşdirməmişdir. Halbuki iş üzrə təqdim edilmiş sübutların məcmu halda tədqiqi İddiaçı bu iddianı qaldırmaq üçün subyektiv hüququ olmayan şəxs olduğunu deməyə imkan verir. Həmçinin qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, həm "xxxx" MMC, həm də Cavabdeh vergi ödəyicisidir. Mübahisə də sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlıdır. Mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyənləşdirilməsi üçün hakim Azərbaycan Respublikası MPM-in 24.3-cü maddəsinə müvafiq olaraq işin məhkəmə aidiyyətini yoxlamalı olsa da, bu vəzifəsini də yerinə yetirməmişdir. İş materiallarından məlum olur ki, mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyənləşdirilməsi üçün hakim Azərbaycan Respublikası MPM-in 24.3-cü maddəsinə müvafiq olaraq araşdırma aparmalı olsa da, bu vəzifəsini də yerinə yetirməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışı iclaslarında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və bildirmişlər ki, iş aiddiyyət qaydalarına uyğun olaraq icraata götürülmüşdür. Belə ki, tərəflər arasında münasibət yaranan zaman cavabdeh vergi ödəyicisi kimi qeydə alınsa da iddiaçıda belə qeydiyyat olmamışdır. İddiaçı VÖEN-i hazırkı mülki iş məhkəməyə daxil olduğu vaxtdan 3- 4 ay sonra almışdır. Həmçinin cavabdeh iddiaçıya 88776 manat borcunun olmasını həm cinayət işi üzrə araşdırma aparılan zaman həm də məhkəmə iclasının icasında etiraf etmişdir. Bu hal məhkəmə qətnaməsində və iclas protokolunda öz əksini tapmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin Şirvan Kommersiya məhkəməsinə göndərilməsini xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli ********* nömrəli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Cavabdeh oglunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və X2 mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh oglu ibtidai istintaq zamanı verdiyi verdiyi izahatında tekstil mallarına görə İddiaçı Xanhuseyn oğluna 88 116 manat borcunun qaldığını etiraf etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan nisyə olaraq tekstil malları almış və iddiaçıya 88 776 (səksən səkkiz min yeddi yüz yetmiş altı) manat borcu yaranmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh nisyə aldığı malların dəyərini indiyədək iddiaçıya ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdən müəyyən edilir iddiaçı 88 776 manat pul tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə iddianı təmin etmişdir. Cavabdeh qətnamədən narazı qalmış və apellyasiya şikaayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri tərəflərin hər ikisinin vergi ödəyicisi olmaqla onlar arasında olan mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibət olmaqla kommersiya mübahisəsi olmasıdır. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, müəyyən edilir hazırda həm iddiaçı həm də cavabdeh vergi ödəyicisidirlər. İddiaçı xx.xx.2023-cü ildən, cavabdeh isə xx.xx.2018-ci ildən Vergi orqanlarında qeydiyyatdadırlar. Müəyyən edilir ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı isə vergi orqanlarında fərdi sahibkar kimi xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. Göründüyü kimi iddia vergi orqanlarında hazırkı mülki iş Cəlilabad rayon məhkəməsinə daxil olduqdan 4 ay sonra sahibkar kimi qeydiyyata alınmışdır. Həmçinin tərəflərin izahatından və işdə olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin “xx.xx.2022ci il tarixli ********* nömrəli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, tərəflər arasında olan mülki hüquq münasibətləri 2018-2021-ci illəri əhatə edir. Buna görə də Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işi icraata qəbul edərkən MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına əməl etməklə qəbul etmişdir. MPM-nin 44.1-cü maddəsində göstərilir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Bundan başqa cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin “xx.xx.2022-ci il tarixli ********* nömrəli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərardan, həmçinin mülki işin 59-cu səhifəsində olan cavabdehin izahatından görünür ki, cavabdeh iddiaçıya 88 776 manat borcunun olmasını bildirmiş, lakin həmin məbləği iddiaçıya qaytarmasını bildirsə də bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2(073)-1345/2023 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş rüsum məbləği cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1819/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1819/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver