Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-182/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh Əyub oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(055)-882/2022 saylı qətnaməsindən (hakim İ.Abuşov) iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh Əyub oğluna qarşı “pul” tələbi barədə kiçik iddia ilə sadələşdirilmiş icraat qaydasında Saatlı Rayon Məhkəməsinə müraciət edərək, 25 yanvar 2021-ci il tarixli SATK02724 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 566 manat qalıq borc, 165.72 manat cərimə olmaqla, ümumilikdə 731.72 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 25 yanvar 2021ci il tarixli SATK02724 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh ilkin ödəniş daxil olmaqla 599 manat dəyərində məişət məhsulunu nisyə almışdır. Cavabdeh tərəfindən müqaviləyə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Nisyə alğısatqı müqaviləsinin 5.6-cı bəndinə əsasən cavabdeh borcun ödənişini gecikdirdikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20 faizinin, yəni 165.72 manat cərimənin ödənilməsi tələb olunur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq cavabdehə iddia ərizəsinin surəti, hüquq və vəzifələrinin izahı barədə rəsmi bildiriş göndərilmiş, bildiriş iş materiallarında olan xəbərnaməyə əsasən 26 avqust 2022-ci il tarixdə cavabdehə təqdim edilmişdir. Cavabdeh 29 avqust 2022-ci il tarixdə, yəni qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etiraz vermiş, Saatlı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(055)-882/2022 saylı qərardadı ilə işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X3 birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirib, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı MMC ilə aralarında bağlanmış 25 yanvar 2021-ci il tarixli SATK02724 saylı müqaviləyə əsasən iddiaçıdan nisyə şəkildə “Samsung” markalı televizor almışdır. Lakin televizorda nasazlıq olduğu, aldığı vaxtdan onu istifadə edə bilmədiyi üçün qanunvericiliklə malın qaytarılması üçün nəzərdə tutulmuş müddət keçmədən İddiaçı MMC-nin Saatlı filialına gələrək qaytarmış, həmin televizor İddiaçı MMC-nin Saatlı filialının əməkdaşı tərəfindən qəbul edilərək ona televizorda nasazlıq olması səbəbindən servisə göndərilməsi barədə qəbz təqdim edilmişdir. Həmin vaxtdan televizor İddiaçı MMC-nin Saatlı filialında qalmışdır. Həmçinin o, iddiaçıdan aldığı televizoru qaytardığı və onu istəmədiyi barədə bir neçə dəfə İddiaçı MMC-nə ərizə ünvanlamışdır. Televizoru istifadə etməyib qaytardığı və həmin televizor iddiaçı tərəfindən qəbul edildiyi halda, hazırda iddiaçı ondan həmin televizora görə borc məbləğini tələb edir. Saatlı Rayon Məhkəməsinin 12t oktyabr 2022-ci il tarixli 2(055)-882/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq norması olaraq Mülki Məcəllənin 623.1-ci maddəsinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMCdən aldığı məhsulu geri qaytardığı və həmin məhsul iddiaçı tərəfindən qəbul edildiyi üçün, iddiaçı həmin məhsula görə cavabdehdən hər hansı vəsait tələb etməkdə haqlı deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Cavabdeh qeyd etdiyi dəlillər, o cümlədən, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsassızdır. Belə ki, iş materiallarında olan təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-dən 25 yanvar 2021 -ci il tarixli müqavilədə nəzərdə tutulmuş televizoru tam qüsursuz halda təhvil almışdır. Belə ki, 21 yanvar 2021-ci il tarixli nisvə satış müqaviləsi üzrə təhvil-təslim aktından görünür ki, mağaza tərəfindən müqavilə üzrə alınmış yuxarıda qeyd olunan məhsul X4 akt üzrə təhvil verilmiş və aktda qeyd olunmuşdur ki, “alıcı tərəfindən satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədi”, aktın doğruluğunu imzası ilə təqsiqləmisdir. Həmin aktdan görünür ki, alıcı X5 həmin televzioru sağlam vəziyytdə qəbul edərək imzası ilə təqsdiq etmişdir. Hazırkı işdən də müəyyən olunur ki, cavabdehə satılmış televizordakı qüsurlar onun özü tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması nəticəsində əmələ gəlmişdir. Belə ki, həmin televizor iddiaçıya təhvil verilən zaman o, satılan malın texniki göstəricilərinə və yararlığına (sağlamlığına) dair iradlar bildirməyib və televizordakı qüsuru evində aşkar edib. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Tərəflər arasında imzalanmış təhvil-təslim aktından görünür ki, satıcı öz üzərinə düşən öhdəliyi icra etmiş və televizoru razılaşdırılmış keyfiyyətdə alıcıya təhvil vermişdir. Alıcı (cavabdeh) bu sənədi imzalamış və bu gün də həmin aktı mübahisələndirməmişdir. Buna görə də hesab edir ki, sözügedən “Təhvil-təslim aktının” mötəbərliliyinə hər hansı bir şübhə yaranmadığından, həmin akt sübut kimi qəbul edilir. Cavabdeh məhsulu aldığı anda televizorun keyfiyyətinə və xarici görünüşünə heç bir iradı olmamış, 19 fevral 2022-ci il tarixindənk istifadəsində olmuşdur. Cavabdeh aldığı televizorun keyfiyyətini və texniki vəziyyətini yoxlatdırmaq hüququna malik olsa da, bu hüququndan istifadə etməmiş və ya buna zərurət görməmişdir. Həmin məhsul cavabdehə satılarkən tam işlək vəziyyətdə olmuşdur, heç bir qüsuru müşahidə olunmamışdır. Cavabdeh televizorun ona satılan məqamda yararlı və ya qüsurlu olub-olmamasını müəyyənləşdirmək üçün heç bir tədbir görməmişdir. Bu halda birinci instansiya məhkəməsi mövcud ziddiyyətlərin aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin edilməsini təmin etməli və qüsurun malın alınmasından əvvəl və ya malın təhvil verilməsindən sonra yaranmasını müəyyən edərək, mövcud sübutlar əsasında tələbləri üzrə qiymətləndirilmənin aparılmasını təmin edə bilərdi. Cavabdeh aldığı televizorun nasaz olduğu üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasından imtina edə bilməz. Başqa sözlə nisyə alqı-satqı müqaviləsi üzrə aldığı əşyanın dəyərini ödəmək onun müqavilə üzrə üzərinə götürdüyü öhdəlik olmuşdur. Cavabdeh hesab edirsə ki, aldığı əşya zədələndiyi halda onu təmir etmək iddiaçının vəzifəsidir, bu halda müvafiq tələblə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Lakin bu halların həqiqi olması belə hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh aldığı televizoru 19 fevral 2021-ci il tarixində qaytarmışdır. Təhvil alınarkən televizorun nasaz olduğu üçün istifadə edə bilmədiyini bildirmişdir. Cavabdeh məhsulu almış, işlətmişdir. Lakin cavabdeh ödəniş qrafikinə əsasən ödənişlər aparmamış, nədə məhsulu gəlib servisdən geri götürməmişdir. Bu hal isə tərəfin borcun qaytarmamasına bəraət qazandıra bilməz. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, televizor ona təhvil veriləndən sonra qısa zaman keçidində qüsuru aşkar olunmuşdur, belə ki, ekranın yarısı sönmüşdür. Bu səbəbdən televizoru aldığı mağazaya təmir olunması üçün deyil, ona almaqdan imtina etdiyini bildərərək qaytarmışdır. İddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddiasının tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdıraraq, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq edilməli olan maddi hüquq ğnormalarında səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş tərəflər arasında 25 yanvar 2021-ci il tarixdə bağlanmış SATK02724 saylı nisyə alğı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 18 ay müddətinə hər ay 33 manat ödəmək şərti ilə ümumi nisyə məbləği 599 manat olan məişət məhsulunun alınması ilə əlaqədar bağlanmışdır. İş materiallarına əlavə olunmuş 25 yanvar 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 599 manat dəyərində olan “Samsung” markalı televizoru İddiaçı nümayəndəsi Niyazi Abasovdan təhvil almışdır. İş materiallarına əlavə olunmuş İddiaçı Saatlı filialı tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, Cavabdeh televizorunda problem olduğu üçün servisə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 19 iyul 2021-ci il tarixli və 10 avqust 2022-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh İddiaçınə ərizə ünvanlayaraq 25 yanvar 2021-ci il tarixli SATK02724 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən İddiaçı Saatlı filialından götürdüyü televizorda nasazlıq olduğu üçün onu İddiaçı Saatlı filialına geri qaytardığını və həmin televizoru istəmədiyini bildirmiş, bu barədə onu narahat etməmələrini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir, 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir, 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər, 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür, 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi, 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin, 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır, 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. İşin müəyyən olunan faktiki halları ondan ibarət olmuşdur ki, tərəflər arasında 25 yanvar 2021-ci ildə bağlanmış əşyaların nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh dəyərini hissə-hissə olmaqla 18 ay müddətində ödənilməsi şərti ilə 599 manat dəyərində bir ədəd "Samsunq" markalı televizoru iddiaçıdan almışdır. İddiaçı tərəfindən həmin tarixdə televizor istifadəyə yararlı halda cavabdehə təhvil verilmiş, həmçinin keyfiyyət zəmanəti verilmişdir. Cavabdehin televizordan istifadəsi zamanı qüsur aşkar olunmuş, cavabdeh televizoru aldığı mağazaya qaytararaq onu almaqdan imtina etdiyini bəyan etmişdir. Hazırda isə iddiaçı televizoru təmir edərək, cavabdeh tərəfindən götürülmədiyi halda, dəyərinin ödənilməsi tələbi irəli sürülür. Kollegiya hesab edir ki, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün hazırki halda cavabdeh olmuşdur, çünki əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirə bilməmişdir. Belə olan halda isə iddiaçının alğı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Kollegiya hesab edir ki, hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Mübahisə işin müəyyən olunan faktiki halları üzrə yuxarıda sadalanan maddi hüquq normaları əsasında həllini tapmalı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən Mülki məcəllənin 623.1-ci maddəsinə istinad olunaraq, hüququn tətbiqində səhvə yol verilmişdir. Odur ki, qeyd olunan əsasla apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş üzrə yeni qətnam ilə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Hazırki iş üzrə iddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği 731.72 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 731.72 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 apellyasya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(055)-882/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Əyub oğluna qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-182/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-182/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver