Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1824/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X3, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Yadulla qızına qarşı cavabdehlərdən maddi zərərin və məhkəmə xərclərinin tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli, 3-48-12RA/2-411 saylı Arxiv çıxarışından görünür ki, “Azərbaycan 40 illiy" adına sovxozun xx.xx.1996-cı il tarixli, 86 saylı əmri ilə mərhum Cəfərov Cəfər Qasım oğluna kəndin cənub tərəfindən 0.12 ha, həmin sovxozun xx.xx.1994cü il tarixli, 106 saylı əmri ilə kəndin cənub tərəfindən İddiaçı1 0.12 ha, həmin sovxozun xx.xx.1997ci il tarixli, 01 saylı əmrləri ilə İddiaçı3 və İddiaçı2 hər birinə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 1112A, KOD 80605028 saylı şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı1 mülkiyyətinə Cəlilabad rayon Sabirabad kəndində 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********27 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Sabirabad kəndində yaşayış məntəqələri təyinatlı 0,12 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş və bu barədə 02 avqust 2021-ci il tarixdə, ********** saylı qeydiyyat aparılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)-399/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh İddiaçı1 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixdə, **********27 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh1 Cəlilabad rayonu, Sabirabad kəndində mülkiyyətinə verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçı Cavabdeh1 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdeh İddiaçı1 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına, iddiaçı Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmiş 311 manat isə cavabdehdən alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi və iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023- cü il tarixli, 2(106)- 1152/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)- 399/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(102)-428/2024 saylı qərarından görünür ki, cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(106)- 1152/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Yadulla qızına qarşı 3270 maddi zərərin və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Cəlilabad rayonunun Sabirabad kəndində mövcud olmuş “Azərbaycanın 40 illiyi" adına sovxozun həyətyanı torpaq sahəsi ayrılması barədə olan müvafiq əmrləri əsasında mərhum ataları Cəfərov Cəfər Qasım oğluna - xx.xx.1996-cı il tarixli, 86 saylı əmrlə kəndin cənub tərəfindən 0.12 ha torpaq sahəsi, İddiaçı1 xx.xx.1994-cü il tarixli, 106 saylı əmrlə kəndin cənub tərəfindən 0.12 ha torpaq sahəsi, İddiaçı3 xx.xx.1997-ci il tarixli, 01 saylı əmrlə 0.12 ha həyətyanı torpaq sahəsi, İddiaçı2 xx.xx.1997-ci il tarixli, 01 saylı əmrlə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Bundan başqa ona Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonunun Sabirabad kəndində sənədi ilə 0,10 hektar torpaq sahəsi ayrılıb verilmiş və bu barədə ona “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1112A, KOD 80605028 saylı şəhadətnamə də verilmişdir. Qeyd olunan torpaq sahələri ilə qonşuluqda “Azərbaycanın 40 illiyi” adına sovxozun həyətyanı torpaq sahəsi ayrılması barədə olan xx.xx.1996-cı il tarixli, 61 saylı əmri ilə şəhid ailəsi olan X4 0.15 ha torpaq sahəsi ayrılıb verilmişdir. Həmin həyətyanı torpaq sahələrinin ayrılması onlara və şəhid ailəsi X4 torpaq barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli, 3-48-12RA/2-411 saylı və 23 yanvar 2024-cü il tarixli 3-48-12RA/2-30 saylı Arxiv çıxarışları vardır. Atasının vəfatından sonra Sabirabad bələdiyyəsinin keçmiş sədri və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Sabirabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi onların ailə üzvlərinin, yəni atası Cəfər Cəfərovun, onun, İddiaçı2 və İddiaçı3 qanuni sənədlər əsasında əldə edib istifadə etdiyi torpaq sahələrini onlardan almaq üçün müxtəlif qanunsuzluqlara əl atmışlar. Həmin vaxt Sabirabad bələdiyyəsinin sədri Sabirabad bələdiyyəsinin adından iddiaçı kimi ona qarşı Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, onun Cəlilabad bələdiyyəsinin mülkiyyətində olan zəbt etdiyi torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin Cəlilabad Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(073)-135/2021 saylı qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sabirabad bələdiyyəsinin keçmiş sədrləri tərəfindən onların istifadəsində olan 0,12 ha həyətyanı torpaq sahəsinin Sabirabad bələdiyyəsinin mülkiyətində olmasına dair qanunsuz və saxta yolla ƏMDK yanında DƏDRX-nin 16 noyabr 2020-ci il tarixli çıxarışı alınmış və həmin çıxarış əsasında adı çəkilən bələdiyyə və Cavabdeh1 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi Cavabdeh1 satılmış və həmin torpaq sahəsi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdir. Bundan sonra Cavabdeh1 2022-ci ildə ona qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 11 aprel 2019-cu il tarixli, **********92 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Cəlilabad rayonu Sabirabad kəndində yerləşən 0,12 ha torpaq sahəsindən onun çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 ona qarşı qeyd olunan iddia ərizəsi ilə bağlı, o, da Cavabdeh1 qarşı çıxarışın ləğv edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və ona (iddiaçıya) təhvil verilməsi, torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələblərinə dair ərizə ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş, lakin Cəlilabad Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(073)-1067/2022 saylı qərardadı ilə onun Cavabdeh1 qarşı iddia ərizəsi geri qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)-399/2022 saylı qətnaməsi ilə Cavabdeh1 iddia ərizəsi təmin edilmiş və sonra ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışla Cəlilabad rayonu Sabirabad kəndində yerləşən 0,12 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, A 633711 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə Cəlilabad rayon Sabirabad kəndində yerləşən həmin 0,12 ha torpaq sahəsi Cavabdeh1 adına tərtib edilmişdir. Onların istifadəsində olan həmin 0,12 ha torpaq sahəsinin qeyri qanuni yolla və saxta sənədlər əsasında Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olması barədə ƏMDK yanında DƏDRX tərəfindən 16 noyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan isə qeyd olunan 0,12 ha torpaq sahəsi Sabirabad bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Bundan sonra isə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 02 avqust 2021- ci il tarixli, **********27 reyestr nömrəli çıxarışa əsasən həmin 0,12 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Onlara məxsus olmaqla istifadələrində olmuş 0,12 ha torpaq sahələrinin Sabirabad bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınması və Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınması barədə qeyd olunan çıxarışlar heç bir hüquqi əsasları olmadan qeyriqanuni və saxta yollarla əldə olunmuşdur. Onlara edilən zorakılıq və qanunsuzluqlar son illərdə daha da artmışdır. Bundan əlavə cavabdehlər onların qeyd olunan torpaq sahəsində əkdikləri taxılı, mərcini, tərəvəzi və digər kənd təsərrüfatı məhsullarını traktorla qəsdən şumlayıb məhv etmiş, torpaq sahəsinin ətrafına çəkdikləri dəmir setkanı məhv edib yararsız hala salmışlar, onların əkin sahəsinə öz atlarını və heyvanlarını buraxıb əkin sahələrini, ora əkdikləri taxılı, kartofu və digər kənd təsərrüfatı məhsullarını məhv etməklə onlara xeyli miqdarda maddi zərər vurmuşlar. Bununla bağlı o, 2023-cü ilin dekabr ayında Cəlilabad rayon polis şöbəsinə müraciət etmiş, polis şöbəsində müvafiq araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və ona dəymiş maddi zərərlə bağlı aidiyyəti üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması izah edilmişdir. Cavabdehlər tərəfindən onlara vurulmuş ziyanla bağlı tərtib olunmuş 08 mart 2023-cü il tarixli aktda da göstərilir ki, “08 mart 2023- cü il tarixdə Cəlilabad rayonunun Sabirabad kəndində biz aşağıda imza edənlər - Cəlilabad rayonu Qarazəncir kənd sakinləri - İddiaçı1, X10 (şəhid atası), Sabirabad kənd sakini X1 iştirakı ilə tərtib edirik bu aktı ondan ötrü ki, “bu gün müəyyən etdik ki, Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən onlara məxsus 0,88 sot torpaq sahəsində əkdiyimiz tərəvəz bitkilərini, yaşayış evinin 17 metr uzunluqlu mal tövləsinin və sahənin ətrafina çəkilmiş dəmir setkanı, əsasən mal tövləsini uçurmuşlar. Bütün bunları Cəlilabad rayonu Sabirabad kəndində yaşayan qonşusu Cavabdeh2 Elbəy oğlu və atası X6 və Elbəy Cabbarovun arvadı Səlminaz Cabbarova 08 mart 2023-cü il tarixdə törətmişlər”. Ona və X5 ümumilikdə 3000 manat ziyan dəymişdir. Akt istənilən idarə və təşkilata, həmçinin hüquq mühafizə orqanlarına təqdim etmək üçün tərtib edilmişdir. Həmçinin dəyən ziyanları əks etdirən fotolar çəkilmiş də hal-hazırda mövcuddur. Aktın doğruluğunu imzalarla təsdiq edirik.” Eyni zamanda vurulmuş maddi ziyanla bağlı ona dəymiş maddi ziyanın hesablanması ilə bağlı Cəlilabad DAİM-in bitkiçilik sektorunun müdiri X2 tərəfindən rəy hazırlanmışdır. Həmin rəydə göstərilir ki, “Cəlilabad RPS-nin 07 dekabr 2023-cü il tarixli, 28/3393 saylı müraciəti ilə Sabirabad kənd sakini İddiaçı1 dəymiş maddi ziyanı müəyyən etmək üçün vətəndaşın iştirakı ilə əkin sahəsinə tərəfimizdən baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, vətəndaş ona və ailə üzvlərinə məxsus bir hektar şumladığı torpaq sahəsinə taxıl əkmək məqsədilə buğda toxumu səpmiş və əkin aparmaq istədikdə həmkəndlisi ona mane olmuş, nəticədə toxum sahədə bir neçə gün qalmaqla həm itkiyə məruz qalmış, həm də əkin üçün yararlığını itirmişdir. Səpin zamanı aqrotexniki qaydaya və səpin normasına uyğun olaraq 220 kiloqram toxumdan istifadə olunmuşdur. Əkin dövründə toxumluq buğdanın qiyməti sort və repraduksiyadan asılı olaraq 0.70- 1.00 AZN arasında dəyişsə də vətəndaş istifadə etdiyi buğda toxumunun hər kiloqramını 0.80 AZN-ə aldığını bildirdi”. Göstərilən torpaq sahəsinin bələdiyyə torpaq vergisi illər üzrə onlar tərəfindən və şəhid ailəsi X7 tərəfindən ödənilmişdir. Qeyd olunan Akt və Rəy üzrə cavabdehlər tərəfindən onlara 08 mart 2023-cü il tarixli, Akt üzrə 3000 manat, qeyd olunan Rəy üzrə buğdanın alınmasına görə 176 manat və buğdanın əl ilə səpilməsinə görə 40 manat-cəmi 216 manat olmaqla, ümumilikdə 3216 manat, 54 manat dövlət rüsumu əlavə edilməklə yekun olaraq 3270 manat maddi zərər vurulmuşdur. Cavabdehlər hazırda da onların həmin torpaq sahəsindən normal istifadə etmələrinə imkan vermirlər. Göründüyü kimi, cavabdehlər tərəfindən onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də həmin çıxarışların qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddiaçılar iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı1 (eyni zamanda İddiaçı2 və İddiaçı3 nümayəndəsi) iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (X11) 25 iyun 2024-cü il tarixli 2(073)-1131/2024 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Yadulla qızına qarşı cavabdehlərdən 3270 manat məbləğində maddi zərərin alınaraq onlara ödənilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumunun İddiaçı1 aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 157.8-ci, 1096.1-ci, 1096.2-ci, 1108.1-ci Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 14.2-ci, 77.1-ci, 78.1-ci, 88-ci, 106.1-ci, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçılar ərizədə və izahatda cavabdehlərin onların qeyd olunan torpaq sahəsində əkdikləri taxılı, mərcini, tərəvəzi və digər kənd təsərrüfatı məhsullarını traktorla qəsdən şumlayıb məhv etmələrini, torpaq sahəsinin ətrafına çəkdikləri dəmir setkanı məhv edib yararsız hala salmalarını, onların əkin sahəsinə öz atlarını və heyvanlarını buraxıb onların əkin sahələrini, əkdikləri taxılı, kartofu və digər kənd təsərrüfatı məhsullarını məhv etməklə onlara 3000 manat miqdarında maddi zərər vurmalarını və bundan əlavə onlara məxsus bir hektar şumladıqları torpaq sahəsinə taxıl əkmək məqsədilə buğda toxumu səpib, əkin aparmaq istədikdə cavabdehlərin onlara mane olmaları nəticəsində toxumun sahədə bir neçə gün qalmaqla həm itkiyə məruz qalmasını, həm də əkin üçün yararlığının itirməsi nəticəsində (aqrotexniki qaydaya və səpin normasına uyğun olaraq 220 kiloqram toxumdan istifadə olunduğu, əkin dövründə buğda toxumunun hər kiloqramı 0.80 manat olması, buğdanın alınmasına görə 176 manat olması və buğdanın əl ilə səpilməsinə görə 40 manat olması) nəzərə alınmaqla, cəmi 216 manat miqdarında, ümumilikdə 3270 manat miqdarında maddi zərər vurmalarını bildirsələr də, həmin maddi zərərin cavabdehlər tərəfindən vurulmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin iş materialları ilə cavabdehlərin iddiaçılara ümumilikdə 3270 manat maddi zərərin yetirilməsində təqsirinin olması öz təsdiqini tapmamışdır və buna görə də yetirilmiş ziyanla bağlı cavabdehlərin üzərinə məsuliyyət qoyula bilməz. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti vermişdir. İddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməli idi. Ona görə də hesab edirlər ki, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmamaqla, qanuni və əsaslı olmadığından qətnamə ləğv edilməlidir. Bütün məhkəmələr üçün məcburi olan bu qərarın tələblərinə əsasən məhkəmə tərəflərin istinad etdiyi sübutların və dəlillərin hər birinə öz münasibətini bildirməli, bu və ya digər dəlilin qəbul və ya rədd edilməsini müvafiq qaydada əsaslandırmalıdır. Lakin işə baxan birinci instansiya məhkəməsi qətnaməsində iddia tələbini təmin edərkən qanunvericiliyin bu imperativ tələblərinə əməl etməmişdir. Beləliklə bir daha aydın olur ki, məhkəmə hazırki qətnaməsini qəbul edərkən Mülki və Mülki Prosessual Qanunvericiliyin bir sıra imperativ tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, qüvvədə olan mülki-prosessual qanunvericiliyinin tələbinə görə, məhkəmə aktları qanuni və əsaslı olmalıdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı1 (eyni zamanda İddiaçı2 və İddiaçı3 nümayəndəsi) izahatında bildirdi ki, 1994-cü ildən həmin torpaq sahəsi içində iki mərtəbəli ev və digər tikililərlə birlikdə onların istifadələrindədir. 2019-cu ildə ataları vəfat edəndən sonra qardaşının və onun adına şəhadətnamə olduğunu bilmişdir. Bələdiyyə həmin torpağı bələdiyyə mülkiyyəti elan etmiş və satışa çıxarmışdır. Torpaq sahəsində ona əkinlə məşğul olmağa icazə vermirlər. İş materiallarında müvəqqəti təminat tədbiri (əkin-biçinin aparılmasının qadağan olunması barədə) barədə qərardad var, lakin həmin qərardad sonradan ləğv olunmuşdur. Hazırkı iş üzrə cavabdehlər müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı tərəfin onlara zərər vurulmasını təsbit edən hər hansı mötəbər sübut(lar) mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Zərərin əvəzinin odənilməsinə munasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin odənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin odənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə munasibətdə cavabdeh tərəfindən zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması müəyyən olunduğu təqdirdə zərərin əvəzinin ödənilməsi ücün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə 3270 manat məbləğində maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmiş, bu tələbini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(073)-1131/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1824/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1824/2024
20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver