Məhkəmə qərarları › İş №2(106)-1824/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1824/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1824/2025 18.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X12 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-1440/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəmə müraciət edərək, Cavabdehdan 2540 manat pulun və ödədiyi 46 manat dövlət rüsumunun, cəmi 2586 manat pulun alınıb ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum dayısı X7 xx.xx.2025-ci il tarixdə «ÜŞX QDÇ İİİ f/s ikitərəfli eksudadiv plevrit» diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir. Mərhum dayısı X11 Respublikasında yaşayan oğlu X6 dayısının hüzr və yas mərasimini keçirmək üçün ona çatası olan 1500 Avro, yəni 2540 (iki min beş yüz qırx) manat pulu 09 mart 2025-ci il tarixdə Saatlı rayonu Qarağlı kənd sakini Cavabdeh oğunun şəxsi bank hesabına göndərmiş və həmin pulu ona verilməsini xahiş etmişdir. 11 mart 2025-ci il tarixdə Cavabdeh 2540 manat pulu şəxsi kart hesabından çıxarmış, ona verməmiş və mənimsəmişdir. Bununla bağlı o, ilk öncə Saatlı rayon Polis Şöbəsinə rəsmi ərizə ilə şikayət etmişdir. Saatlı Rayon Polis X4 təhqiqatçısı, polis mayoru X8 tərəfindən 31 avqust 2025-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Həmin qərarın şərhindən və məzmunundan görünür ki, Cavabdeh mərhum dayısı Əzizağa Mirzəyevin xəstənaxalara aparması, müayinə və müalicə xərclərini təşkil etdiyini qeyd etməklə yalan ifadələr vermişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Saatlı və Sabirabad Rayon Mərkəzi Xəstəxanasının arayışlarından görünür ki, mərhum dayısı uzun müddət dövlət xəstəxanalarında müalicə almışdır. Həmin xəstəxanalarda icbari sığorta sistemi tətbiq olunduğu üçün müayinə və müalicə pulsuzdur. Nəzərə alınsa ki, mərhum dayısı ümumi xəstəlik səbəbindən İİ (ikinci) dərəcəli əlil olmuşdur. Cavabdeh isə müalicə xərclərini təsdiq edə biləcək bir sübut belə təqdim edə bilməmişdir. Qeyd etmək istəyir ki, mərhum dayısı X3 Mirzəyev Latviya Respublikası Riqa dairəvi məhkəməsi tərəfindən təsdiq olunmuş onun adına Beynəlxalq etibarnamə vermişdir. Bundan əlavə Valeh Mirzəyevin canlı video çıxışını iddia ərizəsinə əlavə edir. Həmin video çıxışda dayısı oğlu Valeh Mirzəyev tələbi olan pul vəsatini ona göndərdiyini təsdiq edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-1440/2025 saylı qətnaməsi (hakim: V.Qasımov) ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iş üzrə ödənilmiş 45 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin hallarından da göründüyü kimi, iddiaçının dayısı oğlu X9 cavabdehin bank hesabına 1500 Avro pul göndərmişdir. Bu hal işin mübahisəsiz halıdır, çünki cavabdeh özü də iddiaçının dayısı oğlu X2 onun bank hesabına 1500 Avro pul göndərdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının dayısı oğlu X2 Cavabdeh bank hesabına hər hansı məqsədlə (İddiaçı verilməsi və ya hüzr xərclərinin çəkilməsi) 1500 Avro pul göndərilməsi ilə iddiaçının dayısı oğlu X9 ilə Cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən də, tapşırıq müqaviləsinin iki tərəfi olur - vəkalət alan və vəkalət verən. Məhkəmə hesab etmişdir ki, hazırkı baxılan mübahisənin iki tərəfi vəkalət alan qismində Cavabdeh, vəkalət verən qismində X9 çıxış edir. Əgər, Cavabdeh tapşırıq müqaviləsinin şərtlərini pozmuşdursa, müqavilədən irəli gələn hüquqlardan çıxış edərək tələb etmə hüququ X1r. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının mövcud olmasını, daha sonra isə onların pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı mübahisənin tərəfləri Cavabdeh və X9 olduğundan hazırkı iş üzrə iddiaçının iddianın predmeti olan pula münasibətdə subyektiv hüququ yoxdur və belə olan halda iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 777.1, 777.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 9.1, 76.1, 14.2, 77.1, 80, 119.1, 217.4-cü maddələri, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, WATSAPP zəngi vasitəsilə məhkəmə prosesinə qoşulan dayısı oğlu X9 məhkəməyə ifadə verərək bildirmişdir ki, mübahisə olunan 2540 manat pulu iddiaçıya göndərmişdir. Qeyd etmək istəyir ki, WATSAPP vasitəsi ilə dayısı oğlu Valeh Mirzəyev Cavabdeh Mirfazil oğluna SMS yazaraq ona göndərdiyi 2540 manat pulu götürüb iddiaçıya vermək lazım olduğunu bildirmişdir. Cavabdehdə ona göndərilmiş pulu aldığını və ona verəcəyini bildirsə də, pulu ona verməmiş və mənimsəmişdir. Həmin WATSAPP vasitəsi ilə göndərilən SMS yazışmanı apellyasiya şikayətinə əlavə etmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindəki şərhində cavabdeh izahat verərək bildirmişdir ki, ona aid olan və göndərilən 2540 manat (1500 avro) pulu Cavabdeh Mirfazil oğlu mərhum dayısı Mirzəyev Əzizağanın xəstəxanada müalicə və müayinəsinə, eləcədə hüzr mərasiminə xərcləmişdir. Bu tamamilə absurd və cəfəngiyyatdır. Belə ki, mərhum dayısı Əzizağa Mirzəyev İİ dərəcəli əlil olmuşdur. Apellyasiya şikayətinə əlavə etdiyi Saatlı və Sabirabad RMX-nın arayışlarından müəyyən olunur ki, mərhum dayısı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi stasionar müalicədə olmuşdur. Xəstəxanalarda müayinə və müalicələr pulsuzdur və icbari tibbi sığorta qaydasında təşkil olunur. Göründüyü kimi cavabdeh xəstəxanaya çəkdiyi xərclərini sübut edə biləcək bir qəbz belə məhkəməyə təqdim edə bilməmişdir. Qeyd etmək istəyir ki, mərhum dayısı Əzizağa Mirzəyev xx.xx.2025-ci il tarixlə Saatlı RMX-nın Reanimasiya şöbəsində vəfat etmişdir. Dayısı vəfat etməmişdən 10 gün əvvəl, yəni xx.xx.2025-ci il tarixdə Sabirabad Regional «ASAN xidmət» Mərkəzinin Notariat ofisində Daşınmaz əmlakın alqı-satqısı zamanı Cavabdeh Mirfazil oğlundan nağd şəkildə 25000 (iyirmi beş min) manat pul almışdır (hərçənd bu mümkün deyil, çünki reanimasiyada ağır koma vəziyyətində olan xəstənin ASAN xidmətə sərbəst gəlməsi mümkün deyil). Əlində 25000 manat nağd pulu olan mərhum dayısının hüzr mərasiminin cavabdehin vəsaiti hesabına verilməsi inandırıcı görünmür və mümkün deyil. Məhkəmə bütün bunları nəzərə almamış və almaq istəməmişdir. Qeyd etmək istəyir ki, cavabdehin və onun birgə yaşadığı (məhkəmə qətnaməsi əsasında boşandığı) arvadı X10 mərhum dayımın əmlaklarını ələ keçirmələri barədə Saatlı RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Saatlı RPŞ-nin TBnin xx.xx.2025-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar çıxarılmışdır. Həmin qərarın şərhindən görünür ki, cavabdehin boşanıb birgə yaşadığı arvadı Aynur Abasova təhqiqat zamanı izahat verərək bildirmişdir ki, mərhum dayısı Əzizağa Mirzəyevin evinin alqı-satqısı zamanı Cavabdeh Mirfazil oğlu 25000 manat pulu mərhum dayısına yox, arvadı Aynur Abasovaya vermiş, O da öz növbəsində həmin 25000 manat pulu mənimsəmişdir. Bundan bəlli olur ki, cavabdeh müxtəlif üsullarla özünə aid olmayan daşınar və daşınmaz əmlakları ələ keçirməkdə peşəkardır. Mübahisə olunan 2540 manat pulun hüzr mərasiminə heç bir aidiyyatı yoxdur. Həmin pul ona göndərilmişdir və ona da çatmalıdır. Həmin pulun hansısa istiqamətdə xərclənməsinə dair cavabdehə heç bir təlimat verilməmişdir. Ona görə də Saatlı Rayon Məhkəməsinin 03 noyabr 2025-cü il tarixli, 2(055)-1440/2025 saylı qətnaməsini ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, o, yas mərasiminin 1-ci, 2-ci və 3-cü günün həmin saata olan xərclənmiş xərci təxmini hesablayaraq ona qalan pulun 600-700 manat olduğunu və qalıq pulu Səbuhiyə vermək istəmişdir. Səbuhi veriləcək pulun (600 manat çadır xərcini, molla üçün 300 manat xərcini, çayçı üçün xərcləri) digər xərcləri hesablayaraq pulun çatmayacağını hesablayaraq pulu götürməkdən bilərəkdən imtina etmişdir. Səbuhi iddia ərzəsində qeyd etmişdir ki, mərhumun dəfn və yas mərasim xərclərini qarşılamaq ona pul göndərmişdir. O da göndərilən puldan da artıq mərhumun dəfn və yas mərasiminə xərcləmişdir. Yadında qalan çəkilən xərclərin siyahısını oğlu Valehə vp vasitəsilə göndərmişdir. Yadında qalan dəfn və yas mərasiminə çəkilən xərcləri siyahısını Saatlı Rayon Məhkəməsinə və Səbuhiyə təqdim etmişdir. Bütün xərclərdən Səbuhi və onun qohumlarının xəbəri var. Elə o həmin puldan Səbuhinin özünə 50 AZN+ 50 AZN (dəfn üçün mollanın pulu) + 300 AZN (3 gün üçün mollanın pulu) + 150 AZN (qadın mollasının pulu)+ yas mərasiminin 3-cü günü, yəni xx.xx.2025-ci il səhər vaxtlarında ehsan üçün bazarlığı Səbuhi və yoldaşı ilə birlikdə bazarlıq etmişdir. Göndərilən pul etibar edilib ona göndərilmişdir. O, dəfn və yas mərasimində çəkilən xərclər barəsində Səbuhi və digər şəxlərə məlumat vermişdir. 40 mərasimi verildikdən sonra Latviya ölkəsinə getmişdir. Valeh göndərdiyi puldan əlavə öz vəsaitindən təxminən 1300 AZN xərcləmişdir. Bununla bağlı Saatlı RPŞ-də araşdırlma aparılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Valeh Mirzəyev adlı yaxını Avropada yaşayırdı. Onun atasının Azərbaycanda vəziyyəti pis idi. Rəhmətə getdikdən sonra 1500 yevro göndərdi ki, həmin xərcləri o çəksin. Amma onun bank hesabı olmadığına görə də Valeh pulu Miryusifə atmışdır. Amma Miryusif həmin pulu ona hələ də qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir və təmin edilməməsini xahiş edir. Səbuhi onun şəxsiyyət vəsiqəsini atmış və bankdan pulun onun adına göndərilməsini istəmişdir. Valehə whatsapp sosial şəbəkədə də yazmışdır ki, pulu götürüb. Valeh o pulu atasının dəfn mərasiminin xərclərini çəkmək üçün göndərmişdir. Valehi özü şəxsən tanımır. Hüzrün birinci və ikinci günlərini o keçirtmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan öz əmlakını geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Saatlı Rayon Məhkəməsinin 03 noyabr 2025-cü il tarixli, 2(055)-1440/2025 saylı qətnaməsini ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)- 1440/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəmə müraciət edərək, Cavabdeh 2540 manat pulun və ödədiyi 46 manat dövlət rüsumunun, cəmi 2586 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum dayısı X11 Respublikasında yaşayan oğlu X6 dayısının hüzr və yas mərasimini keçirmək üçün ona çatası olan 1500 Avro, yəni 2540 (iki min beş yüz qırx) manat pulu 09 mart 2025-ci il tarixdə Saatlı rayonu Qarağlı kənd sakini Cavabdeh oğunun şəxsi bank hesabına göndərmiş və həmin pulu ona verilməsini xahiş etmişdir. 11 mart 2025-ci il tarixdə Cavabdeh 2540 manat pulu şəxsi kart hesabından çıxarmış, ona verməmiş və mənimsəmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisənin tərəfləri Cavabdeh və X9 olduğundan hazırkı iş üzrə iddiaçının iddianın predmeti olan pula münasibətdə subyektiv hüququ yoxdur və belə olan halda iddia təmin edilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, mübahisə predmeti olan pul məbləği X9 ilə Cavabdeh arasında yaranmış, pul vəsaitinin qəbul edilməsi və üçüncü şəxsə verilməsi öhdəliyini ehtiva edən şifahi tapşırıq müqaviləsi münasibətlərindən qaynaqlanır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının dayısı oğlu X9 cavabdehin bank hesabına 1500 Avro pul göndərmişdir. Cavabdeh özü də birinci instansiya məhkəməsində verdiyi izahatında 09 mart 2025-ci il tarixdə Əzizağa rəhmətə getdiyi üçün həmkəndlisi Səbuhinin ona Əzizağanın digər oğlu Valehin onun hesabına 1500 Avro pul göndərdiyini, Əzizağanın dəfn və hüzr mərasiminə xərcləməsini dediyini və həmin pulu hesabdan çıxarıb Əzizağanın hüzr mərasimində xərcləməyə başladığını bildirmişdir. İddiaçı apellyasiya şikayətində cavabdehin həmin pulu hüzr və dəfn mərasimlərində xərcləmədiyini bildirsə də bu hallar hazırda mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Çünki mübahisəli pul vəsaiti üzrə hüquq və öhdəliklər iddiaçı ilə deyil, tapşırıq müqaviləsinin tərəfləri arasında formalaşmışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi həmin Qərara əsasən, subyektiv hüquq hüquq nəzəriyyəsində üç əsas elementin vəhdəti kimi qiymətləndirilir: 1)şəxsin öz davranışını sərbəst müəyyən etmək üzrə hüquqi ixtiyarı; 2)başqa (borclu) şəxsdən müəyyən davranışın tələb edilməsi hüququ; 3)pozulmuş hüququn müdafiəsi hüququ. Konstitusiya Məhkəməsi Plenumu xüsusi olaraq qeyd etmişdir ki, subyektiv hüququn ikinci və üçüncü elementlərinin mövcudluğu birbaşa birinci elementin, yəni hüquqi ixtiyarın mövcudluğundan asılıdır. Göstərilən hüquqi mövqe hazırkı işə tətbiq edildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin predmeti olan pul vəsaiti üzrə subyektiv hüququn birinci elementi-hüquqi ixtiyar mövcud olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan öz əmlakını geri tələb etmək hüququna malikdir. Lakin göstərilən normanın tətbiqi üçün tələb edən şəxsin məhz mübahisə predmeti olan əmlak üzərində mülkiyyət hüququnun mövcudluğu zəruri şərtdir. Hazırkı iş üzrə mübahisə predmeti olan pul vəsaiti iddiaçının deyil, üçüncü şəxs X2 mülkiyyətində olmuş və onun iradəsi əsasında Cavabdeh bank hesabına köçürülmüşdür. Bu səbəbdən iddiaçı mübahisəli pul vəsaiti üzərində mülkiyyətçi statusuna malik olmadığından, Mülki Məcəllənin 157.2-ci maddəsindən irəli gələn vindikasiya tələbi ilə çıxış etmək hüququna malik deyildir. Beləliklə, cavabdehin pul vəsaitini qaytarmaması halı hüquqazidd davranış kimi qiymətləndirilə bilsə də, həmin vəsaitin geri tələb edilməsi hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız onun mülkiyyətçisi olan X5 məxsusdur. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-1440/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-1440/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar