Məhkəmə qərarları › İş №2(106)-1828/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1828/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1828/2023 05.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X13 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(036)-1494/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(036)-1494/2023 saylı qətnaməsi ilə (hakim Telman Quliyev) iddia qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)- 567/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxanması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı İmişli Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(036)-1494/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İsayev X7 Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(036)- 1494/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla, üç uşağa görə hər ay 660 manat sabit pul məbləğində aliment müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, nikahın pozulmasından sonra xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən hər uşağa görə 110 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda uşaqlar böyümüşdür və müəyyən olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə imkan vermir. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə övladı ilə ümumiyyətlə maraqlanmır, diqqət və qayğı göstərmir. Uşağın bütün qayğı və ehtiyacını iddiaçı ana olaraq təkbaşına çəkir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək qadın olaraq ona çox çətindir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə uşaqların məktəbə və hazırlığa getməsini, hər ay onların hazırlığına 330 manat hazırlıq pulu ödəməsini və həmçinin ayda təxminən 150 manatdan çox taksi pulu ödəməsini bildirsə də, məhkəmə qətnamə qəbul edərkən bunları nəzərə almamışdır. Eləcə də, uşaqlardan biri X5 xəstədir və daimi müalicə olunmalıdır. Cavabdeh isə ona uşağı müalicə etdirmək üçün heç bir köməklik göstərmir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk öncə İmişli Rayon Məhkəməsi ondan hər ay hər uşağa görə 150 manat məbləğində alimentin tutulmasını müəyyən etmiş, onun şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, ondan 3 uşaq üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin vaxtdan onun qazancı artmamış, maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. Özü "xxxx" MMC-də işləyir və ayda 500 manat məbləğində əmək haqqı alır. Başqa qazanc və gəliri yoxdur. Himayəsində xəstə, əmək qabiliyyəti olmayan atası var. Atasının saxlanması və müalicə xərci də onun üzərindədir. Bakı şəhərində işləməklə orada kirayədə yaşamağa məcburdur və aylıq 70 manat kirayə haqqı ödəyir. Maaşı olan 500 manatın 330 manatını alimentə, 70 manatını kirayə haqqı ödəməklə qalan 100 manat pula həm özü yaşamalı, həm də xəstə atasının xərclərini qarşılamalıdır. Göründüyü kimi, maddi vəziyyəti həddindən artıq ağırdır. İddiaçı məhkəmədə izahat verərək bildirmişdir ki, özü uşaqları ilə birlikdə İmişli rayonu Xəlfəli kəndində yaşayır. Uşaqları hər gün İmişli şəhərində gedib-gəlirlər. Övladlarının aylıq hazırlıq xərcləri Aysun üçün 190 manat, Ramal üçün 120 manat və İbrahim üçün 70 manat məbləğ təşkil edir. Onların taksi pulu ilə birlikdə aylıq xərcləri 500 manat təşkil edir. Oğlu İbrahim “miqren” xəstəliyindən əziyyət çəkir və daimi müalicəyə ehtiyacı var. Özü işləmir və övladlarının xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə ona maddi köməklik göstərmir. Övladının dərman xərclərini, evin kommunal xərclərini belə qohumlarının maddi dəstəyi ilə ödəyir. Cavabdeh hazırda Bakı şəhərində işləyir və orada kirayə evdə yaşayır. İmişli rayonuna gəldiyi zaman isə onlarla birlikdə eyni evdə, lakin ayrı otaqda qalır. Həmin evdə yaşamasına baxmayaraq, uşaqlara maddi və mənəvi cəhətdən dəstək olmur, əksinə onlara hər vəchlə mane olur. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, özü Bakı şəhərində "xxxx" MMC-də işləyir və aylıq əməkhaqqı 500 manat təşkil edir. Aylıq maaşının 330 manat məbləğindəki hissəsi ilə aliment öhdəliyini icra edir, 70 manat məbləğindəki hissəsi ilə isə kirayə haqqını ödəyir. Öz dolanışığını çətinliklə təmin edir, borc alaraq özünü maddi baxımdan güclə təmin edir. Bakıda işlədiyi müddətdə kirayə evdə yaşayır, lakin rayona gələn zaman anasıgilin yanında qalır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməməli və İmişli Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(036)-1494/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)-1966/2020 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, nikahın pozulmasından sonra xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009- cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)- 567/2021 saylı qətnaməsindən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(036)- 1966/2020 saylı qətnaməsi dəyişdirilərək cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxanmaları üçün hər ay hər uşağa görə 110 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1 və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(036)-1494/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu baxımdan qeyd edilməlidir ki, alimentin miqdarı müəyyən olunarkən tərəflərdən hər birinin ailə və ya maddi vəziyyəti nəzərə alınmalı, məhkəmə tutulacaq alimentin miqdarının tərəflərin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi, uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğundan, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini nəzərə alaraq ağlabatan məbləğdə aliment müəyyən etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair hazırkı iddiasının qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, apellyasiya şikayətləri isə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Kollegiya əlavə olaraq, İddiaçı uşağının xəstəliyi və onun müalicəsi üçün əlavə vəsaitə ehtiyacının olmasına dair dəlili üzrə qeyd etməyi zəruri hesab edir ki, 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında” Konvensiyanın (02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. Qeyd edilənlərə əsasən nəzərər alınmalıdır ki, AM-in 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilir ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsi əsasları müəyyən edilmiş, onun ağır xəstə və ya əlilliyi müəyyən edilmiş uşaqlara görə tutulması göstərilmişdir. Lakin hazırkı iddia tələbi əlavə xərclərin tutulması barədə yox, alimentin artırılması haqqındadır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hornsby Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(036)-1494/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar