Məhkəmə qərarları › İş №2(106)-1830/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1830/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1830/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” barədə kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Astara Rayon Məhkəməsinin e- 2(018)-1048/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2058,34 manat əsas, 58 manat faiz, 8,6 manat cərimə, cəmi 2125,33 manat məbləğində vəsaitin və ödənilmiş 41,66 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 453nkADJ/23 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2026-cı il tarixinədək, illik 18% ödəmək şərtilə 2726 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsini imzalamaqla həmçinin “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli kütləvi ofertanı (aksept) təsdiq etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borcalanın digər kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Astara Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(018)-1048/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim İlqar Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 2058 (iki min əlli səkkiz) manat 34 (otuz dörd) qəpik əsas borc, 58 (əlli səkkiz) manat 39 (otuz doqquz) qəpik faiz borcu, 01 (bir) manat cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 41 (qırx bir manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Halik oğlu 2020-ci il tarixdə "xxxx" X1 Səhmdar Cəmiyyətindən kredit limiti 1200 manatlıq taksit kartı sifariş edib götürmüşdür. Daha sonra 2021-ci ildə "xxxx" KB ASC kartının limitini 1500 manat daha artıraraq ümumilikdə 2700 manatlıq taksit kartına sahib olmuşdur. İlk öncə taksit kartını istifadə etdiyi müddətdə vaxtı-vaxtında faizi ilə artıqlaması ilə ödənişlərini etmişdir. 2022-ci il yanvar ayında Azərbaycan Respublikası Konstitusiyasının qanuna əsasən müddətli həqiqi xidmətə çağırılmışdır. Müddətli həqiqi hərbi xidmətə olacağı müddət banka ödəniş etməyinin mümkünsüz olduğundan dolayı, "xxxx" KB ASC-dən taksit kartının ödənişi dondurmağı xahiş etmişdir və bank əməkdaşları bunun mümkünsüz olduğunu deyib əvəzində ona taksit kartını kredit şəklinə salıb hissə-hissə ödəməyinin mümkün olduğunu bildirmişdilər. Xidmətə getməsinə 10 gün qalmış 26 dekabr 2021-ci ildə "xxxx" əməkdaşı ona 3062 manat kredit ayıraraq taksit kartını bağlamışdır. Əvəzində aylıq ödənişi 92 manat olan adına 28% lik 36 aylıq hissə-hissə ödənişli kredit açmışlar. Xidmətdə olduğu dövrdə valideynləri 1194 manat banka kredit ödənişi etmişlər. 2023-cü il yanvarından müddətli həqiqi hərbi xidməti başa vurub döndükdən sonra ödənişləri özü ödəməyə başlamışdır. 2023-cü ilin may ayında "xxxx" əməkdaşı ona zəng vururaraq kreditinin faiz dərəcəsinin 28% dən 18% endirilməsinin və buna görə banka yaxınlaşmasını istəmişlər. 11 may 2023-cü ildə "xxxx"ın 20 yanvar dairəsi filialına yaxınlaşaraq əməkdaşa yaxınlaşmış və ona bildirmişlər ki, “onun kredit faiz dərəcəsini aşağı salacaqlar və bunu yalnızca krediti yeniləyərək edə bilərlər”. Odur ki, cavabdeh birinci instansiya məhkəməsinin qərarı ilə razı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, əsas kredit borcu və ona hesablanmış faiz məbləği dəqiqləşdirildikdən sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli 453nkADJ/23 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC 36 ay müddətinə illik 18% ödəmək şərtilə 2726 (iki min yeddi yüz iyirmi altı) manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmış, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 453nkADJ/23 saylı kredit müqaviləsi üzrə Unibank” KB ASC-nə 2058 (iki min əlli səkkiz) manat 34 (otuz dörd) qəpik əsas borc, 58 (əlli səkkiz) manat 39 (otuz doqquz) qəpik faiz borcu, 8 (səkkiz) manat 60 (altmış) qəpik cərimə borcu olmaqla, cəmi 2125 (iki min yüz iyirmi beş) manat 33 (otuz üç) qəpik borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 453nkADJ/23 saylı müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka yaranmış borcun məbləği və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 41 (qırx bir manat 66 (altmış altı) qəpik dövlət rüsumu ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh apellyasiya şikayətində iştirakının təmin olunmasını xahiş etsə də, məbləğin şişirdilməsinə və ya borc məbləğinin düzgün hesablanmamasına dair məhkəməyə hər hansı sübut göndərməmişdir. Odur ki, məhkəmə kollegiyası mülki işə şifahi icraatda baxılmasını zəruri hesab etmir. Cavabdehin apellyasiya şikayətində həmçinin minimum əmək haqqı almadığı təqdirdə bankın ondan 2116 manat pul tələb etməsini mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının tələbi tərəflər arasında bağlanılmış müqavilədən irəli gələn öhdəlik olduğundan, iddiaçı tələbində haqlıdır, o cümlədən iddiaçı tərəfin bununla bağlı məhkəməyə müraciət edərək cavabdehdən borcu tələb etməsi hüququdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması barədə düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.8-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, məhkəmə kollegiyası tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Qeyd edilən müddəaları hazırkı işin halları üzrə tətbiq edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehdən 2058.34 manat əsas borc, 58.39 manat faiz borcu, 01 manat cərimə borcunun iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi 41,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2(018)-1048/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar