Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1834/2023 11.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)- 160/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.901 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-160/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi (hakim M.Aslanov) ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Şirvan Apellyasiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, apellyasiya icraatına qəbul edilmişdir. İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-160/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddia tələbinin sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iş materiallarında toplanmış və əlavə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuş, nəticədə iddia ərizəsinə səlahiyyəti olmayan (hüququ olmayan hakim) məhkəmə tərəfindən baxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yol vermiş pozuntuların aydın və anlaşılan olması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin birbaşa mənasından başa düşülür ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, Lənkəran Rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (ümumi və ya kommersiya), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hazırkı mülki işi Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri müəyyən edir. İddiaçı cavabdehə 2016-cı ildə 10901 manat məbləğində Corella boya məhsulları vermişdir. Həmin məhsulları bir neçə dəfə tələb etmişdir, lakin cavabdeh boya məsullarını qaytarmamışdır. Hazırda cavabdehdən nisyə alqı-satqı qaydasında satdığı Corella boya məhsulların dəyəri olan 10901 manat pulun ödənilməsini tələb edir. O, hesab edir ki, cavabdeh tərəfindən ona satılmış məhsullara görə ödəməli olduğu 10901 manat məbləğində pulun ödənilməməsi səbəbindən o, zərərə məruz qalmış və hazırda zərərin əvəzinin ödənilməsindən ötrü məhkəməyə müraciət etmişdir. İddiaçı və Cavabdeh vergi ödəyicisi kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alınmışdır. İddiaçı hal hazırda vergi ödəyicisi kimi aktiv olsa da, elektron sistemdə cavabdehin vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırmış olduğu göstərilmişdir. Cavabdehin iddiaçı ilə birgə fəaliyyət göstərdikdən (2016-ci il dövründə) sonra vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırması onun iddiaçı birgə fəaliyyət göstərdiyi müddət üzrə sahibkarlıq statusunun ləğv olunması anlamına gəlməyə əsas vermir. Çünki o, vergi ödəyicisi kimi statusunu ləğv etdirməmiş, yalnız dayandırmışdır ki, sonradan həmin fəaliyyəti bərpa edilməsi istisna edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər subyektiv tərkiblərinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir. İddia üzrə mübahisənin predmetinə gəldikdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə corella boya məhsulları satış məqsədi ilə verilmiş, sonradan iddiaçı cavabdehdən həmin malları və ya onların dəyərini tələb etsə də, cavabdeh həmin malları qaytarmamış və dəyərini ödəməmişdir. Cavabdeh tərəfindən ona satılmış məhsullara görə ödəməli olduğu 10901 manat məbləğində pulun ödənilməməsi səbəbindən o, zərərə məruz qalmış və hazırda zərərin əvəzinin ödənilməsindən ötrü məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə, iddia ərizəsində qoyulan tələbin predmeti, iki fərdi sahibkarlıq statusuna malik olan şəxs arasında yaranmış öhdəlik münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır. Bundan əlavə qeyd edilməlidir ki, hər hansı bir iddia tələbinin yaranmasına subyeklər arasında müxtəlif sahələrdə (ailə, mülki, inzibati, iqtisad və.s) yaranan hüquq münasibətlərinin tənzimlənə bilməməsi səbəb olur. Hazırkı iddia tələbinin hansı hüquq münasibətindən yaranmasının müəyyənləşdirilməsi zamanı nəzərə alınmalı olan diqqətəlayiq əsas, onlar arasında sahibkarlıq fəaliyyətinin realizəsi zamanı iddiaçı tərəfindən cavabdehə satılmış Corella boyalarının dəyəri olan 10901 manat məbləğində pulun ödənilməsinə görə nisyə alqısatqı müqaviləsi əsasında pulun qaytarılması təşkil edir. Göründüyü kimi, iddia tələbi subyektiv tərkibinə, mübahisənin predmeti və hüquq münasibətinin xarakterinə görə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsi). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərkən iddia tələbi üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alınmayaraq, özünü iddia tələbi üzrə baxmağa səlahiyyətli olması qənaətinə gəlməklə prosessual normanın tələblərini pozmuşdur. Halbuki hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə aidiyyat qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməli, apellyasiya şikayəti qətnamənin ləğv edilməklə iddia tələbinin təmin edilməsinə yönəldiyindən, lakin gəlinən nəticənin səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilməsi həmin tələb üzrə yekun hüquqi dəyərləndirmə aparılmasını istisna etdiyindən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2, 26, 32, 44.2.2, 263, 264, 400 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-160/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə, Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1834/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1834/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver