Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1834/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X13 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-1024/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin pozulması nəticəsində ona dəyən maddi ziyanın əvəzi olaraq 40.000 (qırx min) manat pulun, 215 (iki yüz on beş) manat dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat pulun Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 23 saylı təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən kommersiya fəaliyyəti məqsədi ilə cavabdehə 60 ay müddətinə, illik 7 faizlə 120.000 (bir yüz iyirmi min) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün xx.xx.2007-ci ildə 23, 23A, 23B və 23D saylı ipoteka müqavilələri bağlanmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə tam mülkiyyət hüququ üzrə iddiaçı, yəni İddiaçı məxsus Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmişdir, lakin kredit borcunu və hesablanmış faizləri ödəməmişdir. Bununla da müqavilə şərtləri pozulmuşdur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 23B nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən 0,1891 ha torpaq sahəsi üzərində olan 2 mərtəbəli, 3 otaqlı, 98.6 kv.m, ümumi sahəsi, 51.48 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi xx.xx.2007-ci il tarixli, 23 nömrəli kredit müqaviləsinin təminatı kimi, "xxxx" ASC-yə ipoteka qoyulmuşdur. İpoteka predimetinin qiyməti 40.000 (qırx min) manat müəyyən edilibdir. "xxxx" ASC-nin Cəlilabad filialı tərəfindən verilmiş 3 mart 2013-cü il tarixli, 30/191 saylı arayışdan görünür ki, borclu Cavabdeh banka 113,450 manat əsas borc, 17.009 manat faiz və 13.654 manat dəbbə pulu olmaqla, cəmi 146.108 manat kredit borcu vardır. Cəlilabad Rayon Məhkəməsinin 2013-cü il 29 may tarixli, 2(073)-1036/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh 113.450 manat əsas borc, 17005 manat faiz və 1565 manat dəbbə pulu olmaqla cəmi 132.019 (bir yüz otuz iki min on doqquz) manat kredit borcunun tutulması və tutmanın başqa şəxslərlə bərabər İddiaçı məxsus olan, Cəlilabad rayonu, Kazımabad kəndində 0.1891 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 98.6 kv.m ümumi, 51.48 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilmişdir. Qətnamə ilə iddiaçıya məxsus həmin yaşayış evinin qiyməti 40.000 (qırx min) manat müəyyən edilmişdir. Cavabdeh əslində götürdüyü külli miqdarda kredit pulunu təyinatı üzrə xərcləməyib öz şəxsi ehtiyaclarına sərf etmişdir və nəticədə iddiaçıya külli miqdarda ziyan vurmuşdur və iddiaçı yaşayış evindən məhrum olmuşdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-1024/2025 saylı qətnaməsi (hakim Osman Vəliyev) ilə iddia rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cəlilabad Rayon Məhkəməsinin 2013-cü il 29 may tarixli, 2(073)-1036/2013 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 113.450 manat əsas məbləğ, 17.004 manat faiz, 1565 manat dəbbə pulu olmaqla, cəmi 132.019 (bir yüz otuz iki min on doqquz) manat kredit borcunun tutulması, tutmanın X2 məxsus olan Biləsuvar rayonu, Ağalıkənd kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 105,6 kv.m ümumi 53.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə, X3 məxsus ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 98,6 kv.m ümumi, 33,2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinə, İddiaçı oğluna məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində 0.1891 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 98,6 kv.m ümumi, 51,48 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə, X8 məxsus olan Cəlilabad rayonu, Soltankənd kəndində 0,2739 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 70,8 kv.m yaşayış, 55,7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan yaşayış evləri satıldıqda həmin evlərdə yaşayanlar X8 məxsus olan fərdi yaşayış evində yaşayan arvadı X9, X2 məxsus fərdi yaşayış evində X1, X4, X14, İddiaçı məxsus olan fərdi yaşayış evində yaşayan X15, X16, X17 və X5, X3 məxsus olan fərdi yaşayış evində yaşayan X6, X18, X10, X11, X7 və ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə qeydiyyata düşən şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi, ipoteka predmeti olan X2 məxsus olan Biləsuvar rayonu, Ağalıkənd kəndində yerləşən fərdi yaşayış evinin qiymətinin 30.000 (otuz min) manat, X3 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qiymətinin 40.000 (qırx min) manat, İddiaçı məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən fərdi yaşayış evinin qiymət 40.000 (qırx min) manat, X8 məxsus olan Cəlilabad rayonu, Soltankənd kəndində yerləşən fərdi yaşayış evinin qiymətinin 20.000 (iyirmi min) manat müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi yazılı vəsatətə (ərizəyə) münasibət bildirərək hesab etmişdir ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı və cavabdehin arasında hər hansı müqavilə bağlanılmadığına və müqavilə tərəfləri olmadıqlarına görə hazırkı iş üzrə müqavilə tələbləri üzrə 3 illik iddia müddəti deyil, ümumi iddia müddəti olan 10 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, məhkəmənin 29 may 2013-cü il tarixli qətnaməsi ilə bağlı məhkəmə icraatından və ya həmin qətnamənin qəbul edilməsindən və ya qətnamənin icraya yönəldilməsindən iddiaçının məlumatlı olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə qətnaməsinin özündən də görünür ki, işə baxan hakim cavabdehlərin (hazırkı iş üzrə iddiaçı da daxil olmaqla) iştiraklarının təmin olunması üçün məhkəmə iclasını təxirə salsa da və tərəflər məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılsalar da iclasda iştirak etməmişlər və məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bankın iddiaçını və digər şəxsləri məhkəməyə verməsi və məhkəmə icraatı barədə iddiaçının da məlumatlı olması münasibətlərin faktiki iştirakçısı olan şahid Səmədov Sücaətin ifadəsi ilə də təsdiqini tapmışdır. İddia müddətinin hansı səbəbdən iddiaçı tərəfindən ötürülməsi ilə bağlı məhkəmənin verdiyi suala cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh bütün bu illər ərzində iddiaçını aldatmış, guya hansısa sərəncamın olduğunu və borcların silinəcəyini bildirmiş, habelə problemi özü həll edəcəyini bildirirək yalan vədlər vermişdir ki, nəticədə də iddia müddəti ötürülməmiş hesab edilməlidir. Bu hissədə nümayəndənin verdiyi cavabla məhkəmə razılaşmayaraq və göstərilən səbəbləri üzrlü hesab etməyərək məhkəmə qeyd etməyi lazım bilmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlayır. Hazırkı halda isə iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu an məhkəmə qətnaməsinin qəbul edildiyi 29 may 2013-cü il və ya ondan daha əvvəlki tarix-məhkəmə iclaslarının keçirildiyi tarixlərdir. Habelə, qanunvericiliyin tələblərinə görə bu hal iddia müddətinin son altı ayında baş verməli idi ki, indiki halda iddiaçı 2013-cü ildən bəri cavabdeh tərəfindən “aldadıldığını” bilirdi. Beləliklə, iddiaçı könüllü olaraq öz evini ipoteka ilə yüklü edərək cavabdehin adına kredit götürülmüşdür, iddiaçı kredit ödənilmədiyi təqdirdə ipoteka ilə yüklü edilmiş evi ilə bağlı potensial riskləri qabaqcadan görmüşdür və götürülmüş ümumi kredit məbləğinin 6 min manatı iddiaçıya verilmişdir. Bu, onların qarşılıqlı razılığı əsasında baş vermişdir, iddiaçının və ya digər ipoteka qoyanların cavabdeh tərəfindən aldadılması halı isə öz təsdiqini tapmamışdır. İddianın hüquqi əsası kimi iddiaçı və vəkili Mülki Məcəllənin delikt məsuliyyətini müəyyən edən normalarına istinad etsə də bu hissədə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı delikt törədilməmişdir, habelə iddiaçı tərəfindən həmin Məcəllənin 1097.5-ci maddəsi nəzərə alınmamışdır. Belə ki, MM-in 1097.5-ci maddəsinə görə əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsini, habelə iddiaçının cavabdehdən dəymiş zərərin əvəzini tələb etmək barədə subyektiv hüququnun olmadığını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia rədd edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 373.1, 375.2, 377.1, 377.2, 382, 1097.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “H.Həşimov və qeyrilərinin şikayəti üzrə” 30 iyun 2005-ci il, “R.Salamovun şikayəti üzrə” 30 oktyabr 2007-ci il və “X.Xəlilovun şikayəti üzrə” 16 yanvar 2009-cu il tarixli Qərarları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9.1, 9.3, 14.2, 119.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə iddiaçıya məxsus həmin yaşayış evinin qiyməti 40.000 manat müəyyən edilmişdir. Cavabdeh Rüstəmov Nürəddin Zülfəli oğlu götürdüyü külli miqdarda kredit pulunu təyinatı üzrə xərcləməyib öz ehtiyaclarına sərf etmişdir və iddiaçıya külli miqdarda ziyan vurmuşdur, iddiaçı yeganə yaşayış evindən məhrum olmuşdur. Cavabdeh krediti təminatı üzrə xərcləməmişdir, lakin onun evini ipoteka etdirməyinin könüllü olmasını qəbul edərək onu günahlandırmış və heç bir məsuliyyət daşımadığını bildirmişdir. Məhkəmə kreditin Cavabdeh tərəfindən təyinatına uyğun olmayan şəkildə xərclənməsini qeyd etsə də, kreditin üzrsüz səbəbdən ödənmədiyini, nəticədə evin əlindən çıxdığına hüquqi qiymət verməmiş və Cavabdeh məsuliyyət daşımadığını qeyd etmişdir. Nəticədə Cavabdeh vurduğu ziyanı ödəmək vəzifəsi icrasız qalmışdır. Cavabdeh 2024-cü ildə kredit borclarını ödəyəməcəyini bildirərək 2024-cü ildən rəsmi məktubla borcu ödəməyəcəyini demiş və nəticədə o həmin tarixdən məhkəməyə müraciət etmişdir və iddia müddətini keçirməmişdir. Məhkəmə tərəfindən isə iddia müddətimin axımı 2013-cü ildən hesablanması doğru deyil. Belə ki, məhkəməyə cavabdeh Rüstəmov Nürəddin Zülfəli oğlunun kredit ödəməsindən imtina barədə müraciətini təqdim etsə də məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəməyə həmin vaxtdan iddia ilə müraciət etmişdir. Buna qədər o cavabdeh Rüstəmov Nürəddin Zülfəli oğlunun kredit borcunu ödəməsinə inanmışdır. Ona görə də Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-1024/2025 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin, yəni ona dəyən maddi ziyanın Cavabdeh alınıb ona ödənməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə teleqram ünvanlayaraq xəstə olub üzrlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirakının mümkünsüzlüyünü təsdiq edən hər hansı bir əsaslı səbəb göstərməmiş, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir və odur ki, məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət və s.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-1024/2025 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin, yəni ona dəyən maddi ziyanın Cavabdeh alınıb ona ödənməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 1024/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuş olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu səbəblə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-1024/2025 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin pozulması nəticəsində ona dəyən maddi ziyanın əvəzi olaraq 40.000 (qırx min) manat pulun, 215 (iki yüz on beş) manat dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat pulun Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsini, habelə iddiaçının cavabdehdən dəymiş zərərin əvəzini tələb etmək barədə subyektiv hüququnun olmadığını nəzərə alaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi nəticə etibarilə iddianın rədd edilməsində haqlı olmuşdur. Lakin bu nəticəyə gələrkən maddi hüquq normalarını tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə iddianı eyni vaxtda həm cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsas götürməklə, həm də iddiaçının cavabdehdən zərərin əvəzini tələb etmək üçün subyektiv hüququnun olmaması əsası ilə rədd etmişdir. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir; Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi əsassızdırsa məhkəmə iddia tələbini əsassız olması səbəbi ilə rədd etməlidir. Yox əgər iddia tələbi əsaslı idisə və iddiaçı iddia müddətini ötürübsə, cavabdeh də iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişsə məhkəmə iddia tələbini iddia müddətini tətbiq etməklə rədd etməlidir. Məhkəmə tərkibi iddia tələbini və apellyasiya şikayətini qarşılıqlı tədqiq edərək aşağıdakıları qeyd edir: İddiaçının cavabdehdən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ maddi-hüquqi baxımdan mövcuddur. Çünki iddiaçı ipoteka qoyan şəxs kimi cavabdehin kredit öhdəliyini icra etməməsi nəticəsində öz əmlakından məhrum olmuş və faktiki olaraq zərərə məruz qalmışdır. Bu baxımdan, cavabdehin hərəkətləri ilə iddiaçının əmlak itkisi arasında səbəbli əlaqənin mövcudluğu ehtimalı istisna edilmir və iddia tələbi mahiyyət etibarilə hüquqi müdafiə predmetinə çevrilə biləcək xarakter daşımışdır. Lakin maddi-hüquqi tələbin mövcudluğu onun avtomatik təmin edilməsini şərtləndirmir. Qanunvericiliyin imperativ tələbinə əsasən, mülki hüquqlar yalnız qanunla müəyyən edilmiş iddia müddəti daxilində məhkəmə qaydasında müdafiə edilə bilər. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Məlum olduğu kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə tərkibi qeyd edir ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. Qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 03 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı Məhkəmənin 29 may 2013-cü il tarixli qətnaməsinin qəbul edilməsi, habelə həmin qətnamə ilə bağlı aparılan məhkəmə icraatı barədə məlumatlı olmuşdur. Bu hal həm məhkəmə aktının məzmunundan, həm də iş materiallarında mövcud olan sübutlardan açıq şəkildə görünür. Həmçinin iddiaçı tərəfin iddia müddətinin ötürülməsinin səbəbi kimi cavabdehin guya uzun müddət ərzində onu aldatması, borcların silinəcəyi barədə əsassız vədlər verməsi və məsələni özü həll edəcəyini bildirməsi barədə dəlillər isə məhkəmə tərəfindən əsaslı və üzrlü səbəb kimi qəbul edilə bilməz. Çünki qanunvericiliyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlayır və iddia müddətinin bərpası yalnız müstəsna hallarda, həm də bu hallar iddia müddətinin son altı ayı ərzində baş verdikdə mümkündür. Hazırkı iş üzrə isə iddiaçının özü də 2013-cü ildən etibarən cavabdeh tərəfindən aldadıldığını bildiyini etiraf etmişdir ki, bu hal iddia müddətinin bərpası üçün qanunla nəzərdə tutulmuş meyarlara uyğun gəlmir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu 29 may 2013-cü il tarixindən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 19 fevral 2025-ci il tarixədək təxminən on üç il müddət keçmişdir. Bu baxımdan, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, iddiaçı cavabdehdən maddi ziyanın ödənilməsini tələb edərkən qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi, iddiaçı Cavabdeh qarşı qanunla müəyyən edilmiş müddətdə iddia tələbi irəli sürməli olduğu halda həmin müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş üzrə cavabdeh iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissə üzrə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmişdir. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-1024/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-1024/2025 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1834/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1834/2025
25.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver