Məhkəmə qərarları › İş №2(106)-1837/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1837/2024

17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1837/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(069)- 168/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: "xxxx" ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh 720 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə AA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C230” markalı **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mercedes Benz C230” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Mingəçevir şəhəri Füzuli küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21120” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 720 (yeddi yüz iyirmi) manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir ŞPŞ DYPB-dən ünvanlarına İnzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Hüseynov X5 Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Mingəçevir ŞPŞ DYPB-nin "xxxx" ASCyə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Belə ki, “İcbari Sığortalar Haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(069)-168/2024 saylı qətnaməsi ilə (hakim İlqar Əliyev) iddia təmin edilərək Cavabdeh sığorta ödənişi məbləği üzrə 720 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edib, iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İş materiallarında olan elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasından görünür ki, “Mercedes Benz C230” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 19-04859/05AA-3989/19 saylı sığorta aktından görünür ki, X3 məxsus “VAZ 21120” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 720 manat zərər dəymiş və həmin məbləğ X2 hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli hesablama aktından görünür ki, baş vermiş yol nəqiliyyat hadisəsi nəticəsində X3 məxsus “VAZ 21120” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın məbləği 720 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 007970 nömrəli ödəniş tapşırığından görünür ki, X3 "xxxx" ASC tərəfindən müvafiq olaraq 720 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz C230” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Mingəçevir şəhəri Füzuli küçəsi ilə M.Maqomayev küçəsinin kəsişməsində sfetoforun qadağanedici işarəsini pozaraq “VAZ 21120” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və o, hadisə yerindən yayınmışdır. X4 Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hüseynov X5 Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və 100 manat cərimə olunmuşdir. İş materiallarında olan DİN BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1974-cü ildə Xocavənd şəhərində doğulmuş, Xocavənd rayonu Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermişdir. Belə olan halda iddiaçı ona qarşı iddia tələbini 3 il müddətində irəli sürə bilərdi. Lakin iddiaçı hazırda iddia müddətini ötürməklə iddia ərizəsini məhkəməyə vermişdir. Bununla bağlı o rəsmi qaydada ərizə yazaraq Xocavənd Rayon Məhkəməsinə göndərmişdir. Eyni zamanda da məhkəməyə bu barədə teleqram vurmuşdur. İşə baxan Xocavənd Rayon Məhkəməsi bunları nəzərə almamış və 11 sentyabr 2024-cü il tarixdə işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia müddətini ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, yol nəqliyyat hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermişdir. Belə olan halda iddiaçı ona qarşı iddia tələbini 3 il müddətində irəli sürə bilərdi. İddiaçı xx.xx.2022-ci il tarixədək məhkəməyə müraciət etməli olduğu halda 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Xocavənd Rayon Məhkəməsi heç onun iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə və məhkəməyə ünvanlanmış teleqramını belə nəzərə almamışdır. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, qarlı hava şəraitində işıqforun yanında qəza törətmiş və təqsir onundur. Qəza zamanı polislər gəldi, o polislərdən xahiş etmişdir ki, onu evə aparsınlar. Sonra qəza yerinə qayıtmış və o maşının sahibinə təklif etmişdir ki, maşını tanıdığı usta var aparıb düzəltdirsin. Onunla razılaşaraq maşını ustanın yanına aparmışdır. Usta dəyən ziyanı hesablayaraq 150 manat xərci olduğunu bildirmişdir. Lakin maşının sahibi maşını təmir etdirməyə razılaşmamış və ona “sənin ustan mənə lazım deyil” demişdir. Beş ildən sonra sığortadan ona zəng edib məlumat verdilər ki, onun barəsində məhkəmədə iddia qaldırıblar. Bundan sonra onun bu iş barəsində məlumatı olmuşdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri ilə bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(069)-168/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instnsiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən fizki şəxslərə təqdim edilən avtomobil nəqiyyatı vastələrinin tam sığorta şəhadətnaməsi növü üzrə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C230” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi nəticəsində “VAZ 21120” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması, Mingəçevir ŞPŞ DYPB-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinməsi, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün 720 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi, iş materialları və işin digər halları ilə sübuta yetirildiyindən iddia əsaslıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin məhz həmin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı olmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya apellyasiya şikayətinin hazırkı tələbə 3 illik iddia müddətinin tətbiq olunmaması barədə dəlili üzrə qeyd etməyi zəruri hesab edir ki, mülki hüquqda iddia müddətləri mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqularının həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi üçün fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. Ümumi iddia müddəti 10 il təşkil etməklə, nə hüquq münasibətlərinin subyektindən, nə də mülkiyyətin növündən asılı deyildir. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir və ümumi iddia müddətinə münasibətdə onlar qısaldılmış müddətlərdir. Göründüyü kimi tərəflər arasında zərərvurmadan (deliktdən) doğan öhdəlik münasibətləri meydana gəlmişdir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti samil edilir və MM-in 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Beləcə, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin formal və əsassız dəlilləri üzrə hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün və əsaslıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(069)-168/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar