Məhkəmə qərarları › İş №2(106)-1839/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1839/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1839/2023 19.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2988/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2988/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Anar Pənahov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Səlimov X2 Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)- 2988/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 2020-ci ilin əvvəllərində Bakı şəhəri Nərimanov rayonu “Yeni Avropa” firmasına işləyirdi. Həmin vaxt onunla müqavilə əsasında işləməyə başlayan Cavabdeh adlı, soyadlı şəxslə tanışlığı başlamışdır. Cavabdeh bir müddət onunla işlədikdən sonra işdən ayrılmışdır. Bundan bir müddət sonra, yəni may ayında Cavabdeh ona telefonla zəng edərək onu Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 28 May metrostansiyası yaxınlığında icarəyə götürdüyü ofisə dəvət etmiş və o, həmin ofisə getmişdir. Cavabdeh ona bu işdə köməklik etməyini xahiş etdikdə ona köməklik edəcəyinə söz vermişdir. Cavabdeh ofisdə işlərin qaydasında olması üçün kompyüter cihazının alınmalı olduğunu bildirmiş və bu məqsədlə ondan 400 ABŞ dolları istəmişdir. O, Cavabdeh 400 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh həmin pulu qısa zamanda ona qaytaracağına söz vermişdir. Bundan sonra, təxminən yay aylarında Cavabdeh ona telefonla zəng vuraraq anasının səhhətinin ağır olduğunu, lakin maddi cəhətdən çətinliyinin olduğuna görə rayona gedə bilmədiyini deyərək ondan rayona getmək üçün borc pul istəmişdir. O, da inanmış və rayona anasına baş çəkmək üçün getmək məqsədilə Nərimanov rayonu Təbriz küçəsində yerləşən Nərimanov Parkında görüşərək Cavabdeh 200 ABŞ dolları pul vermişdir. O, aldığı pulların hamısını qısa zamanda geri qaytaracağına söz vermişdir. Bundan bir neçə gün sonra Cavabdeh rayondan Bakıya qayıtdığını, maddi cəhətdən vəziyyətinin ağır olduğu səbəbindən görüşmək istədiyini bildirmiş, bu səbəbdən onlar yenə də Təbriz küçəsində yerləşən Nərimanov Parkında görüşmüşlər, Cavabdeh problemlərini danışaraq ondan kömək etməyi məqsədilə əlavə borc pul istəmişdir və o, da yenə ona inanaraq 100 manat, sonra isə 40 manat pulu ona vermişdir. Bundan sonra Cavabdeh ilə bir daha Nərimanov Parkında görüşürək ona 500 manat pul vermişdir. O, isə həmişə olduğu kimi yenə də aldığı pulların hamısını ən qısa zamanda geri qaytaracağını demişdir. Beləliklə, ümumilikdə Cavabdeh müxtəlif vaxtlarda ondan 600 ABŞ dolları və 640 manat (1660 manat) pul alıb və hal-hazıradək bir manat da olsun geri qaytarmamışdır. Belə olan halda, ona verdiyi pulları istəyərkən o, müxtəlif bəhanələr gətirərək aldığı pulları qaytarmaq istəmir. xx.xx.2021-ci il tarixdə Nərimanov RPİyə müraciət edərək, Cavabdeh ona verdiyi pulların alınıb ona verilməsi üçün köməklik edilməsini xahiş etmişdir. Lakin orada CPM-in 39.1.2-ci maddəsi ilə (əməldə cinayət tərkibi olmadığına görə) cinayət işinin başlanmasının rədd edəlməsi barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan Nərimanov rayon Prokurorluğuna şikayət vermişdir. Nərimanov rayon Prokurorluğunun qərarı ilə Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli qərarla yenidən CPM-in 39.1.2-ci maddəsi ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan yenə də Nərimanov rayon Prokurorluğuna şikayət vermişdir. Nərimanov rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında yuxarıda qeyd edilən qərar tam, hərtərəfli və obyektiv araşdırma aparılması səbəbindən ləğv edilərək davam etdirilməsi üçün Nərimanov rayon Prokurorluğundan Nərimanov RPİ-nin İŞ-nə göndərildi. Nərimanov RPİ İŞ-nin xx.xx.2022- ci il tarixli qərarı ilə CPM-in 39.1.2-ci maddəsinə əsasən yenə də cinayət işinin başlanması rədd edilmişdir. Nərimanov RPİ 18-ci PŞ və İŞ-nin qərarlarından belə nəticəyə gəlinir ki, göstərdiyi xüsusatlar üzrə hadisələr baş verib, lakin Cavabdeh əməlində (pulları ondan istəyib alması) cinayət tərkibi yaranmır. Ona görə də, hesab edir ki, Cavabdeh ondan aldığı, ümumilikdə 1660 manat məbləğində pulu ona qaytarmalı, həmçinin həmin borc 2020-cu ilin əvvəli (1-ci və 2-ci rübü) tarixində yarandığına və bu günədək ödənilmədiyinə görə cavabdeh (borclu) Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hər gecikən ilə görə faiz ödəməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmuş, iddiaçının təqdim etdiyi sübutlar araşdırılmamış, ekspertiza təyin edilməsi üçün yazılı vəsatət vermək hüququ pozulmuş və bununla da, istinad etdiyi halları sübut etməyə imkan verilməmişdir. Məhkəmə qanunla müəyyən edilmiş müddət tələblərinə düzgün riayət etməmişdir. Beləliklə, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh onun iş yoldaşı olmuşdur. Cavabdeh ayrı-ayrı vaxtlarda ondan müxtəlif səbəblərdən borc pul istəmiş, o da cavabdehin maddi vəziyyətinin ağır olmasına görüb ona köməklik etmək məqsədilə ayrıayrı vaxtlarda, müəyyən məbləğlərdə borc pul vermişdir. Sonuncu dəfə təxminən 2021-ci illərin yay aylarında Nərimanov parkında ona 500 manat məbləğində borc pul vermişdir. Pulu verərkən onların yanında yalnız öz tanışı X1 da olmuşdur. Digər vaxtlarda cavabdehə borc pul verərkən yanlarında heç kim olmamışdır. Birinci instansiya məhkəməsində bildirsə də, X1 şahid qismində dindirilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2988/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş Nərimanov RPİ-nin 18-ci PŞ-nin 18 avqust 2021-ci il tarixli və Nərimanov RPİ-nin İŞ-nin 21 oktyabr 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh tərəfindən ondan alınan pulun geri qaytarılmaması səbəbindən polis orqanına müraciət etmiş və hər iki qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Hər iki qərardan görünür ki, Cavabdeh polis orqanının çağırışına gəlmədiyindən, onun araşdırmada iştirakı təmin oluna bilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Bakı şəhərində yaşayır. Pandemiyadan əvvəl Nəriman Nərimanov metrosunun qarşısında olan parkda gəzərkən sonradan tanıyıb adının Namis olduğunu bildiyi şəxsin də parkda olduğunu görmüş və bir nəfərin ona yaxınlaşaraq, Namisin ona pul verdiyini görmüşdür. Həmin vaxtadək Namisi və onun pul verdiyi tanımamışdır. Namisi qiyabi olaraq tanımış və parkda gəzərkən görmüşdür. Bundan sonra Namislə aralarında dialoq yaranmışdır. Belə ki, Namisə yaxınlaşaraq həmin şəxsə pul verib-vermədiyini soruşmuş, o, isə cavabında bildirmişdir ki, 500 manat pul məbləğində həmin şəxsə borca pul vermişdir. Həmin tarixi dəqiq xatırlamır. Sonradan Namis ilə daha yaxından tanış olandan sonra ona bildirmişdir ki, parkda pul verdiyi adamın adı Maildir və ondan pulu almaq üçün məhkəməyə müraciət edib. O, Maili heç vaxt tanımamışdır və Namis tərəfindən ona dəqiq olaraq nə qədər məbləğdə pul verildiyini görməmişdir. Apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı ilə Nərimanov parkında istirahət edərkən tanış olmuşlar. Bir müddət sonra parkda istirahət edərkən söhbət zamanı İddiaçı ona demişdir ki, bir azdan iş yoldaşı Mail gələcək və ona 500 manat məbləğində borc pul verəcəkdir. Daha sonra İddiaçı Nərimanov parkında, hovuzun yanında onun iştirakı ilə Mailə 500 manat məbləğində borc pul vermişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 14.2-ci maddəsinin tələbinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in həmin dövrdə qüvvədə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəyə görə isə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib-ödənilmədiyinə dair heç bir sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır. Halbuki, iş materiallarına əlavə edilmiş və cavabdehə məxsus olduğu iddia edilən diskdəki səs yazılarından da müəyyən edilir ki, tərəflər arasında borc münasibətləri mövcuddur. Kollegiya məhkəmə iclası zamanı iddiaçının izahatı və şahid ifadəsinə, eləcə də birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadəsinə istinadən iddianın 500 manat məbləğindəki hissəsini sübut edilmiş hesab edir, iddia tələbinin digər hissələrdə təmin edilməsi üçün sübutların kifayət etmədiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2988/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh borc qismində 500 (beş yüz) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(049)-2988/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh borc qismində 500 (beş yüz) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar