Məhkəmə qərarları › İş №2(106)-1839/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1839/2025

28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1839/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı (üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə ) dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(049)- 3121/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları : xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəy ilə görünür ki, “Hyundai Sonata” minik markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan məbləği mütəxəssis tərəfindən aparılmış hesablamalara görə cəmi ümumi məbləğ 4290 manat (ehtiyat hissələri və təmir xərcləri birlikdə) müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında avtomobillərin tam sığortasına (kasko) dair müqavilə bağlanmışdır. Həmin sənəddə sığorta münasibətlərinin tərəfləri, sığorta müddəti, sığortalanmış nəqliyyat vasitəsinin xüsusiyyətləri, sığorta təminatının həcmi və şərtləri, eləcə də sığorta dəyəri və sığorta məbləği müəyyən edilmişdir. "xxxx" ASC-nin HT və və ZTD-nin müdir müavini Ş.Cəfərov tərəfindən təsdiq olunmuş qiymətləndirmə aktından görünür ki, “Hyundai Sonata” minik markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş yekun maddi ziyan məbləği 2810 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlamış olduğu məktubdan görünür ki, “Hyundai Sonata” minik markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Girdəni kəndi ərazisində sığorta hadisəsi baş vermişdir. Hadisə zamanı sığortalanmış nəqliyyət vasitəsinə dəymiş zərər 2.810,00 manat məbləğində hesablanmış, belə olan halda müvafiq çıxılmalarla yekun sığorta ödənişi 2.710,00 manat məbləğində müəyyən edilmişdir. Dəymiş ziyanın İddiaçı bank hesabına ödənilməsi üçün müvafiq göstərişin verilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, ödəyən müştəri "xxxx" ASC olmuş, emitent (ödəyən) bank qismində "xxxx" ASC çıxış etmiş, alan müştəri İddiaçı benefisiarı olduğu "xxxx" ASC vasitəsilə onun hesabına 2 710,00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən törədilrmiş yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş 4290 manat maddi ziyanın və 63 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 19:45 radələrində idarə etdiyi “Hyundai Sonata” minik markalı ** AB *** dövlət nömrə nişanlı avtomobillə Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən işıqforun qırmızı işığında gözlədiyi vaxt onunla eyni istiqamətdə hərəkət edən “X5” yük markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ara məsafəsini düzgün seçmədiyinə görə həmin avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə yerinə polis işçiləri gəlib araşdırma aparmışlar və hadisə ilə bağlı cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1 və 327.1-ci maddəlləri ilə protokol tərtib olunmuşdur. Daha sonra cavabdeh həmin iş üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə vaxtı xəsarət alan olmamış, lakin hadisə nəticəsində ona cəmi 4290 manat miqdarında maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyan müvafiq sənədlərdə də öz əksini tapmışdır. Həm də, məlumdur ki, zədə görmüş bir avtomobil və onun ayrı-ayrı hissələrinin dəyişdirilməsi həmin avtomobilin əmtəə dəyərinin itirilməsinə səbəb olur. Lakin cavabdeh törətdiyi inzibati xəta nəticəsində ona vurmuş olduğu ziyan pulunu ödəməkdən boyun qaçırır. Avtomobilin icbari sığorta müqaviləsi olmasına baxmayaraq sığorta təşkilatı qarşı tərəfin avtomobilinin icbari sığorta müqaviləsinin olmamasını əsas gətirərək dəymiş maddi zərəri ödəməkdən imtina edir. O, hazırda cəmi 4290 manat məbləğində maddi ziyan və məhkəməyə müraciət etmək üçün ödənilmiş 63 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirərək məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə baxış iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmiş, lakin iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdiyini, onun təqsirindən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəydiyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin (Hakim: Kamran Süleymanov) xx.xx.2025-ci il tarixli, 2(049)- 3121/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci, 1097.1-ci, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 54.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, “Hyundai Sonata” minik markalı ** AB *** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan dəyməsi cavabdehin hüquqazidd hərəkətləri nəticəsində baş vermiş və həmin hərəkətlərə görə o, inzibati məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsinin onun təqsirindən baş verdiyini, nəticədə iddiaçının avtomobilinə ziyan dəydiyini cavabdeh özü də etiraf etmişdir. Lakin cavabdeh mülki hüquq pozuntusu törətmiş şəxs olaraq iddiaçıya vurduğu maddi zərəri indiyədək ödəməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, dəymiş ziyan ilə bağlı"xxxx"ASC tərəfindən 2710 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla bağlı "xxxx" ASC tərəfindən ona poçt vasitəsilə məlumatlar təqdim edilmişdir (apelyasiya şikayətinə əlavə olunur). İddiaçı isə iddia ərizəsində qeyd edir ki, sığorta təşkilatı qarşı tərəfə avtomobilinin guya icbari sığorta müqaviləsinin olmamasını əsas gətirərək dəymiş maddizərəri ödəməkdən imtina edir. Göstərilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməməklə yanaşı, iş üzrə qəbul edilmiş qətnamədə həmin halların mövcudluğunu təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İddiaçı dəymiş ziyanı ilə bağlı hansı sığorta şirkətinə müraciət edib, hansı cavablar aldığı və eyni zamanda dəymiş ziyan ilə bağlı ona nə vaxt müraciət edilməsi ilə bağlı sübutlar mövcud deyildir. Odur ki, məhkəmə qeyd olunan halları araşdırmadan iddiaçının yalnız iddia ərizəsində göstərilən xüsusatları əsas götürməklə iş üzrə qətnaməni qəbul etmişdir. Baş vermiş hadisədə təqsiri sübuta yetirilsə də, hazırki iş üzrə dəymiş ziyan 4290 manat deyil, 2710 manat məbləğində olmuş, həmin 2710 manat məbləğində ziyanı sığorta şirkəti tərəfindən ödənildiyi halda təkrarən ondan alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, sığorta şirkəti tərəfindən həmin məbləğin ödənişi ilə bağlı ondan subroqasiya qaydasında ödəniş də tələb olunub. Dəymiş zərərə görə sığorta həyata keçirildiyinə görə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-3121/2025 saylı qətnamə ləğv edilməli, həmin iş üzrə müvafiq sorğular verilməli sığorta şirkətinə və aidiyyəti sorğulara cavab gəldikdən sonra həmin hallara qiymət verib iş üzrə yekun qərar çıxarılmalıdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC tərəfindən iddiaçıya 2710 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Birinici instansiya məhkəməsi həmin ödənişi nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətimin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Doğrudur, "xxxx" ASC tərəfindən ona 2700 manat məbləğində sığorta ödənişi edilmişdir. Lakin ona 5000 manatdan çox zərər dəymişdir. Avtomobilə dəymiş ziyan "xxxx" ASC tərəfindən 4290 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləğin təxminən 50%, 2700 manatı ödənilmişdir. Qalan pulu icbari sığorta tərəfindən ödənilməli olduğu bildirilmişdir. Cavabdeh tərəfin icbari sığortası olmadığı üçün qalan zərər ona ödənilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada 3-cü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə ilə təmsil olunmamışdır. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etdiyindən, Kollegiya qətnaməni apellyasiya icraatı qaydasında bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi zərərin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilməlidir. İş materiallarının araşdırılmasından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsiri tərəflər arasında mübahisə predmetini təşkil etmir və bu hal birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisə ziyanın vurulubvurulmaması deyil, dəymiş maddi ziyanın faktiki həcmi və həmin ziyanın hansı hissəsinin artıq sığorta ödənişi hesabına qarşılanması məsələsi ətrafında cəmlənir. Birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsaslanaraq iddiaçıya məxsus “Hyundai Sonata” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanı ehtiyat hissələrinin dəyəri və təmir xərcləri birlikdə 4 290 manat məbləğində müəyyən etmiş və iddianı bu həcmdə təmin etmişdir. Həmin rəy iş materiallarında mövcud olan və ziyanın ümumi məbləğini müəyyən edən mütəxəssis rəyi kimi etibarlı sübut hesab edilir və apellyasiya instansiyası tərəfindən də ziyanın ümumi həcmi baxımından şübhə altına alınmır. Bundan başqa, zərərin məbləği cavabdeh tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən mübahisələndirilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə əlavə araşdırma apararaq tərəflərin apellyasiya şikayətində göstərdikləri arqumentlərin yoxlanılması məqsədilə müvafiq sorğular vermişdir. Həmin sorğuların nəticəsi olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı iş materiallarına əlavə edilmişdir. Sözügedən bank sənədindən aydın olur ki, ödəyən müştəri qismində "xxxx" ASC çıxış etmiş, emitent bank "xxxx" ASC olmuş, alan müştəri isə İddiaçı benefisiarı olduğu "xxxx" ASC-dəki hesab olmuşdur. Həmin sənədə əsasən, iddiaçının hesabına 2 710 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bu sübut rəsmi bank sənədi olmaqla, maddi sübutların qiymətləndirilməsi baxımından yüksək sübutedici qüvvəyə malikdir və ziyanın bir hissəsinin sığorta ödənişi hesabına qarşılandığını birmənalı şəkildə təsdiq edir. Beləliklə, cavabdehin apellyasiya şikayətində sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı göstərdiyi hallar iş materialları ilə qismən öz təsdiqini tapmış olur. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin ziyanın tam həcmdə, yəni 4 290 manat məbləğində sığorta təşkilatı tərəfindən ödənilməsi barədə arqumenti iş üzrə toplanmış sübutlarla təsdiqlənmir. Əksinə, mövcud sübutlar yalnız 2 710 manat məbləğində sığorta ödənişinin həyata keçirildiyini göstərir. Qalan məbləğin sığorta tərəfindən ödənilməsi barədə nə bank sənədləri, nə də sığorta təşkilatının rəsmi cavabı iş materiallarında mövcud deyildir. Mülki hüququn ümumi prinsiplərinə əsasən, zərərin əvəzinin ödənilməsinin məqsədi zərərçəkmiş şəxsi əvvəlki əmlak vəziyyətinə qaytarmaqdır, onu əsassız varlandırmaq deyil. Bu baxımdan, eyni zərərə görə həm sığorta təşkilatından, həm də birbaşa zərər vuran şəxsdən eyni məbləğin tutulması yolverilməzdir. Artıq ödənilmiş məbləğ cavabdehin məsuliyyətini həmin hissədə aradan qaldırır və həmin məbləğin yenidən cavabdehdən tutulması qanunvericiliyin mahiyyətinə zidd olardı. Bununla yanaşı, sığorta ödənişinin mövcudluğu cavabdehi ziyanın ödənilməmiş hissəsi üzrə məsuliyyətdən azad etmir. İş üzrə müəyyən edilmiş ümumi ziyan 4 290 manat təşkil etdiyi halda, bunun yalnız 2 710 manat hissəsi sığorta ödənişi hesabına qarşılanmışdır. Beləliklə, 1 580 manat məbləğində maddi ziyan ödənilməmiş qalır. Bu məbləğ bilavasitə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyan olduğundan, həmin hissə üzrə cavabdehin mülki-hüquqi məsuliyyəti saxlanılır. Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı tam həcmdə təmin edərkən sığorta ödənişi faktını nəzərə almadığından qətnamənin iddianın təmin edilmiş hissəsi üzrə dəyişdirilməsini zəruri edir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsi üzrə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 4 290 manat deyil, sığorta təşkilatı tərəfindən ödənilmiş 2 710 manat çıxılmaqla 1580 manat məbləğində müəyyən edilməlidir. Qətnamə qalan hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, maddi ziyanın 1580 manat məbləğində müəyyən edilməsi nəzərə alınaraq cavabdehdən tutulmalı olan dövlət rüsumu mütənasib qaydada 23.20 manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(049)-3121/2025 saylı qətnaməsi dəymiş ziyanın məbləği hissəsində dəyişdirilsin. Cavabdeh dəymiş zərərə görə 1580 manat ziyan məbləği və 23.20 dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar