Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1840/2024 21.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(036)-580/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı LPO "xxxx" KB QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə əsasən 6424,0 manat əsas borc, 1835,38 manat faiz borcu, 3638,87 manat cərimə, 1662,52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən 8346.88 manat əsas borc, 2081.08 manat faiz borcu, 8034.82 manat cərimə, 2409.32 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 193.30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(036)-580/2024 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə əsasən 6424,0 (altı min dörd yüz iyirmi dörd) manat əsas borc, 1835,38 (bir min səkkiz yüz otuz beş manat otuz səkkiz qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə, xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən 8346.88 (səkkiz min üç yüz qırx altı manat səksən səkkiz qəpik) manat əsas borc, 2081.08 (iki min səksən bir manat səkkiz qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 193.30 (bir yüz doxsan üç manat otuz qəpik) manatın tutulub iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində aşağıdakıları müəyyən etmişdir; Kreditor LPO "xxxx" KB QSC xx.xx.2015- ci il tarixli 1xx/xx/92274/15 saylı (1 saylı əlavə saziş) və xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqavilələri üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtından ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 Müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixdə və xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı Müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən Cavabdeh2 hər iki müqavilə üzrə zaminliyinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab etmişdir ki, Kreditor LPO "xxxx" KB QSC xx.xx.2015- ci il tarixli 1xx/xx/92274/15 saylı (1 saylı əlavə saziş) və xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqavilələri üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtından ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 Müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixdə və xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı Müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən Cavabdeh2 hər iki müqavilə üzrə zaminliyinə xitam verilmişdir. Ona görə də, iddia tələbi kredit müddəti bitdikdən sonra hesablanmış faizin tutulması hissəsində təmin edilməyərək Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə ( 1 saylı əlavə saziş üzrə) əsasən 6424,0 manat əsas borc, 1835,38 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən 8346.88 manat əsas borc, 2081.08 manat faiz borcu tutulmalı və cərimə məbləği hər bir müqavilə üzrə əsas borcun məbləğinə mütənasib olaraq ikirəqəmli həddə endirilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 449.1, 449.1, 477, 739-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakı olmadan keçirilmiş, işi tam araşdırmadan tam qərəzli qətnamə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuş, işə birinci instansiya qaydasında baxılan zaman işin faktiki halları müəyyən edilməmiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur. İddiaçı ilə aralarında olan müqavilə 2015-ci ildə bağlanmışdır. Müqavilə bir və iki il müddətində bağlandığı üçün iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(036)-580/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh məhkəmə iclaslarından xəbərsiz olmasını və məhkəmə qətnaməsini almadığını bildirsə də, iş materiallarında onun məhkəmə bildirişini aldığını təsdiq edən müvafiq sübutlar var. Onun məhkəmə iclaslarından xəbəri olmuşdur. Cavabdehin dəlilləri tamamilə əsassızdır. Məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülməmişdir. Belə ki, iddia müddətinin başlanğıcı 2019-cu il tarixdən başlanmış və iddiaçı təşkilat olaraq cavabdehlərə qarşı eyni tələblə 2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, İmişli Rayon Məhkəməsinin 4 mart 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Onların 2019-cu ildəki məhkəmə iclasından xəbəri olmamışdır. Restrukturizasiya barədə olan mövcud fərmana görə iş baxılmamış saxlanılmışdır. Məhkəməyə onlara sənədlərin təqdim edilməsi barədə müraciət etmişlər və bildirmişlər ki, yenidən iddia ərizəsi ilə müraciət edəcəklər. Bir müddət sonra sənədlərin əsllərini əldə edərək yenidən məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbаycаn Respublikаsı Konstutsiyа Məhkəməsinin Plenimunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tаrixli qərаrınа əsаsən kredit münаsibətlərindən yаrаnаn məsələlərə Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsində nəzərdə tutulаn üç illik iddiа müddəti tətbiq edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 384.0.4-cü mаddəsində nəzərdə tutulаn əşyа hüquqlаrının müdаfiəsi ilə əlаqədаr tələblərə iddiа müddətinin şаmil edilməməsi kredit müqаvilələrindən yаrаnаn münаsibətlərə аid edilə bilməz. Həmin Məcəllənin 373.2-ci mаddəsinə əsаsən müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2 və 377.2-ci mаddələrinin mənаsınа görə kredit müqаviləsində bаşqа hаl nəzərdə tutulmаyıbsа, iddiа müddətinin аxımı bu müqаvilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icrа müddəti bitdikdə bаşlаnır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 375.1-ci mаddəsinin mənаsınа görə hüququn müdаfiəsi hаqqındа tələb iddiа müddətinin keçməsindən аsılı olmаyаrаq məhkəmə tərəfindən bаxılmаğа qəbul edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 375.2-ci mаddəsində təsbit edilmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun L.İ.Binnətovаnın şikаyəti üzrə Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyаsının 05 iyun 2007-ci il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir 08 mаy 2008-ci il tаrixli qərаrı; Azərbаycаn Respublikаsı Konstutsiyа Məhkəməsinin Plenimunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tаrixli qərаrı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator cavabdeh X1 vəkili və nümayəndəsi X3 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam hissədə mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(036)-580/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(036)-580/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Eyni zamanda qətnamə əsaslandırılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(036)-580/2024 saylı qətnаməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi tam rədd edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Kreditor LPO "xxxx" KB QSC xx.xx.2015- ci il tarixli 1xx/xx/92274/15 saylı (1 saylı əlavə saziş) və xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqavilələri üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtından ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır. xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 Müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixdə və xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı Müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən Cavabdeh2 hər iki müqavilə üzrə zaminliyinə xitam verilmişdir. Ona görə də, iddia tələbi kredit müddəti bitdikdən sonra hesablanmış faizin tutulması hissəsində təmin edilməyərək Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə ( 1 saylı əlavə saziş üzrə) əsasən 6424,0 manat əsas borc, 1835,38 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə əsasən 8346.88 manat əsas borc, 2081.08 manat faiz borcu tutulmalı və cərimə məbləği hər bir müqavilə üzrə əsas borcun məbləğinə mütənasib olaraq ikirəqəmli həddə endirilməlidir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə tərkibi ilk növbədə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; İş materialları ilə müəyyən edilmişdir ki, kreditor "xxxx" KB QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 25 faizlə 12 ay müddətinə 7.000,0 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. Eyni zamanda kreditor "xxxx" KB QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən müqavilə tərəfləri borcalana illik 25 faizlə 24 ay müddətinə 6.424,0 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. Kreditin ödənilməsinin son tarix kimi xx.xx.2018-ci ildir. Bundan sonra kreditor "xxxx" KB QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə S/N: 031 əsasən müqavilə tərəfləri borcalana illik 28 faizlə 24 ay müddətinə 10.000,0 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. Daha sonra müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsi (1 saylı əlavə saziş) üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 6424,0 manat əsas borc, 1835,38 manat faiz borcu, 3638,87 manat cərimə, 1662,52 manat gecikdirilmiş faiz borcu hesablanmışdır; Cavabdeh1 xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və həmin müqavilə üzrə 8346.88 manat əsas borc, 2081.08 manat faiz borcu, 8034.82 manat cərimə, 2409.32 manat gecikdirilmiş faiz borcu hesablanmışdır. Məhkəmə tərkibinin mövqeyinə görə iddiaçı tərəf xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci ilə qədər, xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsinə S/N: 031 əsasən xx.xx.2020-ci ilə qədər məhkəmədə iddia qaldırmalı olduğu halda bu hüquqdan istifadə etməmiş, yəni kredit müqavilələri üzrə müddət bitdikdən sonra 3 il ərzində məhkəməyə müraciət etməli olduğu halda, iddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı tərəf məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş 3 illik müddəti ötürmüşdür. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə ərizə göndərmiş, lakin birinci instansiya məhkəməsi həmin ərizəyə münasibət bildirmədən, mülki işi tam araşdırmadan iddianı Cavabdeh1 aid hissədə qismən təmin etmişdir. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci mаddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbаycаn Respublikаsı Konstutsiyа Məhkəməsinin Plenimunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tаrixli qərаrınа əsаsən kredit münаsibətlərindən yаrаnаn məsələlərə Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsində nəzərdə tutulаn üç illik iddiа müddəti tətbiq edilməlidir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında Konstitutsiya Məhkəməsi qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə tərkibi Cavabdeh1 apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iddiaçı müqavilə öhdəlikləri ilə bağlı MPM-in 373.2-ci maddəsinin tələblərini pozaraq, iddia müddətini ötürmüşdür. Məhkəmə tərkibi qeyd edir ki, iddiа müddətlərinin və onlаrın müəyyənləşdirilməsinin qаydаlаrını nəzərdə tutаn qаnunun tələbləri əsаsən imperаtiv xаrаkter dаşıyır. Eyni zаmаndа qаnun, məhkəmə tərəfindən iddiа müddətinin yаlnız mübаhisə tərəfinin məhkəmə qərаrı çıxаrılаnаdək verdiyi ərizə əsаsındа tətbiq edilməsi bаrədə son dərəcə vаcib qаydаnı nəzərdə tutur. Məhkəmə tərkibi qаnunvericiliyin tələblərinə əsаsən hesаb edir ki, tərəflər öz hüquqlаrının müdаfiəsi üsullаrını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icrааtının prinsiplərini, mаddi və prosessuаl hüquq normаlаrını rəhbər tutаrаq yаlnız ədаlət mühаkiməsi funksiyаsını həyаtа keçirir. Məhkəmə iclasında iştirak edən iddiaçı təşkilatın nümayəndəsi izahat verərək bildirmişdir ki, məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişlər. Belə ki, iddia müddətinin başlanğıcı 2019-cu il tarixdən başlanmış və iddiaçı təşkilat olaraq cavabdehlərə qarşı eyni tələblə 2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, İmişli Rayon Məhkəməsinin 4 mart 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə tərkibi ilk olaraq eyd edir ki, iş materiallarında belə bir qərardad mövcud deyildir. Mövcud olmuş olsa belə bu iddia müddətinin axımının dayandırılması üçün əsas ola bilməz. İddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. 1-cisi “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə qeyd edilməlidir ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: ərizənin imzalanmadığına görə, ərizənin məzmununa əməl edilmədiyinə görə, ərizə verən şəxsin davranışına görə: məs, məhkəməyə gəlməməsinə və digər səbəblərə görə. Yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki ifadə edilmiş iradə (məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə) etibarlı sayılmır. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia verən şəxsin sonrakı davranışı (məhkəmə iclasına gəlməsi, gəlmədiyi təqdirə işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və s.) şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyib-istəmədiyini təyin edir. Həmçinin qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunub ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. 2-cisi Mülki Məcəllənin 381.1 və 381.2-ci maddələrinin müqayisəli təhlili ilə. Belə ki, 381.2ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir. 3-cüsü Əgər 381.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməsəyidi, qanunverici buna da xüsusi qeyd edərdi. Lakin qanunverici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir. Beləliklə məhkəmə tərkibi belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh1 münasibətdə iddia müddəti keçdiyi üçün təmin edilə bilməz. Məhkəmə tərkibi iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; İş materialları ilə müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/121223/15 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 ilə "xxxx" KB QSC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/121223/15 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. Eyni zamanda xx.xx.2016-cı il tarixli, 1xx/xx/92274/15 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 ilə "xxxx" KB QSC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/92274/15 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır. Məhkəmə tərkibi təkrarən qeyd etməyi vacib bilir ki, mülki qanunvericiliyimiz baxımından kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq etmək ehtiyacı yaranmır. Ona görə ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər başqa qayda razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə kreditorun tələb hüququ aradan qalxır. Cavabdeh (zamin) bu halı iddiaya qarşı etiraz kimi irəli sürmək imkanına malik olduğu halda, onun müdafiə vasitəsi kimi iddia müddətindən istifadə etməsinin hüquqi baxımdan əhəmiyyəti qalmır. Məhkəmə tərkibinin qənaətinə görə iddia müddəti cavabdeh zamin Cavabdeh2 münasibətdə də ötürülmüşdür. Yəni zamin Cavabdeh2 hazırkı iş üzrə iddianın rədd edilməsi üçün iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsinə lüzum yoxdur. Beləliklə Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(036)-580/2024 saylı qətnаməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi tam rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(036)-580/2024 saylı qətnаməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı LPO "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1840/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1840/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver