Məhkəmə qərarları › İş №2(106)-1852/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1852/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1852/2023 18.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)1545/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 dekabr 2023cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 7 faiz olmaqla 60 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon Mir Cəlal küçəsində yerləşən üç otaqlı, 158.89 kv.m ümumi, 72.31 kv.m yaşayış,t 86.58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzili 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsilə və X4 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 79.45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzili 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(017)-18/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28 dekabr 2025-ci il tarixli kredit müqaviləsi üzrə 19976.79 manat əsas borc, 49643.91 manat faiz borcu, 10000 manat cərimə borcu olmaqla cəmi 259620.70 manat məbləğin tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən üç otaqlı, 158.89 kv.m ümumi, 72.31 kv.m yaşayış,t 86.58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə yönəldilməsi və X4 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 79.45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilərin açıq hərracdan satılaraq satışdan əldə olunan məbləğin İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(017)-427/2023 saylı qətnaməsi ilə tərəflərin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ağcabədi rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş sifarişə əsasən hərrac keçirilmiş İddiaçı ASC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 146 nömrəli mənzilinə dair və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinə dair 15 fevral 2023-cü il tarixli dövlət reyestrindən çıxarışlar almışdır. Bundan başqa məhkəmə qətnaməsi əsasında Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 146 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinə tutma yönəldilmiş, Cavabdeh, X4 və digər şəxsləri mənzilə olan istifadə hüquqlarına xitam verilərək mənzildən çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq 2023-cü ilin fevral ayından 2023-cü ilin aprel ayınadək cavabdehlər Bankın mülkiyyətində olan mənzillərdə yaşamağa davam etmişlər. Həmin dövr üçün Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 143b nömrəli Evin 146 nömrəli mənzilinin bir aylıq kirayə haqqı 400 manat olmasını nəzərə alaraq Banka 800 manat məbləğində ziyan vurulmuşdur. Ona görə də 2023-cü ilin fevral ayında 2023-cü ilin aprel ayınadək cavabdehin Bankın mülkiyyətində olan mənzildən istifadə etdiyi üçün 800 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb bankın hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1545/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: S.Ləzimov), İddiaçı ASC-nin Cavabdeh qarşı 2023-cü ilin fevral ayından 2023-cü ilin aprel ayınadək cavabdehin Bankın mülkiyyətində olan mənzildən istifadə etdiyi üçün 800 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı ASC Ağcabədi Rayon Məhkəməsinin 2(017)1545/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1545/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlilləri həddində Ağcabədi Rayon Məhkəməsinin 2(017)1545/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1545/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 9-cu mikrorayon ev 143b, mənzil 146 mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın ********** qeydiyyat nöməsi ilə 15 fevral 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 002- 14/04-AL/23 saylı Qiymətləndirmə hesabatında görünür ki, X1 və Azərbaycan Respublikasının Milli Qiymətləndirmə Standartlarının tələbləri, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdırıcı şərtlər nəzərə alınaraq daşınmaz əmlakın icarəsi ilə bağlı geniş bazar araşdırılması aparılmış və 15 fevral 2023-cü il tarixdən 14 aprel 2023-cü il tarixədək aylıq 400 manat olmaqla, ümumilikdə 800 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-yə məxsus Bakı şəhəri, ünvan 1 icarə dəyərinin qiymətləndirilməsi barədə 14 aprel 2023-cü il tarixli, 002-14/04-AL/23 saylı rəyindən görünür ki, bazar araşdırması metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 79.45 kv.m olan əmlaklar araşdırılmışdır. Qeyd olunan dövr üçün orta qiymət 400 manat müəyyən edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı ASC cavabdehə qarşı mülkiyyətində olan mübahisəli mənzildən kirayə müqaviləsi əsasında istifadə etdiyindən hesab edir ki, kirayə haqqı olaraq hər ay üçün 400 manat, 2 ay üçün isə cəmi 800 manat pul ödəməlidir. Lakin cavabdeh qeyd olunan pul məbləğini ödəmədiyindən İddiaçı ASC maddi ziyana məruz qalmışdır. Odur ki, həmin ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı ASC tələbin hüquqi əsası kimi MM-nin 675-ci maddəsini göstərir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, cavabdehin iddiaçıya olan borcunun ödənilməsi üçün mövcud olan qətnamə ilə tutma ipoteka predmeti olan və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən üç otaqlı, 158.89 kv.m ümumi, 72.31 kv.m yaşayış,t 86.58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 79.45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə yönəldilmiş, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlaklar açıq hərrac yolu ilə satılmasına və satışdan əldə olunan puldan 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borca yönəldilmiş, daha sonra isə idddiaçı İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterində ********** saylı xx.xx.2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir: X7 əsasən Azərbaycanda bank fəaliyyətinin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bankların stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir. Həmin qanunun 1.0.1-ci maddəsinə əsasən Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, bankların fəaliyyəti fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirilməsindən ibarətdir. Lakin hazırki iddia tələbində Yelo Bank ASC cavabdehdən bankın mülkiyyətində olan mənzildən kirayə müqaviləsi üzrə istifadəyə görə kirayə (iddiaçı Mülki Məcəllənin 675-ci maddəsini tələbinin hüquqi əsası kimi göstərir. Həmin maddəyə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.) haqqı tələb edir. Hansıki bankın bu fəaliyyət növü ilə məşğul olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda isə bank cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə etdiyinə görə kirayə haqqını deyil, mənzildən qanunsuz istifadə etməsi nəticəsində məhrum olduğu gəlirlə bağlı ziyana məruz qaldığını müəyyən edən sübutları məhkəməyə təqdim etdiyi halda iddiaçının iddia tələbində haqlı olduğu müəyyən edilə bilər. Məsələn bank iddia edə bilər ki, Cavabdeh mübahisəli mənzildən çıxmadığından iddiaçı həmin mənzili satışını həyata keçirə bilməmiş və satış nəticəsində əldə olunan gəlirdən məhrum olmuşdur. Həmçinin iddiaçı hesab edə bilər ki, məhrum olduğu gəlir məhz ona vurulmuş maddi ziyandır. Göründüyü kimi iddiaçının cavabdehə qarşı iddia tələbi tələb olunan pulun məruz qaldığı maddi ziyan kimi kirayə müqaviləsinə əsaslana bilməz. Məhz bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi ziyana məruz qalması barədə sübutlar təqdim etməməsi əsası iddia tələbini təmin etməmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəliləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1545/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, cavabdehə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 800 manat, yəni beş min manatdan az olduğundan qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1545/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar